525.Az

Tankçı qəhrəman


 

Tankçı qəhrəman<b style="color:red"></b>

Azərbaycan Ordusunun giziri Vüsal Üzeyir oğlu Nəhmətov 2 oktyabr 1987-ci ildə Astarada - Səncərədi ərazi vahidinin Alaşa kəndində anadan olub. Alaşa kənd məktəbində doqquzillik təhsil alıb. Onbirillik təhsilini Birinci Qarabağ döyüşlərinin şəhidi Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbində başa vurub.

Vüsal Nəhmətov ailənin yeganə oğlu, üç bacının tək qardaşı idi.

Anası Ruhiyyə xanım sadə kənd qadınıdı. "Balam üçün darıxıram" cümləsi dilindən düşmürdü. Bir də mənə tez-tez "sağ ol, balamdan yazırsan" deyirdi... Təşəkkür var, gözləyirsən, təşəkkür var, istəmirsən, təşəkkür var, ruhunu əzir... "Siz sağ olun ki, belə igid böyütmüsüz" - bundan başqa bir söz tapmırdım deyim şirin talış ləhcəli xanıma.

"Əsgər getdi, sonra da hərbiyə, şəhid olmağa getdi mənim balam. "Mən şəhid olsam, fikir eləmə, şəhid anası olacaqsan" - deyirdi". Son sözləri bu olub oğlunun.

Hərbçi kimi görürdü özünü Vüsal. Həqiqi hərbi xidmət keçəndən sonra ömrünü hərbiyə bağladı.

Üç il MAXE kimi xidmət edib. Mina təmizləyənlərdən olub. Sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində Gizir hazırlığı kursunda oxuyub. Tankçı ixtisasını seçib.

Hərbçi dostları Vüsala "Əjdaha", Vüsal isə tankına "Əjdaha" deyirmiş.

Müharibə olacağını öyrənəndən gözlərinə yuxu getməyib.

"Bilmirəm, ya çox həyəcanlanırdı, ya sevinirdi, yata bilmirdi. "Əjdaham"la gör nələr edəcəyik - deyirdi hər dəqiqə. Amma özü doğrudan da əjdaha idi. Nümunəvi tankist idi. Tankla peşəkar manevrlər edirdi. Onların heyətini odlu minayla vurdular. Yoxsa Vüsal Şuşayacan gedəcəkdi. Hər kənd azad olunanda sevincdən gözləri yaşarırdı". Dostu Samir bunları dedi. "Mənim üçün qəhrəmanlıq simvolu idi".

Tank komandiri idi Vüsal Üzeyir oğlu. Müharibə başlayanda tank heyətləri hücumda olub. Onların xidməti əvəzsiz, cəsarətləri heyrətedicidir.

"Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub ölümündən sonra gizir Vüsal Nəhmətov.

Vüsalın yadigarları Qəni və Ömərin anası Xəyalə xanımın ilk cümləsindən sarsıldım: "Ömrünün yeni ilinin iki gününü yaşadı. Doğum günündən iki gün sonra şəhid oldu. Yaşını evimizdə birlikdə keçirməyi arzulayırdıq. Olmadı. Əvəzində hərbçi kimi, əsgər kimi, dövlətini sevən vətəndaş kimi arzusuna çatdı. Torpaqlarımızın ermənilərdə olmasına görə çox fikir çəkirdi. Bir də görürdün öz-özünə hirslənir. Narahat idi həmişə. İndi daha rahatdı".

4 oktyabrda Füzulinin azadlığı uğruna gedən qızğın döyüşlərdə şəhid olub Vüsal. Neytral zonada qaldığından 9 noyabrda dönə bilir kəndinə.Vüsalın atası Üzeyir kişinin dediklərini xatırlayıram: "Müddətli xidmətini Hava Hücumundan Müdafiə Qoşunlarında keçmişdi. Amma "Xocalının qisasını almalıyam" deyirdi. Oğlumun adını əjdaha qoymuşdular. Əjdahaydı mənim oğlum. Bütün oğullarımız əjdaha kimi döyüşdü. İndi bütün dünya bizdən öyrənsin döyüşməyi. Ürəyimizdə oğul yanğısı olsa da, başı dik gəzirik".

Vüsal təbiəti sevib, torpağı sevib. Gözəl bir bağ salıb kəndində. Öz əli ilə əkdiyi gül-çiçək, meyvə ağacları adamın ruhunu oxşayır.

Hər dəfə bağa qulluq edəndə, ağaclarına baxanda ata-anasına deyirmiş: "Torpaqlarımızı azad edəndə öz əllərimlə o rayonlarda bağlar salacam..."

Vüsalın azad etdiyi torpaqlarda nə

qədər belə bağlar salınacaq, nə qədər gül-çiçək əkiləcək. Neçə-neçə meyvə ağacı boy verəcək. Və onların hamısında Vüsalın əllərinin istisi, qayğısı olacaq...

Bir də Vüsalın atası Üzeyir kişinin dediklərini xatırlayıram: "İndi bütün dünya bizdən öyrənsin döyüşməyi. Ürəyimizdə oğul yanğısı olsa da, başı dik gəzirik".

Kamalə ABİYEVA

 





05.10.2023    çap et  çap et