ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) son açıqlamasından sonra dollar qlobal valyuta bazarlarda yenidən möhkəmlənib. FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir.
Millət vəkili Vüqar Bayramov deyir ki, dollar dünya bazarında yenidən möhkəmlənir. ABŞ pulu avroya nisbətən sadəcə son 1 ayda 4 faizə yaxın dəyər qazanıb. Həmin müddətdə Rusiya rublu da dollar qarşısında 2 faiz dəyərsizləşib. Türkiyədə isə 1 dollar almaq üçün 27 lirədən daha çox milli pul ödəmək lazımdır. Onun sözlərinə görə, dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər və eləcə də FED-in davamlı güclənmə siyasəti ilə bağlıdır. Avropa Mərkəzi Bankının son qərarları da avronun məzənnəsinə təsirsiz ötüşməyib: “Sentyabrın əvvəllərində Azərbaycanda hərraclarda dollara tələb azalsa da, sonradan yenidən yüksəlib. Sonuncu hərracda 45,5 milyon dollarlıq tələb yaranıb. Qeyd edək ki, öncəki hərracda bu rəqəm 26,6 milyon dollar idi. 2023-cü ilin son aylarında da regionda dollara tələbin artacağı gözlənilir. Dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklərlə bağlıdır. Mövsümi faktorlar ilə bağlı olaraq idxal məhsullarına tələb artır və bu da dollar alışını çoxaldır. Bu baxımdan, dollara tələbin artması daha çox korporativ faktorlara bağlıdır. Bununla yanaşı, mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirir".
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəlincə isə millət vəkili qeyd edib ki, daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir: “Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği ilə əlaqəlidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Qeyd edək ki, bu günlərdə Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 66,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Bu göstərici ötən hərracdan 2,1 dəfə çoxdur.
Mütəxəssislər hesab edir ki, dollara olan tələbin 100 faizdən çox artmasına səbəb kimi bir sıra məqamları qeyd etmək olar. Amma bunlar arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır. Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür. Ancaq dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları (hazırda 66 milyard dollar) və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relaks"ına imkan verəcək.
İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycan idxaldan asılı ölkədir. Nə qədər ki, ölkənin daxili tələbatının 70-80 faizini öz hesabımıza ödəyə bilməyəcəyik, valyutaya ehtiyacımız da artmaqda davam edəcək. Həmin ehtiyacları ödəməsək, həm qıtlıq yaranar, həm də manatın məzənnəsi aşağı düşə bilər. Hökumət də belə hərraclar keçirməklə məsələni tənzimləyir: “Hazırda ölkədə dollara tələbat artır. Bu isə onu deməyə əsas verir ki, manatın effektiv məzənnəsi ucuzlaşmağa meyillidir. Bu fonda isə dollara tələbat da artır. Manatın sabit saxlanılmasında məhz effektiv məzənnədən istifadə edirlər. Manatın effektiv məzənnəsi qalxanda dollara tələbat azalır, düşəndə isə hərraca çıxarılan valyuta həcmləri artır. Digər tərəfdən, idxal mallarına xərclənən valyutanın artması da hərraclarda dollara tələbatı artırıb”.
Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, dünyada baş verən geosiyasi gərginlik təhlükəsizlik, etimad və təminatlıq baxımından dolların nüfuzunu daha da artırır. Belə məqamlarda hamı dollar almağa üstünlük verir: “Dolların zəifləməsi və avronun bahalaşması müvəqqəti proseslərdir. Çünki dünyanın ən güclü ölkəsi ABŞ və ən güclü valyuta dollardır. Bu, bir mənalı belədir. Avropada isə avro bir neçə dövlətlərin, bütün Avropa Birliyinə üzv olan ölkələrin iradəsindən asılıdır. Orada da daxili ziddiyyətlər çoxdur”.
Əkrəm Həsənov hesab edir ki, dollar daim dəyişkən olacaq: “Dollar möhkəm olaraq qalacaq. Avropa iqtisadiyyatı və siyasətinin bugünkü vəziyyəti birmənalı deyil. Bu baxımdan söhbət ondan getmir ki, dollar bahalaşır, digər valyutalar dollara nisbətdə ucuzlaşır, o cümlədən avro”.
İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, əgər valyutaya tələb artırsa, bu, ümumilikdə biznes mühitinin yaxşılaşması deməkdir: "Bu artım əlavə olaraq idxal-ixrac əməliyyatları, xarici ticarət, investisiya əməkdaşlığı üçün əlverişli şərait yaradır. Azərbaycanda da biznes mühiti getdikcə yaxşılaşır".
Onun sözlərinə görə, valyutaya tələbin artması mövsümlə də bağlı ola bilər: "Bu dövrdə taxıl və digər mövsümi kənd təsərrüfatı məhsullarının idxalına tələbat artır. Bu gün Rusiyada, Ukraynada həmin məhsulların yetişən və ixrac vaxtıdır. Bunlar da valyuta ilə əldə edilir. Digər tərəfdən, insanlar tətildən qayıdır, bazarda tələbat artır. Bu da valyutaya tələbi artırır. Valyutaya tələbin artması daha çox idxal-ixrac əməliyyatları ilə bağlıdır".
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə ekspert bildirib ki, enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edilib. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, dollara münasibətdə manatın məzənnəsi nominal xarakter daşıyır: “Digər valyutalara münasibətdə manatın məzənnəsi sərbəstdir və biz onlardakı dəyişiklikləri görürük. Həmin valyutalara münasibətdə manatın real məzənnəsini müşahidə etmək mümkündür. Amma dollara münasibətdə məzənnə inzibati qaydada tənzimlənir ki, bu səbəbdən də biz yalnız nominal məzənnədən danışa bilirik”.
Ekspert bildirir ki, hökumətin yaxın 4 ildə manatın nominal məzənnəsini sabit saxlamaq üçün imkanları var: “Neftin qiyməti buna şərait yaradır, valyuta ehtiyatları artıb, əhalinin alıcılıq qabiliyyəti 2015-lərlə müqayisədə xeyli aşağıdır. Qaz ixracı artır, ticarət balansında müsbət saldo azalsa da, qalır. Bütün bunlar imkan verir ki, manatın dollar qarşısında məzənnəsini saxlamaq mümkün olsun”.
R.Həsənov qeyd edir ki, son illərdə dolların özü dəyərsizləşməyə məruz qalıb: “ABŞ-da qeydə alınan yüksək inflyasiya dolların məzənnəsinin ucuzlaşmasına səbəb olub. Eyni qaydada manatın da məzənnəsində dəyərsizləşmə baş verir. Digər tərəfdən, Azərbaycanın özündə baş verən inflyasiya manatın alıcılıq qabiliyyətini azaldır. Real effektiv məzənnəyə təsir göstərən əsas amillərdən biri əsas ticarət tərəfdaşlarında valyutaların məzənnəsidir. Azərbaycanın əsas ticarət tərəfdaşları Rusiya, Türkiyə, Çin, İran kimi ölkələrdir. Çin xaric, bu ölkələrdə milli valyutalarının sürətli dəyərsizləşməsi manatın həmin valyutalara münasibətdə real effektiv məzənnəsini saxlamağa imkan yaradır. Manatın real alıcılıq gücünə gəlincə, ötən il rəsmi olaraq manat onu 14 faiz itirib, bu il də təxminən 10 faiz itirəcək. Yəni ölkə üzrə qeydə alınan inflyasiya səviyyəsi manatın öz real alıcılıq gücünü həmin qədər itirməsi deməkdir”.
Sevinc QARAYEVA
çap et