525.Az

"Contemporary İstanbul" - Türkan Turan yazır


 

QARA QALOŞUN HÜZNÜ

"Contemporary İstanbul" - <b style="color:red"> Türkan Turan yazır</b>

Uzun növbələrdə dayanırsansa, içi-çölü dolu olan sərgi salonlarına keçməyə çalışırsansa, önü aşıb-daşan sənət əsərlərini görmək üçün can atırsansa, ətrafdan yayılan qəhvə qoxusu burnuna gəlirsə, dörd tərəfdən müxtəlif markaların adı fışqırırsa, uzaqdan gələn Cazın səsini eşidirsənsə, hər təbəqədən və hər yaş qrupundan insan görürsənsə, deməli, "Contemporary İstanbul"dasan.

Muasir sənətin ən önəmli fəliyyətlərindən olan "Contemporary İstanbul" bu günlərdə 18-ci sərgisinin qapısını ziyarətçilərə açdı. Cəmi beş gün davam edən sərginin ikinci gününə özümü çatdırdım. Haliçdə idi. Tərsanə İstanbul adlı keçmiş gəmiqayırma zavodunda...

Dünyanın 22 ölkəsindən, 67 qalereyanın, 8 muzeyin qatıldığı sərgidə 591 sənətçinin 1537 əsəri yer alırdı. Bu il 18-ci dəfə təşkil edilən sərgiyə 21 yeni çağdaş sənət qalereyası qatılmışdı.

Sənətsevərlərin böyük maraq göstərdikləri sərginin diqqət çəkən bölümləri arasında fotonun "sənət bölümü" olaraq önəm daşıdığı "CI Photo Focus" yer alır. Səkkiz ölkədən 22 sənətçinin 44 əsərlə qatıldığı bu yeni bölmədə söhbət proqramları da yer alır. Bir yandan da sərgi, "Project Spotlight" projesi ilə dünya üzrə çeşidli gənc qalereyalara yer açır. Xüsusi olaraq seçilən bu qalereyalar ən istedadlı sənətçilərin əsərlərini sərgiləyir. "Solo Shows" isə hər sənətçinin fərqli vizyonuna, tərzinə xüsusi baxış qatan və fərdi hekayələri önə çıxaran altı sərgiyə ev sahibliyi edir.

 

Nitsşeni düşünərkən...

 

Möhtəşəm sənət əsərlərinin arasında gəzərkən çöldə baş verən savaşları, iqtisadi böhranları, sosial problemləri unudursan. O an sənə elə gəlir ki, dünyanın bütün hüzurunu yığıb doldurublar bu nəhəng salonlara. Bəzən gülürsən, bəzən kövrəlirsən, bəzən yaşadığın xətaları, yaşamadığın arzuları düşünürsən. Bir ara Nitsşe gəlir ağlına, ona da haqq verməyi unutmursan, "Gerçəklər ucbatından ölməmək üçün sənətə sahibik" deyirdi. Ancaq bunu etiraf etməliyəm ki, "Contemporary İstanbul" sənətə zərrə qədər marağı olmayanların belə diqqətini çəkəcək bir cazibə və gücə sahibdir.

 

Süni intellekt

 

Salonda sadəcə tablolar və heykəllər yoxdur, avtomobillər, süni intellekt də var. Məsələn, Yeni "BMW i5"dən aldığı ilhamla sənət və texnologiyanı qarşılaşdıran, izləyənləri içinə çəkən "The Electric AI Canvas" installiyasiya Borusan Otomotivin distributor olduğu BMW "Art Basel"dən sonra İstanbulda sərgilənir. Süni intellektin 900 illik sənət tarixi və 50 min şəkildən yararlanaraq istehsal etdiyi mücərrəd animasiyalar Yeni "BMW i5"e yansıdılaraq izləyicini ram edən bir görüntü yaradır.

 

Fillər, ağaclar və Elia

 

Tullantı materiallarını emal edərək ondan əsərlər yaradan sənətçilərin sayı da kifayət qədərdir. Görünən odur ki, bu həssas və düşüncəli davranış hər ötən il daha da artacaq. Məsələn, sənətçi Artem Martis, "StarGrup" ilə ortaq layihəsi əsasında onlara məxsus inşaatlardakı şüşə tullantılarını sənət əsərinə çevirir. Martis, şüşə ilə işığın rəqsi üzərindən tullantı materiallarının və onların yenidən emalının sərhədsiz imkanlarını ağıllara gətirərək insanları dünyanı düşünməyə vadar edir.

Bir az aralıda Sinan Demirtaşın tuval üzərində kömür qələmlə işlənmiş "Ağac" adlı əsəri məni təsirləndirdi. Hər budağından bir uşağının salandığı bu əsər xurma, nar ağaclarının başında gəzdiyim günləri yadıma saldı. O an xatırladım, uzun zamandır uşaqlıq dönəmimi yada salmadığımı. Hətta çoxdandır bir vaxtlar uşaq olduğumu unutduğumun fərqinə vardı. Nə qədər surətli yaşadığımı düşündüm. Hamımız belə deyilikmi? Hər şeyi tez-tələsik yaşayırıq. Elə hey qaçırıq! Bu proses elə güclü baş verir ki, elə bil ki, yaşadığımız hər şeydən kilometrlərcə uzaq düşmüşük. Hamımız harasa tələsirik. Harasa..!

Stefano Bombardierin Elia və Fil əsərini canlı görmək isə bir çox şeyə dəyərdi. Balaca bir qız nəhəng fili havaya qaldırır. Təbii ki, həyatın çətinliklərindən çox, sevgilər düşür adamın yadına. Necə böyük sevgiləri, nə cür zirvələrdə saxladığını düşünürsən. Bir az qürurlanır, bir az daşıdığın gücə heyran olur, sonra "gözəl təcrübə idi" deyib, keçib gedirsən.

Birdən divardan asılan tülə bənzər bellərin cazibəsi səni maqnit kimi özünə çəkir. "Cal Lane" adlı bu əsər kanadalı heykəltaraşa aiddir. Əsərin ərsəyə gəlmə məqsədi kişi və qadın bərabərliyinə diqqət çəkərək və bunun timsalında gündəlik istifadə edilən nəsnəyə estetik yöndən toxunmaq olub.

 

Başı var, beyni yoxdur!

 

İgor Mitorajın "Mars" adlı bürünc heykəli isə diqqətləri cəmiyyətə yönləndirməyə vadar edir. Bu heykəldə baş var, amma beyin yoxdur. Əsər toplumun bugünkü aqibətini gözlər önünə sərir. Robotlaşmış insan ordusu hər yanı bürüyüb. Şüursuz davranışlar tüğyan edir. Sanki hisslərdə, duyğularda quruma gedir. Ən ciddi acını belə 2-3 gün çəkər olduq. Sonra yoxmuş kimi davam edirik. Təbii ki, acının içində yuva qurmağın əleyhinəyəm. Ancaq dərd çəkmə şəklimizdə belə elə bil ki, nələrsə əskikdir. Yaşadıqlarımızı şouya çeviririk. O da əskik qalır. Natamamlıq heç bir dönəm bu qədər hakim kəsilməmişdi ruhumuza.

Və "Ölümsüzlük otağı" adlı o möhtəşəm əsər... Uzun müddət Heydər Əliyev Mərkəzinin önündə bütün görkəmi ilə ucalan Ahmet Günəştəkinin bu ölümsüz əsəri də "Contemporary İstanbul"da sərgilənir.

 

Məğrur baxışlar

 

Niderlandlı sənətçi Kristian Lieversin "Agua Verde" adını verdiyi o bənzərsiz əsəri yenə sərginin "tacı" statusunda idi. Xalçada yağlı boya ilə bir qadının surəti əks edilib. Qeyri-adiliyi isə üzün ornamentlərlə işlənməsidir. "Agua Verde" hər il olduğu kimi, bu il də ziyarətçilərin önündə ən çox ayaq saxladığı, foto çəkdirdikləri əsər oldu. Xalça sırf "Contemporary İstanbul"da sərgilənmək üçün ərsəyə gətirilib, lakin əsərin İstanbuldan ilhamlanaraq yaradılmadığını vurğulamalıyam. Eyni zamanda xalçadakı qadın model deyil, xəyali bir obrazdır. Xalçada qürurla, qorxmadan dik şəkildə bir qadın baxır dünyaya. Görünən isə odur ki, insanları çəkən bu məğrur baxışdır. Əsərin 200 min avroya yaxın qiyməti var. Əslində ötən il satıldığı deyilirdi, ancaq bu il yenidən sərgidə görmək xoş oldu.

 

Anadolu dərinlik və düşüncə deməkdir

 

Sərginin ən möhtəşəm bölmələrindən biri də Diyarbakır sənətçilərinin ərsəyə gətirdikləri əsərlərdir. Sözün əsl mənasında insanı valeh edirlər. Əslində budəfəki sərgidə Anadolu sənətçiləri, Anadolu simvolları, üzləri, nəsənələri daha çox idi. Əsərləri seyr edərkən gəldiyim qənaət bu oldu; Anadolu dərinlik və düşüncə deməkdir.

Məsələn, Sinan Kaplanın gips materialından hazırlanmış "Qəribə bir Pəri nağılı" adlı yerdə sərgilənən rəngarəng başmaqlardan ibarət əsəri insanı uşaqlığından da uzaqlara aparır. Hansı uzaqlar idi dalıb getdiyim? Görəsən, bu əsər həyatımın hansı dönəmini önümdə taybatay açmışdı? Hansı dibə çökmüş xatirələri çalxalayıb üzə çıxarmışdı?! Ətrafında fırlandım, əyildim, qalxdım, xatırladım və duyğulandım. Uşaqlığımın ilk on ilində yaşadığım rayonda və tez-tez dəyişdiyimiz evlərdə qonşu qadınların ayaqlarında gördüyüm rezin qaloşlar idi bunlar. Mənim gördüklərim bu əsərdəki kimi rəngarəng deyildi, hamısı qara idi. Sadəcə bəziləri təzə, bir çoxu köhnə, bəziləri yamaqlı, bəziləri paralanmış olurdu, eynən ayaqlarımın altındakı bu əsər kimi... O vaxtlar qaloş zərər gördümü, dərhal gedib almaq yox idi. Ya qalın sapla tikirdilər, ya deşik açıb saman ipləri ilə düyün vururdular, ya da əridib yapışdırırdılar. Amma həmin yapışdırılan yerin ömrü heç bir gün çəkmirdi. Bir də altı deşilənlər vardı, su keçirməsin deyə içinə ayaq formasında kardon kəsib qoyurdular. Ancaq mümkün olmurdu, o qaloşlar yenisi alınana qədər elə hey su keçirirdi. Kardonlar islanırdı, qurudulurdu, ovulurdu, atılırdı. Bəzi qaloşlar isə o qədər nimdaş olurdu ki, altına sərt parçalardan kəsərək yamaq vururdular. Sonra o yamaqlar corablardakı yamaqlarla dəstləşirdi. Sonra arxasını kəsib çəkələk kimi geyinirdilər. İldə bir, ya da iki dəfə dəyişirdi ayaqlardakı qaloşlar. Qaloş yeniləndimi, corablar da yenilənirdi. Həmin corablar ya göy, yaşıl "marianna corablarından" biri olurdu, ya da hörgü dalğasının yayıldığı ərəfədə az qalsın hər evdə bir qadının hörüb satdıqları qalın corablardan olurdu. Qırmızı "marianna corablar" dəbdə idi, ancaq onu hər qadın geyinmirdi, utanırdı. Həmin rəngi adətən təzə gəlinlərin ayaqlarında görmək olardı, 7-8 aydan sonra həmin gəlinlərin öncə qırmızı corablarına yamaq, sonra da ayaqlarına qaloş keçirdi. Sonra bir uşaq dünyaya gəlirdi, bir uşaq daha deyərkən, solurdu qadının təravəti də, "marianna corabı"nın üstündəki o qızın üzü də, ayağında ışım-ışım ışıldayan o qaloşların rəngi də. Sinan Kaplanın əsəri kövrək və unutduğum həmin duyğuları, uşaq vaxtı yaşadığım yerlərdə o vaxt diqqətlə müşahidə elədiyim, bu gün isə çox yaxşı anladığım o qadınları xatırlatdı mənə. Məgər, nə çox ehtiyacları var imiş sevilməyə, başa düşülməyə, qayğılardan arınmağa, dərindən nəfəs almağa... Məgər, nə həyatlar sığıbmış o qaloşların içərisinə... Yaddaşımda qalanların hər biri ayrı-ayrı yerlərdə yaşayan qadınlar, onları birləşdirən isə qaloşları və gözlərinin dərinliklərindəki sonsuz kədər idi.

Yeri gəlmişkən, Fransa, Meksika, Polşa, İtaliya, hətta qonşu ölkələrdən İran, Gürcüstan, Rusiya kimi ölkələrin qatıldığı bu sərgidə Azərbaycanın olmamağı, düzü, təəssüfləndirən bir durumdur. Bunca marağın, diqqətin olduğu bir sərgiyə çıxaracaq əsərimiz yoxdurmu? Ümid edirəm ki, gələn ilə bu boşluq doldurulacaq!

 





16.10.2023    çap et  çap et