525.Az

"Evimizə gedirəm, evimiz  Şuşadadır" - Vaqif Yusifli yazır


 

"Evimizə gedirəm, evimiz  Şuşadadır" - <b style="color:red"> Vaqif Yusifli yazır</b>

"Elçin İsgəndərzadə Şuşada anadan olub və qarabağlıdır. Danışığında, rəftarında, yerişində-duruşunda bir şuşalı ağayanalığı var. Şeirlərində də o, şuşalıdır. Yana-yana Şuşanı yad edir. Amma Şuşa, Qarabağ onun şeirlərində yaşayır, Xanın, Qədirin, Arifin səsiylə, İsa bulağının zümzüməsiylə, Şuşa qayalarının sərtliyilə. Şuşanı, Ağdamı, İsa bulağını, Cıdır düzünü onun şeirlərində bir daha sevdim, bağrıma basdım. Həmkarım, dostum Nizami Cəfərov doğru buyurur: "Elçin bugünkü poeziyamızın Qarabağ şikəstəsidir". Bu cümlələr "Bu, Elçin İsgəndərzadədir" adlı portret-monoqrafiyamın girişindəndir. 2015-ci ildə çap olunub.

Otuz illik Şuşa-Qarabağ həsrəti ilə qovrulan və otuz ildən sonra bu həsrətə son qoyub Şuşaya qayıdan şair Elçin İsgəndərzadənin son iki ildə yazdığı şeirlər məndə elə bir hiss-həyəcan oyatdı ki...

Bizim poeziyada ayrılığın, həsrətin qəmli hekayətləri zaman-zaman şairlərin şeirlərində səslənib. Hətta o qədər çox səslənib ki, bir-birinə oxşar və bir-birinə təbdil nümunələri  həddini də keçib. Amma o şeirlərdən bütün əsrlər boyu yaddaşlarda yaşayanları da az deyil.

Poeziyamızda ayrılığın, həsrətin Şuşa-Qarabağ körpüsü vardı. O körpünü keçib bu həsrətə son qoymaq vaxtı yetişdi - 44 gün kifayət elədi ki, bütün ayrılıqlar, həsrətlər  sona yetdi. Əlbəttə, poeziya susmurdu, içində ara-sıra pessimizm halları göyərsə də, digər tərəfdən  qələbəyə ümid şölələri də saçmaqdaydı. İkimininci illərin əvvəllərində mən Şuşa həsrəti ilə yaşayan - öncə adını çəkdiyim bir şairin - Elçin İsgəndərzadənin bir şeirini oxumuşdum:

 

Yolum o yurd səmtinədi,

Düşün izimə-izimə.

Ya qələbə, ya da ölüm

Qoşul sözümə-sözümə.

 

Qaldır döyüş bayrağını,

Hayqır zəfər sorağını,

Ölsəm, Şuşa torpağını

Səpin gözümə-gözümə.

 

Elçin İsgəndərzadə Şuşa həsrətiylə  şeirlər yazdı, həm də Qələbəyə səslədi yurddaşlarını.

Bu gün poeziyamızda qələbədən doğan nikbin əhval-ruhiyyə yaşamaqdadır. Xüsusilə, Şuşa canlı bir obraz kimi şeirimizin baş qəhrəmanına çevrilməkdədir. Elçin İsgəndərzadənin son iki ildə yazdığı şeirlər bu obrazı bizim Şuşa sevgimizə poeziya sevgisi kimi daxil etməkdədir. Elçinin Şuşa sevgisi onun bu vaxta qədər yazdığı şeirlərinin ən mükəmməl versiyalarıdır desəm, yanılmaram. Sevginin şəxsi həyatda da, ictimai həyatda da poeziyada da dəyişilməyən bir funksiyası var - HEYRƏT. Elçin Şuşaya sevgilərində də bu heyrət hissini itirmir. O, "Xarıbülbül" otelinin pəncərəsindən Şuşanı seyr edərkən bir anlıq nostalgiyaya qapılır: "Pəncərələr bir umudaydı, onda, hər mövsüm çiçəkləyirdi şüşələrdə nəm... Quşlar da sevda quşlarıydı, sanki pəncərələr də, küçələr də sevdaya açılırdı". Bakıda da Şuşa küləyi əsir, Şuşa yağışı yağırdı:

 

Bir qərib oğlan keçir o küləklərdən,

islanır o yağışlarda.

Bir qərib ümid cücərir

Vətən həsrətli baxışlarda.

Küləklər Şuşa küləyi,

yağışlar Şuşa yağışı.

Bir qərib oğlan

dumana qarışır, çənə qarışır.

Duman nə gözəldi, İlahi,

Külək nə gözəldi, İlahi,

yağış nə gözəldi -

oğlan nə qəribdi, İlahi!..

Elçin bu şeirdə uğurlu bir metafora ilə Şuşa küləyini, Şuşa yağışını obrazlaşdırır. Ümumiyyətlə, Elçinin şeirlərində işlətdiyi bədii təsvir vasitələri necə deyim: Şuşa küləyi kimi əsir, Şuşa yağışı kimi yağır. Bir misal: Ağdama həsr etdiyi: "Bir şəhərlik sükut"da "İndi bir şəhər susuram, bir uzaq şəhər... Xəyallarımda kor olmuş əllərim bir divar gəzir, üstü kömür yazılı,  təbaşir yazılı adımın baş hərfi o divarda unudub sevdalı olduğunu". Mən bu şeirlərdə Elçin İsgəndərzadənin Şuşa sevgisində fərdi hiss-həyəcanların bir ürəyin içindən keçib necə ümumiləşdirməyə çevrildiyinin şahidi oluram. Məncə, "Şuşam!" şeiri bu mənada təkcə Elçinin şeiri olmaqdan savayı, o illərdəki bütün Şuşa həsrətlilərinin  varacağı arzularıydı:

 

Ağac da boynu bükülüydü,

külək də qırıq-qırığıydı

bulud da çilik-çiliyiydi...

Ağacına qurban olum dedim,

buluduna qurban olum, dedim,

daş yoluna qurban olum, dedim...

O qədər qurban olum dedim ki,

gördüm anam da qurbandı,

gördüm balam da qurbandı...

Qurbanlarını qəbul elə, Şuşam!

 

Şuşanı Azərbaycanın "Zümrüd tacı" adlandırıblar (Q.Qasımzadə), Prezidentimizin qərarı ilə Şuşa rəsmi şəkildə milli-mənəvi varlığımızın paytaxtı elan edilib. Xatırladım ki, sovet dönəmində də Şuşa bütün  maddi-mənəvi gözəlliklərimizin mücəssiməsi kimi şeirlərimizdə, bəstələrimizdə, tablolarımızda əks olunub. Amma biz otuz ildəki Şuşamızı poeziyamızın unudulmaz  bir səhifəsinə çevirmək yolunda nələr etmişik? Elçin İsgəndərzadənin şeirləri bu mənada vaxtında yazılır. O, Şuşa bədii tarixinin səhifələrinə öz imzasını həkk etməkdədir. Onun Şuşa və Qarabağla yazacaqları çox şeirləri hələ irəlidədir, - deyirəm. İndi o, bir vaxtlar yaşadığı, indi isə şəhid olmuş evinin xarabalıqları önündə düşüncələrə dalır:

 

İndi ağrı bizim evin hekayətidir,

hərfləri qırıq

sətirləri sökük,

kərpicləri yerlə-yeksan olmuş.

Sevincim dağıntılar altında çoxdan toza dönmüş, -

çoxdan yoxa çıxmış və unudulmuş...

Evim yox,

nə ovcumun taleyində,

nə taleyimin ovcunda,

nə dünyanın o ucunda.

 

Elçinin "Ağdamda ilk şeir", "Bu şəhər hara gedib?", "Şuşanın qala divarlarından Malıbəyli kəndinə baxarkən", "Bir şəhərlik sükut", həmçinin "Şuşadakı evimizin uçuqlarına nöktürn" şeirləri də otuz illik Şuşa həsrətinin poetik bəlirləridir. Əlbəttə, bu şeirlərin içində rənglər ağ işığa bürünməyib, kədər doğuran rənglərə meyillidir. Amma o kədər doğuran hisslər təbiidir. Bu, təkcə sırf Elçin İsgəndərzadənin kədəri deyil, o illərin Şuşa həsrətlilərinin hamısının kədəridir. Amma elə düşünməyin ki, Elçin İsgəndərzadə öz poetik ovqatını ancaq bu kədərə kökləyib. Budur, Cıdır düzü... Azad olmuş Şuşanın  tarixi bir məkanı. Elçin "qollarını yana açıb ən gözəl uçuşunu yaşamaq istəyir". O Cıdır düzündə:

 

Bütün tərk edilmiş evlərin sevincini

yaşamaq istəyi var ruhumda,

canımda.

Bütün qaranlıq yolları

işıqla doldurmaq həvəsim var,

bütün qırıq yolları bir-birinə

bağlamağım gəlir,

yenidən, yenidən qollarımı

yana açıram,

uçuram, uçuram -

unutmamaq üçün,

xatırlamaq üçün,

yaşamaq üçün.

 

Elçin İsgəndərzadə mərhum deməyə dilim gəlmədiyi - onun yaxın dostu Akif Səmədə həsr etdiyi şeirində yazır ki:

 

Bu ayrılıq, bu həsrət

Şükür ki, başa çatır.

Evimizə gedirəm,

evimiz Şuşadadır.

 

Təkcə onun yox, hamımızın evi Şuşadadır və poeziyamız da bu azad Şuşaya doğru uçur.

Mən burada Elçin İsgəndərzadənin son iki ildəki şeirlərindən qısaca söz açdım. Onun "Azərbaycan" jurnalının yaxın saylarının birində dərc olunacaq şeirləri ilə də tanış oldum və Elçinin yaradıcılığının yeni, daha mükəmməl bir mərhələyə qədəm basdığının şahidi oldum.

BİR XATIRLATMA: Elçin İsgəndərzadə altmış yaşı ərəfəsindədir (gələn ilin sentyabrında), o, müasir poeziyamızın özünəməxsus üslubu ilə seçilən, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tanınan şairlərdəndir. Ona poeziyada ilk xeyir-duanı böyük şairimiz Məmməd Araz vermişdi.

Bu yazını türk dünyasının iki dünya şöhrətli yazıçısının Elçin İsgəndərzadə haqqında söylədikləri fikirlərlə tamamlayıram:

"Elçin İsgəndərzadənin poeziyasının  son illər dünyanın onlarla ölkəsində  yerli dillərə çevrilərək çap olunması ondan xəbər verir ki, Türk poeziyası  da artıq dünya poeziya okeanına  yelkən açmaqadır" (Çingiz Aytmatov).

"Azərbaycan ədəbiyyatının dünyada təbliğ olunmasında, türkdilli xalqların tanınmış yazıçılarının əsərlərinin və özlərinin Azərbaycan oxucularına tanıtdırılmasında Elçin İsgəndərzadənin misilsiz xidmətləri var" (Anar).

 





12.10.2023    çap et  çap et