525.Az

ÖLÜLƏRİ XOŞBƏXT ETMƏK - Aydın Talıbzadə yazır


 

ÖLÜLƏRİ XOŞBƏXT ETMƏK - <b style="color:red"> Aydın Talıbzadə yazır</b>

(tarixin gecə klubundan musiqili görüntülər)

 

Tamaşanın adı "Manqurt": ideyanın şəcərəsi qırğız yazarı Çingiz Aytmatovdan gəlir; Pantomim Teatrının repertuarına rejissor Ceyhun Dadaşovun niyyətilə gətirilib, Rus Dram Teatrının səhnəsində oktyabr ayının 3-cü günü oynanılıb.

Amma mən gördüm, gördüyümdən anladım ki, Pantomim Teatrının tamaşasında "Manqurt" möhtəşəm nəsr ustadının möhtəşəm "Gün var ki, əsrə bərabər" romanından götürülmüş bir əhvalat, epik bir rəvayət, fəlsəfi bir pritça kimi, bir fərdin həyat hadisəsi, manqurta çevrilmə hekayəti kmi təqdim edilmir: Ceyhunun qurduğu tamaşanın hədəfində artıq ictimai-sosial statusa iddialı, kollektiv psixoz formasında zühur edən manqurtluqdur.

Ona görə ki, indi manqurtluq universal hadisədir: ona hamı hər yerdə yoluxa bilər.

Yoluxa bilər küçədə, avtobusda, metroda, meydanda, marketdə, gecə klubunda, məclisdə, iclasda...

Yoluxa bilər internetdən, telefonlardan, monitorlardan, robotlardan, dörd bir yandan üstümüzə tuşlanmış kameralardan, tele və kinoekranlardan...

Dünya daha çox texnogen olduqca daha sürətlə mifə yaxınlaşır. Mif səltənətində isə insanlar yalnız bioresursdurlar, yəni manqurt variantlarıdır.

Ceyhun Dadaşov manqurtluğu tamaşanın plastika kompozisiyasında obrazlaşdırır, jest, mimika, rəqs fraqmentlərinin, xoreoqrafiya üçün xarakterik frontal və dairəvi mizanların musiqi vasitəsilə hörgülənib şəbəkələşməsində görükdürür.

Manqurt kimdir? Beyni qurumuş, başqa cür desəm, beyni qurut (Azərbaycanda pendir növü) olmuş birisi. Düşünüb qərar vermək lüksündən, informasiyaları idrakı ilə təhlil etmək imkanından məhrum insan manqurtdur. Monqolların dilində bir söz var: manqu; hansı ki sarsaq, küt, gerizəkalı, gicbəsər adamı bildirər. Qazaxlarda mənqu sözü kəmağıl bir kimsəni, mənqiru - huşsuzluğu, mənqurt - yaddaşını itirmiş şəxsi, dəlini işarələyir. Manqurt o kimsədir ki, onun mənlik proqramı pozulub; diriykən ölü olan kimsədir manqurt; canlı meyitdir manqurt.

Amma və lakin... Və bununla belə... Heç kim bu dünyaya manqurt kimi doğulmur. Manqurtluq təbii yox, sonradan alınma keyfiyyətdir, ictimai-sosial təzahürdür, kölə yaratmağın fiziki üsuludur ki, bu da Çingiz Aytmatovun romanında təsvirlənir: bir kimsəni manqurta döndərmək istəyəndə əvvəlcə bu adamın saçını qırxırdılar, təzəcə kəsilmiş dəvənin boğaz dərisini qafasına keçirirdilər, boynunu da xaltalayırdılar ki, başını yerə qoyub yata bilməsin və onu bir neçə günlüyə səhranın bəyaz günəşi altında sərbəst buraxırdılar. Zavallı həmin andan dəhşətli işgəncələr içində qıvrılmağa başlayırdı: qafasındakı dəri ucbatından saçlar normal şəkildə artmayıb əks istiqamətdə çoxalırdı, iynə kimi düz yumşaq beyin maddəsinə batırdı və dözülməz ağrılar törədirdi. Nəticə etibarı ilə insanın şüurundakı bütün yaddaş faylları silinirdi və bu miskin hətta öz anasını belə tanımaq iqtidarında olmurdu.

Bütün bunları insan oğlu ol səbəbdən öz tarixi mövcudluğunun faktına çevirib ki, manqurtlaşmış kölələri idarə etmək problemsiz və asan olsun. Çünki manqurt özünü insan bilmir, insan kimi dərk etmir, yalnız bir tula qismində sahibinə bağlanır və onun hər əmrini mütiliklə yerinə yetirir.

Hərçənd Pantomim Teatrının tamaşasında manqurt bir fərd kimi rejissor C.Dadaşovu maraqlandırmır, onu tarixi manqurtluğun anatomiyası, fiziologiyası və psixologiyası daha çox ilgiləndirir. Burada quruluşçu rejissor manqurtluğa ictimai-sosial psixoz, kütləvi huşsuzluq, dünyəvi absurdun əsas generatoru kimi yanaşır.

Görünür, insanın içində manqurtluq genomu daim yaşayır. Gərçi belə olmasaydı, yer üzündə müharibələr davam edərdimi heç? Həqiqətən, insan unutqan bir manqurtdur ki, müharibələrin tarix boyunca hansı sosial-iqtisadi, fiziki, mənəvi-əxlaqi fəsadlar törətdiyini bilə-bilə yenə də savaşmaqdan bezmir, dünyanı, kosmosu öz əli yandırmaqdan yorulmur, güllə, bomba, mərmi, raketlərlə təbiətin, bəşəriyyətin və mədəniyyətin axırına çıxır.

"Manqurt" tamaşası məhz bu fikirlərlə, bu düşüncələrlə insanları bir daha uyarlamaq niyyətinin plastikada təcəssümüdür, bədii refleksiyasıdır, mənanın jest, mimika, musiqi, rəqs görkəmidir. Ceyhun Dadaşov yuxarıdan statik işıqlandırma fonunda səhnə məkanı içrə manqurtluğun sürrealist şəklini çəkir, onun mahiyyətini sürrealist kompozisiyalarda izah edir. Aydınlaşır ki, manqurtluq ictimai psixoz olmaqla yanaşı, həm də kütləvi hipnoz variantıdır: hətta suggestiv təlqin də manqurtluğa qapı aça bilir. Təsadüfi deyil ki, manqurtluqla vəcd ovqatının arasında hər zaman bir addımlıq məsafə qalır. Hər iki versiya özünü unutmağın zirvə məqamıdır.

DİRİJOR VƏ KÜTLƏ

"Manqurt" tamaşasında cəmi iki tərəf var: dirijor və digərləri. Səhnə oyununu seyr edərkən sən yalnız bir nəfəri fərqləndirə bilirsən: dirijoru. Kütləni idarə edən məhz ODUR (tanrı, peyğəmbər, iblis, dəccal, tiran, diktator). Hərçənd geyimindən, fakturasından aydınca hiss olunur ki, elə dirijor da kütlə kökənlidir. Burada "dirijor" kəlməsi sözün birbaşa anlamında yox, bir məcaz, bənzətmə kimi işlədilir: onu haradasa "oyun babası" ifadəsilə də əvəz etmək mümkün.

Kütləni "orkestrə" çevirən, səsləndirən, oynadan, manqurtlaşdıran, ona hipnoz vəziyyəti yaşadan dirijordur. Bu, tarixən bütün zamanlar üçün aktualdır. Kütləni idarə etməkdən ötrü isə gərək kütlə mütləq manqurt ola: gərək kütlə manqurtlaşsın ki, göstərişləri, əmrləri, buyruqları razılıqla, etirazsız-filansız yerinə yetirsin.

Səhnədə Dirijor funksiyasını gerçəkləşdirən, daha doğrusu, aktyorları kütlə timsalında səhnə məkanı içrə idarə edən şəxsi elə rejissorun özü ifa edir. C.Dadaşov bir təlimçi-diktator-ovsunçu kimi Rene Maqritt tablolarının burjua tiplərini xatırladan qara-boz geyimdə, qara-boz düşbərə-şlyapada, ağzı-burnu ağ materiya ilə qapadılmış bir görkəmdə səhnəyə çıxır və aktyorları manipulyasiya yolu ilə bir dalğaya kökləyib, onları istədiyi ovqata, vəziyyətə salıb manqurtlaşdıra bilir.

Tamaşa şərti olaraq Girişdən və üç hissədən ibarətdir. Hər hissənin başlanğıcında Dirijor təmkinlə səhnəyə adlayıb sanki bir psixiatr kimi aktyor-manqurtların davranışlarını modullaşdırır. Dirijor - Ceyhun Dadaşov səhnədən gedən kimi aktyorlar manekenləşirlər, fəci kuklalara dönürlər və onların üzlərində neqativ emosiyaları sərgiləyən maskalar peyda olur və bu insanlar başlayırlar ölüm astanasında axirət rəqsi ifa etməyə.

Bu xüsusda qeyd etmək son dərəcə yerinə düşər, əgər desəm ki, Pantomim Teatrının "lal" aktyorları, təbii ki, mənim gördüyüm qədər, təkcə xoreoqrafik mizanların icraçıları deyildilər: onların maskalaşmış üz ifadələri mənə deyirdi ki, bu insanlar manqurtluğun sosial-psixoloji ağrılarını öz iç dünyalarında yaşayırlar və yalnız sonra emosiyanı bir işarə kimi dışarıya transformasiya eləyirlər. Pantomim Teatrının tamaşasında tarixi manqurtluğa pasport verilir.

Yəni ki, manqurtluq bir əfsanə kimi yox, tarixi bir fakt statusunda gündəmə gətirilir. İnsan tarixi görə-görə, yüz minlərlə Hamlet kimilərin "Olum, ya ölüm?" tipli monoloqlarını dinləyə-dinləyə, dahiləri öyrənə-öyrənə, tanrılara tapına-tapına, ayinləri icra edə-edə heç nədən dərs almır, hər şeyi permanent unudur və asanlıqla dəfələrcə batdığı müharibə palçığına bir də batır. Bu da o anlama gəlir ki, Pantomim Teatrının aktyorları səhnədə tarix boyu zaman-zaman özünü büruzə verən manqurtluğu, daha doğrusu, manqurtluq mexanizmini, manqurtluğun əlifbasını dinamik plastika kompozisiyalarında bizlərə göstərməyə çalışırlar.

C.Dadaşovun tamaşasında ifaçıların hamısı öz davranış maneraları, addımları, üz mimikləri etibarı ilə haradasa müasir dövrə səyahət edərkən manqurtlaşmış, aqressivləşmiş Arlekin, Pyero, Malvina, Kolombina tipajlarını xatırladırlar. Dirijor bu xüsusda məhz teatr sahibi zalım Karabas-Barabas variantı kimi yozula bilər.

Faktiki surətdə C.Dadaşov "Manqurt" tamaşası ilə, eynən "Şinel"də olduğu kimi, Azərbaycan Dövlət Pantomim Teatrının ifa texnikası, üslubiyyət baxımından tamam yeni mərhələsinin başlandığını xəbər verir. Əgər "Manqurt" tamaşasında manqurtluğun bütün təzahür versiyaları oynanılırsa, "Şinel" tamaşasında şinelin bir geyim kimi apolojisi cəld, suggestiv hərəkətlərdə, dönmələrdə, qıvrılmalarda vizuallaşdırılır və Nikolay Qoqol yaradıcılığı üçün mühüm personajların hamısı sosioloji, psixoloji, kulturoloji qatda semantikləşən şinel dünyasına dəvət edilir.

Pantomim sənəti bədənin musiqisidir. Musiqi pantomim oyununda kodlaşdırılmış mənaların açarıdır.

"Manqurt" tamaşası üçün də musiqi önəmli faktordur. Musiqi pantomim kompozisiyaları arasında haradasa pərdə funksiyasını yerinə yetirir. Seyrçi musiqinin köməyilə manqurtluğun tarixən gəlişdiyi dönəmləri bir-birindən fərqləndirir. Təsadüfi deyil ki, ispan korridasını yansıdan pasadobl ("ikicə addım" mənasında anlaşılır) rəqsinin patterni üzərində bəstələnmiş "Sənin üçün, Rio-Rita" havacatının sədaları eşidilən kimi hamı həməncə rejissorun II Cahan savaşına eyham vurduğunu kəsdirir. Çünki məhz 1932-ci ildə Berlinin gecə klubu üçün düşünülmüş bu musiqi II Dünya müharibəsinin ən məşhur və ən sevimli melodiyasına, zəmanənin leytmotivinə çevrilir. Heç bica deyil ki, müharibə ilə bağlı çəkilmiş filmlərin, oynanılmış tamaşaların əksəriyyətində bu melodiya böyük həvəslə səsləndirilir. Təəccüblənməyə bilmirsən, döyüşlər gedə-gedə, ölənlərin sayı milyonları keçə-keçə insanlar bu musiqi sədaları altında rəqs etməyi özlərinə necə yaraşdırırdılar? Bu, manqurtluq da deyil, bəs nədir?

Kütləni manqurtluğa gətirməyin şərtlərindən biri təlqindir. Əbəsdən söyləmirlər ki, bir insana yüz dəfə təkrar-təkrar desən ki, sən donuzsan, o, yüz birinci dəfə doğrudan da donuz səsi çıxaracaq. Yəni söylədiyimin mənası bu ki, təlqinlə insan adlanan məxluqdan istədiyini yapmaq, onu hər cür fəaliyyətə sövq etmək mümkün...

Əlində saxsı fincan tutmuş Dirijor səhnənin ailə planında əyləşmiş aktyorlara yaxınlaşır, onların yanında özünə yer bulur, qaşıqla saxsı fincanı taqqıldada-taqqıldadabir takt tutur. Takt sürəkli davam etdikcə qısa zaman intervalında hərə öz qaşığı ilə öz fincanını döyəcləyə-döyəcləyə Dirijora qoşulur və nəticədə, aktyorlar müəyyən bir ritmə köklənib emosional coşqu yaşayırlar. Bu zaman səhnə fəzasına musiqi sədaları axıb süzülür və aktyorlar kuklalar kimi ayağa qalxıb manqurt rəqsində özlərini unudurlar. Effektli səhnədir: əlüstü semantikləşir və belə fraqmentlərin sayı tamaşada yetərincədir. Pantomim Teatrının aktyorları isə Ceyhunun cızdığı mizanlarda sona qədər dəqiqdirlər, emosionaldırlar və əla təsir bağışlayırlar.

Rejissor tamaşa boyu horror (dəhşət) janrlı "Rezidence evil" ("Şərin iqamətgahı") və "Saw" ("Mişar") filmlərinin saundtreklərindən götürülmüşmusiqi parçalarına müraciət etdiyi vaxt dünya manqurtluğunun Axirət və Cəhənnəmini rəqs vasitəsilə plastikada kodlaşdırmağa, tamaşanın ifa ritmini maksimuma çatdırmağa çalışır. Bu zaman assosiasiyalar Orta əsrlər, İntibah dövrü və çağdaş zəmanəmiz arasında ildırım sürətilə qaçışır və seyrçini belə bir fikrə doğru yönləndirir ki, manqurtluq permanentdir, əvvəli və sonu yoxdur, pandemiyadan betərdir, çarəsi də hələ tapılmayıb...

Mən hamısını danışmadım ki, imkan düşəndə özünüz gedib tamaşaya baxasınız!!!

 





17.10.2023    çap et  çap et