525.Az

"Zəkanın rəmzləri" - "Bir rəsmin dedikləri"


 

"Zəkanın rəmzləri" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Pərvanə Əkbərovadır. Onunla XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Tisian Veçellionun "Zəkanın rəmzləri" əsərindən danışacağıq.

Tisian Veçellio İtaliyada doğulub. Doğum tarixi dəqiq bəlli deyil. O, İntibah dövrü Venesiya məktəbinin inkişafına əvəzsiz töhfə verməklə XVI əsr rəssamlığının ən mühüm simalarından birinə çevrilib. Müasirləri tərəfindən "Kiçik ulduzlar arasında günəş" adlandırılan Tisian portretlər, mənzərə fonları, mifoloji və dini mövzulardakı əsərləri ilə məşhurlaşmışdı. Tisian öz dövrünün ən yaxşı portret rəssamlarından hesab olunurdu və onun kətanına çəkilmək əbədi ölümsüzlük demək idi.

 

- Pərvanə xanım, rəsmin yaranma tarixçəsi haqqında nə bilirik?

- Rəssam bu tablonu 1565-ci ildə çəkib. Əsər kətan üzərində yağlı boya texnikası ilə təsvir edilib. Rəsmdəki insan sifətlərində rəssamın oğlu Orazio (yetkin), əmisi oğlu Marko Vecellio (gənc) və özünün avtoportreti (qoca) olduğu təxmin edilir. Rəsm indiki adını portretlərin üstündə görünən yazıya görə alıb. Latın dilində olan mətn belə tərcümə edilir: "Keçmiş təcrübədir, gələcəyinin qənaətbəxş olması üçün bu gün ehtiyatlı ol!" Bu mesaj rəsmin alleqoriyasını deşifrə etmək üçün açardır və rəsm Titianın öz nəslinə ünvanladığı vəsiyyəti kimi şərh edilməlidir.

- Əsərin rəng həlli necədir?

- Əsərdə daha çox tünd və soyuq rənglərdən istifadə olunub. Biz rəsmdə insan və heyvan təsvirlərinin sintezini görə bilirik. Ümumilikdə, rəsm ilk baxışdan insanda bədbin, dramatik hisslər yaradır, eyni zamanda təmsili xatırladır.

- Bəs əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Üç baş insanın üç yaşına işarə edir: gənclik, yetkinlik və qocalıq. Solda qocalıqda Tisian, ortada Tisianla eyni il vəbadan ölən oğlu Orazio, sağda isə əmisi oğlu və varisi MarcoVecellio. Üçbaşlı heyvan - canavar, aslan və it - ehtiyatlılığın simvoludur. Əsərdə daha çox hüzn, həyatın reallığı təsvir edilib. Rəsm, insanın üç yaşını təmsil edən üç insan başının müxtəlif yaşlarını təsvir edir. Yaşlar soldan sağa, qocalıq, yetkinlik və gənclikdir. Bu üz triadası ilə keçmişi yeyən canavar, indinin gücünü təcəssüm etdirən şir, hürərək gələcəyi oyandıran it təsvir edilib.

- Tablo hazırda harda saxlanılır?

- Əsər London Milli Qalereyasında qorunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əsərdə təsvir olan müxtəlif istiqamətlər keçmiş, indi və gələcəyə malik olan zamanın daha geniş konsepsiyasını əks etdirir. Qurd, aslan və itin üç heyvan başı keçmiş, indi və gələcək baxımından zamanın keçidini təmsil edir. Həyatın üç mərhələdən ibarət olması gerçəkliyini əsərdə çox aydın şəkildə görə bilirik. Tisian öz əsərində Prudens üçlüyünü ifadə etmək üçün qeyri-adi bir üsul tapmışdı. Usta haqlı olaraq yetkin insanı qüdrətli şir obrazında, xidmətini yerinə yetirən gənci itin obrazında, həyatı yaxşı bilən, eyni zamanda zəif və tənha olan müdrik qocanı isə canavarın timsalında təsvir edib.

Aytac SAHƏD

 

 





11.10.2023    çap et  çap et