(Əvvəli ötən çərşənbə sayımızda)
Dövlət quruculuğu, dövlət hüququ ilə maraqlananlar Platonun bu məsələyə həsr olunmuş əsərini, həmçinin Siseronun "Dövlət haqqında" və "Qanun haqqında" traktatlarını oxusa, pis olmazdı. Ailə və dövlətin inkişafı mərhələlərini öyrənmək üçün F.Engelsin "Ailənin, dövlətin və xüsusi mülkiyyətin mənşəyi" əsəri yaxşı vasitədir. Burada dövlətin əsası, ilk hüceyrəsi olan ailənin, nikahın meydana gəlməsi və inkişaf yolu tədqiq olunur. Konfutsi isə qədim dövrlərdə Çində ustalıqla idarə olunan dövlətləri bu vaxt ailəni idarə etmək üçün örnək olduğunu iddia edirdi.
Qanunların əmələ gəlməsi, onlara cəmiyyətin, hətta təbiətin və iqlimin də, xalqın köçəri və oturaq həyat keçirməsinin necə təsir göstərməsini, qanunların sərt, qəddar və mülayim olmasının cəmiyyət üzvlərinin tərbiyəsinə, davranışına etdiyi təsirləri biz böyük fransız mütəfəkkiri Şarl Monteskyenin "Qanunların ruhu haqqında" əsərində tapırıq. XVIII əsrdə yazılmış bu əsər, bəlkə də, İngiltərədə müəyyən qədər təşəkkül tapmış hakimiyyətin bölgüsü prinsiplərini nəzəri cəhətdən əsaslandırmış, bu ideyanın dövlətin idarə olunmasında, demokratik prinsiplərin bərqərar olunmasında, hakimiyyətin hər hansı bir qanadının sui-istifadəsinə yol verməmək üçün onların səlahiyyətlərinin ayrı-ayrı sahələrdə məhdudlaşdırılması, əkslik və tarazlaşdırılma prinsipini irəli sürür. Alim öz kəşfi ilə dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qanadlarına bölünməsi lüzumunu qeyd edir və bu bölünmə ilə, həqiqətən, hakimiyyət adlanan yırtıcı şirin iti çaynaqlarını bir qədər kəsib gödəltmək, Hobbsun dəniz yırtıcısı Leviafana bənzətdiyi dövlətin nəhəng səlahiyyətlərini onun ərazisində yaşayan vətəndaşlar - insanlar naminə yumşaltmaq mümkün olur. Hakimiyyətin həqiqi bölünməsi despotiyanın, tiraniyanın meydana gəlməsinə mane olur, onların qarşısına keçilməz sədd çəkir. Monteskye elmi əsərini yazarkən ona qədər olan dövlət formalarını və qanunları təhlil edirdi. O, tarixin gələcəkdə doğuracağı digər eybəcər dövlət quruluşu formasını - totalitarizmi görə bilməzdi. Monteskyenin əsəri olduqca maraqlı dildə yazılmışdır. Burada biz qədim Roma imperatorlarının qanundan istifadədəki vəhşiliyi ilə də tanış olurduq. O vaxtlar bakirə qızların edam olunmasına icazə verilmədiyinə görə Avqustdan sonra hakimiyyətə gəlmiş Tiberi asan çıxış yolunu tapmışdı, o, göstəriş vermişdi ki, cəlladdar əvvəlcə həmin qızları zorlasınlar, sonra onları edam etsinlər. Yaxud qədim almanların sərt qanunları, məhkəmələrin cinayətkarı mühakimə etməsi üçün deyil, onu müdafiə etməsi üçün qurulmasını, Çin və Yaponiyada sərt, azacıq xətalar üçün ölüm hökmü müəyyən edən qanunların mövcudluğunun əhalini itaətə öyrətməsi, onların psixologiyasını pozmasına səbəb olmasının şahidi oluruq. Monteskyenin əsərindən biz həm də ləyaqətli tarixi şəxsiyyətlərlə tanış oluruq. Müəllif VIII əsrin sonunda, IX əsrin əvvəlində frankların kralı və Qərbin imperatoru olmuş Böyük Karlın ləyaqətlərini böyük vurğunluqla təsvir edir. Monteskyenin digər bir əsərində Roma imperiyasının süqutu problemləri tədqiq olunur. Ümumiyyətlə, bu mütəfəkkirin əsərlərini mütaliə etməyi mən fəlsəfə, tarix, hüquq məsələlərinə maraq göstərən hər bir hazırlıqlı şəxsə məsləhət görərdim.
Oxucular, yəqin ki, böyük siyasət filosofu italyan Nikkolo Makiavellinin əsəri ilə də tanışdırlar. Onun "Hökmdar" əsəri hakimiyyətə yiyələnməkdə ən iyrənc vasitələrdən də istifadənin yararlı olduğunu iddia etməklə, siyasət hiyləgərliyinin və məxfiliyinin "məqsəd, vasitələrə haqq qazandırır" sözləri ilə ifadə edilən və sonralar məkr rəmzi kimi qəbul edilən makiavellizmin əsasını qoymuşdur. Müəllifin "Florensiyanın tarixi" kitabı Orta Əsr şəhər-dövlətinin tarixinə ekskurs etməkdə yaxşı yol göstərən olması ilə yanaşı, bir qüsuru ilə də seçilir. Florensiyaya pozğunluq, qanlı müharibələr bəxş etmiş, əxqsızlıqlar və əzablar gətirmiş hakim Borçia sülaləsi əsərdə məddahlıqla təsvir olunur, onlara xüsusi təzim və aludəlik kitabın canına hopmuşdur. Atası papa VI Aleksandr kimi neqativlik simvolu olan, qətllər təşkil edən Çezare Borcia etalon sayıla bilən hökmdar kimi təqdim olunur.
Coğrafiya, etnoqrafiya, səyahətlər haqqında kitablar o qədər çox və maraqlıdır ki, onları həvəslə oxumağı kütləvi oxucuya məsləhət görərdim. Belə səyahət kitabları yüngül yazıldığından maraqla oxunur. Bura Tur Heyerdalın "Kon - Tikidə səyahət", "Pasxi adası"ndan tutmuş Qonçarovun "Palladada səyahət", nəhayət, V.Ovçinnikovun "Palıdın kökləri" və "Sakura budaqları" kitabları daxildir. Teofil Qotyenin "Rusiya səyahəti"nin, Dümanın Rusiyaya səfərinə həsr edilmiş xatirələri maraqla oxunur. Dünya xalqlarının adət-ənənələri, mədəniyyətləri ilə tanışlığı 20 cildlik "Stranı i narodı mira" kitabları verir. Bu kitablar istənilən kitabxananın bəzəyinə çevrilə bilər. Nansenin, Amundsenin öz səyahətlərinə dair kitabları da maraqlıdır.
Heyvanlar aləmi daim insanı maraqlandırmışdır. Bu sahəyə həsr olunan kitablar da maraqla oxunur. Mən məşhur ingilis təbiətşünası Cerald Darrelin dünyanın heyvanlar aləminə həsr olunmuş kitablar seriyasını oxumağı təkid edərdim. Kanada tədqiqatçısı Farli Mouettin, xüsusən canavarlar haqqındakı "Qışqırmayın, canavarlar diksinər" kitabı da xüsusi marağa səbəb olur.
Oxucu qədim insanlardan qalmış yadigarlardan uzaqda dayana bilməz. Miflər, nağıllar bizi daim qısa müddətə də olsa, uşaqlıq dövrünə, uşaqlıq aləminə qaytarır. Qədim yunan əsatirləri olduqca təsirlidir, onları öyrənmək qədim yunan və Roma ədəbiyyatını da asanlıqla oxumaq üçün şərait yaradır. Ərəblərin böyük mədəni abidəsi "Min bir gecə nağılları"nın əsrarəngiz aləminə səyahət adama böyük ləzzət verir. Böyük nağıl ustası H.K.Andersenin sehrli aləmi olduqca maraqlıdır. Sent-Ekzyuperinin də sadəlövh və səmimi nağılları adamı heyran edir. Rablenin, Qrimm qardaşlarının əsərləri də nağıl xarakteri daşıyır. "Dünya xalqlarının mifləri"nin iki cildliyi və "Mifoloji söz toplusu" əsatirləri öyrənməkdə yaxşı vasitə rolunu oynayır.
Öz mütaliə təcrübəmdə bir vaxtlar dəbdə olan, bəzən hətta öyrənilməsi vacib sayılan marksizm klassiklərinin cild-cild kitablarını öyrənmək zərurəti ilə də üzləşməli olmuşdum, Moskvada təhsil alarkən dərs proqramına uyğun olaraq Karl Marksın "Kapital"ının I cildini, Friridrix Engelsin fəlsəfi kitablarını, V.İ.Leninin və G.V.Plexanovun iri əsərlərini təkcə oxunaq deyil, hətta konspektləşdirmək lazım gəldi.
Mən bir qədər Fransa maarifçilərinin, ensiklopedistlərinin insanlara bəxş etdiyi bir töhfədən - ensiklopediyadan söhbət açmaq istəyirəm. İlk dəfə fransız filosofları D'Alamber və Didro tərəfindən tərtib edilən bu 28 cildlik əsər 1751-ci ildən başlayaraq 21 il ərzində çıxmağa başladı. Kral XV Lui yeni baxışları əks etdirdiyinə görə əvvəlcə bu kitabı qadağan etdirmişdi. Lakin bu hərtərəfli elm və məlumat mənbəyinin böyük fayda verdiyinə əmin olduqdan sonra o, bu qadağanı ləğv etmək məcburiyyətində qaldı. Deyilənlərə görə, onun məşuqəsi madam de Pampadur da bu qadağanın götürülməsini xahiş edənlər sırasında olmuşdu. Bir qraf isə krala müraciət edərək demişdi ki, mənim bütün var-dövlətimi alın, ancaq mənə ensiklopediya kitablarımı qaytarın. Mən 30 cildlik Britaniya Ensiklopediyası və onun bəzi illik buraxılışları ilə tanışam. Rusiyada Brokqauz və Efronun, sovet dövründə isə əvvəlcə 50 cildlik, sonra isə 30 cildlik "Böyük Sovet Ensiklopediyası" buraxılmışdır. Sonuncunun elmi dəyərini azaltmamaqla, qeyd etmək lazımdır ki, burada siyasi və ideoloji məqsədlər aparıcı meyl olduğundan, bu, əsərin ümumi qiymətinə xeyli xələl gətirir.
Azərbaycan ensiklopediyası millətin həyatında ən böyük mədəni hadisə xarakteri daşımalı idi. Təəssüf ki, dünyanın digər inkişaf etmiş ölkələrinin bu sahədəki mədəni ənənələri və çox saydakı təcrübələri görünür lazımınca öyrənilməmişdi, dövrün və sovet ideologiyasının dar baxış bucağı altında bu kitabların tərtibi cəhətdən çiy əsasda nəşri başlanmışdı. Tarixin mühüm hadisələri və şəxsiyyətləri əvəzinə, kitabın hər cildinin səhifələrini saysız-hesabsız və zövqsüz qaydada səpələnmiş adi adamların və şübhəli ləyaqət sahiblərinin fotoşəkilləri bəzəmişdi. Ölkədə sayı yüzlərlə ölçülən Sosialist əməyi Qəhrəmanları adını daşıyan qabaqcıl fəhlə və kolxozçuların, həmçinin elmə elə bir töhfəsi olmayan bəzi elmlər doktorlarının tərcümeyi-halı və portretləri ensiklopediyaya layiq olan yazıların böyük əksəriyyətinin yerini tutmaqla, məhz onlar üçün nəzərdə tutulan məkanı zəbt etmiş, bu sığınacağa həqiqi hüququ olan sakinləri oradan uzaqlaşdırmışdılar. Bu əmək qəhrəmanlarının çoxu haqqında məlumatlar şişirdilmiş rəqəmlərdən başqa heç bir xidmət nişanəsi ilə əsaslandırılmırdı, üç vaxtla - doğum, ölüm və bu adı almaq vaxtları ilə xarakterizə olunurdu. əsasən, Stalin dövründə, XX əsrin ortası ərəfəsində rəqəmlərin manipulyasiyası yolu ilə bu ucuz "şöhrət" zirvəsinə qalxmış adamlar pambığın, yonca toxumunun və ya qoyunçuluğun dünyada görünməmiş uydurma məhsuldarlığına nail olduqlarına görə elə bil ki, öz xalqı və bəşəriyyət qarşısında "böyük xidmət" göstərmişlərə çevrilmişdilər. Onların arasında çox sayda kolxoz sədrləri də var idi. "Qızıl ulduza" yiyələnmiş raykom katibləri isə özlərini adamların taleyinə qənim kəsilən satraplar kimi aparırdılar. İtaət ətalətinin bəhrəsi kimi onlar hətta yeni yayılan primitiv folklorun qəhrəmanlarına çevrilirdilər. Fotoşəkilləri ilə Ensiklopediyanı "bəzəyənlər" respublikada yalnız qəhrəmanlardan ibarət heybətli bir legionun mövcud olması təsəvvürünü yaradırdı və xalqa onlarla öyünmək təlqin edilirdi. Onsuz da adamlara yaxşı məlum olan əxlaqi qüsur sahiblərinin, çünki həmin qəhrəmanlar içində belələri az deyildi, Ensiklopediya kimi müqəddəs ərazidə məskunlaşması təəssüf hissləri doğurmaya bilməz.
Belə ensiklopediya gələcək nəsillərə bizim milli iftixarlarımız, elmi və mədəni yüksəkliklərimiz haqqında obyektiv məlumat verə bilmədiyindən, onu yaradanları da daşıdıqları məsuliyyətdən azad etmir. Ensiklopediya, məxsus olduğu xalqa başucalığı aşılamalıdır, onun yazıları heç kəsə xəcalət təri gətirməməli, milləti natamamlıq kompleksi rəmzinə, onun mədəni və mənəvi mənliyinin qınağı mənbəyinə çevirməməlidir. Axı hər gün ensiklopediya yazılmır və onun tez-tez dəyişdirilməsi cəhdi isə milli zəka və şüurun zamanın hökmündən asılı olaraq yaşıl ot kimi əyilməsindən xəbər verir. Əgər ensiklopediya kimi tarix üçün, xalqın əzəməti naminə nəzərdə tutulan kitabın yaradılması çürük ideologiya qandalına qurban gedirsə, bəlkə də bunun əvəzinə, məqsəd baxışı belə həssas səhnə xalqın sonrakı nəsillərinin şüurunu zənginləşdirən məqalələrə verilsəydi, yəqin ki, bu, öz təyinatına uyğun gəlməklə yanaşı, iftixar hissləri yaradardı. Ancaq yaxşı məlumdur ki, anadangəlmə əlil doğulan uşaq heç vaxt valideynləri üçün həqiqi sevinc mənbəyinə çevrilmir.
İndi isə hamıya yaxşı məlum olan bədii ədəbiyyata keçək. Qədim yunan və Roma müəlliflərindən tutmuş müasir dövrədək dünya ədəbiyyatı çoxsaylı və çoxçeşidli incilərlə doludur. Qədim Roma ədəbiyyatından Avqust epoxasının üç poeziya nəhənginin - Horatsinin, Vergilinin, Ovidinin əsərlərini xüsusi qeyd etmək lazımdır. Vergilinin "Bukolika" və "Eneida"sı maraqla oxunur, Homeri də dərk etməkdə çox kömək edir. Ovidi Nazonun "Ars Amatoria"sı -"Məhəbbət elmi" əsəri insanın ən böyük tədqiqat obyektinə, iki cinsin arasındakı münasibətlərə və ehtiraslara həsr olunmuşdur. Yuvenalın, Apuleyin öz dövrlərini iti baxışlarla qamçılayan satiraları, yunan Ezopun Romadakı davamçısı Fedrin mükəmməl və öldürücü təmsilləri olduqca maraqla oxunur.
(Ardı var)