525.Az

Uğurlu gələcəyin təməli: gəncliyi həyata düzgün hazırlamaq


 

Uğurlu gələcəyin təməli: gəncliyi həyata düzgün hazırlamaq<b style="color:red"></b>

Gənclik fiziki nöqteyi-nəzərdən yeniyetməliyin sona çatması, özünə xas olan yüksək fərdi keyfiyyətlərin və dünyagörüşünün formalaşması, müxtəlif seçimlər aparmaq və yetkinlik həyatına başlamaq çağıdır. Belə qəbul olunub ki, gənclik daim yeniliyə can atmaq, ixtiralar və kəşflər etmək, köhnəni təzə ilə əvəzləmək, zirvələr fəth etmək üçün ömürdə bir dəfə insana verilən əlverişli fürsətdir.

Böyük Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqani gəncliyi "əldəki qızıl" kimi qiymətləndirib, həmin qızılı torpağa salıb itirdikdən sonra, nə qədər axtarsa da, tapa bilməməsini dərin təəssüflə ifadə edib:

 

Gənclik bir qızıldır, ömrün əlindən,

Düşərək torpağa yox oldu birdən.

Tapmaq həvəsilə həmin qızılı

Torpağı yuyuram göz yaşımla mən.

 

Müddəti uzun olmasa da, gəncli çağının insan həyatında rolu və əhəmiyyəti çox böyükdür. Demək olar ki, insanın gələcək həyatının yaxşı və ya pis olmasının əsası gənclik dövründə qoyulur. Gərək həmin dövrü elə ağıllı, ayıq-sayıq keçirəsən ki, sonradan ötən illərin ardınca baxıb təəssüflənməyəsən. Atalar doğru deyiblər ki, özü yıxılan ağlamaz və sonrakı peşmançılıq fayda verməz.

Təvazökarlıqdan uzaq çıxsa da, qeyd etməliyəm ki, gənclik haqqında düşüncələrimi bir vaxt mən də nəzmə çəkərək, misralarla dilə gətirmişəm:

 

Sən arzular çeşməsi,

Ümidlər çırağısan.

Ömür adlı evimin,

Ən əziz qonağısan...

 

Coşqun yaşamaq eşqim,

Sevincim də səndədir.

Polad kimi əyilməz,

Sərt gücüm də səndədir.

 

Gedərkən elə get ki,

Ümidimi aparma.

Gənclik hərarətimi

Ürəyimdən qoparma,

Su təki ax, gəncliyim,

İrəli bax, gəncliyim.

Lakin insanın həyat fəaliyyətində təcrübənin az olduğu bir zamanda yaşanan gənclik bir-birini əvəzləyən sərt döngələri, tez-tez qarşılaşılan çətin, mürəkkəb, fırtınalı və gözlənilməz situasiyaları ilə insanı sınağa çəkir. Elə bil onu ciddi imtahan edərək səbrini, dözümünü, iradəsinin möhkəmliyini yoxlayır.

Bu sınaqdan uğurla çıxmaq insan həyatının sonrakı dövrünə müsbət təsir göstərir.

Beynəlxalq gənclər siyasəti çərçivəsində gənclik yaşına münasibət müxtəlifdir. Azərbaycanda mövcud qanunvericiliyə əsasən, gənclik çağı 29 yaşda başa çatır. Avropada gənclərin çoxluq təşkil etdiyi ölkələrdən biri də Azərbaycan hesab olunur. Ölkəmizdə əhalinin 9.5 faizə yaxını bu yaş qrupuna aid edilir.

Bir qayda olaraq, gənclik ölkənin iqtisadi və sosial inkişafının daha da çiçəklənməsində, ölkənin müdafiə qabiliyyətinin daha da yüksəlməsində fəal rol oynamağa qadir kontingent sayılır. Ailədə, məktəblərimizdə və cəmiyyətin digər sahələrində gənclərə Vətən məhəbbəti, doğma torpaq sevgisi, xalqa və dövlətçiliyimizə dərin hörmət yüksək bacarıq və peşəkarlıqla aşılanmalı, təsirli şəkildə təbliğ edilməlidir.

Azərbaycanın müasir gənclər siyasətinin müdrik banisi olan Ümummilli liderimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə gənclər siyasətini daim böyük sevgi və yüksək maraqla diqqət mərkəzində saxlayırdı. O, respublikaya rəhbərliyi vaxtında gənclərin fiziki və mənəvi sağlamlığına, təhsilinə, işlə təminatına, mənzil şəraitinin yaxşılaşdırilmasına və yeni qurulmuş gənc ailələrin maddi və mənəvi rifahına xüsusi diqqət yetirirdi. Ulu öndər çıxışlarının birində gənclər haqqında düşüncələrini belə ifadə etmişdi: "Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsilə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır".

Ümummilli liderin siyasi xəttinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də ölkəmizin iqtisadi-sosial və ordu quruculuğu sahələrində, bütün vacib məsələlərdə hər zaman gənclərlə bir yerdə olduğunu, onları inamla dəstəklədiyini dəfələrlə bəyan edib. Xalqın, o cümlədən, gənclərin böyük sevgisini qazanmış hörmətli Prezidentimiz gənclərin təhsilinə və əməyinə və digər sosial qayğılarına daha həssaslıqla yanaşmağı respublikanın nazirlikləri, idarə, müəssisə və təşkilatları üçün ümdə vəzifə kimi müəyyənləşdirib. Dövlətimizin başçısının: "Mənim gənclərə xüsusi münasibətim var. Mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - sözləri də bu fikrin parlaq isbatıdır. 

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2005-2009-cu illərdə "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illərdə "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı" kimi mühüm sənədlər təsdiq edilib və icrası uğurla təmin olunub.

Respublikamızda gənclərin rolundan söz düşəndə mütləq 2020-ci ildə 44 günlük Vətən müharibəsində onların göstərdikləri misilsiz qəhrəmanlıqlar yada düşür. İqtidar-xalq-ordu üçlüyünün dəmir yumruq kimi birləşməsi, xüsusilə gənc əsgər və zabitlərimizin böyük hünər, cəsarət və qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, 30 ilə yaxın davam edən işğala son qoyuldu. Bugünkü əmin-amanlığa və rahat nəfəs almağımıza, torpaqlarımızın müqəddəsliyinə xələl gətirən ünsülərin ərazimizdən çıxarılmasına görə biz gənclərimizin sonsuz fədakarlığına, əzmkarlığına da borcluyuq. Həmin müharibədə minlərlə gənc əsgər və zabitimiz Vətən torpağlarının işğaldan azad olması zamanı son nəfəsə qədər vuruşaraq qəhrəmancasına şəhid oldu.

Müasir dünyamızda elmin, təhsilin, mədəniyyətin, incəsənətin, səhiyyənin və başqa sahələrin elmi-texniki tərəqqi yolu ilə yüksək inkişafda olduğu bir zamanda gənclərin cəmiyyətdəki rolu ildən-ilə artır, onlar ictimai həyatda aparıcı qüvvəyə çevrilirlər.

Fəal gənclərimiz müxtəlif sahələrdə yüksək nəticələr əldə etmələrinə baxmayaraq, təəssüf ki, gəncliyin adına və nüfuzuna ləkə gətirən bəzi neqativ hallara da şahid olur və buna görə dərin məyusluq hissi keçiririk. Həmin gənclər milli əxlaqımıza, adət və ənənələrimizə, eləcə də davranış qaydalarımıza kökündən zidd olan hərəkətlərlə diqqət çəkməyə çalışırlar. Bu isə tamamilə yanlış və uğursuz yoldur.

Müasir cəmiyyətimizdə bəzi gənclərin pis vərdişlərə yaşıl işıq yandıran meylləri ailələrin bədbəxtliyinə, yeni qurulmuş ailələrin dağılmasına, müxtəlif faciələrə və cinayətkarlığın artmasına səbəb olur. Bu kimi hallar eyni zamanda ailənin, xüsusilə ata və ananın, məktəbdə müəllimlərin, cəmiyyətdə isə ziyalıların nüfuzuna ciddi xələl gətirir. Elə bu səbəbdən də yaşadığımız cəmiyyətin bütün sahələrində gənclərin pis vərdişlərə qurşanmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərə ehtiyac var. Biz hamılıqla gənclərimizi pis vərdişlərdən qorumağı bacarmalıyıq. Bunun üçün təbliğat işini düzgün qurmalı, daha da gücləndirməliyik. Bununla da ölkənin demoqrafik baxımdan qızıl fondunu təşkil edən gənclərimizi qoruya, eyni zamanda, gələcəyimizi təminat altına ala bilərik. Gənclik dövründə valideyn və müəllim nəzarətindən kənarda qalan bəzi düşüncəsiz gənclər ətrafındakılara da neqativ təsir göstərir, cəmiyyət həyatı üçün təhlükə törədirlər. Nəticədə, təbiətcə kövrək, həssas, hövsələsiz olan gənclər düz yoldan çıxır, mənlik şüurunu itirərək, tez bir zamanda ciddi və düzəldilməsi mümkün olmayan səhvlərə yol verirlər. Təcrübəsizlik üzündən düşdükləri tələdən isə bəzən ömürlərinin sonuna kimi çıxa bilmirlər. Odur ki, ailə, valideynlər bu cəhətdən gənclərə ciddi nəzrət etməli, münasibətlərini onları düzgün yola yönəldəcək şəkildə qurmalıdırlar. Bu cəhətdən Demokritin bir fikri çox yerinə düşür: "Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir". Nəsrəddin Tusi isə tərbiyə haqqında ən gözəl düşüncələrini belə izah edib: "Tərbiyənin birinci şərti budur ki, uşağı onun tərbiyəsini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafındakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusən də ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə. Pul vermək, şirnikləndirməklə yox".

Gənclərin layiqli övlad və nümunəvi vətəndaş kimi yetişməsində ailənin, məktəbin və ictimaiyyətin rolu böyükdür. Ancaq mütəxəssislərin fikrincə, bu işdə əsas ağırlıq valideynlərin üzərinə düşür. Ona görə də valideynlər sağlam, mədəni, ağıllı, yaxşını pisdən seçməyi bacaran, geniş dünyagörüşlü, vətənpərvər övladlar yetişdirmək istəyirlərsə, uşaqların təlim-tərbiyəsi ilə ciddi şəkildə, ən vacib vəzifə kimi məşğul olmalıdırlar. Ailə tərbiyəsi ümumi tərbiyənin təməlini təşkil edir.

 

 

 

 

 

 

 

 

 

 

 





12.10.2023    çap et  çap et