525.Az

44 günün diktəsi - Sevda Sultanova yazır


 

SƏNƏTİN VƏ ƏDƏBİYYATIN HƏYAT FAKTLARINA UDUZMASI - REAL YAŞANTILARIN VİZUAL ƏKSİ

44 günün diktəsi - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Biz hazırda sənətin, ədəbiyyatın həyat faktlarına məğlub olduğu dövrdə yaşayırıq. Nəyi nəzərdə tuturam? Məsələn, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalının Pirlər (Xramord) kəndi yaxınlığındakı Alban kilsəsində erməni hərbçiləri ilə 5 gün təkbaşına mübarizə aparan, son anadək bayrağı əlindən yerə qoymayan Natiq Qasımovun  hekayəsi, Gəncə terrorunda valideynlərini itirmiş balaca Xədicənin susqun, mənalı baxışları, antiterror tədbirlərində şəhid olmuş Ramil Rzayevin itinin onun məzarında keşik çəkməsi, eləcə də onlarla, yüzlərlə təsirli, qandonduran digər faktların incəsənətdə, ədəbiyyatda bədii həlli ardıcıl tendensiyaya çevrilməyib. Dəfələrlə müharibə mövzusunda çəkilən qısametrajlı və azsaylı tammetrajlı filmlərin təqdimatlarında tamaşaçıların  Qarabağ hekayələrinin, qazilərin, şəhidlərin və onların doğmalarının yaşantılarını sənətin yozumunda görməyə necə ac olduğunu, bu ağrıları kinonun dili ilə, az da olsa, yüngülləşdimələrinə ehtiyac duyduqlarını görmüşəm.

Qarabağla bağlı dinamik hadisələr son bir neçə ildə bir-birini o qədər böyük sürətlə əvəzlədi ki, sənət və ədəbiyyat baş verən bu real proseslərlə zaman tezliyi baxımından ayaqlaşa bilmədi. Adətən bu mövzu müzakirəyə çıxarılanda müharibə haqqında böyük sənət əsərlərinin yaranmasının uzun zamana ehtiyacı olduğu vurğulanır və arqument kimi də Lev Tolstoyun 1805-1813-cü illər Rusiyasından bəhs edən "Hərb və sülh" romanının Napoleonun ölkəyə hücumundan 50 il sonra qələmə aldığı vurğulanır. Amma dünya ədəbiyyatında və incəsənətində bu iddianın əksini sübut edən çoxsaylı faktlar var.   Birinci Dünya müharibəsindən az sonra Remark "Qərb cəbhəsində yenilik yoxdur", Ernest Heminquey "Əlvida silah!" romanlarını yazdı. Yaxud italyan neorealizmi İkinci Dünya müharibəsi tam başa çatmadan yarandı və dünya kinematoqrafiyasında hadisəyə çevrildi. Yəni demək istəyirəm ki, reallıq "Hərb və sülh" nümunəsinin köhnəlmiş olduğunu göstərir... 

Sənət, ədəbiyyat ona görə vacibdir ki, müharibənin və onun törətdiyi faciələrin dərinliyini, görünməyən, gizli tərəflərini təsirli şəkildə göstərməyə qadirdir. Məsələn, müharibə haqqında ən yaxşı filmlərdən biri Larisa Şepitkonun "Yüksəliş" (1976) hərbi dramıdır.  Bu, müharibənin yaratdığı  ziddiyyələrdən bəhs edən, insan təbiətini ekstremal situasiyada araşdıran son dərəcə mürəkkəb filmdir. Alman nasistlərinə əsir düşən iki partizandan biri Rıbak işgəncə və ölüm qorxusu səbəbindən gizli məlumatları düşmənə ötürür. Partizan yoldaşının edamında birbaşa iştiraka vadar edilən Rıbak sonradan baş verənlərdən affekt vəziyyətinə düşür və anlayır ki, artıq onun üçün həyat bitib. Fəqət bir neçə dəfə intihara cəhd göstərsə də, niyyəti baş tutmur. Rejissor intiharın baş tutmamasıyla Rıbaka sanki daha ağır işgəncə verir. Lakin o biri tərəfdən də təklif olunmuş vəziyyət başqa məsələləri aktuallaşdırır. Yəni ölümə hazır olmaq, işgəncələrə qatlanmaq hər kəsin iradəsi, mənəvi və fiziki gücü daxilinə görə deyil.

Qısası, bütün müharibələrdə hər bir fərdin yaşadığı təcrübənin universallığı sənətə, ədəbiyyata sonsuz material verir...

Dediyim kimi, hələ ki bizim reallıq,  həyat materialları incəsənəti, ədəbiyyatı geridə qoyur. Bu mənada  real, konkret faktlar əsasında çəkilmiş iki maraqlı sənədli filmlə bağlı fikirlərimi qeydlərimi bölüşəcəyəm.

Haqqında danışacağım hər iki film Azərbaycanın Dövlət Təhlkəsizlik Xidmətinin (DTX) fəaliyyətinə həsr olunub. Bunlardan biri İTV-nin DTX ilə birlikdə hazırladığı "Baş tutmayan tələ" (ssenari müəllifi Rasim İsmayılov, rejissor Fariz Əhmədov) sənədli işdir. Film  vizual dil baxımından kasaddır, əsasən müsahibələr üzərində qurulub. Lakin hadisə, qəhrəmanlar, aparılmış əməliyyatlar o qədər maraqlıdır ki, mətnin təsvirdən çox olması faktını görünməz edir və tamaşaçı istər-istəməz ekranda danışılan hadisələrin axarına düşür.

Film İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə DTX-nin həyata keçirdiyi əməliyyat haqdadır. Bir neçə hissədən ibarət süjetdə əsas xətt Ermənistan Xüsusi Xidmət Orqanlarının azərbaycanlıları əməkdaşlığa cəlb etmək cəhdləri və alınmayan bu prosesin başında qurumun zabitlərindən birinin - Artur Arustamyanın dayanmasıdır. Dramaturji baxımdan doğru nizamlanmış filmdə əməliyyatın mahiyyəti səliqə ilə, ardıcıllıqla açılır.

Birinci hissədə Ermənistanın xüsusi xidmət orqanlarının sosal mediada, xüsusən, feysbukda milli azlıqların nümayəndələrini, müxalif yönümlü fəalları, həmçinin ictimai-siyasi hadisələrin kontekstində kosmopolit, neytral fikirlər yazan istifadəçiləri hansı metod və üsulla ələ almaq cəhdlərindən bəhs edilir. Bunun üçün onlar müxtəlif adlar altında, əsasən Rusiyada yaşayan azərbaycanlı qismində ayrı-ayri şəxslərlə əlaqə saxlayaraq ölkədəki ictimai-siyasi vəziyyət, hərbi durum haqqında bilgilər almaq istəyiblər. Bundan əlavə, onlar saxta profillərdən Azərbaycanla bağlı davamlı, ictimai fikri çaşdıracaq feyk xəbərlər yayıblar. Əsas hədəflərindən biri də müharibədə iştirak etmiş hərbçilər olub. Ünsiyyət zamanı həm mülki şəxslərin, həm hərbçilərin şəxsi bilgilərini əldə etməyə çalışaraq şantaj yolu və pul müqabilində hədəflərindən informasiya qoparmağa cəhd göstəriblər. Və onların strateji mahiyyətli suallarından şübhələnən həmvətənlərimizin bir qismi hiylədən duyuq düşərək DTX-yə  müraciət ediblər.

Süjetin ikinci hissəsi İkinci Qarabağ müharibəsində əsir düşmüş əsgərlərimizin əməkdaşlığa məcbur edilməsi haqdadır. Bunun üçün yaralı əsgərlərimizə işgəncələr verilib; yaralarını qayçıyla oyublar, yorğan iynəsi ilə tikiblər, dırnaqlarını çıxarıblar və s. Daha sonra əsirlərimiz kamera qarşısına çıxarılıb, guya heç bir təzyiq göstərilmədən, könüllü şəkildə Ermənistanla məxfi əməkdaşlığa razı olduqlarına dair ifadələr verməyə məcbur ediliblər. Onlar Azərbaycana qayıdandan sonra Ermənistanla əməkdaşlıqdan imtina edəcəkləri təqdirdə bu videoların yayımlanacağı ilə şantaj olunublar. İşgəncələrə məruz qalmalarına, öldürülmək təhlükəsilə üzləşmələrinə baxmayaraq,  əsgərlərimiz bütün şəraitlərdə ordakı zabitlərin, həkimlərin, hətta xadimələrin də üz cizgilərinə, ad-soyadlarına, digər əhəmiyyətli detallara qədər diqqət yetirərək yadda saxlayıblar və vətənə döndükdən sonra bu məlumatlar DTX-yə verilib.

Filmin ən maraqlı hissəsi DTX tərəfindən hazırlaşdırılmış, şərti adı Cananə olan bir xanımın özünü azərbaycanlılara gah Yaşar, gah Sarmat kimi qələmə verən Artur Arustamyanı tələyə salmasıdır. Nəhayətdə azərbaycanlı qıza aşiq olmuş, əsirlərimizə işgəncələr vermiş, Ermənistan Xüsusi Xidmət orqanlarının əməkdaşı Artur Arustamyan bütün səmimiyyətini ortaya qoyaraq ona həqiqəti deyir və hətta hərbi formada, Nikol Paşinyanın keçirdiyi iclasdakı fotosunu yollayır. Bu vəziyyət mənə yəhudilərin mübarizə simvollardan biri, İntibah dövründən başlayaraq təsviri sənətdə populyarlaşmış Yudifin hekayəsini xatırladır. Assuriya ordusu Yudifin vətənini mühasirəyə alanda, o, bəzənib-düzənərək düşmənin düşərgəsinə gedir, onların hərbi rəhbəri Olofernin etibarını qazanır, şəhəri necə işğal etməyin yollarını göstərəcəyini deyir. Sonra Yudif fürsət taparaq, onun gözəlliyinə və müdrikliyinə heyran qalan Olofernin başını elə onun öz qılıncıyla kəsir və bununla da şəhəri xilas edir... 

Dövlət Təhlükəsizliyi Xidmətinin Real TV ilə birgə hazırladığı "La Vira - məxfi menyu" (La Vira tərəflərin görüşünün keçirildiyi məkanın adıdır. İtalyan mətbəxinə aid yeməkdir, "tez", "asanlıqla həzm olunan" mənasını verir. Məcazi mənada guya erməni tərəfinin qəhrəmanı tez bir zamanda ələ almasını, həzm etməsini ifadə edir) sənədli filmi rejissor işi (ssenari müəllifi Mir Şahin, rejissor Qəmərxanım Mərdanova) baxımından daha keyfiyyətli, kinematoqrafikdir. Süjetin təsvirləri, mətni dinamikdir və bəzi epizodlar bədiiləşdirilib. Ritmik montaj, dramatizm atmosferi yaradan, bəzən kəskin kontrastlı, bəzən yumşalan kölgə-işıq həlli, məkan və personajların yarı işıqlandırılması, həyəcan verən kamera hərəkətləri  casus, detektiv filmlərə xas estetikada işlənib. Mir Şahinin kadrarxası mətninin dili publisistik, çevik və konkretdir.

Süjet 2019-cu ildə başlayan, İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə davam edən, mərkəzində Arif və Ermənistan Xüsusi Xidmət orqanlarının yüksək rütbəli zabiti Manuçarın (ad şərtidir) dayandığı, triller janrının xüsusiyyətlərini daşıyan sənədli hekayəyə əsaslanır. DTX tərəfindən yüksək hazırlıq keçmiş Arif adlı şəxs qarşı tərəfin etibarını qazanaraq onunla Moskvada görüşür, hərbi hissələr haqqında dezinfomasiyalarla onların planlarını zərərsizləşdirir. Filmboyu Manuçarın təhdid dolu, konkret tapşırıqlar verən səs mesajları verilir, o, Arifdən Salyan, Naxçıvan, Lənkəran, Tovuz və digər bölgələrlə bağlı strateji məlumatlar tələb edir.  Məlum səbəblərdən filmdə əməliyyatın bütün detalları açıqlanmadığından süjetdə müəyyən yarımçıqlıq hiss olunsa belə, bütün hallarda İkinci Qarabağ müharibəsi zamanı qələbə qazanmağımızda DTX-nin rolunun, əməyinin əhəmiyyəti haqda ümumi təsəvvür yaranır.   

Analoji sənədli filmlər əhalini maarifləndirmək, proseslərin görünməyən tərəfləri haqda məlumatlandırmaq, vətəndaşları sosial mediada daha diqqətli olmağa çağırmaq baxımından çox əhəmiyyətlidir. Bu sənədli faktlar eyni zamanda bədii əsərlərin yaranması üçün ciddi bazadır. Sənətin, ədəbiyyatın sarsıdıcı gücü həyati faktları üstələyəndə, reallıqdan önə keçəndə yaralarımız da zaman-zaman, asta-asta sağalacaq.  Və ona da ümid edirəm ki, qısa zamanda faciələrimizi, ağrılarımızı universal, yüksək bədii dillə bütün dünyaya anladacaq əsərlər yaranacaq.

 

 

 

 

 





09.10.2023    çap et  çap et