525.Az

Azərbaycanda ekoloji problemlərin həlli: dövlət siyasətində prioritet vəzifələr


 

Azərbaycanda ekoloji problemlərin həlli: dövlət siyasətində prioritet vəzifələr<b style="color:red"></b>

Abşeron yarımadasında yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, uçotunun aparılması və dəqiqləşdirilməsi məqsədilə inventarizasiya işləri aparılıb və ayrı-ayrı yaşıllıq massivlərinin xəritələri hazırlanıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, ölkə ərazisində mövcud yaşıllıqların qorunub mühafizə edilməsi, yeni yaşıllıq sahələrinin salınması ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır: "Xüsusilə, yaşıllıqların qorunması və artırılması, çətin torpaq-iqlim şəraiti, iri sənaye obyektlərinin cəmləşməsi, əhalinin sıx məskunlaşması baxımından digər regionlardan kəskin fərqlənən Abşeron yarımadasında daha çox önəmlidir. Abşeron yarımadasında yaşıllıq sahəsi 21 min hektar təşkil edir. Yeni yaşıllıq sahələrinin də yaradılması nəzərdə tutulur. Hazırda ölkəmizin müxtəlif regionlarında ağacəkmə kampaniyası keçirilir. Əsas məqsədlərdən biri ətraf mühitin mühafizəsi və yaşıllığın təmin edilməsidir. Ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet vəzifələrindəndir və bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir. Ekoloji tələblərə cavab verməyən müəssisələrlə bağlı müvafiq işlər görülür və bu proses davam edəcək".

Nazirin dediyinə görə, Azərbaycan hökuməti bütün ölkə ərazisinin yaşıllaşdırılmasını qarşıya hədəf kimi qoyub: "Hazırda Abşeron yarımadasında 21 min hektara yaxın yaşıllıq sahəsi mövcuddur. Bu, həmin ərazinin cəmi 5 faizini təşkil edir. 2024-2030-cu illərdə əlavə 6 min hektardan artıq ərazidə yeni yaşıllıqların salınması nəzərdə tutulub. Bütövlükdə isə bütün ölkə ərazisinin yaşıllaşdırılması hədəflənir. Bu istiqamətdə geniş miqyaslı ağacəkmə kampaniyaları həyata keçirilir".

Muxtar Babayev bildirib ki, işğaldan azad edilən ərazilərin dirçəldilməsi çərçivəsində bir sıra mühüm qərarlar qəbul edilib ki, bu da həmin ərazilərin 2050-ci ilə qədər "karbon neytrallığı zonası" elan edilməsinə imkan yaradıb. İşğaldan azad edilmiş ərazilər üçün Karbon Neytrallığı Konsepsiyasının layihəsi hazırlanıb. Aztullantılı iqtisadiyyat, "yaşıl" enerji zonası, "yaşıl" kənd təsərrüfatı, "yaşıl" nəqliyyat, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları - bütün bunlar davamlı şəhərsalma istiqamətində ümumi səylərə töhfə verəcək. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilər böyük quruculuq, infrastruktur, eləcə də unikal ekosistemin bərpası məkanına çevrilir. Bu ərazilərdə dayanıqlı şəhər inkişafı konsepsiyası həyata keçirilir.

Nazirin sözlərinə görə, dövri iqtisadiyyatın təmin edilməsi istiqamətində işğaldan azad edilən ərazilərdə yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib. Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurma işləri zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına və istifadəsinə başlanılıb. Eyni zamanda, tullantı sularının səmərəli idarə olunması, yağış, drenaj sularının toplanması şəbəkəsinin qurulması, təmizlənmiş tullantı sularının təkrar istifadəyə yönəldilməsi, xüsusilə yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilməsi prioritet olmalıdır: "Qlobal çağırışlardan biri də iqlim dəyişmələridir. Bu gün iqlim dəyişmələri ilə əlaqədar gözlənilən risklər və baş verən fəsadlar dünyada gündəmə çevrilib. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, iqlim dəyişmələri nəticəsində baş vermiş təbii fəlakətlər son onilliklərdə nəhəng dağıntılara və iqtisadi itkilərə səbəb olub. Son 50 ildə dünyada iqlim dəyişmələri ilə bağlı təhlükəli hadisələrin 5 dəfə artdığı bildirilir. Bu baxımdan insanların və iqtisadiyyatın fövqəladə hallara hazırlığı, infrastrukturun mühafizəsi və təhlükəli təbiət hadisələrinə dayanıqlılığının təmin edilməsi, erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. İqlim dəyişmələri yayda isti havaların daha kəskin, daha uzunmüddətli olması ilə nəticələnir. Digər tərəfdən yağıntıların qeyri-bərabər paylanması nəticəsində yaranan su çatışmazlığı şəhərlərin suya olan gündəlik tələbatının ödənilməsi üçün ciddi problem yaradır".

Nazir əlavə edib ki, sentyabrın 17-də UNESCO-nun Ümumdünya İrs Komitəsi Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edib. Hirkan meşələri bu siyahıya daxil edilən Azərbaycanın ilk təbiət ərazisidir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Cənubi Qafqazda üçüncü dövr buzlaşmanı yaşamayan iki ərazi var. Biri Azərbaycanın Hirkan meşələri, digəri isə Gürcüstan ərazisindəki Kolxida florasıdır. Həmin iki ərazi 3-cü buzlaşmanı görmədiyindən, qeyd olunan ərazilərdəki buzlaşmaya qədərki relikt flora və fauna növləri bu günümüzə kimi qorunub saxlanılıb. Yəni ki, bu ərazilər öz endemizm xüsusiyyətləri ilə orijinal ərazilərdir və burada yayılan növlərə dünyanın başqa heç bir coğrafiyasında rast gəlinmir: "Hirkan meşələrində flora növlərindən dəmirağac, qızılağac, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, Hirkan qovağı, azat ağacı, Hirkan bigəvəri, Hirkan şümşəsi, Hirkan şümşadı, fauna növlərindən isə talış qırqovulu, tirəndaz-oxlu kirpi, Qafqaz bəbiri, vaşaq və s. kimi nadir növlərə rast gəlinir. Bu ərazilərdə 50-yə qədər Hirkan mənşəli endemik və subendemik növ var. Həmin növlərin qorunub saxlanılması, bir irs kimi gələcək nəsillərə ötürülməsi həm ölkələrin, həm də beynəlxalq qurumların öhdəliyidir. Məlum olduğu kimi, Hirkan meşələrinin ərazisi milli park elan olunub və xüsusi mühafizə olunan təbiət ərazisi kimi qorunur. Hirkan meşələrinin Ümumdünya İrs Siyahısına salınması imkan verəcək ki, beynəlxalq təcrübə ilə daha yaxından tanış olmaqla təmaslarımızı gücləndirək, həmin ərazilərin qorunmasını daha mütəşəkkil təşkil edək. UNESCO-nun Ümumdünya İrs Siyahısında olmağımızın digər üstünlüyü, ekoturizm potensialının artırılması, beynəlxalq təşkilatların dəstəyi ilə mühüm əhəmiyyətli ekoloji layihələrin həyata keçirilməsi, həmçinin nadir növlərin qorunmasının daha da yaxşılaşdırılmasıdır".

Onun dediyinə görə, Gürcüstandakı Kolxida florası 2021-ci ildə Ümumdünya İrs Siyahısına salınıb. Hirkanın İran hissəsi 2019-cu ildə, Azərbaycan hissəsi isə bir neçə gün əvvəl UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bundan başqa, ölkəmizdə bir neçə təbiət ərazisi var ki, onların da siyahıya salınmasını planlayırıq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həmin siyahıya salınacaq ərazilər var. Onlar ilkin siyahıya salınıb və Ümumdünya İrs Siyahısına daxil ediləcəyi tarixi gözləyirik. Abşeron yarımadasında Azərbaycanın palçıq vulkanlarının yerləşdiyi ərazi çox unikal bir ərazidir. Növbəti salınacaq ərazi böyük ehtimal ki, palçıq vulkanlarının yerləşdiyi ərazi olacaq. Sonrakı dövrlərdə Kəpəz dağının ətəyində olan göllərin - Göygöl, Maralgöl, Zəligöl və digər göllərin, Axarbaxar dağ silsiləsində Alazan çayı boyunca olan ərazilərin siyahıya salınması nəzərdə tutulub. Ümumdünya İrs Siyahısına daxil ediləcək ərazilər arasında Eldar şamı meşəliyi, Bəsitçay Dövlət Təbiət Qoruğunun Şərq çinarı meşəliyi də var. Ölkəmizdə bu cür təbiət abidələri çoxdur: "Azərbaycanda ekoloji siyasət məsələləri, bioloji müxtəlifliyin qorunması daim diqqət mərkəzindədir. Hirkan meşələrinin də həmin siyahıya salınması ekologiya, bioloji müxtəlifliyin qorunması sahəsində aparılan dövlət siyasətinin məntiqi davamıdır. Çox mürəkkəb proseslərdən keçilsə də, bir ilkə imza atıldı. Düşünürəm ki, növbəti təbiət ərazilərinin həmin siyahıya salınması daha rahat olacaq. Bu, həm də ölkənin prestijidir. Nə qədər çox belə ərazilər UNESCO-nun Ümumdünya İrs Siyahısına salınarsa, bu, ölkənin imicinə də müsbət təsir göstərən amillərdəndir. Lakin bu, təkcə prestij məsələsi deyil. Həm də həmin ərazilərin qorunmasında daha diqqətli olmaq məsuliyyətini yaradır. Çünki həmin əraziyə beynəlxalq aləm də nəzarət edir. Ümumdünya İrs Siyahısına salınanda orada olan təbii landşaftın, bioresursların, fauna, flora növlərinin qorunması ilə bağlı öhdəliklər götürdük və onu mütləq yerinə yetirməliyik".

Vüqar Kərimov vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında biosfer rezervatının və Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkların yaradılması təşəbbüsləri irəli sürülüb. Hər iki layihənin icrası davam edir. Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında biosfer rezervatının yaradılması üzərində iki ildir ki, iş gedir. Hazırda layihə aktiv fazadadır. Düşünürəm ki, növbəti dövrlərdə hər iki layihəni uğurla başa çatdıracağıq. Bundan əlavə, Zaqatala Dövlət Təbiət Qoruğunun maraqlı ərazilərini seçib Ümumdünya İrs Siyahısına salınması üçün təkliflər irəli sürmək niyyətindəyik.

Sevinc QARAYEVA

 





10.10.2023    çap et  çap et