525.Az

Medalyon - Əziz Qənirə xanım Paşayevanın unudulmaz xatirəsinə


 

Medalyon - <b style="color:red"> Əziz Qənirə xanım Paşayevanın unudulmaz xatirəsinə</b>

Biz onunla Tibb Universitetinə eyni ildə daxil olmuş, təhsilimizi eyni ildə başa vurmuşduq. Fakültələrimiz ayrı idi, mən müalicə, o isə pediatriya ixtisasını seçmişdik. O dövrün tələbələri şagirdlərdən seçilməzdi. Hamı sadə geyinərdi, kasıbı-varlısı ayrılmazdı. Sanki boy-buxunumuz da eyni idi, əyin-başımız da fərqlənməzdi. Kimsə geyimi, imkanlı atası ilə öyünməzdi. Hamı sadə idi, hamının bir məqsədi vardı - oxumaq, tibbin sirlərinə yiyələnmək. Deyirlər, tələbəlik illəri ömrün ən xoşbəxt, şən illəridir, amma bizim taleyimizə daha çox nigaranlıq, nagümanlıq, ümidsizlik düşmüşdü. Qarabağ münaqişəsinin ən təlatümlü çağlarını yaşayırdıq, namərd qonşularımızın torpaq iddialarına çaşbaş qalmışdıq. Sovet dövrünün xalqlar dostluğu nağılına inanan biz gənclər baş verənləri sanki qorxulu filmdə görürdük. Meydanlarda mitinqlər burulğanı, gerçək üzünü göstərən sovet rəhbərliyinin əl-qolumuzu bağlayan komendant saatı! Əvvəlcə münaqişə adlandırılan olaylar müharibəyə keçmişdi və yatsaq yuxumuza girməyəcək belə bir keşməkeşli vaxtda biz həkim olmaq iddiasına düşmüşdük.

Qarabağda döyüşlər gedirdi. Paytaxt xəstəxanaları yaralı əsgərlərlə dolu idi. Universitetimizin cərrah müəllimləri səhər ertədən axşam hava qaralana kimi xəstəxanalarda yaralıları əməliyyat edir, biz tələbələr də dərslərimizin çoxunu müəllimlərimizin başına yığışaraq, necə deyərlər, praktika keçirdik. Yaralı döyüşçülərə qulluq etmək üçün bir-birimizi itələyib qabağa keçmək istəyirdik...

Ölkədə iqtisadi vəziyyət də ağır idi. Tez-tez işıqlar sönürdü, xəstəxanalarda şam işığında çalışırdıq. Nəqliyyat yaxşı işləmirdi, üstəlik də, komendant saatını ötürmək qorxusu ilə dayanacaqlarda saatlarla gözləyib yorğun-arğın evlərimizə çatanda heç yemək yeməyə də halımız qalmırdı. Yorulsaq da, səhər yenidən həvəslə universitetə yollanır, təcrübə dərslərimizi intizarla gözləyirdik. Təcrübəmiz artdıqca bəzi tələbə yoldaşlarımız yaralılara ilkin yardım göstərmək üçün ön cəbhəyə  yollanırdı. Biz - 90-cı illərin gəncləri beləcə şirin tələbəlik illərini yaşamadan sürətlə böyüdük...

Mən onu qrup yoldaşım Vüsalənin sayəsində tanımışdım. Yerli idilər. Hərdən Vüsalə ilə universitetin pillələrində, foyedə söhbət etdiyini görmüşdüm. Arıq, hündür boylu idi, incə üz cizgiləri, uzun qapqara saçları vardı.

Yəqin kimdən söhbət getdiyini anladınız. Bəli, bu, Qənirə Paşayeva idi.

Təhsilimizi başa vurub dağılışdıq. Elə bir zaman idi ki, hər kəs öz hayında, dərdində-sərində idi, tələbə yoldaşlarımız da izdihama qarışmışdılar.

İnsanlarımızın gözü qəzetlərdə, ekranlarda idi. Ölkə çalxalanırdı. Torpaqlarımız kənd-kənd, oba-oba, şəhərbəşəhər əldən gedirdi. Mən həkim işləyirdim. Bütün xalqımız kimi narahat idim, hər səhər oyanan kimi televizoru açırdım görüm vəziyyət necədir. Bir gün ən aktual xəbərləri çatdıran ANS televiziyasının xəbərlər  proqramında tanış sima gördüm, tanış səs eşitdim. Ekrana yaxınlaşdım ki, görüm zənnimdə yanılmamışam ki? Yox, yanılmamışdım. Bu o idi, həmkarım Qənirə Paşayeva! Nə gizlədim, çox təəccübləndim. Diqqətlə xəbərləri dinlədim və həm də həmkarımın jurnalistlik qabiliyyətini təyin etmək üçün nəfəsimi dərmədən qulaq kəsildim. Mənim sadə, heç kimdən seçilməyən tələbə yoldaşım dildən nə qədər pərgar, bir o qədər də məharətli və cəsarətli imiş. O gündən gözlərim ekranda onu axtarırdı. Bilirdim ki, ən doğru, qərəzsiz xəbərləri ondan eşidəcəyəm. Tez bir zamanda ANS-in müxbiri Qənirə Paşayevanın adı dillər əzbəri oldu.

Heç kimin şübhəsi yox idi ki, Qənirə xanım böyük uğurlara imza atacaq, analitik təfəkkürü, biliyi, natiqlik qabiliyyəti, yüksək insani keyfiyyətləri ilə çox zirvələr fəth edəcək. Elə də oldu. Gənc yaşında millət vəkili seçildi. Yenə həmin sadə, dilavər, qayğıkeş Qənirə idi. Ən qaynar nöqtələrdə, ən ağrılı məclislərdə, şəhid analarının yanında idi. Şəhid balasının başını sığallayır, şəhid xanımlarına təsəlli verirdi. Uşaq evində böyümüş kimsəsizlərə toy edir, işsizə iş tapırdı. Dərdlinin yanında, başı ağrıyanın başının üstündə idi. Bir insan yaxşılıq etmək üçün necə bu qədər həvəsli ola bilər axı? Bir insan bu qədərmi vətənpərvər, düşmənə qarşı barışmaz olar?

Qənirə xanımı tədbirlərdə tez-tez görürdüm. İnsanlar onu görən kimi ətrafına toplaşır, tədbir başlayana qədər ondan əl çəkmirdilər. Hamını doğması kimi qucaqlayar, öpürdü. Kənardan onu müşahidə edir, yaxınlaşıb vaxtını almağa ürəyim gəlmirdi. Fikirləşirdim ki, çox insanın ona sözü var, ehtiyacı var, o da hər kəsi dinləyir, kömək edəcəyini bildirirdi. Öz-özlüyümdə belə bir insanı lap çoxdan tanıdığım, tələbə yoldaşı olduğum üçün iftixar hissi keçirirdim.

Həyat elə gətirdi ki, 20 ildən sonra  onunla üz-üzə gəldik. 2019-cu ildə Əl oyunları sarayında keçirilən  kitab sərgisində rastlaşdıq. Uzaqdan onu görmüşdüm. Kitab cərgələrinin qarşısında ayaq saxlayıb müəlliflərlə salamlaşır, kitabları götürüb vərəqləyir, intizarla rəy gözləyən yazıçı və şairlərə gülümsəyərək nəsə deyirdi. Hər cərgədə xeyli ləngiyir, kimsəni qırmadan hamı ilə şəkil çəkdirib növbəti kitab guşəsinin qarşısına keçirdi.

Mən də kitablarımı sərgidə nümayiş etdirirdim. Nə gizlədim, mən də tələbə yoldaşımın yaxınlaşmasını həyəcanla gözləyirdim. Nəhayət, Qənirə xanım bizə yaxınlaşdı:

- Sən nə məlahətlisən... Gəl səninlə də şəkil çəkdirək, - dedi. Təəccüblə ona baxdım, məni tanımışdı, yoxsa kompliment deyirdi? Maraq məni götürdü. Bir anlıq bilmədim nə deyim. Qeyri-ixtiyari gülümsədim.

- Məmuniyyətlə... - dedim. - Siz mənim universitet yoldaşımsınız.

- A, nə gözəl... - Təəccüblə gözlərimin içinə baxdı, baxışlarında xoş bir ifadə vardı. - Neçənci ilin məzunusunuz? - Maraqla soruşdu.

Məzun olduğumuz ili deyəndə səsi bir az da yumşaldı:

- Hansı fakültə?

- Müalicə.

- Lap yaxşı. Mən pediatriyada  oxumuşam.

- Bilirəm.

- Məni tanıyırdınız?

- Bəli, sizi tez-tez görürdüm...

Haradan tanıdığımı soruşmadı. Məni qucaqlayıb şəkil çəkdirdi. Sonra üzümdən öpdü:

- Mən həkim olmadım, heç vaxt ixtisasım üzrə işləmədim. Amma həkimləri görəndə elə bil doğmalarımı görürəm.

Ölkəmiz 2020-ci ildə pandemiya burulğanına düşəndə TƏBİB təhlükənin qarşısını almaq üçün həkimlərə çağırış etdi. Mən də həkim həmkarlarımla bərabər, görünməyən düşmənlə mübarizəyə qoşuldum. Gecə-gündüz insanların sağlamlığı keşiyində dayandım, öz sağlamlığımı itirdim. Amma ruhdan düşmədim. Mübarizəmi davam etdirdim. Qəzetlərdə publisistik yazılarla çıxışlar etdim, müsahibələr verdim. Gördüyüm, yaşadığım hadisələri qələmə alıb kitab çap etdirdim. Məni tanıyanların, hörmət bəsləyənlərin dairəsi genişləndi. Bəzən insanlar üçün daha çox faydalı olmaq istəyirsən, amma şərait olmur. Pandemiya mənə bu fürsəti verdi ki, həkim kimi də, qələm sahibi kimi də cəmiyyətimizə var gücümlə xidmət edim.

Qənirə xanım həmin günlərdə məni Milli Məclisə dəvət etdi.

Mətbuatdan yazılarımı, sosial şəbəkədən isə statuslarımı izlədiyini  bildirdi. Hal-əhval tutdu. Yenicə əməliyyatdan çıxdığımı öyrəndi. Köməyini təklif etdi. Müayinə üçün yaxşı həkimə göndərəcəyini bildirdi, razı olmadım. Yeni kitablarımı ona hədiyyə etdim. Əməliyyatdan yeni çıxdığıma görə oturmaq mənim üçün çətin idi. Mənə görə o da oturmadı. Ayaq üstə bir xeyli söhbət etdik. Ölkəmizdə və bütün dünyada tüğyan edən COVİD virusundan danışdıq. Könüllü olaraq COVİD-lə mübarizəyə qoşulduğum üçün məni alqışladı, məni qəhrəman, fədakar  həkim adlandırdı. Öz sağlamlığım müqabilində könüllü olaraq  insanların sağlamlığı keşiyində durduğumu xüsusi vurğuladı, məni o qədər təriflədi, ünvanıma gözəl sözlər dedi ki, kövrəldim, onun da gözləri yaşardı. Mənim timsalımda  fədakar Azərbaycan həkimləri ilə  fəxr etdiyini bildirdi. Mənə Mədəniyyət Komitəsi və şəxsən öz adından təşəkkür etdi. Məni bir neçə dəfə qucaqlayııb öpdü, xatirə olaraq  şəkil çəkdirdik.

Səhhətim az-çox düzələn kimi işə qayıtdım. Məni gözləyən xəstələr var idi, mən onlara lazım idim.  Özümə söz verdim ki, sonuncu xəstə palatadan çıxana kimi xəstəxananı tərk etməyəcəyəm. Hər gün üzləşdiyim, yaşadığım hadisələr mənə təsir edirdi. Onları qələmə almaq qərarına gəldim və beləliklə, “Ağ libaslı mələk” kitabım meydana çıxdı. Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda kitabın təqdimatı oldu. Tədbirə bütün yaxın yazıçı və şair dostlarımla bərabər, Qənirə xanımı da dəvət etmişdim. Gələcəyinə inanırdım. Bilirdim ki, heç bir yazıçının gözünü yolda qoymayıb. Qənirə xanımın gözəl qələmi vardı, çox duyğulu şeirlər yazırdı. Dəfələrlə AYB-də keçirilən kitab təqdimatlarında iştirak edib. O həm də mənim tələbə yoldaşımdı, onun iştirakı təqdimat mərasiminə xüsusi ahəng verəcəkdi. Mərasim çox maraqlı, səmimi keçdi, amma sona kimi gözüm qapıda qaldı...

Axşam telefonuma Qənirə xanımdan mesaj gəldi. Üzrxahlıq edirdi. İşi çox olduğundan tədbirimə gələ bilmədiyini, ertəsi gün axşam görüşəcəyimiz ünvanı yazmışdı. Çox sevindim. Təşəkkür etdim, gələcəyimi bildirdim.

Axşam taksini birbaşa söylədiyi məkana sürdürdüm. Vaxtından tez gəlmişdim. Foyedə oturub gözlədim. Köməkçisi bildirdi ki, içəridə şəhid anaları ilə görüşü var. Bir müddət sonra qapı açıldı, Qənirə xanım qonaqlarını yola saldı. Mənim sakitcə foyedə oturduğumu görüb gülümsədi: “Gəl tələbə yoldaşım, xoş gəlmisən”. Yaxına gəldim. Məni doğması kimi qucaqlayıb öpdü. Ayaq üstə hal-əhval tutdu. İçəridə bir neçə xanım vardı, məni onlarla tanış etdi. Yenicə işıq üzü görən “Ağ libaslı mələk” adlı kitabımı Qənirə xanıma təqdim etdim. Oxuyacağına söz verdi. Masaya çay gəldi. Qarşımda qırmızı məxmər üzlü bir qutu var idi. Biixtiyar qutunu götürüb  qarşımdakı kitabın üstünə qoydum. Çay süzülmüş armudu stəkanı qarşıma çəkdim. Çayla aram olmasa da, hörmət xatirinə nəlbəkinin kənarından yapışmışdım. İsti söhbət gedirdi. Mən danışanda Qənirə xanım diqqətlə qulaq asır, tez-tez üzümə baxırdı.

Birdən:

- Niyə qutunu kənara qoydun? O hədiyyəni sənə almışam, - deyib gülümsədi. - Aç, bax gör xoşuna gələcək?

- Qənirə xanım, nə zəhmət  çəkmisiniz? Mən sizə hədiyyə almaqdansa, siz mənə hədiyyə almısınız. Xəcalət verirsiniz vallah, - deyib utancaq tərzdə qımışdım.

- Canım, nə xəcalət? Aç, aç, sən hər şeyin ən gözəlinə layiqsən, doktor. Sənin gördüyün işləri hər kəs görə bilməz. Biz gecələr isti yorğan-döşəkdə yatırıq, sənsə xəstənin başı üstündə yuxusuz gecələr keçirirsən. Fədakar həkim kimi səni hamı sevir. Bu da mənim sənə kiçik yadigar hədiyyəm olsun. İnanıram ki, məni unutmazsan.

Qutunu götürüb açdım. İçinə şəkil qoymaq üçün medalyonlu boyunbağı idi. Qənirə xanım diqqətlə üzümə baxırdı:

- Xoşuna gəldimi?

- Bəli, çox bəyəndim...

- İçinə kimin şəklini qoyacaqsan?

Sual qəfil olduğundan bilmədim nə cavab verim:

- Bilmirəm.

Otaqda olan xanımlardan biri köməyimə çatdı:

- Əlbəttə, sizin şəklinizi qoyacaq, Qənirə xanım. Kimin şəklini qoyacaq ki?

- Hə. Sizi çox sevirəm. Ürəyimdəsiniz onsuz da. Sizin şəklinizi qoyacağam, - dedim.

Qənirə xanım məmnunluqla gülümsədi:

- Çox şad olaram, mənim şəklimi medalyonda gəzdirsən... Mən dünyada olmayanda baxıb xatırlayarsan.

İstədim etiraz edim dediyi son sözlərə. Amma dinə bilmədim... Əslində gözləri sevincdən gülürdü, “mən dünyada olmayanda” nə deməkdir? Ömrünün çiçəkləndiyi çağındaydı Qənirə xanım, enerjisi aşıb-daşırdı, söhbətindən doymaq olmurdu... Unudulmaz bir görüş bu notlarla bitməməli idi.

Uzaqdan-uzağa tədbirlərdə görürdüm. Vaxtını almamaq üçün çox vaxt yaxınlaşmırdım. Kürsüdən etdiyi çıxışlarına heyranlıqla qulaq asırdım.

...Bu il sentyabrın 1-də Şamaxıda  “Azərbaycan Dili və Ədəbiyyatı”  forumunda onu yenidən gördüm. Çox sevindim. Amma mən də, yanımdakı həmkarlarım da onun görünüşündən narahat olduq. Çox arıqlamışdı. Rəngi-ruhu da solmuşdu. O gün çıxışı qısa və lakonik oldu. Tədbirdən sonra ona yaxınlaşdım. Yenə doğması kimi  görüşdü mənimlə. Hal-əhval tutdu. Onunla görüşmək istədiyimi bildirdim. Bakıya dönəndə hökmən yazacağını dedi. “Bir az işlərim var, yoluna qoyum, görüşərik” - dedi. Diqqətlə boynuma baxdı. Elə bil, bağışladığı medalyonu görmək istəyirdi. Pərt oldum. Sıxıldığımı hiss etdi. Üzümə baxdı. Nüfuzedici baxışları “mətləbimi anladın, deyəsən”, deyirdi sanki. Sonra mənimlə və yazıçı xanımlarla şəkil çəkdirdi.

Bu görüş bizim son görüşümüz oldu. Sentyabrın 23-də gecə saatlarında Qənirə xanımın komaya düşərək xəstəxanaya yerləşdirildiyini eşitdim. Mərkəzi Kliniki Xəstəxanada ağır vəziyyətdə süni aparata qoşulmuşdu. Onun sağalması üçün hər kəs, onu sevənlər dua edirdi. O kədərli günlərdə mənə bağışladğı  medalyonu ovcumda möhkəm sıxıb göz yaşları içərisində Allaha yalvarırdım. Bircə oyansın. Şəklini  medalyona qoyub boynumdan asacaq, görüşünə gedəcəkdim. Yalvarışlarımızın faydası olmadı,  dualarımız cavabsız qaldı. Allah belə yazmışdı ömür yolunu. Qısa, amma dolğun. Qırx səkkiz illik ömrünə bir əsri sığdırmışdı. Beş gün  canı ilə çəkişdi. Sentyabrın 28-də  gözlərini əbədi olaraq bu dünyaya yumdu.

Yazı stolumun üstündəki medalyondan mənə baxır... Fəhmli insan idi, ölümü ona ayan olmuşdu, hər kəslə ünsiyyət qurmağa, hər kəsə bir söz söyləməyə, xatirələrdə iz qoymağa can atırdı, tələsirdi. Bilirdi vaxtı azdı, bilirdi çox işlərini həyata keçirməyə macal tapmayacaq. Çox sevildiyini də bilirdi, bilirdi ki, gedişilə sevənlərini mat qoyacaq, insanlar inanmaq istəməyəcəklər. Getməmək əlində deyildi...

Hədiyyə verməyi xoşlayırdı. Özü də xalqımıza Allahın lütfü idi, ərməğanı idi. Çox evdə onun xatirəsilə birgə hədiyyəsi yaşayır. Yüz minlərlə ürəkdə özü yaşayır.

Mən şanslı idim, onu məşhur olmamışdan əvvəl tanıyırdım, otuz ildən sonra onu əvvəlki Qənirə ilə müqayisə etmək imkanım vardı. Deyim ki, tanınmış dövlət xadimi Qənirə Paşayeva sadəliyi, mehribanlığı, xeyirxahlığı ilə tələbə Qənirənin eyni idi. Vəzifə, şan-şöhrət onun nəcibliyindən bir zərrə də düşürməmişdi. Qənirənin gedişi mənə çox ağır təsir edir, heç cür ovuna bilmirəm. Çox qiymətli insan idi, xalqımıza çox gərək idi. Tanrı möcüzəsi - Quzey işıltısı kimi qaranlıqları işıqlandırdı və uçub getdi...

 





16.10.2023    çap et  çap et