525.Az

Başdan-ayağa kino


 

III "KORKUT ATA" TÜRK DÜNYASI FİLM FESTİVALINDAN TƏƏSSÜRATLAR

Başdan-ayağa kino<b style="color:red"></b>

Bu həftənin ən yaddaqalan mədəniyyət hadisələrindən biri, hətta deyərdim, birincisi III "Korkut Ata" Türk Dünyası Film Festivalı oldu. Dörd gün davam edən festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilmişdi.

2021-ci ildən təşkil olunan festivalın ilki Türkiyənin İstanbul, ikincisi isə ötən il Bursa şəhərində keçirilmişdi. Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri, Tatarıstan, Saxa-Yakutiya, Dağıstan, Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan da 32 bədii, sənədli və animasiya filmi təqdim olundu. Filmlər oktyabrın 9-dan 11-dək Nizami Kino Mərkəzində nümayiş etdirildi.

Tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslərin də iştirak etdiyi tədbirdə, ümumilikdə, türk xalqlarının kinematoqrafçılarından ibarət 100 nəfərdən çox qonaq iştirak edirdi.

Açılış və bağlanış mərasimində yaşananlar, söylənən nitqlər və mükafatçılar haqqında maraqlansanız, bir çox xəbər saytında geniş məlumat tapa bilərsiniz. Ona görə də mən ümumi məlumat verib keçirəm digər bir məsələyə - festivalın ab-havasına.

Tədbirin spesifikasını nəzərə alaraq qeyd edim ki, burada tamam fərqli bir mühit vardı. Türkdilli xalqların nümayəndələri tədbirə xüsusi rəng qatırdı. Qonaqların bir çoxu ilə ünsiyyət zamanı qonaq olduqlarını unudur, tərcüməçiyə ehtiyac duymadan rahatlıqla danışmaq mümkün olurdu. Hətta içərilərində milli geyimlə gələnlər vardı ki, bu da ümumi mənzərənin fonunda çox maraqlı və estetik görünürdü.

Aktyorlar, aktrisalar, rejissorlar... - bir sözlə, sənət dünyasının fərdlərinin cəm olduğu bu məkan başdan-ayağa kino idi. Hamının bir-biri ilə danışmağa nəsə sözü vardı, elə bil. Ümumiyyətlə, festivalların ən ümdə vəzifələrindən biri sənət adamlarını bir araya gətirməkdir. Məncə, bu fikri təsdiqləmək üçün təkcə bu məqamı vurğulamaq kifayətdir.

Dünyada ilk film festivalı hesab olunan Venesiya Film Festivalı 1932-ci ildə İtaliyanın Venesiya şəhərində keçirilib. ABŞ, İngiltərə, Fransa, Almaniya və Rusiyadan bir çox rejissorun iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd Venesiyaya turist axınını təmin etmək olub. Deməli, ilk baxışdan əsas qayə kimi görünən film əslində, ikinci plandaymış. Sonralar festivalların kino sənayesinin inkişafında oynadığı rolu əsas götürərək Avropa və ABŞ-da kinofestivallar keçirilməyə başladı.

Bir sözlə, kino ilə ünsiyyətin məkanı kimi xarakterizə olunan festivallar həm də sənət adamlarının ünsiyyət vasitəsinə çevrildi. Ünsiyyət isə sənət, xüsusilə də elitar sənət üçün olduqca önəmli amildir. Kimi festivala yeni filmlərə baxmaq üçün gəlir, kimi də kolleqaları ilə bir ortamda olmaq üçün. Yeni iş birliklərinin yaranmasında da belə tədbirlər əvəzsizdir. Məsələn, bir rejissor dostumuz festivallara sırf filmlərinə aktyor və aktrisa seçməyə gedir. Bu məram üçün festivaldan əlverişli şərait?

Düzü, belə şərait təkcə aktyor, rejissorlar üçün yox, elə biz jurnalistlər üçün də yaxşı fürsətdir. Fürsətdən istifadə edərək sənətçilərin festivalla bağlı fikirlərini öyrənirəm, bəzilərindən isə növbəti günlər üçün müsahibə sözü alıram.

Xalq artisti Cahangir Novruzov: "Sevinirəm ki, Türk dünyasında belə böyük tədbirlər keçirilir. Artıq özümüzə dönürük. Çox təşəkkür edirəm ki, məni bura dəvət ediblər. Çox istərdim ki, açılış mərasimində də olum. Qismət beləymiş.

Bizləri bölmüşdülər, indi isə biz türklər bir-birimizlə qarışırıq, yoğruluruq. Hər şeydən əvvəl mədəniyyət gəlir. Teatr, kino, ədəbiyyat - bunlar çox önəmli şeylərdir. Bunlar başladısa, hər şeyə təsir edəcək. Turan heç də xəyal deyil".

Əməkdar artist Mələk Abbaszadə: "Həm açılış, həm bağlanış mərasimində iştirak etsəm də, filmləri seyr edə bilmədim. Düşünürəm ki, bu festival çox əhəmiyyətlidir. Bu, bir başlanğıcdır, gələcəkdə türk dünyası ilə bağlı daha böyük layihələrimizin olacağına inanıram. Burda olanların bir çoxu işinin peşəkarıdır. Bundan sonra ortaq olaraq çox gözəl layihələr etmək olar. Bu qədər peşəkar insanın Azərbaycana gəlməsi ümidvericidir. Böyük bir ümidlə irəliyə baxırıq. İnşallah, çox ciddi, peşəkar işlər gözləyir bizi. Bu il həmçinin teatr, kino kimi müxtəlif forumlar keçirildi. Ümumiyyətlə, ümidverici işlər görülür".

Əməkdar artist Hüsniyyə Mürvətova: "Həm seçimlər, həm də iştirakçılar gözəl idi. Çox sevindik ki, üçüncü festival məhz Azərbaycanda keçirildi. Biz burada peşəkar rejissorlar, aktyorlar tanıdıq. Təhminə Rafaellanın "Məryəm" filmindəki roluna görə ən yaxşı aktrisa nominasiyası üzrə qalib olması da kinomuz üçün sevindirici haldır. Bir daha qalibləri təbrik edirəm".

Xalq artisti Sabir Məmmədov: "Mən həm açılış, həm bağlanış mərasimində oldum, həm də bəzi filmlərə baxdım. Təəssüratlarım çox gözəldir. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Film festivallarının keçirilməsi təqdirəlayiqdir. "Korkut Ata" Türk Dünyası Film Festivalı vasitəsilə türk dünyasından gələn sənətçilər Azərbaycanın kinosunu, Azərbaycanı, ən əsası, Şuşamızı gördülər. Festivalın bu yönü çox önəmli və vacibdir.

"Hoçazfilm"in direktoru Amil Amal: "Hər şey çox yaxşı təşkil olunmuşdu. Filmlər də çox maraqlı idi. Mən burda əksər kino adamlarını gördüm, görüşdüm, ünsiyyət qurdum. Festival ənənədir, bayramdır. Bu ənənə yaşadılmalı və tez-tez təkrarlanmalıdır. İnanıram ki, tezliklə belə festivalları Qarabağda da görəcəyik".

Aytac SAHƏD

 





16.10.2023    çap et  çap et