525.Az

Korrupsiyaya bulaşmış Avropa Parlamenti Azərbaycana niyə "xox" gəlir?


 

Korrupsiyaya bulaşmış Avropa Parlamenti Azərbaycana niyə "xox" gəlir?<b style="color:red"></b>

Avropa Parlamentinin (AP) oktyabrın 5-də Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamə qərəzin, ikili standartın açıq nümayişidir. AP hər zaman ölkəmizə qarşı ədalətsiz olub, ermənipərəst mövqe tutub. Əslində, korrupsiyaya bulaşmış, beynəlxalq normaların ziddinə gedən və bütün bunlara görə də nüfuzunu itirməkdə olan bu təsisatın qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil. İstənilən halda, Avropa Parlamentinin bu qətnaməsinin arxasında da korrupsiyanın dayandığı şübhəsizdir. Çünki qurum dəfələrlə korrupsiya qalmaqalları ilə üzləşib. Avropa Parlamentinin vitse-spikeri Yeva Kayl və bir sıra deputatlar mütəşəkkil cinayətkar dəstə yaratmaqda, rüşvət və korrupsiyadada ittiham olunaraq həbs ediliblər. Hüquq-mühafizə orqanlarının Yeva Kaylın evində apardığı axtarış zamanı külli miqdarda pul aşkarlanıb. Belçikanın Federal Prokurorluğu bildirib ki, AP-də strateji vəzifə tutanlar pul və qiymətli hədiyyələr alaraq qərarlar veriblər. Bu fakt AP-də ilk korrupsiya qalmaqalı deyil, lakin miqyasına görə böyük səs-küy yaradıb. AP də, onu idarə edən Fransa və digər ermənipərəst qüvvələr də çox yaxşı anlayırlar ki, belə kağız parçaları ilə Azərbaycanı öz doğru yolundan çəkindirə bilməyəcəklər. Bu qurumlar Cənubi Qafqazda 30 ildən artıq davam edən bir qanlı münaqişəyə, bölgə üçün ciddi təhlükə yaradan separatizmə, Qarabağdakı terror yuvasına son qoyduğu üçün Azərbaycana "çox sağ ol" deməliydilər. Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hər hansı maneə qalmayıb. Amma məqsəd mənfur planların reallaşdırılması olanda, təbii ki, doğruları deyil, yalanı, şər-böhtanı önə çəkəcəklər və gərginlik ocağı yaratmağa çalışacaqlar.

AP-nin Qarabağda mövcud vəziyyətə dair qətnaməsində iddia olunub ki, bölgədə beynəlxalq hüquq və normalar pozulub. Qarabağın erməni sakinlərinin bir hissəsinin öz fərdi seçimləri ilə Ermənistana getməsini "etnik təmizləmə" hesab edən Avropa Parlamenti, BMT-nin və digər qurumların, dövlətlərin rəyini belə nəzərə almayıb. Həmçinin, avropalı parlamentarilər Azərbaycana qarşı sanksiyaların tətbiqini irəli sürüblər. Ümumiyyətlə, "etnik təmizləmə" ifadəsinin işlədilməsi artıq bu qətnamənin necə qərəzli olduğunu göstərir. Çünki buna dair heç bir hal, şahid ifadəsi yoxdur. Ermənilər könüllü şəkildə Azərbaycan ərazisini tərk edib, özü də onlara bütün şərait yaradılıb. Bölgədə qalıb, azərbaycanlılarla yaşamaq istəyən erməni sakinlər üçün bütün hüquqlar təmin ediləcək. Görünən odur ki, bu qərəzli qüvvələr Qarabağı könüllü olaraq tərk edən ermənilərlə bağlı məsələni də öz çirkin niyyətləri üçün istifadə etməyə çalışırlar. Əks halda, separatizmə dəstək verməzdilər. Bu, həmin AP-dir ki, 1988-1993-cü illərdə bir milyona yaxın azərbaycanlının ermənilər tərəfindən etnik təmizləməyə, soyqırıma, qətliamlara, amansız işgəncələrə məruz qalmasına göz yumub. Bir dəfə də olsun Azərbaycanın haqq işinə dəstək verməyib. Təkcə 1990-cı illərin əvvəlində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 20 mindən çox insan öldürülüb, 50 min insan yaralanıb və ya əlil olub. Dörd minə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir. 80-ci illərin sonunda təxminən 250 min azərbaycanlı Ermənistandan qovulub. Beləliklə, bir zamanlar indiki Ermənistanda əksəriyyət təşkil edən Azərbaycan əhalisi öz əzəli torpaqlarından tam şəkildə etnik təmizlənməyə məruz qalıb. İndi Azərbaycan regionda yeni səhifə açıb, reinteqrasiya prosesinə başlayan zaman buna mane olmaq üçün yenidən kağız parçası qəbul ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin iyul ayında Avropa Parlamentinin nümayəndə heyətini qəbul edərkən bu barədə deyib: "Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi antiazərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir".

Bütün sadalananlar onu göstərir ki, Avropa Parlamenti regionda sülhə, sabitliyə deyil, gərginliyə çalışır və beynəlxalq hüququn ziddinə gedərək separatizmə dəstək verməkdən belə çəkinmir.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı bildirib ki, Avropa Parlamentinin üzvləri ermənilər tərəfindən pulla ələ alınıb. Ona görə də Azərbaycana qarşı sərt mövqe sərgiləyir və Avropa İttifaqına Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı müraciət ünvanlayıblar: "Avropa Parlamentinin bu çağırışının da fiaskoya uğrayacağını hesab edirəm. Ona görə ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz suveren ərazilərinin bütövlüyünü təmin edib. Avropa Parlamentinin ermənipərəst deputatlarının çağırışlarına görə Azərbaycan heç vaxt öz yolundan dönməyəcəkdir".

Deputat deyib ki, Azərbaycan öz ərazisində separatizmin kökünü kəsib. Avropa İttifaqı da dünyada separatizm ocaqlarının olmasının əleyhinədir: "Sanksiyalarla bağlı qeyd etmək istəyirəm ki, Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyaların altından hələ də çıxa bilmir. Məhz Rusiyaya sanksiyalar tətbiq etdiyinə görə Avropa İttifaqı özünün mövcudluğunun ən çətin dövrünü yaşayır. Bu sanksiyalar Azərbaycana da tətbiq olunarsa, Avropa İttifaqının iqtisadi vəziyyəti daha da pisləşəcək".

O qeyd edib ki, Avropa İttifaqında Ermənistanın havadarı Fransa və onun əlaltısı Almaniya olmasına baxmayaraq, Azərbaycana dost dövlətlər də var: "Avropa İttifaqında sanksiya qərarını qəbul etmək üçün birliyə daxil olan bütün ölkələrin razılığı tələb olunur. Bu İttifaqda birləşmiş bizə dost dövlətlər ədalətli mövqeyimizi dəstəkləyir və Azərbaycana qarşı sanksiya qəbul olunmasına səs verməyəcəkdir. Bütün bunları nəzərə alaraq, Avropa İttifaqının Azərbaycana qarşı hər hansı bir sanksiyanın tətbiq edəcəyini düşünmürəm. Bununla yanaşı, Avropa İttifaqı təəssüf ki, ikili standartlardan geri çəkilmir. Məsələn, 30 ildə bir milyondan çox qaçqını olan Azərbaycana hər hansı yardım etməklə bağlı danışmadığı halda, Ermənistanın təzyiqi altında Qarabağdan öz xoşları ilə getmiş ermənilərə görə 25 milyon avro ayıracağını bildirir. Məsələlərə ədalətlə yanaşanda hamı görür ki, burda əziyyət çəkən Azərbaycandır. Ermənistan azərbaycanlıları silah gücünə öz doğma yurdlarından qovub və yaşayış məntəqələrini talayaraq dağıdıb. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması olduğu halda, dünya birliyi səsini çıxartmadı, hətta işğalçı Ermənistana haqq qazandırmağa çalışdı. Bu gün isə onlar Azərbaycanı öz ərazilərində erməni separatizm yuvasını dağıtdığına görə günahlandırmağa çalışırlar. Hesab edirəm ki, Avropa Parlamentinin Azərbaycana qarşı olan şər-böhtanla dolu bütün cəhdləri özlərini yormaqdan başqa bir şey deyil".

 

 





09.10.2023    çap et  çap et