525.Az

"Tənqidə açıq insan özünü daha çox tanıyır"


 

PSİXOLOQ LİMUNƏT ƏMRAHLI: "ÖZÜNÜ TƏRBİYƏ EDƏ BİLƏN ADAMIN PSİXOLOQA EHTİYACI OLMUR"

"Tənqidə açıq insan özünü daha çox tanıyır"<b style="color:red"></b>

Əslində bu termin və elm sahəsi çox uzaqda qalan universitet illərindən mənə tanışdır. Çünki bir fənn kimi bizlərə tədris olunub və ondan imtahan da vermişik. Amma düzü, bu sahəsin bugünkü qədər aktual, ehtiyac duyulacaq vacib olacağını heç birimiz düşünməmişdik. Əslində etiraf etmək lazımdır ki, zamanın hər dövründə, lap elə bu günümüzün özündə də bu kəlməni hamı birmənalı qarşılamır. Ona görə ki, birinin bu sahənin mütəxəssisinə müraciət etməsi hələ də fikirləri qarışdırır. Çünki onları psixiatorla qarışdıranlar var. Bu gün söhbət açdığım sahənin mütəxəssislərinin adı isə psixoloqdur.

Bu gün psixoloqlar həyat tərzinin bir üzvünə çevrilib. Onların sayı kimi, fəaliyyət göstərən mərkəzlər də artır. Niyə? Bir müşahidəçi kimi bunu 1988-ci ildən bu yana ölkəmizin yaşadığı fəlakətlərə söykəndiyini düşünürəm. Həyəcan, stress dolu yaşayış, ondan dünyaya gələn yeni nəsildə özünü hansısa bir şəkildə büruzə verməli idi. Və bu fəsadların genetik olması da istisna deyil. Düzü, bu mövzu məni son vaxtlar çox maraqlandırdığından bir psixoloqla qabaq-qənşər oturub içimdəki sualları boşaltmaq istəyirdim. Xeyli maraqlandım, araşdırıb-axtardım və nəhayət ki, müsahibi axtarıb tapdım. Həmsöhbətimiz psixologiya üzrə fəlsəfə doktoru, dosent, "Psixoqamma" psixoloji xidmət mərkəzinin direktoru Limunət Əmrahlıdır.

 

- Hər işin bir başlanğıc nöqtəsi var...

- Kiçik yaşlarımdan fundamental elmlər mənə maraqlı olub, xüsusilə fəlsəfə. O zaman psixologiya haqqında söhbətlər az olurdu. Məhz "psixika" sözü diqqətimi çox cəlb etmişdi. O zaman ali məktəblər arasında yeganə pedaqogika-psixologiya şöbəsi yalnız indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində idi. Məhz bu şöbəyə görə təhsilimi həmin ali məktəbdə aldım və necə deyərlər, "psixika" sözünün cazibəsi hələ də davam etməkdədir.

- Psixologiya haqqında danışaq...

- İnsan fəaliyyət göstərir, ünsiyyət qurur, bir şəxsiyyət kimi formalaşır. Bütün bu proseslərin daxilində olan amilləri öyrənən elmdir psixologiya. Hüquqşünaslıq konkret olaraq nəticə ilə məşğuldur. Cinayət baş veribsə, hadisə törədilibsə, hüquqşünasa bunun nəticəsi lazımdır. Psixologiya isə bunun səbəblərini araşdırır. Nə baş verdi, hansı səbəbdən bu hadisə törədildi, insanı nə təhrik etdi ki, o, cinayətə əl atdı. Psixologiyanın predmeti psixikadır. Bura insan psixikasında gedən proseslər, qanunauyğunluqlar, psixi hallar, fərdi psixoloji xüsusiyyətlər və bir çox hallar daxildir. Psixika, şüur, şəxsiyyət, subyekt, davranış, xarakter, bir sözlə, çoxsaylı məsələlər bu sahənin qollarıdır. Psixologiyanın sahələri çoxdur. Başlanğıcdan bu yana psixologiyanın sahələri o qədər genişlənib ki, bu da bəşəriyyətin inkişafı deməkdir. Bu gün hüceyrənin psixologiyasını öyrənən kvavt psixologiyası var. Əslində bu elmin başlanğıcı 1879-cu ilə söykənir. Yəni bir əsr yarım yaşı olan psixoligiya elmi çox sürətlə inkişaf edə bilib, yeni sahələri yaranıb və davam da edir. Məsələn,  mənim elmlər doktoru işi üzrə mövzum "Təlim prosesində yeniyetmələrin koqnitiv fəaliyyətinin psixoloji əsasları" adlanır. Bu psixologiyanın tamamilə yeni bir sahəsi olaraq, kompüter elmləri, süni intellekt, kompüter metaforaları kimi mürəkkəb anlayışlarla məşğul olan bir sahədir.

- Artıq psixoloqa müraciət etmək vaxtıdır deyilən hallar...

- Normal bir insan öz münasibətlərini qaydaya salmaqda çətinlik çəkmək, gələcəyini planlaşdırmaq, peşə seçmək, kiminləsə ünsiyyətdə daha böyük uğurlara nail olmaq, əmək karyerası qurmaq, özünü dərketmək, tanımaq, kimliyinə bələd olmaq kimi problemlər yaşaya bilir. Təəssüf ki, cəmiyyətimizdə psixologiyaya, psixoloji xidmətə problemli insanların sahəsi kimi baxırlar. Amma bu, belə deyil. Götürək məktəblərimizi. Bu gün məktəblərdə normal uşaqlar təhsil alır. Lakin bu uşaqların hər birinin özünəməxsus çətinlikləri var. Bu o çətinliklərdir ki, şagirdləri daha doğru yolla, düzgün yanaşmaqla  asan yolla həll etmək olar. Özünün fərdi üslubuna bələd olmaq, özünün qarşılıqlı münasibətlərdəki  ünsiyyətlərin çətinliyini aradan qaldırmaq və digər halları şagird özü tənzimləyə bilər. Amma həmişə belə olmur axı. Əgər bu gün psixologiya elmi varsa, ondan istifadə üçün imkan yolları varsa, niyə də bundan yararlanmayaq? Bayaq qeyd etdiyim kimi, bu gün bu sahəni problemli insanlara daha çox aid edirlər. Bunun da səbəbləri var.

- Məsələn...

- Bir zamanlar dövlət televiziyasında "Ailələr və talelər" adlı veriliş vardı, geniş də tamaşaçı auditoriyası toplaya bilmişdi. Həmin verilişin daimi iki eksperti vardı - mərhum professor Ağabəy Sultanov psixiator kimi və mərhum professor Əbdül Əlizadə psixoloq qismində. Bu verilişə baxanda diqqət edirdim ki, verilən suallara Ağabəy Sultanov dərhal cavab verir. Əbdül müəllim çox sakit, təmkinli bir insan idi. Onunla görüşəndə soruşurdum ki, Əbdül müəllim psixoloji məsələyə niyə cavab verməkdə ləngiyirsiz?  Deyirdi ki, problemdə şikayətçi varsa, deməli, qarşı tərəf də var və əgər onlardan biri yoxdursa, münasibət bildirmək düzgün deyil. Psixologiya elminin üstünlüyü ondadır ki, biz problemi araşdıranda, hərtərəfli yanaşmalıyıq. Digər tərəfdən Azərbaycanda fəaliyyət göstərən psixoloji mərkəzlər öz reklamlarında bir məsələni önə çəkdilər. Autizmli, intellektual problemləri olan uşaqlar, onların sağaldılması kimi reklamlar çox sürətlə yayılmağa başladı və cəmiyyətdə də müəyyən qədər psixoloji mədəniyyət aşağı olduğundan, maarifləndirmə aparılmadığından belə bir təsəvvürün yaranmasına yol açıldı. Bu istiqamətdə çox çalışıram ki, bu yönümü, bu yanaşmanı dəyişək. Müəyyən qədər buna nail olmuşuq da. Ümumiyyətlə, cəmiyyətdə psixoloji mədəniyyətin yüksək olması, xəstəliklərin azlığı deməkdir.

- Psixoloq və biz...

- Deməzdim ki, psixoloq hamıya lazımdır. Elə insanlar var ki, özünü tanımaq, dərk etmək üçün çox mütaliə edir, maraq dairəsini genişləndirir. Bir məqamı vurğulayım - tənqidə açıq olan insanlar özünü daha çox tanıyır. Özünü təhlil və tərbiyə edə bilənlərin psixoloqa ehtiyacı olmur. Çünki eşitdikləri iradları, məsləhətləri, onlara göstərilən istiqamətləri belə, həmin insanlar ağrısız qəbul edir, onu özündə tərbiyə etməyi bacarır və bu, bir vərdişə çevrilir. Lakin bu kimi halları çox ağrılı qarşılayıb faciəyə çevirənlər də cəmiyyətdə kifayət qədər var. Bütün bunlar şəxsiyyətdaxili münaqişələrə səbəb olur. Belə münaqişələr müdafiə mexanizmi yaradır. Bu mexanizmlər isə insandan enerji alır, daima nəyisə ört-basdır etməklə məşğul olur. Və təbii ki, onların psixoloqa ehtiyacı yaranır.         

- O da var ki, psixoloqa uşaqlara görə daha çox müraciət edilir...

- Bunun müxtəlif səbəbləri var. Psixoloji sağlamlığın pozulması və psixoloji ləngimələr daha aktualdır. Burda həm genetik, həm körpənin ana bətnində olarkən ananın yaşadığı problemlər, valideynlərin  qanında olan mikrob, virus, süni doğuşların izləri, bir sözlə, müxtəlif səbəblərdən irəli gələ bilər. Uşağın ailədə üzləşdiyi münaqişələr, valideynlərin mütəmadi qarşıdurmaları və digər səbəblər onlarda həm beyindaxili, həm nevroloji problemlər yaradır. Artıq üç yaşına çatanda valideyn anlayır ki, uşağı digərlərindən fərqlidir. Uşaqda nəyəsə reaksiya, biganəlik, nitqində az-az da olsa sözlər, hecalar yoxdursa, valideyndə narahatlıq yaratmağa başlayır və ailə psixoloqa müraciət etməli olur. Hər bir yaşın özünün inkişaf səviyyəsi var. Son dövrlərdə autizmin daha çox artması böyük narahatlıqlar yaradır. Çox hallarda valideylər bu gün uşağında autizmin olub-olmadığını müəyyənləşdirmək üçün də bizə müraciət edir. Belə hallarda diaqnozu daha çox uşaq psixiatorları müəyyənləşdirir. Sağlam düşüncəli, ziyalı ailələr də var ki, psixologiyanın imkanlarına bələddirlər, uşaqlarını daha doğru, onların imkanlarına uyğun istiqamətdə inkişaf etməsini istəyirlər. Biz də bu işlərdə yardımımızı əsirgəmirik. Bir açıqlama da vermək istərdim. Bu gün məktəblərdə təhsil alan şagirdlərin böyük bir qisminin psixoloji yaşı, onun pasport yaşından aşağıdır. Ailəni əsas maraqlandıran nitq problemidir. Uşaq danışır, davranır, qidalanır bu, onlara kifayər edir. Amma uşağın məktəbə hazırlanmasında çoxsaylı məsələlər var. Buna valideynlər mütləq diqqət yetirməlidir.

- Azərbaycanda psixologiyaya yanaşma...

- Bu gün psixologiya Azərbaycanda ən aktual sahələrdən biri sayılır, çünki kifayət qədər çox reklam edilir. Təəssüf ki, bunlar psixoloq sırf nə iş görməlidir məsələsi üzərində qurulmur. Reklamda daha çox "Mən psixoloqam" yanaşması qabardılır. Bakalavr təhsili olan gənc bir psixoloq düşünür ki, şəxsiyyətin korreksiyası ilə məşğul ola bilər. Amma əslində belə deyil. Azərbaycanda bu sahəyə ciddi nəzarət olmadığına görə fəaliyyət göstərən psixoloji mərkəzlərinin demək olar ki, əksəriyyətində özbaşnalıqlar var. Mən xırdalıqlara varmaq istəmirəm.

- Anladım ki, vəziyyət sizi qane etmir...

- Xeyr, qətiyyən qane etmir, çünki bu gün psixoji mərkəzlər üçün oranı idarə edib-etməmək kimi bir maneə yoxdur. Belə mərkəzi açaraq onu idarə edən şəxsin ən azından lisenziyası olmalıdır. Bu mərkəzləri birmənalı şəkildə mütəxəssislər, peşəkarlar idarə etməlidir.

- Psixoloqun yüzdə yüz sağaltma ehtimalı...

- Hər hansı problemin belə bir ehtimalı ola bilməz. Lakin psixikası sağlam olan insanlarda bu, mümkündür. Problemi olan insanların narahatlığını müəyyən qədər həll etsək də, o problemin xarakterə keçməsi müşahidə olunur. Bu gün bütün dünya autizm problemi ilə mübarizə aparır. Onun tam sağalma ehtimalının az olmasına baxmayaraq, bu il dörd belə xəstə uşağı məktəbə yola sala bilmişik. Bu günə qədər onlardan bir narazılıq daxil olmayıb. Çox həyəcanla bunun nəticəsini  gözləyirəm. Elə problemlər var ki, biz onları müəyyən qədər aradan qaldıra bilirik, daha sonra  dəstək oluruq, mütəmadi məktəblə, müəllimlərlə əlaqə saxlayırıq və bu uşaqların probleminin bacardığımız qədər üzə çıxmamasına, onların məktəb həyatının davamlı olmasına çalışırıq.

- Sizlərə müraciət etməmək üçün resept...

- Ən əvvəl psixoloji biliklərə yiyələnmək lazımdır. Hansı situasiyada necə hərəkət edəndə, insan uğurlu nəticə əldə bilər sualının cavabını bilməlidir. İnsan özünü tanımalıdır, həyati məqsədləri düzgün qoymalıdır, şəxsiyyətdaxili münaqişələrin yaranmasına imkan verməməlidir, təbii olmağa çalışmalıdır. İnsanın həyatında baza enerji yükü var və bu yükü düzgün bölmək lazımdır. Psixoloji sağlamlığı qorumadan, fizioloji sağlamlığa nail olmaq mümkün deyil. Bir sözlə, insan özünü yaxşı nə varsa, ondan məhrum etməməlidir.

- İnsanlara sözünüz...

- Bu gün insanlar özlərini başqalarına bənzətməyə çox çalışırlar. Bunu etməsinlər, hərə öz-özünü yaratmağa üstünlük versin. Taleyin ona verdiyi psixoloji imkanlar çərçivəsində hər bir insanın potensialı, daxili resursları var. Bunları aşkara çıxararaq, öz mənini yaratsınlar. Bu, ən gözəl bir şeydir.

SÖZARDI: Müsahibədən sonra yolboyu elə hey düşündüm ki, psixoloqlar yəqin seçilmişlərdən olur, çünki müsahibimin səlis nitqində o qədər həzinlik, məlahət vardı ki, istər-istəməz özümdə daxili bir yüngüllük hiss etdim sanki. Onu da düşündüm ki, bu, yəqin psixoloqların qarşısındakına sirayətetmə məharətidir. Qoy, həmişə belə olsun.

Tamilla M-zadə

 

 

 

 

 

 





13.10.2023    çap et  çap et