525.Az

Ankara gündəliyi


 

Ankara gündəliyi<b style="color:red"></b>

Mənə görə ədəbiyyat, yazıçının özündən belə yorulanda sığına biləcəyi bir məkandır. Fərq eləməz, o məkanda işıq var, ya yox. Olmasa da, yazarın öz işığı yetər. Sənətin, ədəbiyyatın mahiyyətində işıq var və bu işığın ədəbiyyatı anlamaq üçün insanın öz daxilində də olması şərtdir. Elə sənət özü də işıqlı adamlar üçündür. Ətrafımızdakı insanlar müxtəlifdir - işıqlısı da var, içində qaranlıq gəzdirəni də. Sənət bax o işıqlı adamlar üçün yaradılır.

Bəzən yazar narahatlıq keçirir, yazdıqlarının taleyi, oxunub-oxunmadığı onu düşündürür. Axı ədəbiyyat həm də xilaskar rolunu oynayır, amma U.Folkner demiş, bütün bəşəriyyəti deyil, fərdləri xilas edir. Ədəbiyyat həm də sözlə şəkil çəkmək işidir.

Son üç ildə ölkəmizdə siyasi müstəvidə baş verənlər, müzəffər Azərbaycan Ordusunun otuz ilədək erməni işğalında qalan doğma torpaqları, əziz Qarabağı azad etməsi, qazanılan qələbə söz adamlarının da yazıb-yaratmaq istəyinə stimul verdi...

Bu il qardaş Türkiyədən aldığım xoş xəbər də ədəbiyyatla bağlı olduğundan sevincim hədsiz idi. "Zəfər nəğmələri" kitabım İstanbulda "Ferfir" nəşriyyatı tərəfindən çap edilmişdi.

İstanbulda olarkən kitabın tanıdılması ilə bağlı "Gənc ürəklər" jurnalının baş redaktoru, yazar Mühterem Şahin məni 9-10 avqustda ikigünlük səfərə dəvət etdi...

Səhər tezdən qızım Fəridə və nəvəm Aslanla bərabər yola düşdük. Bu da Ankara Esenboğa Hava limanı... Bizi Mühterem bəy qarşılayır. İzdihamlı, müxtəlif millətlərin də yaşadığı İstanbuldan sonra Ankara daha sakit görünür. Düzdür, bunun bir səbəbi təhsil ilinin başa çatmasıyla bağlıdır. Amma yerli sakinlərin yayın istisindən uzaqlaşıb müxtəlif istirahət yerlərinə getməsinin də təsiri var.

Sosial-təminat qurumu Təlim mərkəzinin müsafir evindəyik -   Mühterem bəy əvvəlcədən bizim üçün yer sifariş verib. Əşyalarımızı yerləşdirib səhər yeməyinə yollanırıq. Bu dəfə Mühterem bəyin həyat yoldaşı Sevda xanım və kiçik qızı Kardələn də bizimlədir. Sevda Təpə Şahin Anadolu Təhsil, Mədəniyyət və Elm Vəqfi Qadınlarla iş üzrə şöbə müdiridir. Mehriban və işgüzar xanımdır, işini sevir.

İlk tədbiri "Kırım Xəbər Ajansı"nda keçirməliyik. On birinci mərtəbəyə qalxırıq. Jurnalın yazı işləri müdiri, türkoloq Cem Arslanla, Yağmur xanım və digər əməkdaşlarla tanış oluruq. Doğma, isti qarşılanmadan könlüm, gözüm dincəlir. Sanki dünən ayrıldığım ailəmə qovuşmuş kimi hiss edirəm özümü.

"Gənc ürəklər" komandası "Mohabbat sofrası" televiziya verilişinin çəkilişinə hazırlıq görür. Biz də dəyirmi masa başında ətirli çay içib şirin söhbət edərək vaxtı dəyərləndiririk...

Bir azdan çəkiliş başlayır. Mövzu Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qələbə, Şuşa başda olmaqla otuz ilədək əsarət altında qalan yurd yerlərimiz və əlahəzrət ədəbiyyatdır...

Burdan sonrakı ziyarət yeri "Qırım Türkleri Kültür və Yardımlaşma Dernegi Genel Merkezi"dir. Hündürmərtəbəli bu binada yalnız Krım tatarları çalışırlar. Bina kitabxana, rəqs dərnəyi, konfrans salonu, Qalaqay Krım mətbəxindən ibarətdir. Gülərüzlü tatar xanımı bizi qapıdaca qarşılayıb içəri dəvət edir. Masa arxasına keçirik. Burada hazırlanan yeməklər də məhz tatar mətbəxinə aiddir. Menyunu gözdən keçirirəm, diqqətimi türklərin sarma, bizim isə yarpaq dolması dediyimiz məşhur yemək çəkir. Çəhrayı rəngli reyhan şərbəti də süfrəyə yaraşıq olmaqla fərqli bir damaq dadı yaradır.

Nahardan sonra Mühterem bəylə sabahın proqramını bir də dəqiqləşdirib qonaq evinə dönürük.

10 avqust. Bu dəfə yolumuz TÜRKSOY-adır. Qurulduğu gündən bəri fəaliyyətini türk xalqlarının könül bağlılığını və qardaşlığını gücləndirmək, ortaq Türk mədəniyyətini gələcək nəsillərə ötürmək və dünyaya tanıtmaq istiqamətində qurub. Məhz TÜRKSOY tərəfindən Şuşa 2023-cü il Türk dünyasının mədəniyyət mərkəzi elan edilib.

Uzaqdan görünən bina möhtəşəmliyi ilə diqqətimizi çəkir. Bir tərəfdə təşkilata üzv olan dövlətlərin, əks tərəfdə isə təşkilat üzvlüyünə namizəd dövlətlərin bayraqları dalğalanır. Sağ tərəfdə üstündə Şuşanın Qala divarlarının rəsmi olan, üstündə "2023 Türk dünyası, Kültür Baş Kenti - ŞUŞA" yazılan böyük lövhə qoyulub. Elə əvvəlcə simvolik Şuşanın önündə bir neçə anımızı telefonun kamerasına köçürüb içəri keçirik.

Bizi elə foyedə təşkilatın əməkdaşı, yazar, əslən Qırğızıstandan olan Sabırbek Borubay və şöbə müdiri Sancar Mülazimoğlu böyük hörmət və sevgiylə qarşılayıb, geniş dəyirmi masaya dəvət edirlər. 

Masaya ətirli çay gəlir, şirin söhbət üçün bəhanə olan çay... Mövzu Azərbaycan, zəfərlə başa çatan İkinci Qarabağ müharibəsidir. Erməni vandalizmi, Füzuli, Zəngilan, Ağdam və digər bölgələrimizdə törədilən maddi və mənəvi terrordan ürək ağrısıyla söz açıram. Sancar bəy cəmi bir neçə gün əvvəl səfər etdiyimiz Şuşanın hazırkı vəziyyətilə maraqlanır. Türkiyə-Azərbaycan dostluğunu vurğulayır, bu həlledici savaşda qardaş ölkənin Azərbaycana hərtərəfli dəstəyini bir daha qeyd edirik. Söhbət ədəbiyyatdan, yeni yaranan əsərlərdən düşür. Möhtərəm bəy mənim "Zəfər nəğmələri" kitabım haqqında ətraflı söz açır. Mən də imzalı kitablarımı onlara təqdim edirəm.

Gəlişimizdən məlumatlı olan TÜRKSOY Baş katibinin müavini, professor-doktor Seyit Yusuf bəylə ayaqüstü söhbət edirik. Olduqca pozitiv Seyit bəyin Azərbaycan adı gələndə üzü gülür. Azərbaycan-Türkiyə qardaşlığından qürurla danışır. "Zəfər nəğmələri" imzalı kitabımı həvəslə alır və təbrik edir.

TÜRKSOY-un rəsmi yığıncaqlar keçirilən zalına daxil oluruq. Yaradıldığı gündən bəri çoxlu sayda təmtəraqlı tədbirlər keçirilən otaq türk xalqlarına məxsus Otağ formasında qurulub. "Otağ", yəni "Çadır", özündə Türk, Altay, Moğol mədəniyyətinin elementlərini saxlayır. Çadırdan fərqi isə onun daha yaraşıqlı, gözoxşayan olmasıdır.

Binanın üst qatında dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdən çəkilmiş rəsmlər sərgilənir. Burada Şuşa qalasının rəsmi də qürurla nümayiş olunur. Sabırbek təşkilatın kitabxanasına  məxsus bir neçə kitabı və təşkilata məxsus dərginin bir neçə nüsxəsini mənə təqdim edir...

Söhbətimizin üstə MHP-dən olan keçmiş millət vəkili, professor Ruhi Ərsoy gəlib çıxır. Səmimi görüşür, Azərbaycan, Qarabağ, Şuşa haqqında hərarətli fikirlər söyləyir. Vətən müharibəsində Azərbaycan üçün narahatlıqlarını dilə gətirir, qazanılan zəfərdən qürurlanır, şəhidlərimiz üçün başsağlığı verir. Türkiyənin bu çətin zamanda Azərbaycana maddi və mənəvi dəstəyi üçün öz tərəfimdən minnətdarlığımı bildirirəm. "Zəfər nəğmələri" kitabımı imzalayıb Ruhi bəyə təqdim edirəm. Həvəslə alır, Mehmet Akif Ərsoyu xatırlayır, belə əsərlərə hər zaman ehtiyac olduğunu vurğulayır...

İndi yolumuz 84 yaşı olan "Türkiyənin səsi" radiosunadır.  Dünyanın bir çox ölkələrində eşidilən bu radioda "Günəbaxan" proqramına dəvətliyəm. TRT Türkiyənin ictimai yayımdan məsul, həm də Avropa Yayım Birliyinə tamhüquqlu üzv olan ilk və tək qurumudur.

TRT-Xarici yayımlar şöbəsinin qarşısında "Günəbaxan" verilişinin redaktoru Şule Yüksel Özçakır və aparıcı Mustafa Çamlıca ilə görüşüb binaya daxil oluruq.

Bir azdan efir başlayacaq, biz söhbətimizi mikrofon qarşısında davam etdirəcəyik. Xalqımızın İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbədən, azadlıq şərbətini nuş edən doğma yurd yerlərimizdən danışacaq, bu yolda canından keçən qəhrəman övladlarımızı anacağıq. Ölkələrimizin qardaşlığından söz açacaq, şeir parçaları oxuyacaq və minnərdarlığımı çatdıracağam...

Efirdən əvvəl Ankara Qazi Universitetinin dosenti Sinan Dəmirtürklə tanış oluruq. Hər birimizlə səmimi hal-əhval tutan Sinan bəy dərs ili başladığı zaman məni işlədiyi Universitetdə görüşə dəvət edir...

Artıq üzü axşama gedir, yolumuz "Hamamönü" deyilən tərəfədir. Hamamönü, Ankaranın Altındağ rayonunda tarixi bir yerdir. İstiqlal marşının yazıldığı və bu günədək qorunub saxlanılan tikili hazırda Mehmet Akif Ərsoy muzeyi kimi qalmaqdadır. Hamamönü qonaqların həvəslə ziyarət etdiyi yerdir.

Küçələri dolaşırıq. Xatirə hədiyyələri üçün mağazalara baş çəkir və xoşumuza gələn bir neçə suveniri seçib alırıq. Akif Mehmet Ərsoyun İstiklal marşını yazdığı kiçik otağın önündə dayanıb düşüncələrə dalıram. Mühterem bəy şeirin yazılma tarixindən söz açır. Kasıb, həm də kirayədə yaşamasına baxmayaraq, bunun üçün verilən qonorardan imtina edən nəhəng şairin surəti canlanır gözüm önündə...

Yaşıllıqlar arasında, hündür daş lövhələrə həkk edilmiş İstiqlal marşının qitələri önündəyik. Hər sətir qəlbimdə əks-səda verib səmaya ucalır, istər-istəməz qəddim bir az da dikəlir, başım sanki buludlara dəyir. Şəhid ruhlarla yanaşı süzürəm səmada, nakam qalan arzu-istəklər içimi göynətsə də, Azərbaycan bayrağının yenidən Qarabağda ucaldığından qürur duyuram...

...Arkadaş! Yurduma alçakları

uğratma, sakın

Sipər et gövdəni,

dursun bu hayasızca akın.

Doğacaktır sana vadetdigi günler hakkın

Kim bilir, belki yarın,

belki yarından da yakın...

Gəzintimiz davam edir, bir dəstə qadın ziyafət geyimində qarşımızdan deyə-gülə keçir. Sevda xanım irəlidəki binanı göstərib: "Bu, xınayaxdı mərasimi keçirilən məkandır, bu qadınlar da ora gedir" - deyir. Elə adət-ənənələrimiz də bir-birinə çox bənzəyir.

Yolboyu maraqlı söhbət edirik, bu ara Aslanla Mühtərəm bəyin söhbəti siyasətdən düşür. On dörd yaşlı bu yeniyetmənin müharibə ilə bağlı düşüncələri hamımız üçün maraq doğurur. Çılğındır, həssasdır, müharibə istəmir, onun sərt üzünü anlasa da, bəzi məqamlarda haqq olduğunu söyləyir...

Günəş yavaş-yavaş qüruba doğru enir. Bizim də günümüz sona varmaq üzrədir, bir azdan ikicə günün içərisində doğmalaşdığımız bu insanlardan da ayrılacağıq. Sabah İstanbula dönəcək, əvvəlki gündəlik həyatımızı davam etdirəcəyik. Amma Ankara səfəri, maraqlı görüşlərimiz, yeni tanış olduğumuz əziz insanlarla bağlı xatirələr yaddaşımızda həmişəlik yaşayacaq...

...Ayrılıq həm də yeni görüşlərə açılan pəncərədir. Ankara görüşü bir millətin dost-doğma övladları kimi hiss elədik özümüzü. Zəfər meydanlarında bayraqlarımızın qoşa dalğalanmasından fərəhləndik. Geriyə bir qucaq xatirə qalır bizdən.Yollar isə həmişə irəli aparır.

Yeni görüşlərə qədər, Ankara!.. 

 





06.10.2023    çap et  çap et