525.Az

Hünər - Allahverdi Eminov yazır


 

ÇOX YAŞAMAĞA DƏYƏRMİ?

Hünər - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

Hər halda az yaşamamışam - ömrüm iki əsrin arasına düşüb və hər bir əsrdə fərqli insanlarla, müxtəlif xaraktercə məxluqlarla qarşılaşmışam. Bu adamlar eyni tipli ailələrdə doğulub, eyni tərbiyə görməsələr də, eyni məmləkətdə yaşamış, kommunist təhsili almışdılar. Bu təhsilin mahiyyətində tabeçilik, formalizm, vahid tələblərə sözsüz əməl etmək, marksizm-leninizm ideologiyası bayrağı altında yaşamaq dayanrdı.

Lakin insanlar bu "triada"ya tam riayət etmədilər, əqidəcə ayrıldılar, "Atalar və oğullar" bir-birini inkar mövqeyində durdular. Sosialist əxlaqı inkişaf etdikcə fərdi xarakter də dəyişdi. Kişilər sanki qadınlaşdılar.

Vurğulamaq istədiyim budur: bədəncə yox, ruhən, mənən, xasiyyətcə kişi olmaq gərəkdir ki, ən vacib situasiyalarda, vəziyyətlərdə yıxılan ağaca balta vurmayasan, budağından yapışıb torpaqdan qaldırasan...

Heç bir insan ölməyə tələsmir, yaşamaq uğrunda mübarizə aparır və Allahın dərgahına qovuşmağa tələsmir. Baxmayaraq ki, həyat onun üçün işgəncə, əzabvericidir, bəxti gətirməyib. Mən də - bu sətirlərin müəllifi də istisna təşkil etmirəm. Taleyimdən küskün də deyiləm: təhsil almışam, pedaqoji fəaliyyətimdə uğurlar qazanmışam, elmi yaradıcılıqla məşğulam - bu gün də! Uzun illər müxtəlif vəzifələr daşımışam, əllidən artıq dərslik, monoqrafiya, fərqli janrda kitablar qələmə almışam. Hər dəfə bu əsərlərimin ilk "qaranquşunu" görəndə uşaq sadəlövhlüyü ilə sevinmişəm. Yazı masamın qarşısındakı kitab rəfindən o kitablara baxıram, hər biri mənimlə "danışır", yaranışına sevinir! Bunlar öz yerində. Amma məni başqa bir məsələ düşündürür: çox yaşamağa dəyərmi?! Suala yalnız müsbət cavab verərdim, bu ömrün payına düşən münasibətlər xaosunda az-çox adamları tanıya bilmişəm, ancaq az-çox! Çünki sonralar bu insanların öz əqidələrindən, məsləklərindən, iddiallarından necə üz döndərdiklərinin, uzaqlaşdıqlarının şahidi oldum. El məsəli var: kaş səninlə rastlaşdığım gün başıma daş yağaydı! Xalq demir ki, başıma su calanaydı, axı, su paklıq, təmizlik rəmzidir! Sivilizasiyanın gəlişi bəşəriyyətə sevinc gətirib, amma onun bəxş etdiyi bəlalar hesaba alınmayıb: bu gün də sivilizasiyanı xoşluqla xatırlayırıq, fərqinə varmırıq bu mərhələ insanların xarakterinə mənfi, bəd rənglər qatıb, hər şeyi bulaşdırıb, silinməz simasızlıq, ikiüzlülük, vəzifəli adam qarşısında ikiqat olmaq, əqidəsizlik, abırsızlıq, vampirlik, daha xoşagəlməz vərdişlər... Axı, əcdadlarımız bu xasiyyətdə olmayıblar, bu insanları feodalizm yaxşı mənada "təhvil" alıb. Bu barədə fikirləşəndə Eduard Teylorun kəlamları ağlıma gəldi, o yazırdı ki, insan sivilizasiya ilə bərabər, özünün bir çox müsbət qabiliyyətlərini də itirib. Maddi sivilizasiyanın yüksəlişi heç də mənəvi yüksəlişə şərait yaratmır: şübhəsiz, öz-özlüyündə maddi sivilizasiyanın bəla deyil, amma o, mənəvi sərvətləri sıxışdıranda zaman bəlaya çevrilir.

Məgər maddi sərvətlərə o qədər aludə olmaqmı ki, mənəvi-daxili sərvətlər tərbiyə görmüş insanların əqidəsini sıfıra dəyişsin?! Xatırlayıram: müstəqilliyimizin ilk addımlarında bəzi "liderlər" ayılırdı, özlərinin, az qala, milli qəhrəman obrazını yaratmışdılar, tarixin təkərlərini geriyə fırlatmaqda israrlı idilər. Bu məqamlarda siyasi liderlərdən biri həbsə alındı, bu "həbs" hər bir hərəkat iştirakçısına mənfi təsir göstərdi və onlardan biri pafoslu nitqə malik o dövrün nüfuzlu özəl qəzetlərdən birində geniş məqalə yazdı, siyasi Liderə məktub ünvanladı, həbsə alınanın müdafiəsinə qalxdı, onun haqqında ən tərifli sözlər, cümlələr işlətdi, dəridən-qabıqdan çıxdı. Bu şəxs sonralar hətta millət vəkili oldu, elmindən yüksək mərhələyə qalxdı. Və az sonra "həbs" qismətinə məhkum azadlığa çıxdı, unuduldu. Eləcə də xalqa lazım olmayan, siyasi məramına əməl etməyən həmin əski lider onun mətbuatda müdafiəsinə qalxan, böyük nüfuz qazanan üçün sanki yox imiş! Bu gün, görəsən, o, yada düşürmü? Yox! O vaxt lazım idi, özü "balaca adam" idi, "böyük adam" olandan sonra karyerasını qorumalı idi...

Belə məqamlarda Amerika yazıçısı Mark Tvenin sözləri yerinə düşür. Mark Tven yazırdı: "İnsan yeganə varlıqdır ki, utana bilir". Bəlkə, insanların haldan-hala, rəngdən-rəngə düşməsinin günahı dünyadır, vurğuladığmız sivilizasiyadır. Bəlkə, bu vəziyyəti dünyanın özü yaradıb? Filosof K.Yunq səhv etməyib ki? "Dünya o qədər eybəcərdir ki, heç kim onu sevmək iqtidarında deyil".

Unutmayaq ki, yaşadığımız dünyanı ikiüzlülər, yaltaqlar, əqidəsindən dönənlər daha çox sevir. Dünya belələrinə sərf edir, sabah siyasi və sosial vəziyyət dəyişəndə, hansısa lider vəzifəsini itirəndə bəs hansı işlə məşğul olmalıdır? Belələri üçün mən nahaq kədərlənirəm. Onlar üçün həmişə iş - məşğuliyyət var. Belələri daima istər ki, hakimiyyətdə hərc-mərclik əmələ gəlsin, "seçim" aparsınlar, köhnə rolunu təzə ifada davam etdirsinlər. Bu simalı insanlar şöhrətləndikcə, vəzifədə qol-qanad açdıqca ayağının altını görmür və bir gün yetişir, əyildiyi, alqışladığı, barəsində pafolsu məqalələr, kitablar yazdığı o şəxs vəzifəsini itirir, yaxud təqaüdə yola salınır. Lakin təsadüfən uzaqdan qarşısına gələndə dərhal yolunu dəyişir. Axı, bir vaxt bu şəxsin kölgəsində işıq saçırdı, səsinə vurğunluğunu bəyan edirdi, bəs nə oldu? Yaxşı, burada günahkar dünyadırmı? Filosof Karl Yunq! Belə insanlarda nədir çatışmayan: Cəsarət! Alman filosofu İ.Fixte deyirdi: "Qoy hamı məni tərk etsin, təkcə cəsarət məni atmasın". O adamda cəsarət yoxdursa, hünərə sahib çıxa bilməz, çünki bunun üçün kişilik lazımdır. Bunun üçün əzəldən kişi cismində və ruhunda doğulmaq, tərbiyələnmək gərəkdir.

Əgər bu keyfiyyətlər yoxdursa..?

 

 

 

 

 

 

 

 

 

 





05.10.2023    çap et  çap et