525.Az

Xeyirxahlığın sönməz işığı - Flora Xəlilzadə yazır


 

Xeyirxahlığın sönməz işığı - <b style="color:red"> Flora Xəlilzadə yazır</b>

Haqq dünyasına qovuşan elə insanlar var ki, onlar ana torpağın qoynuna çəkilsələr də, xatirələri qəlblərdə, ürəklərdə yaşamaqda davam edir. Sağlığında işıqlı əməlləri ilə abidələşənlər mənəvi ömürləri ilə əbədiyaşarlıq qazanırlar. Heç vaxt unudulmurlar, ehtiramla yad edilir, tez-tez xatırlanır, ruhuna dualar oxunur. İnsanlara səngiməz sevgisi ilə fərqlənən, tutduğu yüksək vəzifələrdə səriştəliyi, peşəkarlığı, prinsipial mövqeyi ilə seçilən Rafiq Rəsul oğlu Xələfov kimi... Bu görkəmli ictimai və dövlət xadimi haqqında düşünəndə çox vaxt onu necə təqdim etməkdə çətinlik çəkirəm. Çünki Rafiq Xələfov sözün həqiqi mənasında qeyri-adi bir şəxsiyyət idi. Onu yaxından tanıyanlar dönə-dönə və ehtiramla təsdiqləyirlər ki, Rafiq Xələfov mühüm dövlət postlarında çalışmaqla bərabər, sinəsində böyük ürək daşıyırdı. Daxili aləmi çox zəngin idi. Ədəbiyyatı, poeziyanı, fəlsəfəni çox sevirdi və həm də bu sahələrin dərin bilicisi kimi şöhrət qazanmışdı. Hətta iş prinsipində də özünəməxsus qəribəlikləri var idi. Söyləyirlər ki, kadrları seçərkən işbilmə, idarəetmə qabiliyyətləri, peşəkarlıqları ilə yanaşı, onların mütaliəsi, dünyagörüşləri ilə də maraqlanarmış. Özü hərtərəfli şəxsiyyət olduğundan çalışırmış ki, rəhbərlik etdiyi kollektivin üzvləri də mənəvi cəhətdən zəngin və kamil insanlar kimi seçilsinlər, sevilsinlər.

O, 1939-cu ilin 5 iyulunda Bakıda anadan olsa da, əsil-nəsil etibarilə qarabağlı idi. Vaxtilə bir müsahibəsində belə demişdi: "Mən adamların, nəsillərin bölgələrə məxsusluğu və bölünməsini qəbul etmirəm. Azərbaycan vahid bir dövlətdir. Amma onunla da qürur duyuram ki, ata tərəfdən Qarabağ xanlığına, ana tərəfdən isə Şəki xanlığına bağlıyam. Beləliklə də, iki qədim, mötəbər nəslin övladı olduğum üçün özümü xoşbəxt sanıram. Fikirləşirəm ki, torpaq, Vətən sevgisi, bütövlük, xeyirxahlıq, sərtlik, insanlarla işləmək qabiliyyəti - bunların hamısı məhz soydan, qandan, gendən insana ötürülür. Əsil-nəcabət deyiləndə heç vaxt adamın vəzifəsi, zənginliyi, kasıblığı, elmi dərəcəsi nəzərdə tutulmur. Xalqın bu məsələyə münasibətində məşhur bir deyimi var: ot kökü üstə bitər. Bu, təkcə insanın şəxsi keyfiyyətlərində deyil, işə münasibətində də özünü göstərməlidir. Bu, elə bir müdrik kəlamdır ki, hətta kadr seçərkən də istifadə etmək olar".

Rafiq Xələfov Azərbaycan Politexnik İnstitutunu bitirmişdi. Əmək fəaliyyətinə Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor kimi başlamışdır. O, burada adi mühəndislikdən baş mühəndis vəzifəsinə qədər şərəfli bir yol keçmişdir. Qısa müddətdə özünü bacarıqlı mühəndis kimi göstərməyə müvəffəq olan Rafiq Xələfov perspektivli, böyük potensiala malik bir kadr kimi tanınmışdır. Məhz bu məziyyətlərinə görə də az keçmir ki, onu "Azərdəniznefttikinti" trestində baş mühəndis vəzifəsinə irəli çəkirlər. Rafiq Xələfov hərtərəfli biliyə malik olan mühəndislik məharəti ilə təkcə respublikamızda deyil, xarici ölkələrdə də diqqət çəkirdi. Yenilikçiliyi, ixtiraçılığı və səmərələşdirici təklifləri ilə şöhrət qazanan Rafiq Xələfov 1969-cu ildə Suriya Ərəb Respublikasında neft kəşfiyyatı aparmaq məqsədilə yaradılmış qrupun tərkibində bu ölkəyə ezam olunub. Ezamiyyət müddətində o, neft yataqları tikintilərinin aparılması müqaviləsinin rəhbəri kimi çalışmışdır. Buradakı səmərəli fəaliyyətinə və bacarığına görə keçmiş SSRİ-nin Suriyadakı səfirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. Yenidən vətənə qayıtdıqdan sonra Rafiq Xələfov neft sənayesi tikintisi üzrə aparılan işlərdə gərgin və səmərəli fəaliyyəti ilə şöhrət qazanmışdır. Tikilən obyektlərdə yeni texnoloji proseslərin tətbiqi nəticəsində aparılan bütün işlər keyfiyyətli olmuş, neftlə bağlı tikilən müəssisələr qısa müddətdə başa çatmışdır. Məsələn, Nəriman Nərimanov adına Dənizdə Neftçıxarma İdarəsinin Səngəçal sahəsində üç kilometrdən çox dənizüstü estakada yolları, estakadayanı meydançalar, meydançalar üstündə dəniz neft-mədən təsərrüfatı obyektlərinin tikilməsində Rafiq Xələfovun böyük xidmətləri olmuşdur.

Bundan başqa, Bakı şəhərinin bir çox rayon və qəsəbələrində neftçilər üçün yaşayış binaları, sosial məişət obyektləri tikilib istifadəyə verilmişdir. Azərbaycan neft və dağ sənayesində çalışdığı bütün məsul vəzifələrdə Rafiq Xələfov işgüzarlığını, zəhmətsevərliyini, təşkilatçılığını və yüksək peşəkarlıq qabiliyyətini məharətlə nümayiş etdirmişdir. Neft sənayesində, xüsusilə də dənizin dərin qatlarından çıxarılan neftin sahilə nəql olunması üçün avtomatik boru kəməri çəkən qurğunun ixtirası da məhz Rafiq Xələfova məxsusdur. Elə bu səmərəli fəaliyyətinə görə də "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Rafiq Xələfov həm də 10 il Azərbaycan avtomobil yollarının tikintisi və istismarı naziri vəzifəsində çalışıb. Məhz onun gərgin əməyi sayəsində şose yolları sistemində ilk dəfə olaraq uzunmüddətli perspektiv proqram işlənib hazırlanmışdır. Əlbəttə, Rafiq Xələfovun respublika ərazisindəki yolların tikintisində və yol şəbəkəsinin genişləndirilməsində böyük xidmətlərini unutmaq olmaz. Naxçıvanda, Qarabağda, eləcə də digər bölgələrdə inşa edilən körpülər, yollar, tikilən zavodlar onun zəhmətinin bəhrəsi idi. Bu gün ölkə rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə çəkilən yeni yolların, körpülərin xoş mənzərəsi adamın ürəyində qəribə bir xiffət yaradır. Kaş Rafiq Xələfov sağ olaydı. O, şəhərimizin tanınmaz dərəcədə dəyişməsini görsəydi, kim bilir sevincindən nə edərdi?!

Həmişə fəlsəfəyə meyilli olan Rafiq Xələfovun fikir və düşüncələrindən süzülən sözlərində böyük həyatsevərlik, millətə bağlılıq, xalqa xidmət ideyaları duyulardı: "Biz xalqın övladlarına bir ailənin üzvləri kimi baxmağı öyrənməsək, istəməsək, təşkil etməsək, bunun əvəzinə ayrı-seçkilik salsaq, vay onda bu xalqın halına... Millət meyvə deyil ki, yaxşısını yeyib, pisini atasan. Millətə bütövlükdə xidmət etmək gərəkdir". Keçdiyi mənalı həyat yoluna nəzər saldıqda görürsən ki, Rafiq Xələfov həmişə üzərinə düşən hər bir vəzifəni ləyaqətlə yerinə yetirmiş, çalışdığı hər bir kollektivdə dərin hüsn-rəğbət qazanmışdır. Onun sözü ilə əməli arasında həmişə bir bağlılıq olmuşdur.

Rafiq Xələfov 1989-1993-cü illərdə respublika Nazirlər Kabinetinin işlər idarəsində şöbə müdiri vəzifəsində çalışmış, Baş nazirin müavini olmuşdur. Qəzetlərə verdiyi bir müsahibəsində belə deyirdi: "Harada işləmişəmsə, hansı vəzifəni daşımışamsa, unutmamışam ki, mən Azərbaycanı təmsil edirəm. 29 yaşımda keçmiş İttifaqda çox əhəmiyyətli olan sahələrdən birinə başçılıq etmişəm. Xarici ölkələrdəki fəaliyyətimdə millətimizin, xalqımızın ən nəcib keyfiyyətlərinin nümayişinə çalışmışam". Bu etiraflar həqiqətdir. Bir maraqlı fakt da var ki, Rafiq Xələfov təyinatla işə başladığı gündən etibarən ömrünün sonuna kimi nə işə girmək, nə də işdən çıxmaq barədə ərizə ilə heç kimə müraciət etməyib. Yəni işə həmişə rəhbərlik tərəfindən təyin edilib, göndərilib və yaxud da işdən çıxarılıb. İxtisasca mühəndis olsa da, çalışdığı sahələr bir-birindən çox fərqlənib. Özü belə yazırdı: "Elmi-Tədqiqat Layihə İnstitutu, neft sənayesində müxtəlif vəzifələr, fəhləlikdən nazir müavininəcən yol, 10 il yol-tikinti naziri, 4 il Ə.Vəzirovun mənə göstərdiyi "qayğı sayəsində" Nazirlər Kabinetində çəkdiyim dustaqlıq illəri. Ondan sonra isə "bəy"lərin hökmü ilə küçəyə atıldığım bir dövrü unuda bilmirəm. Ancaq qurban olduğum Allah bu dövrdə mənə yar oldu, qüvvət verdi, dözüb vuruşmağa, mübarizə aparmağa qadirliyimi anlatdı. Həm də bu illər ərzində, ən başlıcası, insanları tanıdım. Bildim ki, kim-kimdir". Yaxşı deyiblər ki, haqq üzülər, amma qırılmaz. 1993-cü ildə Rafiq Xələfova növbəti, yüksək bir etimad göstərilərək ona yeni bir sahəyə rəhbərlik həvalə edildi. "Xalq üçün mallar" Dövlət Konserninin idarə heyətinin sədri vəzifəsində çalışan Rafiq Xələfov, həmişəki kimi, özünəməxsus işgüzarlıqla işə başladı. O bu məsul vəzifədə də yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bu, faktdır ki, Azərbaycan Ordusu xüsusi geyimlərlə, yəni çəkmədən tutmuş paqona qədər - hər şey konsernin müəssisələrində istehsal olunurdu.

1997-ci ildə Rafiq Xələfov Baş nazirin müavini təyin edildi. O bu məsul işdə üzərinə düşən bütün vəzifələri ömrünün sonunadək layiqincə yerinə yetirmiş, ölkə iqtisadiyyatının, xüsusən də yüngül sənayenin qarşılaşdığı problemlərin həlli yolunda əlindən gələni əsirgəməmişdi. Rafiq Xələfov həqiqətən zəngin təcrübəsini həmişə Azərbaycan iqtisadiyyatının inkişafına həsr etmişdir. İctimai və dövlət xadimi olan Rafiq Xələfov çox səmimi və xeyirxah insan idi.

Sonralar Moskvada İctimai Elmlər Akademiyasını müvəffəqiyyətlə bitirən Rafiq Xələfov iki çağırış Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. Zəhməti dəfələrlə müxtəlif mükafata layiq görülmüşdür. İki Qırmızı Əmək Bayrağı ordeni, bir neçə medalla təltif olunan Rafiq Xələfov Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin qızğın tərəfdarı, ölkədə aparılan sosial-iqtisadi islahatların, bazar iqtisadiyyatı prinsiplərinin fəal iştirakçısı idi.

Cəmi 59 il yaşamış Rafiq Xələfovun saçları da erkən ağarmışdı. Qızı Fəxriyyə Xələfova danışır: "İndi övladlarının hər biri valideyndir. Həm özümüzü, həm də başqalarını müşahidə edəndə şəksiz bir fikrin üstündə dayanıram. Atam təkcə görkəmli məmur, dövlət xadimi deyildi, o, torpağını ürəkdən sevən, çox dərin düşüncəli, uzaqgörən, əsl vətənpərvər idi. Bizi müxtəlif ölkələrə aparmışdı, dünyanın neçə möhtəşəm muzeyini, qeyri-adi abidələrini, təbiət mənzərələrini görmüşdük. Yadımdadır, 1983-cü ildə qəflətən dedi ki, gəlin sizi bu il Şuşaya aparım. Təəccüb etsək də, sözündən çıxmadıq. Sonralar Şuşaya tez-tez gedirdik. Hər dəfə də atam bu sözləri işlədərdi: "Siz bəy nəvəsisiniz. Şuşadakı mülkümüzü sovet hökuməti əlimizdən alsa da, yenə də millətimizə qalıb". Şuşa işğal ediləndə atamın nə çəkdiyini biz yaxşı hiss edirdik. Erkən bəyazlaşmış saçları da buna sübut idi. Qaçqınlara, köçkünlərə əlindən gələni edirdi. İndi anlayıram ki, atam bizi niyə Şuşaya aparırdı. İstər sağlığında, istərsə də ondan sonra çoxlu xarici ölkədə olmuşam. Amma gözlərimdən Cıdır düzü çəkilmir. Ümumiyyətlə, ata kimi də çox bənzərsiz idi. Vəfatından 15 il keçsə də, biz onu həmişə öz yanımızda, varlığımızda hiss edirik. Sadəcə olaraq özü görünmür. Fikirləri, tövsiyələri, məsləhətləri bizimlədir. Haradasa bir uğur qazanmayanda dərhal fikirləşirəm ki, atamın dediyi tövsiyədəki hansısa bəndə əməl etməmişəm. Bizim bütün həyat prinsiplərimizdə, insanlara münasibətimizdə, el-obaya, qohum-əqrəbaya məhəbbətimizdə atamın arzu-istəklərinə əməl etməyə çalışırıq. Təsəvvür edə bilmirəm ki, Rafiq Xələfov kimi ailəcanlı, övladsevgili, torpağına, vətəninə bağlı bir insan aramızdan əbədi gedə bilər. Valideyn itkisi təbiidir. Hər kəs bunu çəkir və bu dərdə alışır. Deyim ki, mən atamın ölümü ilə barışmamışam, - yalan olar. Amma onun yoxluğuna inana bilmirəm. Həmişə onu duyuram. Məhəbbətini də, qınağını da... Kaş ki, bu günləri görəydi. Qarabağımız işğaldan azad edildi. İnanın mən hər dəfə Şuşaya gedəndə atamı da yanımda hiss edirəm..."

Rafiq Xələfov həmişə insanlara diqqətlə yanaşardı. Xüsusilə də qayğıya ehtiyacı olanlara çox həssas münasibət göstərərdi. Bu genişürəkli vətən oğlu həm də çox səxavətli idi. Arxivində ünvanına göndərilmiş yüzlərlə təşəkkür məktubu, teleqram var. Bu saralmış kağızlarda bir fikir tez-tez vurğulanır: "Göstərdiyiniz maddi kömək üçün sizə təşəkkür edirik". Etdiyi yaxşılıqları heç vaxt dilə gətirməyən, həmişə reklamdan qaçan Rafiq Xələfov böyük ürək və mədəniyyət sahibi idi. Dostları, tanışları ehtiramla danışırlar ki, o, ədəbiyyatı, teatrı çox sevərdi. Şairlərdən Xəlil Rza Ulutürk, Rəfiq Zəka, Xalq artisti Həsən Turabovla dostluq edərdi. Rafiq Xələfov əsl ədəbiyyat aşiqi idi. Üzə çıxarmadığı neçə-neçə əsəri var. Janr etibarilə müxtəlif olsa da, istedadlı qələmin bəhrəsi kimi mükəmməldir. Onun maddi imkanı var idi ki, bu əsərləri kitab şəklində çap edib bir müəllif kimi də şöhrətlənsin. Amma daxili mədəniyyəti buna yol verməyib. Rafiq Xələfov sadəcə öz qəlbinin hisslərini kağızlara köçürərək arxivinə atırdı. İstər Rəfiq Zəkanın, istərsə də Xəlil Rza Ulutürkün təkidlərinə baxmayaraq, o, heç vaxt şairlik iddiasında olmadı. İndi onun həm fəlsəfi düşüncələrinə, həm də poetik dünyasına nəzər salanda heyrətqarışıq bir təəccüb də keçirirsən. Belə yazıların müəllifi necə susa bilərmiş? Dərhal öz kəlməsi yadımıza düşür: "Hər kəs öz işini görsə yaxşıdır". Amma Rafiq Xələfov başqa qələm sahiblərinin öz yazılarını kitab şəklində çap etməsinə kömək göstərərdi. Gözəl örnəkdir, nümunə götürməyə dəyər.

Vaxtilə Rafiq Xələfovla bir yerdə işləyən, ondan böyük dəstək, qayğı görən insanların sayı çoxdur. Onların hər birinin ürəyində haqq dünyasına qovuşmuş Rafiq Xələfovun işıqlı abidəsi yaşayır. Belə xatirələrlə dolu ürəyin sahiblərindən biri də "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin prezidenti Ağalar Vəliyevdir. Söhbət əsnasında dedi: "Rafiq müəllim haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Ulu Tanrının ona ayırdığı ömür payını şərəflə, vicdanla yaşamış Rafiq Xələfov 59 illik zaman kəsiyində öz ömrünü xalqının, canından artıq sevdiyi vətəninin yolunda şam kimi əritdi. O, Azərbaycan avtomobil yollarının tikintisi və istismarı naziri işlədiyi vaxt mən Yevlax Dəmir-Beton Məmulatları Zavodunda mühəndis işləyirdim.

Məhz onun diqqəti sayəsində həmin zavodda əvvəlcə baş mühəndis, bir il sonra isə direktor oldum. Rafiq Xələfov həmişə işçilərinin yaşayış tərzi ilə, ev şəraiti ilə maraqlanardı. Deyərdi ki, özünə gün-güzəran qura bilməyən hansısa bir təşkilata rəhbərlik edə bilməz. Müşahidə aparmışdım ki, həmişə maddi cəhətdən korluq çəkən insanlarla daha çox təmasda olmağa, onlara hansı vasitə iləsə kömək etməyə can atırdı. Bu mənada mənim də boynumda Rafiq Xələfovun böyük haqqı var. Hərdən mənə elə gəlir ki, daşıdığım yüksək vəzifələrdən asılı olmayaraq, Rafiq Xələfovu tanıdığım gündən mənim uğurlarım başlayıb. Anam həmişə ona uzun ömür arzulayardı. Heyiflər olsun ki, qədəri belə oldu. Çox az yaşadı..."

Üzümüzə gələn yay 85 yaşı tamamlanacaq Rafiq Xələfovun. Elə 50-dən sonra çəkdirdiyi şəkillərdə də 85 yaşın izləri var. Nədənsə yada böyük şairimiz Səməd Vurğun düşür. O da belə vaxtsız qocalmışdı...

 





11.10.2023    çap et  çap et