525.Az

Paşinyan sülhlə manipulyasiya edir


 

Paşinyan sülhlə manipulyasiya edir<b style="color:red"></b>

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Azərbaycanla sülh sazişinin imzalanmasından danışıb. O, yerli mediaya müsahibəsində bildirib ki, Bakı və İrəvan Brüsseldə görüşə ilkin razılıq verib. Əgər bu iki ölkə orada bir-birinin ərazi bütövlüyünü tanımaq haqda sənəd imzalasa və qalan məsələlər üzrə razılaşsa, yaxın üç ayda sülh müqaviləsinin imzalanması 70 faiz mümkündür. Məlumdur ki, Ermənistan hökumətinin başçısı və digər rəsmilər bundan əvvəl də Bakı ilə sülh sazişi imzalamağa hazır olduqlarını bildiriblər. Amma sülh istiqamətində əməli addımlar atılmayıb, real nəticəyə yaxınlaşanda isə Fransa kimi havadarlarının dəstəyi ilə müxtəlif bəhanələr gətirərək prosesi pozub, eyni zamanda üçtərəfli bəyanatın müddəlarını yerinə yetirməkdən imtina edib. Elə qeyd edilən müsahibədə də Paşinyan bir tərəfdən sülhdən danışır, digər tərəfdən Azərbaycana qarşı heç bir əsası olmayan fikirlər səsləndirir, şərtlər irəli sürür. Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğal altındadır. Amma Paşinyan guya Azərbaycanın hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi barədə yalanlar uydurur. Eyni zamanda Azərbaycanın guya Avropa Siyasi İcmasının Qranada görüşündə iştirakdan imtina etməsinin səbəbinin sülhə mane olması kimi qələmə verməyə çalışır. Həmçinin, mövcud olmayan 1975-ci il xəritəsinə istinad etməklə, siyasi manipulyasiyalardan, yalan və saxtakarlıqlardan əl çəkmədiyini nümayiş etdirir. Məhz Ermənistanın pozucu mövqeyi səbəbindən proses uzanır və sülh sazişi imzalamaq mümkün olmur. Yada salaq ki, danışıqların aparıldığı Brüssel formatı səmərəli hesab edilsə də, İrəvan və Parisin pozuculuq fəaliyyətinə görə bir müddət idi ki, bu platformada müzakirələr dayandırılmışdı. Belə ki, 2022-ci il oktyabrın 6-da Azərbaycan və Ermənistan liderlərinin Praqada Avropa Şurası İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşündə iştirak edən Fransa prezidenti Emmanuel Makron prosesi pozmaq istiqamətində cəhdlər göstərdi, öz pis niyyətinə nail olmadıqda isə görüşdən sonra ölkəmiz əleyhinə iftira dolu bəyanatlar səsləndirdi. Onun davranışları niyyətinin sülh olmadığını ortaya qoydu. Paris bölgədə yeni müharibə vəziyyəti yaratmaq üçün Ermənistanı silahlandırmağa da əl atdı.

Bakının öz ərazisində həyata keçirdiyi bir günlük antiterror tədbirlərindən sonra Fransanın ölkəmiz əleyhinə təbliğatı daha da gücləndi. BMT Təhlükəsizlik  Şurasına, Avropa Parlamentinə ölkəmiz əleyhinə qətnamələr təqdim etdi. Bakının Qranada görüşündən imtinasının səbəbkarı da məhz Fransa oldu. Azərbaycanın Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə oktyabrın sonunda Brüsseldə Ermənistanla danışıqların yeni mərhələsinə razılıq verməsi onun sülh danışıqlarının davam etməsində maraqlı olduğunu nümayiş etdirir. Baxmayaraq ki, Avropa Parlamenti bir neçə gün əvvəl ölkəmiz əleyhinə qərəzli qətnamə qəbuul etdi, Aİ rəsmiləri heç bir əsası olmayan mənfi bəyanatlar səsləndirirlər, Bakı görüşdə iştirakla bağlı müsbət yanaşma ortaya qoymaqla, regionda əmin-amanlığın, dinc qonşuluğun tərəfdarı olduğunu bir daha göstərdi. Rəsmi açıqlamada qeyd edildi ki, Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır. Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar verib. Azərbaycan tərəfi eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir.

Onu da vurğulayaq ki, Paşinyan "3+3" formatı ilə bağlı da danışıb və regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazır olduqlarını vurğulayıb. "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir. Bu format Azərbaycan, Türkiyə, Rusiya və İran tərəfindən dəstəklənsə də, Gürcüstan ərazi bütövlüyünün Rusiya tərəfindən pozulduğu üçün burada iştirakdan imtina edib. 2021-ci ilin dekabrında Moskvada Gürcüstanın iştirakı olmadan "3+2" formatında XİN başçılarının görüşü baş tutub. Ekspertlər "3+3" formatını əhəmiyyətli təşəbbüs hesab etsələr də, onun həyata keçirilməsində bir sıra problemlərin olduğunu da vurğulayırlar. Paşinyan sözdə bu formata dəstəyini bildirsə də, məlumdur ki, Fransa və Qərbdəki digər havadarları onun bu regional təşəbbüsdə iştirakına qarşı çıxacaqlar. Çünki məqsəd İrəvan vasitəsilə regional əməkdaşlığa mane olmaq, eyni zamanda bölgəyə təsir imkanlarına malik olmaqdır. İkincisi, Gürcüstan da ərazisi Rusiyanın işğalı altında olduğu üçün ilk gündən bu təşəbbüsdən imtina edib. Amma Tbilisi Bakı və İrəvan arasında sülh danışıqlarının aparılması üçün öz vasitəçiliyini təqdim edib. Sülhə nail olmaq üçün müxtəlif platformalar mövcuddur. Qalır İrəvanın pozucu mövqedən, manipulyasiya etməkdən əl çəkib, sülhə doğru addım atması. Ermənistan Gürcüstanın bu təklifə cavab verməyib və ekspertlərə görə, İrəvan buna müsbət yanaşmır. Çünki adı müstəqil dövlət olsa da, qərarlarını özü müstəqil şəkildə vermir. İrəvandan fərqli olaraq Bakı bütün təkliflərə açıq olduğunu bəyan edib. İstənilən halda, sözdə sülh deyən Paşinyan əməldə müxtəlif bəhanələr irəli sürərək prosesi yubatmaq imkanlarını artıq itirdiyinin fərqindədir. Ona görə də oktyabrın sonunda Brüsseldə baş tutacaq növbəti üçtərəfli danışıqlarda Ermənistan lideri hansısa şərtlər irəli sürməkdən əl çəkib, sülh sazişinin imzalanması istiqamətində konkret mövqe ortaya qoymalıdır. Bunu edib-etməyəcəyini isə yaxın zaman göstərəcək.

 

 





12.10.2023    çap et  çap et