525.Az

Sözə xəyanət etməyən adam


 

TAHİR AYDINOĞLU, YAŞIN MÜBARƏK, QARDAŞIM!

Sözə xəyanət etməyən adam<b style="color:red"></b>

Yaxşı tanıdığın insan haqda xoş nəsə demək istəyəndə, sənə elə gəlir ki, bu dünyada sözlərdən bol heç nə yoxdur. Cümlələrə boyun əyib yalvarmırsan. Hadisələri gəzmirsən. "Nədən yazım axı..." düşünmürsən. Sözlər sənə yalvarır, "məni yaz" deyə yarışa girirlər. Növbə gözləyirlər. Minnətini götürürlər...

İlk dəfə onu birinci kursda tanıdım. Müəllimlərimizin tapşırdığı ixtisas kitablarını yuxarı kursda oxuyanlardan soruşurduq, onlardan məsləhət alırdıq. Müəllimlərin xasiyyətlərini onlardan öyrənirdik.

Mənim qarşıma ilk çıxan Tahir oldu. O vaxt Tahir Rüstəmov idi. Sonra Tahir Aydınoğlu imzası ilə tanındı. O vaxt nəsə soruşduğum yadımda deyil, amma yadımda bu qalıb ki, o özünü elə apardı, sanki mən ondan deyil, o məndən nəsə xahiş edir. O sadə, tərbiyəli, utancaq oğlan zamanla dəyişmədi, təvazökarlığından heç nə əskilmədi.

Bir dəfə kitab istəmişdim, elə səhəri günü gətirib çatdırdı. Heç unutmadım onun bu nəzakətini, diqqətini. İnsanlar bəzən elə bilir ki, yaxşılıq ifadəsi ancaq böyük hərəkətlərə, böyük jestlərə aid olaraq işlənməlidi. Amma məncə, bir insanın ən xırda diqqəti, başqasını düşünməsi, əlindən gələn xırda şeyləri əsirgəməməsi də tam və dəyərli yaxşılıqdır. Bizim bəzən fərqində olmadan, nə etdiyimizi belə bilmədən göstərdiyimiz azacıq diqqət, kimdənsə əsirgəmədiyimiz cüzi bir kömək kimlərinsə qərarını, həyatını, dünyaya baxışlarını dəyişə bilər...

Yaxşı olmaq, yaxşılıq bol-bərəkətli toxum kimidir. Düzgün qəlbə əkərsənsə məhsulunu yığıb-yığışdırmaq olmaz. Kökü yaxşılıqdan qidalanan ağacların yarpaqları hər fəsildə yaşıl olar. Kökü yaxşılıqdan qidalanan ağacların kölgəsi özündən böyük olar...

Bir il sonra bizi, universitet tələbələrini rayona, pambıq yığımında əməkçilərə kömək etməyə apardılar. Qayıdandan sonra fərqlənən tələbələri mükafatlandırırdılar. Necə oldusa, Tahirə paltarlıq parça, mənə isə radioqəbuledici bağışladılar. O, gülə-gülə "Mənim bacım da yoxdur, ona bağışlayam. Nə edəcəm bunu?" dedi. Əlimə fürsət düşdü. Təklif elədim ki, hədiyyələri dəyişək.

O gün mən onun bacısı oldum, o hədiyyə aldığı parçanı mənə bağışladı. Tahir də mənim qardaşım oldu, mən də radioqəbuledicini ona bağışladım. O gündən nə az, nə çox, düz 45 il keçir. Biz isə elə o bacı-qardaş olanıq. Zarafatla başladığımız bacı-qardaş münasibətimiz möhkəm dostluğa, daha sonra ailəvi tanışlığa, gediş-gəlişə çevrildi.

Tahir həmişə dediyi sözün sahibi olub. Belə insanlara hörmətim sonsuzdur. Etibarlı, qardaş yolu, dost yolu saxlayanlardan pis adam olmaz. Belələrinin çörəyi dizinin üstə olmaz.

Məkanımız, yaşadığımız şəhərlər ayrılsa da, aradakı hörmət, sayğı azalmadı. Bir-birimizi unutmadıq. Bilirsiniz, məsələ doğma olmaqda deyil. Məsələ insanların bir-birinə təmannasız qardaşlığında, dostluğundadır, etibarındadır.

Hər zaman bir işim olanda, bir çətinliyim olanda yanımda olur, əlindən gələni əsirgəmir. Bütün köməklərini təmənnasız, qarşılığını gözləmədən edir. Bu isə çox vacibdir. Qohumluqda, qardaşlıqda, dostluqda ancaq təmənnasız ünsiyyət olanda münasibətlər sonuna qədər davam edir.

Yaxşı insan belədir. İllər keçsə də, onu unutmaq olmur. Xatırlayırsan, onu hörmətlə anırsan. Gözəl münasibət, saf dostluqlar insanın əlindən tutur. Yıxılanda qaldırır. Dərdinə şərik olur, kədərini bölüşür, sevincinə sevinir. Belə insanlarla bərqərar olur həyat, belə münasibətlərlə irəli gedir insanlıq...

Yoxsa, yaşamaq olmaz. Gözəl dost ünsiyyəti, doğma qayğısı, əlindən tutan yaxınların olmasa, kədərlərin, acıların içində əriyib gedərsən. İçindəki fırtınaları durdura bilməzsən. Ətrafınıza baxın, görün nə qədər yaxşılar, nə qədər qəlbi gözəllər var. Kədər ümmanından uzaqlaşdırır səni belə insanlar. Sevinirsən, sevinirsən ki, nə yaxşı ki, tanımışam bu adamları, nə yaxşı ki, yaradan məhz bu adamları qarşıma çıxarıb. Həyat bu adamlarla gözəldir!

Əməkdar jurnalist, "Ali media", "Həsən bəy Zərdabi" və "Araz" yaradıcılıq mükafatlarıyla təltif olunan Tahir Aydınoğlu (Rüstəmov) 1959-cu ilin oktyabrın 5-də Ağdam rayonunun Mahrızlı kəndində sadə bir ailədə dünyaya göz açıb. Orta məktəbi əla qiymətlərlə bitirən oğlan sözün sehrinə düşənlərdən olub...

Vəsf etmək istəyib eşitdiklərin, gördüklərin. Sən demə, onun da ürəyini incidib dünyada baş verən haqsızlıqlar. Çəkişmələr, müharibələr, aclıqlar, azqınlıqlar. Onun da ürəyinə od salıb. Düşündürüb, rahatlıq verməyib. Gecəsini-gündüzünə qatıb. Bir də Vətəninin gözəllikləri, barı-bağatı güc verib, həvəsə gətirib qəlbini. Görüb ki, yazmasa olmayacaq. Başqa sahə onu maraqlandırmayıb. Hisslərinə yaxın olmayıb, ruhunu oxşamayıb...

Ona görə də ADU-nun "Jurnalistika" fakültəsini seçib.

"Uşaqlıqda həkim olmaq istəyirdim. Əmimin biri həkim idi. Xəstələri sağaldanda çox sevinirdim. Aşağı siniflərdə oxuyanda mütləq həkim olacam deyirdim. Qohumlardan biri də jurnalist idi. Görürdüm insanların dərdindən yazır. Onlara kömək edir. Fikirləşdim ki, xəstələrə həkimlər dərman verib sağaldırlar. Əslində, cəmiyyətdəki xəstəlikləri də sağaltmaq lazımdır. Ona görə bu sahəni seçdim. Yaxşı ki, belə olub. Yanlışlıqları, insanların çətinliklərini həll etmək insana yaşamaq eşqi verir. Bu yolda həmişə ədalətli olmağıma sevinirəm. Hətta, bəzən uşaq kimi sevinirəm..."

Jurnalistika sahəsində özündən qabaq gələnlərin, bu peşənin tarixini, yaranmasını, zəmanəsindəki ünlülərin yolunu öyrənib.

Sözün sehrinə düşmək, onunla yaşamaq, nəfəs almaq başqa bir duyğudur, başqa bir hissdir. Elə söz var, elə hadisələr, baş verənlər olur ki, onu deməsən, onu yazmasan ürəyin sənə ağırlıq edir, dinclik vermir. Gecə səhərə qədər yatağında qıvrılırsan. Onu yazandan sonra dinclik tapırsan. Rahat nəfəs alırsan. Elə bilirsən, dünyaya yenicə göz açmısan. Sözün sehri budur. Onun oduna yanmaq, onun gözəlliyindən həzz almaq, onunla dünyanı dolaşmaq budur. Görəsən, söz olmasaydı, insanlar bir-biriylə sözlər vasitəsiylə ünsiyyət qurmasaydılar, dərdlərini anlatmasaydılar, istəklərini bildirməsəydilər, bir-birilərinə sevgilərini deməsəydilər necə olardı dünya? Yaşayış, inkişaf hansı tərzdə ola bilərdi?

Hətta, təssəvvür etmək insanı dəhşətə gətirir. Sözlər gözəlləşdirir dünyanı, həyatı, yaşamı. Gözəllik verir, şirinləşdirir hər şeyi...

Söz demək qabiliyyəti, qarşısındakının duyğularını ifadə etmək istedadı budur. Yazmaq istedadını, qabiliyyətini də Allah insanlara bəxş edir. Jurnalist istedadı insan duyğusunu, insan fikrini bəzən bir kitab əvəzinə bir ifadəylə izah etməkdir, bəzən oxucunu bircə kəlmənin sehrinə salmaqdır. Onu heyrətləndirmək, sevindirmək, bəzən də kövrəltməkdir...

Sözün oduna yanmaq budur. Söz insanı bir anın içində xoşbəxt edər, bir anda kədərləndirər. Dünyanın bu başından o biri ucuna götürər. Yazmaq, jurnalist olmaq sözün sehrində şam kimi əriməkdir. Onunla yaşamaqdır, onunla ölməkdir. Bəzən saatlarla sənə sevinc bəxş edər, bəzən saatlarla səni ağladar bir söz... Sözün fəlsəfəsi o qədər böyük, o qədər rəngarəngdir ki, sonuna qədər dərk etmək də, açıqlamaq da mümkün deyil. İnsanı yaşadan da sözdür, insanı öldürən də sözdür. Bəzən səni dağ başına qaldırar, bəzən də səni o dağın başında aşağı atan da sözdür...

Sözü deməyi bacarasan, seçməyi bacarasan, yerini biləsən. Bax, bəzi jurnalistlər söz seçimində, söz deyimində ustadılar. Müsahibi özünü ifadə edə bilməyəndə onun duyğularını ifadə etməkdir, içindəkiləri anlatmaqdır. Onu heyrətləndirməkdir jurnalistika...

Tahir əsl jurnalist olmaq üçün çox zəhmətlər çəkib. Çox ölkələrdə kurslar alıb. Jurnalistika tarixini, onun banilərinin həyat və yaradıcıqlarını dərindən öyrənmək üçün araşdırmalar aparıb, elmi məqalələr yazıb. Onlarca kitabın müəllifdir. Onlarca kitaba redaktorluq edib.

1983-88 illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində AzTV-nin xəbərlərin baş redaksiyasında kiçik redaktor, redaktor, baş redaktor kimi vəzifələrdə çalışıb. 1988-ci ildə "Xalq qəzeti" Tahir Aydınoğlunu redaksiyaya dəvət edir. Və indiyə kimi zəhmətkeş, istedadlı jurnalist "Xalq qəzeti"ndə çalışır. Bir çox dövlət qurumlarının ekspertidir.

Ona çox vəzifələr, işlər təklif etsələr də, o, seçdiyi peşəni heç buraxmayıb. "Mənim üçün ən yüksək ad, ən yüksək vəzifə elə buradır" deyib. "Jurnalist kimi qalmaq, insanların dərdlərini, həyatımızda baş verənləri anlatmaqdır".

Həmişə belədir. Soz üçün, yazmaq üçün doğulanlar, söz demək qabiliyyəti, istedadı olanlar bu sahəni tərk edə bilmirlər. Yazmaq eşqinə sadiq qalırlar. Sözə xəyanət etmirlər. Onun sehrindən çıxa bilmirlər...

Yeni yaşın mübarəkdir, qardaşım!

Moskva

 





10.10.2023    çap et  çap et