525.Az

"Bu gün Bakıda eyvana çıxanda dəniz əvəzinə qonşunun mənzilini görürük"


 

MEMAR AYSEL HÜSEYNOVA: "TƏƏSSÜF Kİ, BAKI ŞƏHƏRİ BU GÜN BİR ÇOX BİZNESMENLƏR ÜÇÜN EKSPERİMENT ZONASIDIR"

"Bu gün Bakıda eyvana çıxanda dəniz əvəzinə qonşunun mənzilini görürük"<b style="color:red"></b>

Bu gün dünyada memarlıq yalnız hər hansı bir şəhərin simasının nümayişi yox, həm də bir ölkənin inkişafını şərtləndirən olduqca vacib amildir. Bir çox inkişaf etmiş dünya ölkələrində olduğu kimi, Azərbaycanda da şəhərlərin görkəminə böyük diqqət yetirilir.

Azərbaycanda üslub fərqliyini baxımından klassik və müasir tipli müxtəlif memarlıq abidələri var. Bu abidələrin qorunub saxlanılmasında xidmətləri olan, eyni zamanda müasir tikililərlə bağlı cazibədar və gözoxşayan ideyalar verən, üzərinə düşən  vəzifəsinin öhdəsindən prşəkarlıqla gələn istedadlı memarlarımız da az deyil. Bugünkü həmsöhbətimiz də elə onlardan biri, bir sıra memarlıq və dizayn layihələrinin müəllifi, memar-dizayner,

"AHR Desing Studio"nun rəhbəri Aysel Hüseynovadır.

 

- Aysel xanım, çox zaman memarlığın daha çox rəssamlıqla bənzərliklərinin olduğunu deyirlər. Bu baxımdan maraqlıdır, rəssam olmadan memar olmaq mümkündürmü?

- Həm rəssamlıq, həm də memarlıq incəsənətin bir növüdür. Memarlıq və rəssamlıq fərqli sənətlərdir. Rəssam bizi əhatə edən ətraf aləmin gözəlliyini, öz daxili ruh aləmini müxtəlif materiallar üzərində təsəvvür edərək təsvirlər yaradır. Təsviri sənət əsərləri məzmun və xarakterindən asılı olaraq mənzərə, natürmort, portret, süjetli janrlara ayrılır. Hər rəssamın öz stilistikası, baxış bucağı var. Memar isə hər hansı bir şəhərin, yaxud da hansısa boş bir məkanın analizini apararaq, yerli və ya yeni materiallardan, texnologiyalardan istifadə etməklə onun simasını yaradır. Bu gün memarları üç qrupa bölmək olar: ideoloqlar, vizualizator və layihənin işçi həllini yeinə yetirən memarlar. Birinci qrup ideya axtarışında olan memarlardır. Onların təsəvvür qabiliyyətləri daha güclü olur. İkinci qrup verilmiş ideyanı müxtəlif proqramlarla (Archicad, 3ds Max, Lumion, Skech, Lumion və s) yığmağı bacaran insandır. Üçüncü qrup isə texniki hissələri daha dərindən bilərək, layihəni standartlara uyğun hazırlayan memarlardır. Hər şey ideoloqdan başlayır. Vizualizator memarların sanki yazan qələmi, digəri isə korrektə edənidir. Amma bütün hallarda hər bir memarın əl qabiliyyəti olmalıdır ki, ağlınkı ideyanı kağız üzərinə köçürə bilsin. Bu gün təəssüf ki, əl qabiliyyəti olmayan gənclər öz zəifliyini proqramlarla ört basdır etməyə çalışırlar.

- Müasir dövrün memarları ən çox nələrə diqqət yetirməlidir?

- Şəhər mühitinə. Bu gün memarlar təklikdə maraqlı layihələr etsələr də, ümumi götürəndə şəhərdə yamaqlar yaradırlar. Yəni hansısa tikililərin üstündə işləyərkən onu tam bərpa etmək əvəzinə üstdən yamaq vururlar, material və rəng seçimində ətraf mühit nəzərə alınmır, hər kəs öz layihəsini dominant etməyə çalışır.

- Paytaxt ərazisində bir çox tarixi binaları söküb, yerinə müasir hündürmərtəbəli binalar tikirlər. Buna münasibətiniz necədir? Tarixi binaları sökməklə həm də şəhərin qədimliyini unutdurmuş olmuruqmu?

- Baxır hansı tikilidən söhbət gedir. "Xruşovka", "Leninqrad" layihəli binalar, komalar elə sökülsə, yaxşıdır. Tariximizi əks etdirən qədim memarlıq nümunələri isə təbii ki, qorunmalı və gələcək nəsillərə ötürülməlidir. Tarixini unudan gələcəyini qura bilməz.

Təəssüf ki, bir çox biznesmenləri yalnız əldə edəcəyi kapitallar maraqlandırır. Belələri üçün Bakının memarlığı, tarixi, gələcəkdə şəhərin simasının necə dəyişəcəyi önəmli deyil. Memarlar da belə biznesmenlərdən asılı olduqları üçün ətraf mühiti düşünmürlər. Bu zman isə zərər ilk növbədə tarixi abidələrə dəyir.

Bakı şəhərinin hər köhnə küçəsini, qəsəbəsini özünəməxsus edən, əbədiləşdirən tarixi dəyəri var. Biz bu memarlıq dəyərlərini itirdikcə, paytaxtı Avropa standartlarına uyğunlaşdırdıqca öz simamızı da itirmiş oluruq. Xarici turistlər Bakını Dubaya, Londona oxşatdıqları üçün yox, özünəməxsusluğuna görə sevməli, dəyərləndirməlidirlər. Bu mənada tarixi abidələri söküb onların yerində metal və şüşə memarlığının tətbiq edilməsi, yaxud da tarixi binaların üzərində aparılan dəyişikliklər, əlavə edilən elementlər Bakının individuallığını itiririr. Paytaxtımızda memarlıq nümunələri bərpa adıyla təmir edilir. Halbuki təmir və bərpa fərqli anlayışlardır. Belə halların olmaması və nəzarət edilməsi üçün bir quruma ehtiyac var. XIX əsrdə bu məsələlərə Bakı Duması tərəfindən nəzarət edilirdi. O dövrdə tikilən, sökülən, bərpa edilən binalar, hətta xırda nüanslar belə, Bakı Dumasının qərarından asılı idi. Tarixi fasadlarda pəncərə, qapılar, üzərində olan detallar, ornamentlərin qorunması, deformasiyaya uğramaması çox vacibdir. Çünki itirilən hər bir element, xırda detal Bakının individuallığına, ab-havasına ziyan vurur.

- Bakının indiki görünüşü sizi qane edirmi? Hansısa dəyişikliklər olunmalıdırmı?

- Bayaq da dedim, indi kəs öz layihəsini dominant etməyə çalışır. Bu gün panorama olaraq Bakının yalnız bir-iki maraqlı baxış bucağı var. Habuki Bakı şəhərinin köhnə Baş planına baxsaq, şəhər amfiteatr olaraq həll edilmişdi. Hardan baxsan, dəniz görünürdü. Bakı şəhəri aşağıdan dəniz, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunurdu. Amma bu gün eyvana çıxanda qonşunun mənzilini görürük. Şəhərsalma strukturuna nəzarət əldən gedib.

- Bir az da işğaldan azad olunmuş ərazilərdən danışaq. Necə düşünürsünüz, Qarabağda memarlıq üslubu olduğu kimi qorunmalıdır, yoxsa..?

- Torpaqlarımız işğaldan yeni azad olunduğu dövrdə müsabiqələr elan olunurdu. O müsabiqədə mən, atam, tanınmış memar Ramiz Hüseynov və qardaşım, memar Altay Hüseynov iştirak etmişdik. Biz Cəbrayıl rayonu Xudafərin qəsəbəsinin yenidən qurulması layihəsini təklif etdik. Orada həm müasirlik, həm də tarixilik vardı. Seçilmiş ərazidə yerli əhalinin yaşaması və fəaliyyət göstərməsi, eyni zamanda turizmin inkişaf etdirilməsi üçün infrastruktur həll edilmişdi. Layihənin əsas məqsədi ekoloji və ağıllı kəndin yaradılması idi. Bu kənddə yalnız velosiped və mopedlərlə daxil olmaq olardı. Kəndin sağ və sol girişlərində yerli və xarici turistlərin öz nəqliyyatlarını saxlayaraq kəndə daxil ola bilməsi üçün iki avtodayanacaq verilmişdi. Zəfər meydanında abidənin alt hissəsində "Zəfər muzeyi", "Bayraq muzeyi", "Gənclər mərkəzi" yerləşdirilmişdi.

Hazırda Qarabağ bölgəsində dağıdılan infrastrukturun bərpasına yönələn kompleks işlər aparılır, müxtəlif sahələrin dirçəldilməsi üçün təkliflər hazırlanır, tədbirlər planları təsdiq edilir.

- Layihələrinizdə daha çox nəyə üstünlük verirsiniz? Sizin üçün önəmli olan nədir?

- Atam Ramiz Hüseynov Azərbaycanda kifayət qədər tanınan memardır. Mən də, qardaşım Altay da atamızın yolunu davam edirik. Layihədə işıq və kölgə oyunu bizim üçün daha önəmlidir. Abşeron memarlıq məktəbi və müasir texnologiyaların qarşılıqlı əlaqəsi əsas prinsipimizdir.

- Rəssamlıq Akademiyasında dərs deyirsiniz. Gənclərimizin bu sahəyə marağı necədir?

- Karantin dövründə tələbələr çox zəiflədi. Bu gün çox az istedadlı tələbələr çıxır desəm, yanılmaram. Xanımlarımız sadəcə diplom almaq üçün oxuyur, daha sonra ailə qurub sənətin daşını atırlar. Aralarında istedadlarını ailəyə qurban verənlər də az deyil. Bu isə onların üzərində çəkdiyimiz əziyyətin puç olmasıdır. Belə hal, təbii ki, məni də məyus edir.

- Sizcə, memarlığın hansı üslubu gələcəkdə daha çox maraqla qarşılanacaq?

- Bir fikir var, zövqlə mübahisə edilməz. Mən hər zaman müasirliyin tərəfindəyəm. Bu gün texnologiyada mənə müasir gələn bir fikir, sabah köhnəlmiş hesab edilə bilər. Amma ideya, kompozisiya heç zaman dəbdən düşmür. Təəssüf ki, bu gün Bakı şəhəri bəzi biznesmenlər üçün eksperiment zonasıdır. Son 30 ildə Bakı şəhərinə xeyli uğursuz materiallar gətirilərək tətbiq olunub. Alüminium kompozit panelləri, penoplast üzlükləri buna misal göstərmək olar. Bakı eksperiment meydanına yox, dünya memarlığında sözünü deyə biləcək şəhərə çevrilməlidir.

Havar ŞƏFİYEVA

 





09.10.2023    çap et  çap et