525.Az

Elektron dərslik sistemi: təhsildə irəliyə doğru vacib addım


 

Elektron dərslik sistemi: təhsildə irəliyə doğru vacib addım<b style="color:red"></b>

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır. Dərsliklər müasir veb brauzerlərdə açılan internet səhifələrində olduğu kimi multimedia, video, səs və interaktiv xarakterli proqramları özündə ehtiva edir. Elektron dərsliklərdə həm də axtarış imkanları mövcuddur. Belə ki, bu nəşrlərdə hər hansı bir məlumatı ümumi kitab üzrə axtarış imkanından istifadə etməklə asanlıqla tapmaq mümkündür. Elektron dərslik kitablarında axtarma funksiyaları mövcuddur ki, bu da xüsusi məlumatların axtarılması prosesini sürətləndirir və asanlaşdırır. Çox təyinatlı platforma rəqəmsal qeyd aparma funksiyası təklif edir. Həmin qeydlər indeksləşdirilir və axtarışa hazır hala gətirilir və bu imkan yaradır ki, şagirdlər önəmli yerləri işarələsinlər və daha sonra həmin hissələri asanlıqla tapıb öyrənsinlər. Elektron dərsliklər onlayn və oflayn olmaqla iki əsas formatda mövcuddur. Onlar asanlıqla daşınan cihazlarda, o cümlədən, kompüterdə, laptop, planşet və mobil telefonlarda istifadə oluna bilər.

İzləmə sistemi vasitəsilə portaldan istifadə edənlərin hərəkətləri haqqında statistik məlumatlar toplanır və hesabat halına gətirilir. Bütün bu məlumatlar serverlərdəki məlumat bazasında saxlanılır. Statistik məlumatlar ictimaiyyətə açıq deyil və xüsusi şifrə ilə qorunur. Elektron dərsliklər onlayn və oflayn olmaqla iki əsas formatda mövcuddur. Onlar asanlıqla daşınan cihazlarda, o cümlədən, kompüter, laptop, planşet və mobil telefonlarda istifadə oluna bilər. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkan verir.

Bakıdakı 193 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Günay Hüseynzadə deyir ki, o, özü də elektron dərslik portalından mütəmadi və səmərəli istifadə edir: "Elmi-texnoloji tərəqqi dövründə rəqəmsal vəsaitlərdən istifadə təhsilalanların tədris prosesində fəallığını artırmağa zəmin yaradır. Elektron dərslik portalı dərsliklərin əlçatanlığını təmin etməklə yanaşı, İKT-dən səmərəli istifadə olunmasına, portalda qeydiyyatdan keçən şagirdlərə müəyyən elektron qeydlər aparmaq, təkrarlamaq, istədiyi səhifələri qeyd etmək imkanı verir. Şagirdlər elektron dərslikləri yükləyərək internet olmadıqda da oflayn rejimdə bu dərsliklərdən istifadə edə, eyni zamanda istədikləri mövzunu axtarışa verməklə həmin mövzunu asanlıqla tapa bilirlər. Portaldan istifadə edən bir müəllim olaraq deyə bilərəm ki, elektron dərsliklərin istifadəsi tədris prosesinin daha dinamik və interaktiv təşkilinə əlverişli şərait yaradır. Riyaziyyat və informatika fənlərinin tədrisi zamanı elektron dərsliklərdən istifadə etməklə şagirdlər qeydlər aparır, bu qeydlərə təkrar ehtiyac olan mövzular, anlayışlarla bağlı açar sözləri misal göstərmək olar. Evdə şagirdlər e-derslik.edu.az saytına daxil olub qeyd olunmuş səhifələrə "Seçilənlər" bölməsindən keçid etməklə verilən tapşırıqlar istifadəsi üçün yeni imkanların yaranacağına inanıram".

Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, elektron dərsliklər kiçik yaşlı məktəbliləri ağır bel çantalarından xilas edir. Ancaq bu, onların əsas üstünlüyü deyil. Onlar daha çox bilik əldə etməyə, materialı sonsuz sayda dinləməyə və tapşırıqlara düzgün cavabların sayını dərhal tapmağa imkan verir. Elektron formatda ilk dərsliklər həqiqətən yalnız kağız dərslikləri təkrarlayırdı. İndi İnternetdə PDF, DOC, EPUB, FB2 formatında belə rəqəmsallaşdırılmış dərsliklər çoxdur. "Power"da təqdimat şəklində dərsliklər var. Bütün bunları yalnız dərsliyin elektron variantı adlandırmaq olar: "Elektron dərslik hazırlamaq üçün təkcə onun məzmununu elektron formaya çevirmək kifayət deyil. O, interaktiv komponentlərlə tamamlanmalıdır: videolar, illüstrasiyalar, oyunlar. Elektron dərslik portalında funksiyalardan biri də qeydlərlə bağlıdır. Burada istifadəçilərin qeydləri müşahidə edilir və dərsliklərlə bağlı bütün irad və təkliflər nəzərə alınır. Ənənəvi dərsdə müəllim mərkəzi fiqur idi, şagird, kitab və digər vəsaitlər köməkçi vasitə idi. Lakin müasir kurikulum proqramında şagird mərkəzdədir, müəllim, kitab, veb-məzmun və digər vəsaitlər hamısı əlavə vasitədir. Müəllim əsasən istiqamətverici rolunu oynayır. Bütün inkişaf etmiş dövlətlərdə öz təsdiqini tapmış bu təcrübə tədris prosesində müəllimin rolunu azaltmır, əksinə, şagirdlərin bilik və bacarıqlarının mükəmməlləşdirilməsi üçün müəllimin məsuliyyətini artırır".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə görə, aparılan bu işlərin əsas məqsədi təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır: "Hazırda kompüter texnologiyalarının köməyi ilə biliyi daha asan yolla mənimsətmək mümkündür. Bizdə təhsilin kompüterləşdirilməsi və internetləşdirilməsi çox sürətlə baş verir. Lakin məktəblərdə kompüterləşdirmə getsə də, Azərbaycan dilində kifayət qədər resurs yoxdur. Axtarış zamanı bütün materiallar əsasən ingilis və rus dillərində olur. Əgər əvvəllər belə vəsaitlər disk formasında olurdusa, indi internetə yerləşdirmək müsbət haldır. İnternet olan hər yerdə həmin resurslar əlçatandır. Elektron dərslik kitabın PDF forması deyil. Kitabın içində mətn və şəkil olursa, elektron dərslik interaktiv multimedia məhsuludur. Burada video və audio materiallar var. Artıq peşəkar müəllimin informasiya texnologiyalarını tətbiq etmədən öyrətdiyi dərsdən çox, əlində proyektor və kompüter imkanları olan orta səviyyəli müəllimin bu audio-video materiallardan, animasiyalardan istifadə edərək keçdiyi dərs müasir şagirdlərə daha maraqlıdır. Lakin bu proses kütləviləşməlidir".

Təhsil eksperti Kamran Əsədov bildirir ki, şagirdlərin çantasını yüngülləşdirməyin digər yolu elektron dərsliklərdən istifadə etməkdir: "Xarici ölkələrdə uzun illərdir elektron dərslik məktəb ləvazimatlarının ayrılmaz bir hissəsidir. Hər bir məktəbli üçün elektron dərslik vacibdir. Lakin danılmazdır ki, texnologiya inkişaf etdikcə, əlbəttə, üsullar da çoxalır. İndi isə adi öyrəşdiyimiz dərsliyin yerini elektron dərslik tutmaq üzrədir. Vacib bir məqamı qeyd edim: artıq elektron dərslik dünyanın bir neçə ölkəsində istifadə edilir. Avstraliyada, ABŞ-da, Kanadada və bir çox Avropa ölkələrində təhsil sistemində elektron dərslik tətbiq edilir. Elektron dərsliyin köməyi ilə valideynlər uşaqlarının ağır çanta danışmaqla yaranan onurğa əyriliyi, skerloz kimi xəstəliklərindən azad olmasını izləyə, onların dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə, yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər. Elektron dərslik sistemində valideynlərin müəllimlər və müdriyyətlə onlayn danışıqlar aparması da mümkündür".

Ekspert deyir ki, əvvəllər gündəlik uşaqların təhsili haqqında valideynə məlumat verən yeganə effektiv üsul idi: "Texnologiya inkişaf etdikcə, əlbəttə, üsullar da çoxalır. İndi isə adi öyrəşdiyimiz dərsliyin yerini elektron dərslik tutmaq üzrədir".

K.Əsədovun sözlərinə görə, elektron dərsliyin köməyi ilə valideynlər uşaqlarının dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə, yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər: "Elektron dərslik sistemində valideynlərin müəllimlər və müdriyyətlə onlayn danışıqlar aparması da mümkündür. Şagird haqqında bütün məlumatlar valideynlərə göndərilir. Valideynlər mobil telefonlarından (SMS - xəbərlər şəklində), elektron-poçtdan və ya məktəbin internet ünvanından övladlarının təhsili haqqında məlumat ala bilirlər. Elektron dərsliklərdən istifadə şagirdlərin də psixologiyasına təsir edir. Uşaqda məsuliyyət yaradır, çünki o dərs prosesinin açıqlığını başa düşür. Nəticədə şagird öz vaxtında məşğələlərə gəlir və daha diqqətli olur. Ümumiyyətlə, işgüzarlığı yüksəldir. Yaxşı oxuyan uşaqlar üçün elektron dərslik qorxulu deyil. Halbuki bəziləri bunun gözə ziyanlı olduğunu qeyd edir. Hesab edirəm ki, şagirdlər üçün elektron dərslik heç bir təhlükə yaratmır. Ancaq zəif oxuyan uşaqlar qorxurlar ki, valideynlər onların təhsili haqqında hər şeyi biləcəklər və heç nəyi gizlətmək mümkün olmayacaq".

Sevinc QARAYEVA

 





04.10.2023    çap et  çap et