525.Az

...dünya heç kimin! -  Məmməd Araz-90


 

...dünya heç kimin! - <b style="color:red">  Məmməd Araz-90</b>

Dərd eləmə, desəm ki:

Yazı masam, ölürəm!

Ölə-ölə yazmıram,

Yaza-yaza ölürəm...

(M.Araz)

 

Görəsən, nə üçün bir çox hallarda ədib və oxucu çevrəsi qüdrətli sənətkarlar və dəyərli sənət inciləri barədə ümumi sözlər, ümumi təriflərlə danışmağa üstünlük verir? Məsələn, belə: Füzuli əlçatmazdır, Sabir dahiyanədir, Nazim Hikmətdən olmaz, Bəxtiyardan bir dənədir... vəssalam. Yoxsa, böyük-böyük ürəklərin qanında çiçəkləyən sevinc və sevgi gürşadlarına qəlbimizin balaca və dar qapılarını açmaq istəmirik? Yoxsa, o böyük sevinc və gürşadların balaca və dar köksümüzə sığmayacağından ehtiyatlanırıq? Yoxsa, zaman-zaman durulmaq bilməyən xaos içində böyük-böyük ürəklərin qanında sızlayan nifrət və kədərin ağırlığına çiyinlərimizin dözməyəcəyindən qorxuruq? Nə bilim, bəlkə bu da var. Amma bu da var ki, qızmar, az qala insanın ağıl və huşunu əridən günəşli yollardan keçib sinə yanğısını söndürmək üçün büllur bir bulağın duru gözündə dodağımızı isladandan, o sərin və təmiz sudan doyub dikələndən sonra da izafi bir söz işlətmirik, o bulağın axışına, şırıltısına, baxışına, sərinliyinə tərif yağdırmırıq... çox sadə, ya bir sinədolusu "oxay" deyirik, ya da o bulağın gözünü açıb üzə çıxardanın atasına rəhmət oxuyub gedirik dərdimizin, odumuzun dalınca... Tale elə gətirib ki, mən "oğlanlar bulağından su içən" ərəfədə bizdən irəliki şairlərlə bir sırada həm də şair Məmməd Arazın söz bulağından su içmişəm. Ola bilər, uzaq əsrlərin, uzaq illərin o tayında xalq yaddaşında özünün və sözünün izləri qalan, ya qalmayan neçə-neçə sözə vurğun yeniyetmələr olub ki, onlar da əsrdaşı, ildaşı, yaşdaşı olan şairlərin söz bulağından su içiblər və sağalmaz, elə sağalmaz olduğuna görə də bəxtəvər bir dərdə mübtəla olublar. Hər halda, belə qəzavü-qədərə qətiyyən dərd deməzdim...

Və budur, on dörd yaşım olanda kəndimizdən qırx kilometr aralıda yerləşən, indi bayquş xislətli ermənilərin xaraba qoxulu nəfəsindən təmizlənib əsl yiyəsinə qaytarılan, yəni azadlığına qovuşan  Füzuli şəhərinə getməyim, ilk cızmaqaralarımı "Araz" qəzetinə aparmağım yadıma düşür, kəndə - Bəhmənliyə qayıdanbaş raykomun böyründəki mağazadan aldığım kitablardan birinin adını xatırlayıram: Məmməd İbrahim. "İllərdən biri". Həmin çağa qədər oxuduğum kitabların ən balacasını avtobusda, kəndə çatanacan başa vurdum və mənə elə gəldi ki, o kitab gözəl bir bulaq idi, onu sonuncu damlasına qədər içdim. Amma doymadım, o kitabın dadı indi də damağımdadır... O dadı, o tamı bütün ruhumla, sinirlərimlə yenidən duymaq, təzədən yaşamaq üçün Məmməd Arazın bütün kitablarını oxudum. O kitabların birincisi mənim üç yaşım olanda işıqlığa çıxıb, bugünkü günə isə şairin kitabları, onun haqqında yazılan əsərlər demək olar, hər il, həm də dünyanın fərqli ünvanlarında nəşr olunur...

Məmməd Arazın şeirlərini sevməmək mümkün deyil. Çünki bu vicdan, haqq-ədalət, sevgi dolu nəğmələr hər şeydən öncə yaxşı bir insanın qanından qopan ayrıntılardır. Məmməd Arazın üz tutub söz dediyi oxucu sanki ya onun atası, ya anası, ya qızı, ya oğlu, ya qardaşı, ya da bacısıdır... Bunlar olmayanda, elə bil xeyirxahlıqla nəfəs alan bu misralar əziz və unudulmaz bir insanın sinə daşına üz sürtür, baş ağacına yazılırmış kimi görünür. Məmməd Arazın nəğmələri ömür deyilən bir yola səfər başlayan insanın kürəyinə çəkilən dualı, düşərli əl kimidir!

Nə zamansa oxuduğum və yadda saxlayıb şeir gecələrində tez-tez təkrarladığım bir cümlə var idi. "Nifrət və məhəbbət şairin bir cüt qanadıdır", quş bir qanadıyla uça bilmədiyi kimi könül nəğmələri də o qanadlardan biri olmasa havalanmaz. Burda nəsə sirli bir səbəb var ki, şair Məmməd Arazın qələmə aldığı dolğun misralar Qatar-qatar sıralanıb könüllərdən-könüllərə qanad çalmaqdan yorulmur? Hələ bir fikir verin: Məmməd Arazı göylərə qaldıran iki qanaddan biri məhəbbətdir... o birisi də məhəbbətdir! Yəni bir az irəlidə söylənildiyi kimi, Məmməd Araz bütün sözlərini əzizlərinə, doğmalarına deyir. Diqqət edin, Məmməd Araz düşməninin üzünə də baxmır. Görünür, yaxşı adamlar düşmənlərini belə öldürürlər!

Anlaşılmasın ki, Məmməd Araz özü də, şeirləri də yalnız və yalnız sadəlövhlük timsalıdır, hansı şəkildə olursa-olsun, istər elmi, istər obrazlı düşüncə yolu ilə dünyanı dərk etmək istəyən bir təfəkkürün sadəlövhlük bükümləri içərisində görünməzliyinə, itib-batmasına inanmağın özü sadəlövhlük olardı. Məmməd Araz yaxşı bilir, duyur və görür ki:

 

Bu gileydən qəlbim yaman xallanır;

Çox ünvanda qaçaq tərif yallanır.

Bir ağılın budağından sallanıb

Neçə-neçə ağlı dayaz yaşayır.

 

Məmməd Araz yaxşı bilir ki:

 

Çox gözlü var torpağına kor baxır,

Dan yerinə bəbəyində tor baxır.

Yüz də çevir, min də ələ torpağı,

Namərdinən mərd yanaşı göyərir.

 

Amma mənim həmişə sona qədər inandığım bir həqiqət var ki, dünyanı yalnız yaxşılıqla, xeyirxahlıqla düzəltmək olar. Hər dəfə Məmməd Arazın sözünə, nəğməsinə qulaq kəsiləndən sonra mənim içimdəki bu inam bir qədər də boy atır, bərkiyir.

Məmməd Araz adına vurulan bu söz ilməsini bir az da xırdalayaq, hər bükümündə neçə-neçə məna gizlənən kəlmə yumağının ipini bir qat da açaq. Yaxşılıq müdrikliyin əlifbasıdır. Yaxşıların hamısı müdrik olmaya bilər. Amma müdrikliyin qanında şəksiz-şübhəsiz yaxşılıq cövhəri var; hərf kimi, səs kimi... Yaxşı insan, ustad şair Məmməd Araz müdrik düşüncələrə sahibdir. Şairin şeirlərinə müdriklik bir nar suyu kimi qıraqdan sıxılıb damızdırılmır. Müdriklik bu şeirlərin təbiətindədir, müdriklik Məmməd Arazın qanındadır. Bütün yaxşı şairlər kimi Məmməd Araz da öz şeirlərinin, öz nəğmələrinin qan qardaşıdır. Əgər onun nəğmələrinin damarlarında dolaşan qanı müdriklik qızartmasaydı, məhz müdrik Xudu Məmmədova üz tutub bu kəlmələri deməyə onun gücü çatardımı:

 

Bax, donqar dəvənin səbət yükünə,

Bənzəyir içi boş sərvət yükünə.

Ömür karvanının sənət yükünə

Bir-iki qeyrətli söz yükləməsək

Sən kimə gərəksən,

mən kimə gərək?!

 

İşlək adamlara həmişə iş tapıldığı kimi dərd və kədər də onu çəkməyi bacaranları seçir. Bəlkə də yer üzündə elə xalq var ki, onun şairlərini bəxtəvərlik dilləndirir. Şərqdə isə şairlər qaşlarının arasında sirli və kədərli bir düyünlə doğulurlar. Dərdi içinə salanlardan dünya xəbər tutmur, onlar gözəl bir ölümə tuş olub gedirlər. Min il yaşayanlar dərdi deməyi, yazmağı, dilə gətirməyi bacaranlardır.

Məmməd Araz dərdi, ağrını çəkilən miqyasda demək, ustalıqla ifadə etmək üçün Allah-təaladan kərəm, qüvvət diləyən bir şairdir. Qəribəlik burasındadır ki, Məmməd Arazın sinəsini parçalayan, dediyimiz həmin o ağrı od olub üstümüzə tökülmür, əksinə, bu yanıqlı nəğmələri oxuyandan sonra insanda bir yəqinlik yaranır: yalan dünyada çəkilməyən dərd yoxdur. Acının dadını bilməyən ürək, ümumiyyətlə, dad bilmir!

Bütün ağrı və əzablar fanidir. Sevinc və sevgilər də fanidir. Elə buna görə də dünya həm sənindir, həm mənimdir, həm də heç kimindir. Dünya həm sənin, həm mənimdirsə, nə üçün yer üzünə qapalı bir qutudan çıxıb heç nə anlamadan, dərk etmədən, dərd çəkmədən, sevib sevinmədən son ucda qapalı bir qutuda qeyb olaq? Dünya heç kimindirsə, onda nə üçün min-min əzaba baş vuraraq hər şeyə sahib olmaq istəyək?

 

Ayaq saxla, dövrənə bax ötəri belə,

Min illərdi Araz belə, Həkəri belə;

Axşamların, səhərlərin təkəri belə

Dünya sənin,

                Dünya mənim,

                         Dünya heç kimin...

 

Təbiətin əbədiliyindən böyük nikbinlik duyan, indi cismən təbiətdən qopan və təbiətə qovuşan ustad şairdən söz açarkən onun poeziyasının ölüm və olum, sevgi və həsrət, insan və zaman kimi ənənə baxımından ümumi, Məmməd Araz duyumu yönündən nəzər salanda isə kifayət qədər fərdi mövzuları içərisində təbiətin şerə gətirilməsini görməmək olmaz. Əslində, Məmməd Araz şeirində təbiətin poetik yozumunu ayrıca sənətkar cəhdi kimi ayırmaq mümkün deyil. Şairin qələmindən çıxan bütün bədii duyğular təbiətin bir parçası kimi qavranılır. Hər kəs etiraf edər ki, ağac demir mən ağacam, çay demir mən çayam, bulud demir mən buludam. Sadəcə olaraq onlar görünür, toxunulur, duyulurlar. Məmməd Arazın şeirlərində də belədir, şair könlünün dərdli aynasına təbiətin bütöv mənzərəsi, şəkli düşür. Beləcə "Salamat qal", "Çoban səhəri", "Dərə", "Qanadlı qayalar", "İnsan qayalar", "Həkim çay", "Bulaq daşında yazı" kimi şeirlər yonulur, bəli, yonulur! Bir şeirdə, "İnsan qayalar" şeirində təbiətin insanlaşması, yaxud əksinə, insanın təbiətin bir parçasına yeni biçimdə qayıdışı hətta fiziki proses kimi fövqəladə bir dəqiqliklə cızılır.

Məmməd Araz Azərbaycan poeziyasında ən yaxın vaxt kəsiyində qəlib və ülgülərin içərisində, ənənənin mühafizəkar divarları arasında novatorluğun mümkünlüyünü sübut edən şairlərdən biridir. Onun şeirləri Azərbaycan hecasına yeni nəfəs, yeni hava gətirib, bu havanı yaradan poetik dil faktı, yeni qafiyə sistemi, məncə, tutarlı tədqiqatların mövzusudur və nə yaxşı ki, belə araşdırmalar hansısa bir instansiyadan sifariş edilmədən, məhz dəyərli poeziyanın incələnməsi zəruri olduğu səbəbindən, təbii bir axarla aparılır.

Məmməd Arazı oxucu, eşidib dinləyən insanlar ona görə sevir ki, o, Allahın sevdiyi şairdir. Allah-təala qəlb ağrılarını da, fiziki ağrıları da Məmməd Araza təsadüfən deyil, məhz bu istedadlı bəndəsini çox istədiyindən verib. Və o miqdarda verib ki, Məmməd Araz yolu-yolağası kifayət qədər çirklənmiş dünyanın toz-torpağına bulaşmasın, toyların bihudəliyinə, yasların qeybət güruhuna uymasın, televizora çıxmasın, nəşriyyatların qapısında vaxt itirməsin, ötəri sevgilərlə duyğularını aldatmasın... Hərdən düşünürəm ki, Məmməd müəllim ləyaqətli bir rahib ömrü yaşadı və onun səsi cismən sağ olanda da qeybdən gəlirdi. O yerdən ki, ordan Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Nazim Hikmətin, Şəhriyarın, Bəxtiyarın səsi gəlir...

Böyük şairin 90 yaşının tamama yetdiyi günlərdə təqdim etdiyim bu düşüncələr Məmməd Araz poeziyasının qüdrətinə yönəlik tezislərin cüzi bir qismidir. Digər yandan bu qeydlər Ustadımız haqqında nə birinci, nə də sonuncu yazımdır. 1974-cü ildə onun "Qanadlı qayalar" kitabı barədə iyirmi səhifəlik bir yazı yazıb "Ədəbiyyat və incəsənət" qəzetinə vermişdim, çap olunmadı, bir müddətdən sonra dedilər, əlyazma itib (Əlyazmalar yanmasa da, istəniləndə bir göz qırpımında "itir"). Sonra "Qələm - mənim söz qardaşım" adlı məqalə ilə Məmməd müəllimin əlli yaşını təbrik eləmişdim ("Sovet kəndi" qəzeti, 1983). "Araz səsi" adlı poemam, digər bir çox şeirlərim şair Məmməd Araza həsr olunub.

Məmməd Araz barədə bu dəfə də söz demək istədim, göründüyü  kimi, nəyəsə nail ola bilmədim.

Yazının lap əvvəlinə qayıtmaqdan özgə əlacım qalmır. Ciyərimiz yanarkən dodaq söykəyib suyunu içdiyimiz bulağı biz heç zaman tərifləmirik, elə bircə kəlmə "oxay" deyirik, bir də o ehsanın yiyəsinə rəhmət oxuyuruq. Yaxşısı budur! Bir halda ki, yaxşısı budur, onda belə deyirəm: Allah ana yaşında itirdiyin anana, ata yaşında itirdiyin atana rəhmət eləsin, ey Məmməd Araz bulağının gözünü açan şair!

Allah sənə rəhmət eləsin, ustad!

Və doxsan yaşın mübarək, ulu şair! Əlimi gözümün üstünə günlük eləyib Məəmməd Araz ömrünün ucalıq silsiləsinə, bu silsilənin 90-cı aşırımına baxanda bütün varlığımla, qəlbən inanaraq və deyirəm: Dünya heç kimin yox, sənindir, Məmməd əmi! Və xoş halımıza ki sən də bizimsən, XALQIMIZIN!

 

Dünya sənin, Məmməd Araz...

 

"Dünya sənin, dünya mənim,

dünya heç kimin..."

(M.Araz)

 

Fırfıratək fırlanana - "heç kimin", - dedin,

İçin sözdü, çölün sözdü, söz vətənindi.

Sözə xatir boğum bir az hirsimi, - dedim,

Tərsə çəkən tələbənəm, tərsini dedim:

Dünya sənin, Məmməd Araz,

                                               dünya sənindi!

 

Yola aşiq olanların mənzildir sonu;

Daş-kəsəklər, sür-sümüklər yolötənindi.

İki qəlbi əkiz tutub tən bildim sonu,

Bağışla ki, şah şeirindən mən sildim sonu -

"Heç kim nədi", Məmməd Araz,

                                               dünya sənindi!

 

Əli zərə yatmayanlar zər tutur-tutsun,

Oyunçu yox, odunçu çox, talançı mindi.

Əyrimçələr dik-dik gəzib sim udur-udsun,

Boğazında qalar loxma kim udur-udsun -

Udulmayan qaya dünya,

                                      Məmməd, sənindi!

 

Titrək-titrək əsən külək titrəyən əlin,

Yarğan səbrin, çay gülüşün, duman-kinindi.

O nər gədik, o ərən dik, o qaya gəlin,

gül üstünə şeh adıyla daman sənindi,

Aləm sənin, Məmməd Araz,

                                               dörd yan sənindi.

 

Ata kitab, ana tarla; sünbülü sözdü,

Al qanımda cücərənlər kəlmələrindi.

Fələyin sərt zərbəsinə kişitək dözdün,

Qalibiyyət axır dinib, son gülənindi -

Hünər sənin, Məmməd Araz,

                                               zəfər sənindi!

 

İstəməzsən olanımdan daha çox, şair,

Sözə qurban vətən ətri verən tənimdi.

Cənnətdəsən, bəxtəvərsən, könlü tox şair;

Vətənin göz yaşı suyun, ahı dənindi -

Xoş halına, Məmməd Araz,

                                               dünya sənindi!

 





17.10.2023    çap et  çap et