525.Az

Ustad Şakir Yaqubovu xatırlayarkən - Elşən Əliyev yazır


 

Ustad Şakir Yaqubovu xatırlayarkən - <b style="color:red"> Elşən Əliyev yazır</b>

İndi bu qeydləri bir xoş xatirə kimi nəzərdən keçirirəm... 2021-ci ildə, 70 illik yubileyi münasibətilə yazmışdım və vaxtilə araya-ərsəyə gəlməsində müstəsna xidmətləri olan "Azərbaycan" qəzetində dərc olunmuşdu. Bundan sonra cəmi 1 il 8 ay 20 gün yaşadı. Milli mətbuatımızın fədakarlarından olan, çoxsaylı peşəkar jurnalistin özünə ustad saydığı Şakir Yaqubovun vəfatından artıq bir il ötür.

Uzun müddət xəstəliklə mübarizə aparsa da, tam sağalıb ayağa qalxmasına ümid az olsa da, Şakir müəllimdə həyat eşqi güclü idi. Bekarçılığı özünə yaraşdırmırdı... Halı yaxşı olanda kompüter qarşısında əyləşib, özünün dediyi kimi, "yaddaşının küncündə" qalanları yazıya köçürürdü.

Otağında televizor daim işlək idi. Baxdığı verilişlər, filmlər, idman yarışları barədə mütləq xüsusi rəyi olardı və yenə əhvalının yaxşı vaxtında mütləq telefonda söhbətləşdiyi dostları ilə bölüşərdi. Jurnalistikaya aid heç nəyə biganə qalmırdı, qala bilmirdi... Çünki bu peşəyə canı-dildən bağlı idi. Öz nəslinin və özündən sonrakı nəslin peşəkar jurnalistlərinə xüsusi hörmət, ehtiram göstərirdi, yazılarında, söhbətlərində bunu mütləq hiss etdirirdi. Amma bu peşəyə təsadüfi gəlib çıxanlara, redaksiya tapşırıqlarını yarıtmayanlara qarşı da vaxtilə amansız olmuşdu və necə deyərlər, sözünü üzə deməkdən çəkinməmişdi.

Şakir müəllimi yaxından tanıyanlar, yaradıcılığına və insani keyfiyyətlərinə bələd olanlar bu gün onu ehtiramla xatırlayır, ruhuna rahatlıq diləyir, rəhmət deyirlər. Mənim qəlbimdə təkcə bir ustad kimi deyil, həm də əziz dost kimi xüsusi yeri olan unudulmaz şəxsiyyət haqqındakı yuxarıda xatırlatdığım "Ustadlıq missiyası" başlıqlı qeydlərimi qısa ixtisarla "525-ci qəzet"in oxucularına təqdim edirəm...

 

"Milli mətbuatımızın əsryarımlıq tarixinin son əlli ilində yaradıcılıq istedadı və peşəkarlıq xüsusiyyətləri ilə seçilən nümayəndələri arasında Şakir Yaqubovun özünəməxsus yeri var... Yaşlı nəsil üçün o, geniş ictimai əhəmiyyətli məsələləri dərindən araşdıran obyektiv və vicdanlı publisist, nisbətən cavanlar üçün isə idman jurnalistikasının canlı korifeyi, xüsusən, futbol mövzusunun kamil bilicisidir.

Şakir Hənifə oğlu Yaqubov 1951-ci il fevralın 25-də Astara rayonunun Balaca Şahağacı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Hazırda Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinin məzunudur. Jurnalist sənətkarlığı və ideoloji işin təşkili üzrə də xüsusi təhsil alıb. Almaniyada yerləşən sovet qoşunlarında zabit kimi xidmət edib. Mətbuata isə bütün bunlardan əvvəl, hələ məktəbli ikən gəlib: 13 yaşında yazdığı "Mən də Yuri kimi olacağam" başlıqlı məktub "Azərbaycan pioneri" (indiki "Savalan") qəzetində dərc edilib. Orta məktəbi jurnalist olmaq arzusu ilə bitirib. Lakin istəyini gerçəkləşdirə bilməyib, universitetdə arzuladığı fakültəyə qəbulun "müşkül iş" olduğu barədə məşhur bir jurnalistdən eşitdikləri onu başqa bir ixtisasa sənəd verməyə vadar edib. Birinci cəhddə universitet tələbəsi ola bilməyib və yalnız "əla" qiymətlərdən ibarət səkkizillik şəhadətnaməsi ilə iqtisad yönümlü texnikuma üz tutub. Burada cəmi bir il oxuduqdan sonra yenidən universitetə sənəd verib və qəbulu "müşkül" olmayan Kitabxanaçılıq fakültəsinin tələbəsi adını qazanıb. Fərqlənmə diplomu ilə bitirdiyi universitetdə təhsilinin elə birinci ilindən fəal jurnalist fəaliyyətinə başlayıb: o dövrün populyar mətbu nəşrləri - "Azərbaycan gəncləri", "Bakinski raboçi", "Molodyoj Azerbaydjana", "Bakı" - "Baku" qəzetləri ilə əməkdaşlıq edib. Sonra universitet qəzetinin müxbiri olub. Almaniyada ikiillik hərbi xidməti zamanı da jurnalistikadan ayrılmayıb, rusdilli ordu qəzetində müntəzəm yazıları dərc edilib...

Burada bir haşiyə çıxaraq qeyd edək ki, Şakir müəllimin Astarada oxuduğu orta məktəbdə tədris edilməyən rus dilini müstəqil öyrənməsi, bu dildə yazmaq və Azərbaycan dili ilə çarpaz tərcümə etmək qabiliyyətinə yiyələnməsi, üstəlik, hətta sonralar ingilis dilindən tərcümədə özünü sınaması onun fitri istedadı ilə yanaşı, həm də misilsiz çalışqanlığının göstəricisidir.       

Şakir Yaqubovun əsl jurnalistlik fəaliyyəti 1974-cü ildən başlanır. "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində işləyib, xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoradək ən müxtəlif vəzifələrdə çalışıb, uzun müddət Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru olub.   

Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, jurnalist və redaktor kimi Şakir Yaqubov öz prinsipləri və meyarları ilə seçilib, iş yoldaşlarının bu prinsiplərə hörmətlə yanaşmasına, onları qəbul etməsinə nail olub. Əslində, bu, normal iş və yaradıcılıq prinsipləridir: intizamlılıq, məsuliyyətlilik, dürüstlük, fəallıq, təşəbbüskarlıq və təbii ki, səlis, aydın yazmağı bacarmaq...

Bu məqamda tanınmış şair-publisist Vaqif Bəhmənlinin rəyinə istinad etmək olar: "Şakir müəllim hələ "Gənclər" qəzetində işlədiyi illərdən jurnalistika evinin ən sayılan, ən dəyərli adamlarından biri olub. Şəxsən mən Şakir müəllimi hər görəndə özümü yığışdırmışam, hər hansı bir yazımı yazmağa başlayanda düşünmüşəm ki, hansısa bir çiy cümlə, hansısa yerinə düşməyən bir söz ola bilər, ifadə ola bilər və Şakir müəllim bunu oxuyanda mənə irad tuta bilər, mənimçün bunu qüsur saya bilər. Şakir Yaqubovun tələbkarlığı, sözə ciddi münasibəti bizim hər birimiz - ondan sonra jurnalistikaya gələn nəsil üçün ciddi dərs olub, örnək olub, mən deyərdim ki, məktəb olub... Bizim musiqimizdə də, ədəbiyyatımızda da, inzibati işimizdə də, siyasətimizdə də - hərəsində bir Şakir Yaqubovumuz olsa, ordan narahat olmağa dəyməz..." Bu fikirlər özündə ustad jurnalistin xarakterini səciyyələndirən ən mühüm cizgiləri ehtiva edir.

Şakir Yaqubov əsas meyarları faktın dəqiqliyi, fikrin düzgünlüyü, sözün təsirliliyi olan klassik qəzetçiliyin görkəmli nümayəndəsidir. Qəzet redaksiyasında işin istər yaradıcılıq, istərsə də texniki baxımdan ən effektiv təşkilinin nəzəriyyəsini və təcrübəsini həmkarları və həmyaşıdları arasında onun qədər mükəmməl bilənlər az olub. Dövlət müstəqilliyinin bərpasından sonra fəaliyyətə başlayan "Həyat" qəzetinin ("Azərbaycan"ın sələfi) necə yarandığının və fəaliyyətə başladığının şahidləri bunu təsdiq edə bilərlər. Yeri gəlmişkən, Şakir Yaqubov haqqında "heç vaxt birinci olmayan birinci" ifadəsinin aydın bir gerçəyi ifadə etdiyini söyləmək vacibdir. Vəzifəsindən asılı olmayaraq, işlədiyi bütün redaksiyalarda onun fikri və rəyi, xüsusən yaradıcılıq məsələlərinə münasibətdə, hər zaman birinci nəzərə alınıb.

Yaradıcılıq demişkən, Şakir Yaqubov publisistikası milli mətbuatımızın öyrənilməyə, tədqiq olunmağa layiq örnəklərindən hesab edilə bilər. Onun indiyədək çap etdirdiyi "Mən şahidəm ki...", "Qətiyyətin təntənəsi", "Hakim mərkəzi göstərir", "Bizim səfər haçandı?!", "Banişevski olduğu kimi", "Taleyimdən keçənlər" kitablarında toplanmış publisistik nümunələr tarixi həqiqətləri, aktual ictimai-siyasi hadisələri, mənəviyyat məsələlərini, insan talelərini yüksək sənətkarlıqla əks etdirməklə yanaşı, həm də öz peşəsinə ciddiyyətlə yanaşan gənc jurnalist nəsli üçün yaxşı müntəxəbatdır, əla bələdçidir...

Özünün kitablarını nəşr etdirməklə yanaşı, Şakir müəllim "Vətən bizim şöhrətimiz...", "Bizim müasirimiz" və "On ikinci şeyxülislam" kitablarının da həmmüəllifi, məşhur islamşünas alim Q.E. fon Qrünebaumun "Klassik islam" monoqrafiyasının, Y.Boqatın "Onlar belə sevirdilər" (Ə.Ağalarov və E.Cabbarovla birgə) kitabının və dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov, Adil Qaçayoğlu və digər tanınmış publisistlərin kitablarının, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin redaktoru olub. Müxtəlif janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən, əxlaq mövzusunda "Sevirsə, qayıdacaq..." adlı oçerki IX siniflər üçün "Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat"a (Bakı, 1989-cu il) daxil edilib...

...Şakir Yaqubova həm sovet dövrün

də (1989-cu il), həm də müstəqillik dövründə (2005-ci il) eyni fəxri ad - "Əməkdar mədəniyyət işçisi" adı verilib. "Qızıl qələm", "Həsən bəy Zərdabi", Ali Media mükafatları laureatı, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatçısıdır. "Azərbaycan Respublikasının fəxri auditoru" adını almış ilk və yeganə peşəkar jurnalistdir.

...O, əsrarəngiz gözəllikləri ilə göz oxşayan Talış dağları ilə mavi Xəzərin arasında yerləşən bir kənddə dünyaya göz açsa da, yaşadığı ömürlə, yaratdığı əsərlərlə bütöv Azərbaycanın övladıdır. Qarabağda möhtəşəm Zəfərimizin xalqımızı sevindirdiyi vaxtlarda Şakir müəllimin səhhətində növbəti dəfə problem yaranmışdı. Sağlamlığı bərpa olunduqdan sonra ailə üzvləri ona həmin vaxt yarıhuşsuz vəziyyətdə söylədiklərini xatırladıblar: "Hikmət Şuşaya mənsiz gedib", - deyirmiş... Şakir müəllim indi inanır ki, cavan həmkarı və dostu şuşalı Hikmət Sabiroğlu, yəqin, belə vəfasızlığı özünə rəva bilməyəcək..."

...Təəssüf ki, tale həsrətlə gözlədiyi Şuşayla görüşü Şakir müəllimə qismət eləmədi. Amma vətənpərvər bir azərbaycanlı kimi yaşadığı ömür müddətini qalib xalqın, ölkənin vətəndaşı kimi başa çatdırmaq nəsibi oldu. Vəfalı həyat yoldaşı Elminaz xanımın, qızları Aynurun və Ayselin, nəvələri Mələk, Kamil, Ayxan və Məhəmmədin, qohumlarının və dostlarının təskinlik tapdıqları bir həqiqət var: Şakir Yaqubov ömrünü şərəflə, ləyaqətlə yaşadı, daim öyrənilə və öyrədə biləcək yaradıcılıq irsi yadigar qoyaraq işıqlı xatirəsi ilə bu dünyanı tərk etdi. Allah rəhmət eləsin.

 





14.10.2023    çap et  çap et