525.Az

Gənclərin xaricdə təhsili: geniş imkanlar, aydın perspektivlər


 

Gənclərin xaricdə təhsili: geniş imkanlar, aydın perspektivlər<b style="color:red"></b>

Məlum olduğu kimi, bir müddət əvvəl "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb. Proqram iştirakçıları sırasında cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "Yale University", 6 nəfər "Imperial College London", 5 nəfər "University College London" və 1 nəfər "National University of Singapore"dan qəbul alıb.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr üzrə kadr potensialının qarşılanması məqsədini daşıyır. Hər il 400 nəfərədək olmaqla ümumilikdə 2000 nəfərin xaricdə təhsilinin maliyyələşdirilməsi hədəf götürülüb. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl universitetlərindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaq.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "University of  Oxford"un "Dövlət siyasəti" ixtisası üzrə magistr təqaüdü qazanan Ləman Əhmədova 4 iyun 1994-cü il tarixində Sumqayıt şəhərində anadan olub. M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə 11 illik təhsilini başa vurduqdan sonra 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya" ixtisasına qəbul olub. Daha sonra 2016-2018-ci illərdə DİA-da "Dünya siyasi prosesləri" ixtisası üzrə magistr dərəcəsi alıb.

Ləman Əhmədova ali təhsil illərində müxtəlif layihələrdə iştirak edərək öz təcrübələrini genişləndirib. Belə ki, o, Akademiyada bakalavr təhsilini aldığı dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində təcrübə keçib, ASAN Könüllüləri Təşkilatı nəzdində layihə rəhbəri və bir sıra tədbirlərin təşkilatçısı kimi çıxış edərək öz bilik və bacarıqlarını artırıb. Bundan əlavə, Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təcrübə proqramlarına qoşulub: "2000-dən çox gəncin işlə təmin olunmasına nail olmuşuq. 2020-ci ildən əmək fəaliyyətimi Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "ABAD" publik hüquqi şəxsdə davam etdirirəm. Bu qurumda öncə Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri işləmişəm, hazırda dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri kimi fəaliyyət göstərirəm".

Ləman Əhmədova bildirib ki, bu günə kimi bir sıra dostları 2011-2015-ci illərdə Dövlət Proqramından faydalanaraq xaricdə təhsil alıblar. Onların uğuru və müsbət rəyləri onu da Proqrama müraciət etməyə motivasiya edib: "2022-ci ilin payız aylarında Dövlət Proqramının irəli sürdüyü tələblər və prioritet ixtisaslar siyahısı ilə tanış olduqdan sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yerləşən bir sıra universitetlərə müraciətimi göndərdim. "University of Cambridge", "Kings College London" və "University of Oxford"dan gələn müsbət təklifləri dəyərləndirdikdən sonra seçimimi "Oksford" üzərində saxladım. Magistr təhsilimi universitetin "Blavatnik School of Government"də "Dövlət siyasəti" ixtisası üzrə alacağam. Əlamətdar məqam həm də odur ki, Azərbaycandan Blavatnik Dövlət Məktəbinə qəbul olunan ilk qadınam. Qeyd olunanları, təcrübəmi nərəzə alaraq və uğurlu keçən müsahibənin nəticəsi olaraq, özümdə daxili əminlik var idi ki, Proqramın qaliblərindən biri olacağam. Bu günə kimi "lifelong learning" prinsipi ilə bir sıra yerli və xarici (Sinqapur, Bolqarıstan, İtaliya) təlimlərdə iştirak etməklə yanaşı, ixtisasartırma məqsədilə sertifikatlar da almağa fokuslanmışam. Oksford Universitetində keçəcək bir ilim ərzində magistr təhsili ilə yanaşı, həmin sertifikatların sayının artırılması və hazırda inkişafda olan süni intellektin gələcəkdə dövlətlərin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişafına necə təsir göstərməsi və onun dizayn həlli üzrə fəaliyyətimi davam etdirmək niyyətindəyəm".

Dövlət Proqramı təqaüdünü qazanan Əhməd Hümbətov ABŞ-ın Harvard Universitetində "Dövlət idarəetməsi" ixtisası üzrə magistr təhsili alacaq. Ə.Hümbətov Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2005-2009-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr təhsili alıb. Magistratura təhsili almaq üçün ADA Universitetini seçən Əhməd Hümbətov deyir ki, "2009-2011-ci illərdə ADA Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsili alıb: "Təhsilimi davam etdirmək üçün Avropada yerləşən bir çox universitetləri də seçə bilərdim. Lakin mən bir azərbaycanlı olaraq öz ölkəmin təhsil sistemi ilə tanış olmaq, buradakı mühiti öyrənmək həvəsində idim. Universitet haqqında maraqlandığım zaman çox müsbət rəylər aldım və universitetdən də qəbul aldıqdan sonra vətəndə yaşamağa, burada həm təhsilimi, həm də təcrübələrimi genişləndirməyə qərar verdim".

O, ADA Universitetini bitirdikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində təcrübə keçib. Bundan sonra ADA Universitetinə dəvət alaraq burada Xəzər Enerji və Ətraf Mühit Mərkəzində 5 il müxtəlif vəzifələrdə çalışıb. Bu mərkəz universitetin enerji iqtisadiyyatı və siyasəti sahəsində tədqiqat, təlim və təbliğat aparan əsas institutdur. Təcrübələri sırasına daha bir yenilik əlavə edərək, Britaniya Səfirliyində enerji və iqtisadiyyat işləri üzrə müşavir vəzifəsində çalışıb. Daha sonra Sinqapur Milli Universitetinin Li Kuan Yu İctimai Siyasət Mərkəzində təhsilini və həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən, BMT-nin Nyu-Yorkdakı və Dünya Bankının Sinqapurdakı ofisində karyerasını davam etdirib.

Hazırda baş elmi işçi kimi ADA Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Əhməd Hümbətov indi də Dövlət Proqramı təqaüdçüsü olaraq çox sevinclidir: "Qəbul aldığımı biləndə, sözsüz ki, çox möhtəşəm hisslər yaşadım, hələ də bu hisslərin təsiri altındayam. Harvardda oxumaq həmişə hədəflərim sırasında olub. Proqramı bitirdikdən sonra vətənə dönməyi, biliklərimi, öyrəndiklərimi bölüşməyi, tətbiq etməyi düşünürəm. Davamlı inkişaf, enerji, iqtisadi, enerji siyasəti məsələləri məni hər zaman maraqlandırdığı üçün bu sahələrdə cəmiyyətə töhfə verməyi planlayıram. Bununla bərabər, akademik fəaliyyətimi davam etdirmək, doktorantura (PhD) səviyyəsində təhsil almaq da planımda var".

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "UCL"in "Qlobal səhiyyə idarəetməsi" ixtisası üzrə magistr təqaüdü qazanan gəncimiz Aliyə Abdullayeva. 2013-2019-cu illərdə Tbilisi Dövlət Tibb Universitetində "Müalicə işi" ixtisasında oxuyub: "Oxuduğum illərdə Ankarada mamalıq və ginekologiya üzrə həkim-assistent kimi təcrübə keçmişəm və həmçinin, Gürcüstanda oxuduğum universitetin nəzdində olan klinikalarda çalışmışam. Universiteti bitirdikdən sonra COVİD-19 zamanı səhiyyə sisteminin insanların həyatında nə qədər böyük rol daşıdığını anlayaraq, kiçik addımlar ilə tibbi biliklərimi tibbi sığortada istifadə etməyə çalışdım. Məqsədim o idi ki, gələcəkdə təhsilimi məhz bu istiqamətdə davam edə bilim və eyni zamanda da ingilis dili biliklərimi təkmilləşdirim. Hazırda həkim-koordinator kimi tibbi sığortada çalışıram".

Dövlət Proqramı barəsində sosial mediadan məlumat aldığını və xaricdə nüfuzlu universitetlərin birində Proqram çərçivəsində təhsilini davam etdirə bilmək ümidi ilə "UCL"in "Global Healthcare and Management" proqramına sənədlərini göndərdiyini deyən A.Abdullayeva bildirib ki, təqaüd qazanacağına inanmayıb: "Hədsiz dərəcədə xoşbəxtəm ki, mənə arzumu reallaşdırmağa şans verildi. Təbii ki, Proqramı bitirdikdən sonra Azərbaycana qayıdaraq təhsilimi və biliklərimi paylaşmağı planlayıram".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, öncəki illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması mühüm önəm daşıyır. Bu məsələdə innovasiyaların rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizi məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər hesabına gerçəkləşir. Bu məsələdə rəqəmsallaşmanın tətbiqinin böyük əhəmiyyəti var. Yeni strateji dövrün çağırışları, həmçinin, inkişaf məqsədləri nəzərə alınmaqla ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yaradıcı və innovativ düşüncəli gənclərin iqtisadi fəallığı və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyəsində təhsili üçün Azərbaycan dövləti davamlı olaraq bu sahəyə dəstək göstərir.

Sevinc QARAYEVA

 





06.10.2023    çap et  çap et