525.Az

Güney Azərbaycanda ana dili məsələsinə bir baxış - Esmira Fuad III yazı


 

YAXUD ŞAİR HADİ QARAÇAYIN DİL VƏ ƏLİFBA MÜCADİLƏSİ

Güney Azərbaycanda ana dili məsələsinə bir baxış - <b style="color:red"> Esmira Fuad III yazı</b>

Güney Azərbaycan şairlərinin bir çoxunun şeirlərində sevgiyə, eşqə münasibət və dəyər bir ayrıcalıq qazanır. Onların bireydən, yəni fərddən - qızdan, qadından, yaxud oğlandan başlanan sevgiləri əsərin sonuna doğru böyüyərək Vətənləşir, Uluyurd kontekstində bütünləşir və ana torpağın uclarında sınırlanır. Hadi Qaraçayın da qoşuqlarında eyni mənzərənin şahidi oluruq. "İnsanların sayısınca sevgi sözünün ayrı-ayrı mənaları var. Mənim üçün, "Sevmək, tapdığını sandığımızda, tapmamış olduğumuz gerçəklikdir!" - fikrində olan şair üçün, əslində, şeirin özü elə sevgidir, ruhani eşqdən doğulan nəsnədir, qafiyəyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox, sözlərlə ifadə olunmuş ritm və ya ahəngdir. Hətta poeziya, şeir sözlərlə çəkilmiş tablo və ya sözlərlə ritmlənmiş musiqi kimi də xarakterizə edilə bilər. Yuxarıdakı şeiri oxuyarkən oxucu özünü həm də sanki tarix səhifələrinə köklənmiş əsrarəngiz musiqi nümunəsini dinləyirmiş kimi hiss edir. Qeyd etdik ki, Hadi Qaraçay hər şeydən öncə şairdir, yəni Qorqud Dədə demişkən, qoşuqçudur. Şairin fikrincə, şeir siyasi-ədəbi ictimaiyyətin ortaq nöqtələ-rindən biridir və dəyişdirmə gücünə malik olduğundan bütün toplumlarda özünə möhkəm yer tutub. Elə bunun üçün də qoşuqçular - şairlər həmişə diqqət altında tutulurlar. Hətta fikrinə dəstək olaraq dostlarımdan birinin gəldiyi: "Bir də görərsən ki, Şəhriyar balaca bir məcmuə verər, Güney Azərbaycanın ən Güney bölgəsindən tutmuş, Quzey Azərbaycanın ən quzey nöqtəsinə kimi bütün dillərin əzbəri olar, heç bir siyasi təşkilatın, heç bir siyasi partiyanın görə bilmədiyi işi görər..." - qənaətini xatırladır. Hadi uğraşdığı işin mahiyyətinə varmağı, daim axtarışlar aparmağı sevən qələm adamıdır. Müsahibələrinin birində şeirin - qoşuğun yaranma tarixini lap əski çağlara bağlayır və onun ilkin materialının söz olduğunu, sözünsə insanın dil bacarığı ilə birgə yarandığını vurğulayır. Söz varsa, qoşuq da var, - deyir: "Nazim dədə dünyalarca tanınmış usta bir qoşuqçudur. Biz də onun qoyub getdiyi başlıqları anlamağa çalışan öyrəncilərik. Nazim dədənin öz seçmələrinə yazdığı ön sözdə maraqlı bir fikir var: "Nədən yazırsansa, yaz. Bax haaa... Nədən yazırsansa yaz, təki sənin deyiləcək bir sözün olsun və bu sözü ən uyğun bir biçimdə deməyi bacarasan..."

H.Qaraçay Nazim Hikmətin "Nədən yazmaq, niyə yazmaq, necə yazmaq?" - hədəf, amac və sunum teorisinə də özəl baxış sərgiləyərək deyir: "Nədən yazmaq aşamasında hansısa sınır yoxdur, yəni Nazim Hikmət deyir ki, istəyirsən ideolojidən yaz - necə ki, özü yazır, siyasətdən yaz - necə ki, özü yazır, sevgidən yaz - necə ki, özü yazır, eşqdən, nifrətdən, nədən yazırsan yaz, qonu məsələsində heç bir sınır yoxdur". Nazim Hikmət deyir: "Ben asaletten anlamam. Şapka çıkarmam konuştuğun dile, düşmanıyım asaletin kelimelerde bile..." 

J.P.Sartr isə "Ədəbiyyat nədir" kitabında şeirin özəllikləri ilə bağlı yazır: "Şeirdə nədən yazmaqdan daha çox, necə yazmaq önəmlidir". Bu amacla yaradıcılıq yoluna çıxan Hadi Qaraçay Nazim Hikmətin "Təki sənin söyləyəcək bir sözün olsun!" teorisini önəmsəyərək necə yazmağın nədənlərindən bəhs edir. Fikrini əsaslandırmaq üçün iki şairin eyni mövzuda yazdığı iki ayrı-ayrı şeirindən - Səhəndin "Taleyimə sən bax", Hüseyn Süleymanoğlunun isə "Yasaq dillərin yasaq sözcükləri və mən" adlı şeirlərindən örnək gətirir: 

Yasaq bu dildə yazıram, yavrum,

Oxuya biləcəkmisən məni?

Ayrıca, yasaq bu dildə yazmaq

Qanla qan ovlamaq kimi

qıpqırmızı bir şeydir

Yasaq dildə

 yazmaq

Və torpağı, suyu, günəşi

Burasızlığa daşımaq kimi

bir dəliqanlılıqdır...

Sonra astaca etiraf edir ki, onların öz oxucularına deməyə sözləri vardı... Və əsas məsələ şeirin formasında olmasa da, mükəmməl forma yaratmağın özü də bir ustalıq sayılır. Bəzən ədəbiyyat, yaradıcılıq, yenilik bir çox sınırları sındırır, lakin bu, heç də o demək deyil ki, sındırılan hər bir şey yenilik üçündür. Bu sınırları aşıb keçən hər kəsin öz qabiliyyəti, bilgi və bacarığıdır. Hadi bu məsələyə münasibətdə də Nazim Hikmətin fikirlərinə söykək verir: "Bəzən şeiri örtən ay işığı, duman, tül, ima oyunları, yaxud qanadlı sözlər, şahə qalxan atın patosu... Daha sayımmı? Bütün bunlardan kaçınmak istiyorum..."

Nazim Hikmətin "Hər sənətkar ömrünün sonuna qədər arayacaqdır", yəni axtarışda olacaqdır, - teorisini özünün yaradıcılıq kredosuna çevirən Hadi Qaraçay şeirdən-şeirə yeni bir forma yaratmağa çalışır, deyəcəyi sözü olanda, ona uyğun biçimi, ona uyğun şəkli, formanı tapmağı bacarır. Bir sözlə, necə yazmaq qonusunda çox diqqətli, bir çox sınırları, tabuları sındırarkən yazarlara və özünə atılan daşlara dözümlü olmalı olduğunu anlayaraq qələmi əlinə götürür...

Hadinin hədəfi Azərbaycan türkcəsində gözəl şeirlər, əsərlər yazmağı üstlənən yeni nəsil gənc şairlər ordusunun yetişməsinə yardım etmək olub. O, artıq, bu amacına ulaşıb. Çünki Hadi və qələmdaşları ədəbiyyata gələn çağlarda gənc yazarlar barmaqla sayılacaq dərəcədə az idi. Amma bu gün Güneydə yeni nəsil yazarlar ordusu yaranıb və onlar dirəniş ədəbiyyatını formalaşdırırlar.

"Dədə Qorqud", "Divani-lüğətit Türk", "Oğuznamə"lər, "Orxon-Yenisey yazıları" kimi klassik ədəbiyyat örnəklərini sevə-sevə oxumağı, dünya ədəbiyyatına ana dilimizdə, Azərbaycan türkcəsində yazılmış bu əsərlərlə qatqıda bulunmağı dünya şeirinə Azərbaycan mədəniyyətinin vuracağı ulusal damğa saysa da, H.Qaraçay bu ümidlə gəncləri əprimiş qəliblərlə, ütülənmiş düşüncələrlə qorxutmadan, yollarında ürəkli getmələrinə yardımçı olmağı daha çox önəmsəyir... "Dədə Qorqud"dakı şeirlər sərbəst vəzndə yazılıb, bəs niyə deməliyik ki, yeni şeir cərəyanı Avropada yaranıb?" - sualına hər bir ədəbiyyat bilicisinin təsdiq cavabı da dünya səviyyəsində təsbit olunmalıdır...

Onun "Necə şair olmaq olar?" sualına cavabı da konkret və özünəxasdır: "Şair olmaq üçün çox oxumaq, çox yazmaq lazımdır". Əlbəttə, şeir öz imkan və potensialını işlənmə dairəsindən alır, bu dairə nə qədər böyük olsa, onun əhatəsi də həmin əhatə həddində olur. Bu mənada tənqid onun arxasınca gəlməyə, onun toxunduğu bütün nöqtələrə toxunmağa məcburdur və şeirin, poeziyanın gəlişmə və yetişmə imkanlarından asılıdır. O, şeirlə nəsr arasında formadan savayı, ciddi bir fərq də görmür... Hansısa hekayənin şeir kimi sevə-sevə oxuna biləcəyini söyləyir...

Hadinin şeirlərini oxuyanda insan özünü yaradıcılıq prosesində - toxunduğu, təsvir etdiyi hadisə və məkanın içində hiss edir, istədiyini, gözlədiyi sonucu ondan alır. Şeirlərindəki bu yeniləşmə onları gündəlik danışıq dili kimi işlənən, Güneydə hələ də ədəbi dil statusu qazana bilməyən Azərbaycan türkcəsində qələmə alması ilə mümkünləşir. O, Vətəndən uzaqlarda, qürbət diyarda məskunlaşsa da, Güneydə Azərbaycan türkcəsində yazmağın müşkülə çevrilməsinə seyrçi mövqedən yanaşmır, ana yurdun bu və digər dərdləri, problemləri ilə yaşayır. Onların çözülməsinə yardımçı ola bilmədiyinə görə çox vaxt ürəyi sıxılır, xalqının gələcək taleyinin nigarançılığını çəkir. Kim bilir, bəlkə onun poeziyaya bağlılığının bir nədəni də budur. Fikirlərini, düşündüklərini şeirin ecazkar dili ilə söyləməklə, təmiz və duru türkcədə yazmaqla sanki rahatlıq tapır, milli dərdlərin ağrılarının canından çıxarmağın bir vasitəsini bulur: "Qoşuqçu (şair) olmaq asan deyil, məncə, bu, yüzdəyüz özünü öldürmək, canını qumara qoymaq kimi bir şeydir, qarğa kimi çıgan-vığan etmələr, bütün quşlarla yoldaşlıq etmək, yuxudan durar-durmaz dilinin ucunda bir qarğa dimdiyi görmək, it, pişik, donuz olmaq, ümid paylaşmaq, ümidsizlikdə bütün gecəni yarasalara işıqdan danışmaq asan deyil. Asan deyil yalan danışmaq, gerçəyin ölümsüzlüyündə ölümə mahnı yazmaq, yaşamın adından özgürlüyü sevmək, səni sevmək, çayların axarını, dağların baxarını sevmək, dağ kimi dağ olanların, tutsaq tutulanların ozanı olmaq asan deyil. Asan deyil şair olmaq!.."

Doğrudan da, sanki bütün sözlərin deyildiyi, şeirlərin yazıldığı söylənilən çağdaş dövrdə şair olmaq və insanı varından yox edən şeirlər yazmaq asan deyil, əksinə, çox çətindir, amma çətin olduğu qədər də çəkici və gözəldir. Təbii, yalnız gözəlliyin ən uca zirvəsini fəth edən, "gül və güllə, öpüş və döyüş, Vətən" kimi məfhumlara dönüşən möcüzə şeir oxucu könlünün sarı siminə toxuna, ruhunu tərpədə bilir, onu düşünməyə vadar edir: 

 

Və qürbət susuzluqdur

Ruhun ögeyləşməsi, bibər qoxusudur.

Şirinliyi acılığında dadımsınan

Siqar tüstüsü kimi bir şey.

Göysündə umudun kəpək vurmasıdır

Və bağlı pəncərəyə baxan

Qısa baxışların qısraq qalması.

Qurumuş yarpaq boynu tək üzülmək,

Üzülmək, ölmək və dözmək,

səninçün hər şeyə dözmək.

Və şeir möcüzədir, dostum!..

 

Şairin ən etkili şeirlərindən biri də şəhid şəhərimiz Xocalıya həsr etdiyi "Qar altında doğum sancısı" şeiridir. Ən ağır silahlarla təmin olunmuş erməni qəsbkarlarının rus havadarlarının köməyi ilə Azərbaycan adlı qutsal yurda hücum edərək silahsız insanları qırğına verdiyi və Xocalı adlı şəhəri yer üzündən sildiyi o məşum gecədə yeni bir "Dərd şəhəri"nin doğuluşuna yazdığı "Qar altında doğum sancısı" şeiri də oxucunun könlünü, ürəyini dəlib düz beyninə millənir, təfəkkürünə sancılır.

Hadi Qaraçay "Sonsuzluq" adlı modern poemasında da milli mənsubluğunu önə çəkir, Azərbaycan tarixinə poetik baxış sərgiləyir. Əlbəttə, milli özünəqayıdışı, ənənəvilik və novatorluq prinsiplərini milli dünyagörüşün formalaşması prosesində tarixi bir zərurət olduğunu şeirlərində daim altını cızaraq gündəmə gətirən aydınımız "Sonsuzluq" poemasında bu məsələləri daha da qabarıqlaşdırır. Hadi Qaraçay bu əsərində Güney Azərbaycan türklərinin azad, boyunduruqsuz yaşadığı insanlıq çağını (!) xatırlayır. Bu insanlıq çağında dili dil, eli el, yurdu yurd olan, uca zirvədə qərar tutan Təbrizin də cilvəli vaxtlarını yada salır. O vaxtlarını ki, sazının hər telində yeni bir səs, kolunun hər gülündə başqa bir qoxu vardı... "İnsanın insanlıq hörməti imiş azadlıq!" qənaətini hayqıran vətəndaş şair "Sonsuzluq" poemasında bu kimi gözəlliklərin 1945-46-cı illərdə - Milli Hökumətin qurulduğu çağlarda bir daha yaşandığına işarə edir. "Sonsuzluq" poeması Vətənindən uzaqlarda yaşamağa məhkum edilən, Norveçin soyuq havasında üşüyən, doğma yurd-yuvasında öyrəşdiyi isti iqlim kimi istiqanlı Hadinin duyğularının izharı, özünüifadəsidir.

 

 

 

 

 

 

 





13.10.2023    çap et  çap et