525.Az

Azərbaycan faunası: qorunmasına ciddi ehtiyac olan misilsiz sərvət


 

Azərbaycan faunası: qorunmasına ciddi ehtiyac olan misilsiz sərvət<b style="color:red"></b>

Azərbaycan ərazisinin təbii şəraiti müxtəlif olduğundan onun heyvanlar aləmi də çox rəngarəngdir. Burada mindən çox ali heyvan növü, yaşayır və Azərbaycan faunasında 14 min növ həşərat, 104 növ balıq, 11 növ suda-quruda yaşayan, 63 növ sürünən, 405 növ quş, 115 növ məməli qeydə alınıb. Heyvan növlərinin ölkə ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar çox məhdud, digərləri isə geniş ərazilərdə yayılıb. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara ölkənin bütün ərazisində rast gəlmək olar. Parazit ibtidailər, qurdlar qidalandıqları orqanizmlərin - sahiblərinin arealından asılı olaraq respublikanın bütün zonalarında qeyd edilir. Məməlilərdən ceyran düzənlik, yarımsəhra, kiçik təpəlikli dağətəyi ərazilərdə, Dağıstan turu Böyük Qafqaz dağlarının cənub və şimali-şərq yamaclarında və yüksək dağlıq ərazilərdə məskunlaşıblar. Quşların bir çox növü meşələrdə, dağlıq və düzənlik ərazilərdə, digərləri su hövzələrində, zərərverici cücülər müxtəlif aqrosenozlarda, ölkə faunasına daxil olan başqa növlər tarixən uyğunlaşdıqları müxtəlif ekosistemlərdə yayılıb.

Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyir ki, Azərbaycan dövləti nəsli tükənmək həddinə çatmış növlərin xilası üçün müxtəlif tədbirlər görür. Bunlardan ən əsası xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasıdır. XXI əsrdə ölkəmizdəki həmin ərazilərin ümumi sahəsi 2 dəfə genişlənib.

Onun sözlərinə görə, Azərbaycanın mərkəzi düzənlik və dağətəyi bölgələrində tarixən ceyranlar geniş yayılmışdılar. XX əsrin əvvəlində motorlu texnika çıxandan sonra ovçular onları maşınlarla qovaraq ovlamağa başladılar. Tez bir zamanda az qala nəslini kəsməyə nail oldular. 1960-cı ildə zooloqlar tərəfindən aparılan sayılma prosesi bu növün ölkədə cəmi 200 baş qaldığını göstərdi. Təcili atılan addımlar sayəsində Bəndovan yasaqlığı, Şirvan qoruğu yaradıldı və növ burada bərpa olmağa başladı. Lakin Azərbaycanın bir çox ərazilərində ceyranın tarixi arealı çərçivəsində bu növə hələ də rast gəlinmir. Məsələn, Ceyrançöl kimi böyük ərazidə ceyranın adı qalıb, özü isə yoxdur. Ona görə növün tarixi arealını bərpa etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, WWF və IDEA İctimai Birliyi tərəfindən uğurlu reintroduksiya layihəsi aparılır: "Bu vaxtacan 350 başa yaxın ceyran Şirvan Milli Parkından tutularaq respublikanın digər ərazilərinə köçürülüb. Yeni ərazilərdə ceyranlar artaraq dayanıqlı populyasiyalar əmələ gətirib. ETSN, WWF və IDEA İB tərəfindən həyata keçirilən digər uğurlu layihə meşə kəllərinin (zubrların) reintroduksiya yolu ilə bərpasıdır. Həmin heyvanlar ərazimizdə çox qədim zamanlarda yaşayıblar. Sonuncu Qafqaz zubru təbiətdə 1927-ci ildə ovlanıb. 2018-ci ildən başlayaraq ölkəmizə 35 başa qədər zubr gətirilib. Onların təbii artımını da nəzərə alsaq, artıq 50 baş heyvan layihə ərazisində yaşamaqdadır. Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində volyer şəraitində yaşayan zubrların yarısı vəhşi təbiətə buraxılıb. Daha sonra Qafqaz nəcib maralı, köpgər, bezoar keçisi, Şərqi Qafqaz turu və s. növlərin də reintroduksiya yolu ilə tarixi arealının bərpası sahəsində işlərə başlanılıb".

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova bildirib ki, daim mühafizəyə ehtiyacı olan heyvanlardan biri də amfibilərdir. Həmin heyvanlar elmi və tədris, tibbi və bioloji təcrübələrin aparılmasında laboratoriya heyvanı kimi geniş istifadə olunur. Hər il dünyada təcrübə məqsədilə iri tədris və elmi laboratoriyalarda minlərlə qurbağa yarılır. Həmin heyvanlar biosenozda maddələr dövranında iştirak edir və qida zəncirində mühüm yer tuturlar. Onlar, həmçinin meşə, bağ və bostanların təbii sanitarları hesab edilirlər. Bütün bu faydalarına baxmayaraq, insanlarda amfibilərə qarşı formalaşmış mənfi münasibət var. İnsanlar amfibiləri ziyanlı və zərərli hesab edərək onlardan qorxur və ya görkəmlərindən çəkinirlər. Ona görə də əksər insanların amfibilərlə qarşılaşdıqları zaman ilk düşündükləri və etdikləri hərəkət onları məhv etmək olur. Bütün bunlara səbəb insanlarda amfibilər haqqında məlumatların azlığıdır. Ona görə də amfibilərin tədqiqi ilə yanaşı, qarşıya qoyulan məqsədlərimizdən biri də insanları qurbağalar haqqında məlumatlandırmaq və maarifləndirmə tədbirləri həyata keçirməkdir. Keçirilən belə maarifləndirmə tədbirlərindən sonra amfibilərə qarşı münasibətdə müsbətə doğru dəyişikliklər müşahidə edilir.

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğalılar laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, Azərbaycanda 241 fauna və 460 flora növü təhlükə altındadır. Yeni nəşr olunan "Qırmızı kitab"a ölkə ərazisində yaşayan 89 növ onurğasız heyvan, 11 növ balıq, 6 növ amfibi, 18 növ sürünənlər, 78 növ quşlar və 39 növ məməli heyvanlar daxil edilib. Biologiya və ekologiyada nəsli kəsilmək bir növün və ya cinsin yox olması, biosferin kiçilməsi deməkdir.

Azərbaycanın təbiəti müxtəlif landşaft xüsusiyyətlərinə malikdir. Bu səbəbdən ölkənin faunası olduqca zəngindir. Heyvanların müasir taksonomik təyinatlarına görə, Azərbaycanda 798 növ və yarım növ mövcuddur. Onların müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi, populyasiyalarının say və sıxlığı, mövcud təhlükələrlə bağlı problemlər, yaşayış yerlərinin keyfiyyəti, yayıldığı arealın sahəsi vacib götürülərək elmi dərəcədə araşdırılır və qorunma statusu təyin olunur: "Say və sıxlıqda azalmağa doğru gedən dinamika müşahidə edilən heyvanlar təhlükə həddinə yaxın statusda hesab olunur. Həssas növ statusuna isə son 10 il ərzində yaşayış yerlərinin 30 faizə qədəri azalanlar daxildir. Həmin sahə insanların məskunlaşması, çirklənmə və digər səbəblərdən azala bilər. Digər əsas kriteriya növün sayca azalmasıdır. Son 10 ildə növün sayı 30-40 faiz azalıbsa, həmin heyvanlar da həssas növə daxil edilir. Bu növlər üçün xüsusi mühafizə tədbirləri görülür. Daha ciddi status təhlükə həddində olan növdür. Yaşadığı areal son 10 ildə 50-80 faiz, populyasiyalarının sayı 50 faizdən çox azalan heyvan növləri artıq təhlükə həddində hesab olunur. Əgər araşdırmalar nəticəsində kəmiyyət göstərici tam dəqiqdirsə, təhlükə həddində olan növ kimi daha ciddi qorunma statusu əldə edir və Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilir. Ən ciddi vəziyyət isə böhranlı növdür. Həmin növün yaşadığı bölgə, say və sıxlıq 90 faiz azalmağa məruz qalır, ən ciddi qorunma statusu əldə edir. Hər on ildən bir Azərbaycan faunası yenidən araşdırılır və nəsli kəsilmə təhlükəsi ilə üz-üzə olan növlər Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil edilir. "Qırmızı kitab"a daxil edilən növlər dövlət tərəfindən olduqca ciddi qorunur. Onları ovlamaq, yaşadıqları bölgəyə müdaxilə etmək qadağandır. Həmin şəxslər dövlət tərəfindən təyin olunan müvafiq cərimələri ilə cəzalandırılır. Bu, həmin heyvan növünün qorunması üçün ilk tədbirdir. Növbəti tədbir növlərin ekoloji vəziyyətinin bərpası prosesidir. Ölkəmizdə bu sahədə bir çox layihələr həyata keçirilir. 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reallaşdırılan reintroduksiya layihələrini buna nümunə göstərmək olar".

Onun dediyinə görə, hazırda işğaldan azad olunan Qarabağda erməni vandalizmi səbəbindən bölgənin faunasına ciddi zərər dəyib. Gələcəkdə aparılacaq tədqiqatlar vasitəsilə bölgədə sıradan çıxmış populyasiyaları aşkar etmək, daha sonra müəyyən edilən üsullar ilə heyvanat aləminin yenidən bərpası mümkündür. Həmin istiqamətdə müəyyən layihələr hazırlanıb həyata keçiriləcək: "İşğal dövründə Bəsitçay və Oxçuçayda yayılan balıq növlərinin qanunsuz ovlanması, çayların ermənilər tərəfindən çirkləndirilməsi nəticəsində balıq növlərinin sayında azalma müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həmin çaylara balıq növlərinin körpələri buraxılır və bioloji müxtəliflik təmin olunur. Qarabağda qorunmaya ehtiyacı olan ərazilərdə yeni qoruqların yaradılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya İnstitutunun mütəxəssisləri tərəfindən müzakirələr aparılır. Sovet dövründə ərazidə mövcud olan qoruqlar erməni vandalları tərəfindən pis vəziyyətə salınıb. Həmin qoruqların fəaliyyətinin bərpası istiqamətində tədbirlər nəzərdə tutulur".

Alim hesab edir ki, ölkənin fauna növlərini qorumaq üçün əhalinin məlumatlandırılması olduqca vacibdir. İctimaiyyətin növlərinin qorunmasında iştirakını təmin etmək məqsədilə onların həmin heyvanlar barədə ətraflı məlumata ehtiyac var: "Bəzən heyvan növünün tamamilə yox olub-olmadığı bilinmir. Nəsli kəsilmiş hesab edilən heyvanın hələ də sağ qalması sübuta yetirilə bilər. Bu, çox nadir rast gəlinən hadisədir. Belə fauna növlərindən biri də Soltanquşdur. Ətinə görə avropalılar tərəfindən çox ovlandığı üçün XVIII əsrdə nəslinin tükəndiyi düşünülürdü, lakin 200 il sonra Yeni Zelandiyanın Cənub adasında yerləşən Murchison dağlarında qayalıq bir bölgədə yaşadığı aşkarlandı. Bu quşların çəkisi 4 kiloqram, boyu isə 65 santimetrdir.  Yer üzərində təxminən 200 ədəd olduğu təxmin edilir. Qeyd edək ki, Soltanquş 2018-ci ildə Azərbaycanın Abşeron bölgəsində yaşayan sakinin həyətinə düşüb. Ev şəraitində yaşaya bilmədiyi üçün daha sonra Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq təbiət ərazilərinə buraxılıb. Bu vəziyyətdə, həmin növlər Lazarus taksonu adlanan nəsli kəsildiyi düşünülən, lakin sonra yenidən aşkar edilən heyvanların qeyd olunduğu siyahıya düşür. Nəsli kəsilməkdə olduğu üçün risk altında olan bəzi heyvan növləri Beynəlxalq Təbiəti Mühafizə Birliyinin iki ildən bir qırmızı siyahısına daxil edilir. Bir növün qırmızı siyahıda olması üçün Yer kürəsində 50-dən az yetkin fərd qalmalıdır. Başqa bir kateqoriya isə həssas növlərdir.  Bunun üçün əsas meyar növün yetkin populyasiyasının 1000-dən az olmasıdır".

Sevinc  QARAYEVA

 

 





11.10.2023    çap et  çap et