(Əvvəli ötən çərşənbə sayımızda)
Sonradan nisbətən seçmə qaydasında mütaliə başlansa da, zamanın təsiri məndən də yan keçmirdi və kütləvi zövqə uyğun olaraq mən də bəzən az da olsa o mərhələləri keçmək məcburiyyətində qalırdım.
İndi mütaliəyə başlayanlara az-çox bu sahədə təcrübəsi və formalaşmış zövqü olan adam kimi nəyi oxumaq məsləhət görmüş olardım? Axı belə məsləhəti ən müdrik adamlar da vermişlər. Mən özümü onlarla müqayisə etməkdən çox uzağam, ancaq öz sadə təcrübəmə əsaslanıb, bu addımı atmağa cəsarət etməyi də qəbahət saymıram.
Mənim zənnimcə, hər bir kitab həvəskarının kitabxanasını hökmən Homerin "İliada" və "Odisseya"sı bəzəməlidir. Sonra qədim yunan dramaturgiyasına nüfuz etməyi vacib sayıram. Sofoklun pyeslərini, xüsusən, "Çar Edip" və "Antiqona" əsərlərini oxumaq qədim yunan teatrının nəyə qadir olduğu haqqında təsəvvür yaradardı. Qədim yunan fəlsəfəsinə müraciət də yerinə düşər, Platonun, Aristotelin əsərləri hər bir kitabxananı bəzəyər. Bizim eradan əvvəl I əsrin ikinci dekadasında Romanın dəhşətli diktatoru olmuş Sulla yalnız bir əməlinə görə - Aristotelin əsərlərini Afinada tapıb, öz paytaxtına gətirdiyinə görə ehtiramla xatırlanır.
Qədim yunan tarixçilərinin, tarixin atası Herodotun, həmçinin Fukididin, Ksenefontun əsərlərini oxumaq adama böyük ləzzət verir və qədim dünyanı öyrənməkdə onlar müqayisə olunmaz mənbələrdir. Herodotun "Tarix" adlı iri həcmli əsərindən yalnız Elladanı, yaxud Persiyanı və Qədim Misiri deyil, həm də skiflərin, massanetlərin tarixini də öyrənmək olar. Fukididi isə təkcə Periklin məşhur nitqinə görə oxumağa dəyər. Antik ədəbiyyata həvəs Roma ədəbiyyatına, fəlsəfəsinə böyük maraq oyadır. Tarixlə maraqlananlar Polibinin, Sallyustinin, Tit Livinin, Tatsitin, Plutarxın, İosif Flavinin əsərlərini əldə etsələr, öz xəzinələrini daha da zənginləşdirərlər. Roma tarixini öyrənənlər üçün alman tədqiqatçısı Teodor Mommzenin "Roma tarixi" əsəri, həmçinin ingilis Eduard Qibbonun əsərləri çox qiymətli tapıntı olardı. Çoxları Qədim Roma imperatorlarının pozğunluqlarını öyrənmək üçün tarixçi Svetoninin "On iki Sezarın həyatı" əsərinə müraciət edir.
Qədim Yunan və Roma tarixinin ən dərin və müdrik tədqiqatçılarından biri kimi tarixçi Plutarxın əsərləri, xüsusən "Müqayisəli bioqrafiyalar" kitabı bu gün də kamilliyin və yüksək bədii zövqün məhsulu olaraq qalır. Bizim eranın əvvəlinin iki məşhur şəxsiyyəti, I əsrdə yaşayan filosof Seneka və I-II əsrlərdə yaşamış Plutarx əcnəbi olsalar da, Roma mədəniyyətinə böyük töhfələr vermişlər. Mənşəcə yunan olan Plutarx qələmi ilə qədim dünyanın ən görkəmli şəxsiyyətlərinin uydurulmamış, faktlara söykənən portretlərini parlaq boyalarla canlandıra bilmişdir. Onun əsərləri müdrik, ibrətamiz kəlamlarla doludur. O, bu tarixi şəxsiyyətlərin hər birini öz dövrünə və ləyaqətlərinə uyğun təsvir etməyə müyəssər olmuşdur. Bu əsərlərdən biz Likurq, Solon, Numa Pompili, Perikl, Aleksandr, Femistokl, Kamill, Poplikola, Sulla, Sezar, Krass, Pompey və onlarca başqalarının həyatı, mübarizəsi, ləyaqətləri və qüsurları haqqında geniş məlumat almaq imkanına malik oluruq. Plutarx bu tarixi xadimlərin canlı obrazını yaradarkən tarixi əhvalatlara üstünlük verir, dərin təhlil vasitəsilə onları cilalanmış, tam kristallaşmış şəxsiyyət kimi təqdim edir, bu tarixi yaradanların fəaliyyətinin motivlərini, səbəblərini və məqsədlərini açır. Başqa müəlliflərdən fərqli olaraq, o, ifrata varmır, öz qəhrəmanlarının obyektiv, şit boyadan kənar portretlərini yaratmağa cəhd edir və buna müvəffəqiyyətlə nail olur. Onun "Süfrə söhbətləri" kitabı isə adi həyatın bir çox həqiqətlərini ustalıqla təsvir edir, adamları maraqlandıran, hal-hazırda ümumbəşəri dəyərlər hesab edilən məsələlərə dair suallara hərtərəfli cavab verir. Digər əcnəbinin, əslən İspaniyadan olan Senekanın fəlsəfi əsərləri, xüsusən, "əxlaqi məktubları" olduqca maraqlıdır. Həyatı keşməkeşlərdə keçmiş, Nerona müəllimlik etmiş və onun hədəsi ilə özünü öldürən Seneka bugünkü insana da öz məktublarında əxlaq dərsi, mənəviyyat dərsi verir. Bir əsr yarım sonra yaşamış Kiçik Plininin imperator Trayan haqqındakı panegirik əsəri olduqca maraqla oxunur.
Roma tarixçilərinin əsərlərindən Romanın mənşəyi, troyalılardan əmələ gələn Latinin bu xalqın əcdadı olmasını, Romulun öz adı ilə adlandırdığı həmin əbədi şəhəri salması, sabinlilərlə birləşməsi əfsanəsi ilə yanaşı, Puniya (Karfagen) müharibələri, Numidiya ilə aparılan müharibələr, xüsusən, miladdan əvvəlki üç əsrin tarixi ilə, həmin dövrün görkəmli şəxsiyyətləri ilə yaxından tanış olursan. Dövlət xadimlərindən Böyük Katonun, Qay Yuli Sezarın əsərləri, Oktavian Avqustun vəsiyyəti olduqca maraqlıdır. Tarixçi Polibi öz dostu Kiçik Stsipion-Emilian Afrikalı barədə, Karfageni yerlə-yeksan etmiş bu sərkərdə haqqında geniş məlumat verir. Sallyustinin isə Mari haqqında yazıları olduqca maraqlıdır. Tarixi əsərlərdən söhbət açarkən amerikan tarixçilərinin yazdığı və ilk dəfə 1940-cı ildə çap olunan sanballı "Western civilisation" - "Qərb sivilizasiyası" kitabını qeyd etmək istərdim. Bu əsərdə beşiyi Şumerdən başlanan dünya tarixinin, qərb sivilizasiyasının bünövrəsindən tutmuş müasir dövrə qədər, Hindistandan Şərqə olan ərazi istisna olmaqla, dünya tarixinin lövhələri oxucunun gözü qarşısında canlanır.
Mənşəcə yəhudi olan Roma tarixçisi İosif Flavinin "İudeya müharibəsi" əsərində israillilərin bizim eranın I əsrinin ikinci yarısında Roma işğalçılarına qarşı qaldırdıqları qiyam vaxtı göstərdikləri müqavimət faktlar və tarixi qəhrəmanlarla təsvir edilir. Tarixi əsərlərdən söhbət gedərkən rus tarixçiləri Karamzinin, Klyuçevskinin əsərlərini də qeyd etmək istərdim. Rus faşizmini təbliğ edən irticaçı filosof İ.A.İlyin isə ölkədəki şovinistlərin sevimli müəllifidir. XX əsrin dövlət xadimlərindən Uinston Çörçill tarix elminin populyarlaşmasında öz layiqli töhfəsini vermişdir. Onun dörd cildlik "İngilis dilli xalqların tarixi" kitabı olduqca zəngin tarixi faktlarla doludur, əsər canlı və obrazlı dildə yazılmışdır. Onun altı cildlik "İkinci Dünya müharibəsi" əsəri isə siyasi, diplomatik və hərbi sənədlərin və məlumatların çoxluğundan, detallaşdırma meylindən bədii vəznini bir qədər itirir. Əsərdə qeyri-obyektivlik də hiss olunur. Krit döyüşü və Afrikanın şimalında Rommellə döyüşlər ən kiçik detalları əks etdirilməklə təsvir olunursa, Stalinqrad və ya Kursk döyüşü öz lazımi qiymətini almır və layiq olduğu diqqətdən yayınır. Lakin əsərdə tarixin bizə məlum olmayan bir sıra cəhətləri ilə tanış olmaq imkanı tapırsan. Birinci əsərindən fərqli olaraq ikinci əsər bir qədər ixtisar edilmiş qaydada rus dilində çap edilmişdir. Çörçillin əsərlərində biz ingilis xalqlarının qədim, keşməkeşli və qanlı tarixinin şərəfli, həm də dəhşətli səhifələri ilə tanış oluruq. Onun öz xalqının tarixinə əəsr olunmuş kitabında biz İngiltərənin koloritli tarixi şəxsiyyətləri ilə - VIII Henri, qanlı kraliça Mariya Tüdor, şərəfli kraliça Elizabet, Frensis Dreyk, Kromvel, Malboro, Uilyam Pitt, Viktoriya ilə tanış oluruq. Biz İngiltərənin qədim romalılarla, danimarkalılarla, sonralar fransızlar və ispanlarla apardığı qanlı müharibələrin şahidi oluruq. İngilislərlə fransızlar arasında axırıncıların ərazisində gedən və XV əsrdə davam edən Yüzillik müharibə fransız xalqının əfsanəvi qəhrəman qızı Janna D'Arkı tarix səhnəsinə gətirmişdi.
İngiltərəni təkcə xarici düşmənlərlə aparılan silahlı nifaqlar deyil, vətəndaş müharibələri də candan salırdı. Şotlandların ingilislərə qarşı fransızlarla ittifaqı İngiltərəyə daim başağrısı gətirirdi. Kromvel monarxiyanı məhv etmək şüarı altında özünün diktaturasını yaratdı və İrlandiyanı, xüsusən Droqheda şəhərini qan içində boğdu. İngiltərənin bakirə kraliçası I Elizabet ondan bir əsr əvvəl ispanların donanmasını - Məğlubedilməz Armadanı məğlubiyyətə uğratmaqla dövlətin sabitliyini və qüdrətini xeyli möhkəmləndirdi. Kraliça tərəfindən himayə və təqdir edilən dəniz qulduru Frensis Dreyk təkcə Cənubi və Mərkəzi Amerikadan qızıl və gümüş daşıyan gəmiləri qarət etməklə ispan xəzinəsinə böyük ziyan vurmaqla kifayətlənmir, ispan limanı Kadisdə ölkənin ambarlarını və gəmilərini tar-mar etməklə "ispan kralının saqqalını ütməsi" ilə lovğalanırdı.
İngilislər portuqaliyalılardan və ispanlardan sonra yeni torpaqlar zəbt etmək əməliyyatına girişdilər. İngilis Cilbert 1583-cü ildə Nyufaundlend adasını ölkəsinin torpağı etdi. 1607-ci ildə Şimali Amerikada Virciniyanın dəniz sahilində ilk ingilis koloniyası yarandı. 1620-ci ildə isə "Mey Flauer" gəmisində Yeni Dünyaya gələn ingilislər dana böyük koloniyanın - Massaçusestdəki Yeni Plimut yaşayış məntəqəsinin əsasını qoydular və ətrafdakı hindularla tez-tez dəyişilməyə məruz qalan qonşuluq münasibətlərinə və əməkdaşlığa başladılar. Amerika qitəsinin pionerləri ilə maraqlananlar Yeni Plimutun 6 ay sonra ölən ilk qubernatorunu əvəz edən Uilyam Bredfordun xatirələrindən, həmçinin böyük amerikan mütəfəkkiri Benjamin Franklinin kitablarından çox şeyi öyrənə bilərlər. Bu mənbələrdən kiçik bir puritan ingilis dəstəsinin dini təqiblərə görə əvvəlcə Niderlanda qaçmasını, burada Leydendə yaşamasını, sonra isə necə böyük risk və iztirablar hesabına Amerikaya gəlib çıxmasının tarixçəsini vərəqləyirsən. Oxucu bu adamların məslək yenilməzliyinə, prinsiplərinin saflığına, iradə və dözümlülüyünə heyran qalmaya bilmir. Bu adamlar özlərini gələcəkdə də böyük təhlükələrdən və məhrumiyyətlərdən müdafiə etmək üçün yeni məskunların daşınması və yerləşdirilməsi ilə məşğul olan "Vest İndia" kompaniyası ilə necə düşünülmüş, dürüst müqavilələr bağlayırlar. Bu hüquqi sənədlər öz elmliliyi, hüquqi dəyəri, ağıllı tərtib olunması ilə bu gün də adamı heyran edir. Bu koloniyanın üzvləri axıradək dini məsləklərinə də sadiq qalırlar, ayinlərini vaxtlı-vaxtında icra edir, daha doğrusu, allaha sədaqətlərini zəbur oxumaqla yerinə yetirir, moizəyə qulaq asırlar. Koloniyanın idarə olunmasında demokratik prinsiplərə ciddi üstünlük verilir və onlar hələ Amerika torpağına qədəm basmamışdan əvvəl sərnişinlər tərəfindən gəmidə işlənib hazırlanmışdı. Təsadüfi deyil ki, bu sənəd ABŞ Konstitusiyasının binövrəsi hesab olunur.
Fəlsəfə sahəsində qədim yunan filosofları Platon və Aristotellə yanaşı, intibah dövründən sonra meydana gələn filosofları oxumaq adamın biliklərini zənginləşdirir. Erazm Rotterdamlı, Frensis Bekon, Spinoza, Hyum, Volter, Russo, Kant, Hegel və Engelsin, məşhur rus filosofu Nikolay Berdyayevin əsərlərini oxumaq və əldə etmək pis olmazdı.
Hüquq elmi ilə maraqlananlar üçün də böyük çeşiddə kitablar mövcuddur. Mən bu adamlara Hammurabi qanunu, yəhudilərin İkinci Qanunu-Deyteronomiya, Manu qanunu, Yustinian kodeksi, Magna Carta, Napoleonun Mülki kodeksi, ABŞ Konstitusiyası ilə tanış olmağı məsləhət görərdim.
(Ardı var)