525.Az

Gerçəkləşən arzular - Yazıçı Anar yazır


 

Gerçəkləşən arzular - <b style="color:red"> Yazıçı Anar yazır</b>

İyirmi il bundan əvvəl, 2003-cü ildə cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçildi. İndi dərk edirik ki, bu iyirmi ilin 17 ili 44 günlük zəfər müharibəsinin hərbi, siyasi, iqtisadi, mənəvi cəhətdən hazırlanmasına həsr olunubmuş. Sonrakı üç il isə 23 saatlıq lokal antiterror tədbirlərinin hazırlığı imiş. Yekun olaraq, otuz il işğal altında qalmış torpaqlarımız İlham Əliyevin prezidentliyi dövründə son qarışına qədər azad olundu. Bu, minillik Azərbaycan tarixinin ən möhtəşəm və ən şərəfli hadisələrindəndir. Prezidentin dəfələrlə dediyi sözlər: "Mən nəyi nə vaxt necə edəcəyimi bilirəm" - sözləri tam şəkildə təsdiq edildi.

Bu tarixi qələbənin babası Unudulmaz Ulu öndər Heydər Əliyev, atası möhtərəm Prezitentimiz İlham Əliyevdir. Heydər Əliyev bu qələbənin təməlini hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəb yaratmaqla, müstəqillik illərində Əsrin müqaviləsini imzalamaqla, İlham kimi "özünə inandığı kimi inandığı" varis və ardıcılını yetişdirməklə qoydu. Prezident İlham Əliyev 44 günlük qələbəni müzəffər ordunun Ali Baş komandanı kimi qazandısa, bu uğuru siyasi və təbliğat sahəsində tək başına, dörd dildə müxtəlif media nümayəndələriylə müsahibələrində, çətin diplomatik danışıqlarında, bütün təzyiqlərə rəğmən, dəmir iradəsiylə, dəmir məntiqiylə qazandı. Dəmir iradə və dəmir məntiq dəmir yumruqla təsdiqləndi. "Qarabağ - Azərbaycandır" cümləsinin Nida işarəsi dəmir yumruğa dönüb düşmənin başını əzdi.

Bu qələbədə ordumuzun ən müasir silahlarla təchiz olunması, ilk növbədə qardaş Türkiyənin, eləcə də başqa dost ölkələrin mənəvi dəstəyi böyük rol oynadı. Qürurla qeyd edirəm ki, bu qələbədə ədəbiyyatımızın, incəsənətimizin də payı var. Şairlərimizin, yazıçılarımızın əsərləriylə böyümüş, "Dədə Qorqud", "Babək", "Nəsimi", "Cavadxan" filmlərinin tamaşaçıları kimi yetişmiş nəsil ölümsüz şəhidləriylə, qəhrəman qaziləriylə, igid döyüşçüləriylə tarixə düşdü. İşğal olunmuş Şuşanın füsunkar mənzərələrini, tarixi abidələrini, böyük şəxsiyyətlərimizin adlarıyla bağlı ünvanları həyatda görə bilməmiş nəsil bütün bunlarla "Üzeyir ömrü" filmində tanış olurdular.

 Ulu öndərimizin bu cəhətdən də layiqli varisi olan İlham Əliyev gənclərimizin vətənpərvərlik ruhunda yetişməsində ədəbiyyatın, sənətin misilmiz rolunu yüksək qiymətləndirir.

 Tarixi qələbəmiz xalqımıza qürur hissini qaytardı, millətimizin adını bütün dünyada, özəlliklə türk xalqları arasında yüksəklərə ucaltdı. Bu qürur və iftixar hissini siyasətimizlə, silahımızla və qələmimizlə gələcək illərdə də yaşatmalıyıq.

 Gələcək illərdə iki böyük liderimizin arzularının həyata keçəcəyinə inanıram. İnanıram ki, Ulu öndərin "Azərbaycan dünyaya günəş kimi doğacaq" arzusu da, Prezident İlham Əliyevin "Qarabağı cənnətə çevirəcəyik" niyyəti də hökmən gerçəkləşəcəkdir.

 15 oktyabr 2023

 





17.10.2023    çap et  çap et