525.Az

"Ziyan vurma, sirri qoru, kömək et..."


 

"LOQOS" PSİXOLOJİ VƏ NİTQ MƏRKƏZİNİN RƏHBƏRİ TƏRANƏ PAŞAYEVA FƏALİYYƏTDƏ BU MÜHÜM PRİNSİPİ ƏSAS TUTDUQLARINI DEYİR

"Ziyan vurma, sirri qoru, kömək et..."<b style="color:red"></b>

10 oktyabr dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün münasibətilə "LOQOS" Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə görüşüb söhbətləşdik. T.Paşayeva həm də Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri, "Psytech Azerbaijan" Psixometrik Qiymətləndirmə Mərkəzinin rəhbəridir. Qeyd olunan günün önəmindən, ölkəmizdə psixi sağlamlıq durumundan danışan həmsöhbətimiz, rəhbərlik etdiyi Mərkəzin bu sahədəki fəaliyyətindən də söz açdı.

- Təranə xanım, psixi sağlamlığa beynəlxalq səviyyədə gün tanınması və hər il ənənəvi olaraq qeyd edilməsi hansı zərurətdən doğur? Həmçinin siz "LOQOS" olaraq bu günlə bağlı hansı tədbirlər həyata keçirirsiniz?

- Bu günün qeyd edilməsində əsas məqsəd insanların və cəmiyyətin diqqətinin fərdlərin psixi sağlamlıqları ilə bağlı problemlərə yönəldilməsidir. Bu gün 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir. Təəssüf ki, bunun içərisində ölkəmizin də payına düşən müəyyən bir rəqəm var. Azərbaycanda bu statistikanı bir sıra obyektiv və subyektiv səbəblər yaradıb. Torpaqlarımızın 30 ildən artıq bir zamanda işğal altında qalması, bir milyondan çox məcburi köçkünlərimizin hüquqlarının pozulması, şəhid, qazi və itkinlərimizin olması, cəmiyyətdə psixi vəziyyəti gərginləşdirir. Bu və digər amilləri nəzərə aldıqda, əlbəttə, Psixi Sağlamlıq Gününün ölkəmizdə qeyd edilməsi həddindən artıq vacibdir. Yəni insanlar arasında maarifləndirmə işinin aparılması, kütləvi informasiya vasitələrində ümumən psixi sağlamlıqla bağlı bilgi verilməsi çox önəmlidir. Vəziyyəti gərginləşdirən başqa bir amil isə cəmiyyətimizdə insanların stiqmadan çəkinmələridir. Yəni bizim kimi cəmiyyətlərdə ictimai qınaq və insanların ondan asılılığı çox güclüdür. Məsələn, təkcə psixi xəstəliklər deyil, ən adi xəstəliklər belə, bəzən, ən yaxınlardan da gizlədilir, ailə daxilində həll edilməyə çalışılır.

Ümumdünya Psixi Sağlamlıq Gününün bu cür geniş şəkildə qeyd edilməsi bizə imkan verir ki, psixi sağlamlıq sahəsindəki problemləri birgə müzakirə edərək həlli yönündə düzgün addımlar ataq.

"LOQOS" bu günlə bağlı artıq bir neçə ay qabaqdan tədbirlər planı hazırlayıb. "Psixi Sağlamlığımızı Qoruyaq" adlı layihə oktyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirildi. Quba Rayon İcra Hakimiyyəti, Quba Regional Təhsil İdarəsinin nümayəndələri, Quba Rayon Mərkəzi Xəstəxanasının həkim kollektivi, tələbələr və valideynlərin qatıldığı tədbir bütün rayon səviyyəsində böyük marağa səbəb oldu.

Layihənin ərsəyə gəlməsində bizə dəstək olan ADPU Quba filialının direktoru hörmətli Yusif Alıyevə, tədbirdə iştirakı və çıxışı üçün Quba RİH başçısının müavini hörmətli Səidə xanım Abasovaya, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, Tibb elmləri üzrə fəlsəfə doktoru, Uşaq inkişafı üzrə milli təlimçi Mətanət Qaraxanovaya, bu layihənin təşkili və idarə olunmasında xüsusi zəhməti olan Psixologiya elmləri üzrə fəlsəfə doktoru Elmira xanım Mirzəyevaya, bir-birindən maraqlı və maarifləndirici nitqləri ilə spiker qismində çıxış edən "LOQOS" Psixoloji və Nitq mərkəzinin əməkdaşlarına minnətdarlığımı bildirirəm. Növbəti tədbirimiz Lənkəranda dəyirmi-masa formasında keçiriləcək, həmçinin, Qazaxda da bu mövzuda geniş elmi-praktiki konfrans planlaşdırmışıq.

- Ümumiyyətlə, psixoloqa daha çox kimlər müraciət edirlər?

- Adətən, psixoloqa müraciət edənlər həyatında müəyyən problemlərlə qarşılaşan, psixi cəhətdən sağlam insanlar olurlar. Biz onları pasiyent adlandıra bilmərik, sadəcə müraciət edən şəxs deyirik. Çünki yaşadığımız dövrdə hər birimiz müəyyən çətinliklərlə üzləşirik. Hətta bəzən insan sadəcə kiminsə onu dinləməyini, sirrini bölüşmək, ya da biri ilə susmaq istəyir. Bu, insanın psixoloji tələbatıdır. Qeyd edim ki, biz "ziyan vurma, sirri qoru, kömək et" prinsipi ilə çalışırıq. Mərkəz olaraq bizə müraciət edən şəxslər bilirlər ki, onlar burada təhlükəsiz mühitdədirlər.

- Deyirlər hər insana bir psixoloq, psixoloqun özünə isə iki psixoloq lazımdır. Nə qədər doğrudur bu fikir?

- Yaşadığımız bu dövrdə insan psixikası müəyyən səbəblərdən çox gərgin hallar keçirir. Təbii ki, psixoloqlar da cəmiyyətin bir üzvü olaraq, bu vəziyyətdən heç də kənarda qalmır. Ailə qayğıları, ölkəmizdəki sosial-psixoloji durum, yaşadığımız müharibə şəraiti, Vətən təəssübkeşliyi biz psixoloqlara da öz təsirini göstərir. Bəzən insan həyatının müəyyən dövrlərində yanma, başqa adla tükənmə sindromu ilə üzləşir. Yəni insan həddindən artıq həm fiziki, həm də psixoloji yükləndiyi zaman onda yanma sindromu görünə bilir. Arzuolunandır ki, insanlarımız bununla bağlı da məlumatlı olsunlar və özlərində bu halı müşahidə edəndə mütləq psixoloqa üz tutsunlar. Psixoloqların birgə sessiyalarının keçirildiyi interviziya qrupları var ki, burada onlar öz təcrübələrini bölüşür, qarşıya çıxan çətinlikləri müzakirə edir, təhlillər, yeni yanaşmalar, metodlar axtarırlar.

Superviziya zamanı isə psixoloqlar mütəxəssislə təkbətək görüşərək daxili narahatlıqlarını, qorxularını, çətinliklərini bölüşürlər. Həm interviziya, həm də superviziya mütəxəssisin sağlamlığını qorumaq, ona dəstək vermək və praktiki təcrübə, vərdişlərini təkmilləşdirmək üçün çox vacibdir.

- Rəhbərlik etdiyiniz "LOQOS" Psixoloji və Nitq Mərkəzinin fəaliyyəti ilə bağlı ilk sualda qısaca məlumat verdiniz. Ancaq bu sualda istərdim Mərkəzin fəaliyyəti ilə bağlı daha geniş danışaq. Mərkəz nə vaxtdan, əsasən hansı formada fəaliyyət göstərir, nə kimi yeniliklər gözlənilir?

- "LOQOS" Psixoloji və Nitq Mərkəzi artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir. Demək olar, respublikamızın elə bir rayonu, şəhəri yoxdur ki, "LOQOS" orada maarifləndirmə işi aparmasın. Bildiyiniz kimi, mərkəzimizin paytaxtdakı filialları ilə yanaşı (Gənclik, Yasamal, Əhmədli filialları), Xırdalan şəhəri, bölgələrdə Gəncə, Xaçmaz, Lənkəran, Bərdə, Quba, Qazax filialları da fəaliyyət göstərir ki, hər bir filialımız təkcə həmin şəhəri deyil, yaxın bölgələri də əhatə edir. Hazırda Mərkəz respublika ərazisində psixoloji, psixo-pedaqoji, loqopedik, refleksoloji, müalicəvi idman, duyu bütünləmə və digər sahələrdə yüksək səviyyəli kompleks işlər aparır. Filiallarımızda bütün yaş qruplarında olan uşaqlara və yetkin insanlara ölkəmizdə və xarici ölkələrdə təhsil almış peşəkar mütəxəssislər tərəfindən xidmətlər göstərilir. Azərbaycan dövlətində psixoloji sahənin inkişafına yönəlmiş proqram və göstərişlərinə əsaslanan Mərkəz yerli təcrübə ilə yanaşı, beynəlxalq təcrübədən də yararlanır, inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, tanınmış mütəxəssislərin treninq və seminarlarını təşkil edir.

Vaxtaşırı bütün bölgələrimizdə ölkəmizin gələcəyi olan körpələrimiz, şəhid, itkin və qazi ailələrimiz, aztəminatlı ailələrimiz üçün ödənişsiz psixoloji müayinələr həyata keçirir, psixoloji maarifləndirmə və psixoloji xidmət işləri aparırıq. Hərbi hissələrlə sıx əməkdaşlıqlarımız var, tez-tez orada çox faydalı layihələr gerçəkləşdiririk.

Ən uğurlu və uzunömürlü layihələrimizdən biri də "Azərbaycan qadını" layihəsi olub. Təəssüf ki, pandemiya dövründə məlum səbəblərdən layihə öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Amma biz yenidən bu layihəni bərpa etmək fikrindəyik.

Qürurla deyə bilərik ki, Mərkəzimiz ölkədəki psixo-xidmət sahəsində bir sıra ilklərə də imza atıb. "Loqos" elmi-publisistik psixoloji jurnal bu ilklərdən sadəcə biridir. Məzmunlu, eyni zamanda, zövqlə tərtib olunan nəşr çox faydalı bir işlə məşğuldur. Hər gün dünyada baş verən müharibələr, terror aktları, iqtisadi böhranlar, təbii fəlakətlərdən aldığı informasiya yükü həmin xəbərləri eşidən hər kəsdə psixoloji gərginlik yaradır. Əslində, bir sıra xəstəliklər də psixoloji amillərlə əlaqədardır. Təəssüf ki, əhalinin əksər hissəsi psixoloji müdaxilənin təsirindən xəbərsizdir. Elə buna görə də bu sahədə geniş maarifləndirməyə ehtiyac var. Jurnalımız məhz bu məqsədə xidmət edir.

"Heydər Əliyev İli"nə biz də fəaliyyətimizlə töhfələr verməyə çalışırıq. Ulu öndərin 100 illik yubileyi çərçivəsində mərkəzimiz müntəzəm olaraq silsilə tədbirlər, dəyirmi masalar, elmi-praktiki konfranslar həyata keçirir. Bayaq qeyd etdiyimiz Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilmiş tədbirlərimiz də məhz "Heydər Əliyev İli" çərçivəsində keçirdiyimiz həmin silsiləyə daxildir.

Hazırda 2024-cü il üçün fəaliyyət planımızı tərtib edirik. Həm regionlarda, həm paytaxt Bakımızda, həm də xarici ölkələrdə həyata keçirməyi planlaşdırdığımız maraqlı layihələrimiz var. Hələlik, bu barədə geniş açıqlama verməyimiz, məncə, doğru olmaz.

Gündəmdə olan əsas layihəmiz isə Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd edilməsidir. Maksimum dərəcədə insanlara faydalı ola bilmək, cəmiyyətimizdə maarifləndirmə işi aparmaq, şəhid, itkin ailələrinin, qazilərimiz və onların ailə üzvlərinin yanında olmaq, onlarla müəyyən konsultasiyalar, terapiyalar həyata keçirmək bizim prioritet məsələlərimiz sırasındadır.

Müharibə şəraitində olan ölkəmizdə fəaliyyət göstərən psixoloji mərkəz olaraq məqsədimiz öz sahəmizdə cəmiyyətə mümkün olan bütün töhfələri verməkdir. 

- Bir neçə il öncə "LOQOS" jurnalistlər üçün təlimlər həyata keçirirdi. Bu cür layihələrin davamı gözlənilirmi?

- Bəli, 2018-ci ildə Azərbaycan Mətbuat Şurası, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsi həyata keçirildi ki, layihədə məqsəd jurnalistlər üçün psixoloji təlimlər vermək idi. Bildiyiniz kimi, media nümayəndələrinin psixoloji savadlılığı çox vacib məsələlərdən biridir. Xəbər və insanlarla işləyən bu sahə xəbərin çatdırılması üçün onun cəmiyyət üzərində psixoloji təsirlərini də nəzərə almalıdır. Həmçinin, mediada ölkəmiz üçün strateji əhəmiyyət daşıyan istiqamətlərdə psixoloji amillərin gözlənilməsi də vacibdir. Biz də bütün bunları nəzərə alaraq, belə bir təlim həyata keçirdik və təlim çox uğurlu alındı. Jurnalistlər "Loqos"un paytaxt filialları ilə yanaşı, Gəncə və Xaçmaz filiallarına da səfər etdilər, oradakı fəaliyyətlərlə də yaxından tanış oldular. Yaxın gələcəkdə bu layihənin davamını gerçəkləşdirməyi planlaşdırırıq. Əminəm ki, ən az ilk layihə qədər marağa səbəb olacaq və uğurla nəticələnəcək.

Şahanə MÜŞFİQ

 

 





10.10.2023    çap et  çap et