525.Az

"Vəsf etməyə Zəngilanım bəs eylər..." - Bayram Məmmədov yazır


 

"Vəsf etməyə Zəngilanım bəs eylər..." - <b style="color:red"> Bayram Məmmədov yazır</b>

Şeir duyğudur. Hər duyğunu şeirə gətirmək, onu şeirləşdirmək mümkün deyil. Şeirə vaqiflər, şeiriyyət fədailəri hər titrəyişi də şeir bilir, hər kükrəyişi də, yağışın yağmasını da, şimşəyin çaxmasını da, buludların axmasını da. Bunları ifadə edən fikir könüllərin sığalına dönür. Bunu yaradanları şair bilirik!.. Onu da bilirik ki, şeirlə ifadə edilən fikir duyğuların ruh ortağıdı. Göz açıb belə görmüşük, göz açıb belə görəcəklər...

Şeir-şair səsləşməsi qədər könüləyatımlı səsləşmələr azdı...

Məhərrəm Mahi (Məhərrən Alı oğlu Quliyev) 1924-cü il yanvarın 21-də  Zəngilan rayonunun Quyudərə Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olub. Əsrarəngiz təbiət görüb, əsrarəngiz təbiətin gözəlliklərinin sehrinə düşüb, düşüncələri bu sehrdən barınıb. Yaddaşında Quyudərə Xəştab kəndi qalıb, o kəndin mehrini böyük sədaqətlə yaşadıb. Xatirələrində, söhbətlərində, şeirlərində. Xatirələri də tarixdi, söhbətləri də, şeirləri də. Həmişə Azərbaycan adıyla öyünən, Zəngilanı vəsf edən Məhərrəm Mahi bunu özünə həm ömür ülgüsü bilib, həm də yaradıcılıq qayəsi:

 

Yoxdu bu dünyada gözüm, nə danım,

Odlu sinəmdədir dağım, aranım.

Mənə öyünməyə Azərbaycanım,

Vəsf etməyə Zəngilanım bəs eylər.

 

Bu misralar Vətənə sevgidi, şübhəsiz, Vətən sevgisinin ifadəsi kimi yazılıb, belə oxunur, belə də tarixləşib; bu sevgi təkcə Zəngilanla məhdudlaşmır.

Məhərrəm Mahi əvvəl Gilətağ 7 illik, sonra Xocahan kənd orta məktəbini bitirib. Elə həmin il, ehtiyac olduğuna görə 1942-ci ildə oxuduğu Xocahan kənd məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunub. 1952-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki N.Tusi adına APU-nun) dil-ədəbiyyat fakültəsini əyani bitirib, filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib.

Qubadlı və Zəngilan məktəblərində müəllim, direktor müavini, Zəngilan rayon qiyabi orta məktəbində direktor, təhsil şöbəsində inspektor işləyib. Zəngilanın işğalından sonra Bakı şəhərində yaşayıb.

Şeirləri də, müxtəlif janrlı məqalələri də rayon qəzetində, respublika qəzetlərində dərc edilib. "Sizə qalanım budur", "Əsgülüm, Süsənim mənim", "Azərbaycan elimdi, dili mənə şirindi", "Şeirlə yaşanan ömür" kitabları nəşr olunub. Şair kimi "Kənd həyatı" qəzetinin şeir şöbə-sinə, "Süsənin səsi" ədəbi birliyinə rəhbərlik edib.  Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Eldən-obadan, doğma yurddan uzaq düşmək könül qübarıdı, sıxıntıdı. Bu sıxıntı ruh yorur. Ruhu rəvanlar da bu ayrılığı könül dustaqlığı adlandırır. Ayrılığı işğal yaradıbsa, ərazilər arasında işğal aşılmazlıq yaradıbsa, ilk olaraq şairlər deyir ki, "Qalmaz belə, qalmaz dünya". Bu, inamdı. Məmləkətin bir gün əsgərləşəcəyinə inamdı, dövlətçiliyə, dövlətə, orduya inamdı. Bu inam döyüş əmri gözləyənlərin tətik sıxan barmaqlarını isindirən inamdı. Şairlər bu inamı dan yerinin salavatı bilir. Yazdığı şeirlər onun ruhunun dilmancı olur. Məhərrəm Mahi belə şairlərdəndir; işğaldan bu yana işğala görə yuxusu qaçanların qəhərini duyub-yazıb, yaşayıb-yazıb. "Atam yatan torpaq" şeiri bu duyğuların şeiridi, bu duyğuları yaşayanların şeiridi:

 

Mahi, uzaq deyil bir yay səhəri

Gülər Zəngilanda haqqın səfəri.

Atanın torpaqda yatdığı yeri

Öpəndə deməzsən: yata bilmirəm.

 

Şeirdə "Uca dağları dumanlı-çənli olan" Zəngilanın "buz bulaqları dərdlərə dərmandı" ("Zəngilandadır") kimi yaddaqalan bədii fikirlərlə tanıdılan Zəngilana, bu baxımdan işğal olunmuş ərazilərə qayıdışa bir inam var. Bu inam şair inamıdı. Şair inamına Tanrı lütfü deyirik...

Bu torpaq şairin kəndidi. Kəndi ilə qürur duyan, onun gözəlliyini car edən, bu gözəlliyin vəsfçisi olmağı özünə mənəvi borc bilən şair Xəştabı "Tanrının nurundan qopan torpaq" kimi vəsf edir, ona elə gəlir ki, bu vəsf Tanrının lütfünə şair minnətdarlığıdı: Yaxın meşələrinin gözəlliyi də, barı-bərəkəti də, qarı yaza qalan Xəştabın dünyaya quzeydən boylandığını bildirən Məhərrəm Mahi deyir ki,

 

Torpağına güvənib

Ucalırdı kəndimiz

("Bizim kəndimiz")

 

Şair Məhərrəm Mahinin şeirlərində oxucunun diqqətini yeni bənzətmələr çəkir: "Qoşqarımın yəhər beli", "Göy göl yanağında mavi xal kimi", "Şəlalənin saçını sərin meh darayır" ("Bura ana yurdum Azərbaycandır"). Şair səmimi şeirləri ilə kəməri Oxçu çay, nəğməsi Araz olan torpaqda "papağı qar olan kollarla qucaqlaşanların" can sirdaşına dönür. "Dağların" şeirində şəlaləni dağların gümüş saçlarına, qaynar bulaqları dağların gözünə bənzədən şair deyir ki:

 

Başqa cür vuracaq həyatın nəbzi,

Quruyub gedəcək hicran dənizi.

İndi qəm yükünü daşıyan Araz

Vaxt olar vüsala yetirər bizi.

("Baxıram cənuba")

 

Məhərrəm Mahinin "Gəlin birləşib gedək" şeiri Zəngilanın coğrafi bütövlüyünə sevginin şeiridir. Əksər kəndin adı (adın anılması da, yada salınması da sevginin zəmanətidi) şeiri süsləndirir. Şeir Zəngilanın, Zəngilanın timsalında işğal olunmuş ərazilərin işğaldan azad edilməsinə çağırışdır. Bu çağırış orduya inamın çağırışıdır:

 

Sizə qurban olum mən, ay yaşlılar, cavanlar,

Elinin-obasının həsrətilə yananlar,

Gəlin birləşib gedək, şəhid olaq hamımız,

Düşməndən azad olsun təki Zəngilanımız.

("Gəlin birləşib gedək")

 

Məhərrəm Mahi əqidə şairidir. Ana torpağın gözəlliklərini şeirə gətirə-gətirə sevdirən şair üçün bir istək də var: Ruhən təbiətin bir parçası olan gözəlliyə qarışmaq, ömrü o gözəlliyin qucağında yaşamaq. "Süsənim" şeiri bu istəyin şeiridir. Bu şeiri Süsəni sevənlər bağayarpağı əvəzi ağrıyan yaralarına qoymaq istəyir:

 

Dumanın sürüşüb bələdçim olsun,

Başım qırov qoysun, şehdə yuyulsun,

Küləyin, sazağın sinəmə dolsun,

Titrəyim, uçunum, dözüm, Süsənim.

 

Məhərrəm Mahi romantik şair deyil, gerçəkliyin şairidir. Gördüklərini yazır, duyduqlarını yazır, sözlə gözəlliklərin təsvirini çəkir. Sevə-sevə yazır, yaza-yaza sevdirir. Bu sevgi bəşəri sevginin zərrəsidi və bu səbəbdən oxucunun düşüncələrinin nizamına qarışır. Bir dünyalıq arzu-istəklə. Bu arzu-istək Vətənlə bağlıdı.

Zəngilanın göylərində qara buludlar vurnuxanda "Yad ələ düşməsin Zəngilanım" deyən şair

 

Kəndimizin önü dağlar,

Uzunu, eni dağlar.

Çəkin zirvəyə məni,

Görüm Vətəni, dağlar,

 

bayatısının ovqatı ilə yazdığı "Mənim harayım" şeirində deyir ki:

 

Vardır qollarımda gücüm-qüvvətim,

Gətirib meydana məni qeyrətim.

Açın gözünüzü, tanıyın bizi,

Yad əldə qoymarıq Vətənimizi.

 

Bu şeirin də ruhu "Gəlin birləşib gedək" şeirinin ruhu ilə eyniləşib. Bu misralarda da çağırış var. Şeirin çağırışı görünmür, duyulur. Bu, poetik məharətin təzahürüdür.

 

İllərlə saysaq da, gecə-gündüzü,

Ancaq itirmədik ümidimizi:

Bir gün Zəngilanda görərlər bizi,

Qibləmiz ordadı, biz o yanlıyıq,

Harda yaşasaq da Zəngilanlıyıq.

("Zəngilanlıyıq")

 

Böyük sevgidi!

Şair sevgisidi!

Zəngilanın timsalında

Azərbaycana sevgidi!..

 

Bu sevgi şairin "O diyarda qalıbdı" şeirində də böyük qürurla təqdim edilib. Bu təqdim vətəndaşın Vətənə sevgisinin böyüklüyünün poetik ifadəsidi. Şeirdə təəssüf var. Bu təəssüf ötənlərə görə yaşanılan təəssüfdür, Zəngilansızlıq ağrı-acılarıdır...

Məhərrəm Mahinin vətənpərvərlik şeirlərində fəlsəfi düşüncələr də uğurla misralanıb. Belə misralar oxucuların düşüncələrinə daha həssaslıqla hopur. "Vətən eşqi məni çəkir zirvəyə" şeirində də belə çalarlar var:

 

Baxıram uzaqlara, bura hara, mən hara,

Nədir məni qaldıran çətin sıldırımlara?

Bir səs gəldi ürəkdən,

ün verdi "mənəm" deyə,

Bildim Vətən eşqidir, məni çəkir zirvəyə.

 

"Vətən eşqi" şeiri Azərbaycanın xəritə bütövlüyünü əhatələyir. Şair bu şeiri ilə sanki qəlbinin monoloqunu qələmə alıb, yazıb ki, "Mən azərbaycanlıyam!" deyənlərin hamısı bu şeirin mahiyyətini düşüncələrinə hopdursun:

 

Vətən - Qarabağ, Vətən - Şuşa,

Vətən, səni belə yaşa, bütöv yaşa!..

 

Məhərrəm Mahinin sevgi şeirləri də oxunaqlıdır. Bu şeirlər misra-misra ürək çırpıntısıdı, həsrətdi, intizardı, sevincdi, gileydi, ...Azərbaycan poeziyasında "Gəlmədin?"lər çoxdu. Heç birisi də bir-birinə bənzəmir. Məhərrəm Mahinin bu sərlövhəli şeiri də özünəməxsusluğu ilə səciyyəvidir. Şeirdə təcnislərə xas çalar (cinas) da var ki, bu da onun oxunaqlığını daha da artırır. Bu, klassik aşıq ədəbiyyatımıza yaxşı bələdliyin (və təqdir ediləsi bələdliyin!) təzahürüdür:

 

Görən deyir: Gözlərində nə yaşdı,

Kirpiklərin heç qurumur, nə yaşdı.

Bu dövranda mənim yaşım nə yaşdı,

Göz yaşım sel oldu, niyə gəlmədin?

 

Birinci misrada: bu nə göz yaşıdı, ikinci misrada: nəmdi, islaqdı, yaşdı, üçüncü misrada: yaş, il anlamında. Gözəl cinaslardı, yeni cinaslardı!

"Ay qız", "Məni", "Sizin kəndə sarı", "Xəyalımda qaldı" və s. kimi şeirləri poetik dəyəri ilə səciyyəvidir...

2015-ci il noyabrın 18-də haqq dünyasına qovuşan şair Məhərrəm Mahi gördüklərini, duyduqlarını, düşündüklərini xalqa, dövlətə, dövlətçiliyə sevgi biçimində şevdırıb. Bu, ədəbiyyatımızın uğurudur...

 

 





05.10.2023    çap et  çap et