525.Az

"Kart oyunçuları"


 

"Kart oyunçuları"<b style="color:red"></b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Pərvanə Əkbərovadır. Onunla məşhur fransız rəssam Pol Sezanın "Kart oyunçuları" əsərindən danışmışıq.

Pol Sezan 1839-cu ildə Fransada anadan olub. O, Qərb rəssamlığında abstraksiyanın banisi kimi xatırlanır. Sezan daha çox natürmort, peyzaj və portret ustası kimi tanınır. 1870-ci illərdən plenerdə işləməyə başlayan rəssam öz boyakarlıq sistemini yaratmış və bu dövrdən impressionizm ilə Sezan yaradıcılığı arasında ziddiyyət meydana gəlmişdi. Bu cərəyanı təmsil edən rəssamlar öz dövrlərində rəssamlığın formalaşmasında mühüm rol oynayıblar. Sezan da müasirləri olan yeni nəsil nümayəndələrinə ciddi təsir göstərib.

 

- Pərvanə xanım, əsərin yaranma tarixi ilə bağlı nə bilirik?

- "Kart oyunçuları" 1890-1895-ci illərdə yaranıb. Bu əsər bir yox, beş tablonun yer aldığı seriyadır. Rəssam ilk olaraq tabloda beş nəfəri təsvir etsə də, sonrakı rəsmlərin hər birində şəxs sayı azalıb və nəhayət, iki nəfərin təsviri ilə yekunlaşıb.

Bu rəsmləri çəkməzdən əvvəl o, xeyli araşdırma aparıb və XVII əsrdən əvvəlki rəsmləri öyrənib. Rəssamın bu araşdırmalardan təsirlənməsi inkar edilmir.

Həmin vaxt o, karyerasının son mərhələsinə qədəm qoyur və "Hamamdakı qız" kimi tarixə düşəcək bir neçə rəsm əsəri yaratmağa hazırlaşır.

- Əsər harada saxlanılır?

- Hazırda əsər Nyu-Yorkda Metropolitan İncəsənət muzeyində saxlanılır.

- Əsərin rəng həlli necədir?

- Əsər kətan üzərində yağlı boya texnikası ilə işlənib. Tünd və açıq tonlar arasındakı kontrast güclü və aydındır. Buradakı mavinin gradienti yoxdur. Dəyişiklik olduqca kəskindir. Bundan əlavə, xarici işığın əks olunmasını təmsil edən bir neçə sarı çalar var. Əsərdə sakitlik hökm sürür. Rəssam sərxoş, səs-küylü insanları deyil, diqqətini kart oynamağa yönəltmiş sakit insanları təsvir edir. Sezanı atmosferdə rənglərin dəyişkənliyi, ətraf mühitin dinamikası və işıq-kölgənin təsadüfi effektləri deyil, rəng münasibətlərinin sabit qanunauyğunluğu cəlb edirdi.

- Bəs əsərin kompozisiyası haqqında nə demək olar?

- Beş əsərin hamısında təsvir olunanlar Fransanın Provans şəhərinin sakinləridir. Hər rəsmdə bütün personajların başı kart oyununa qarışıb. Əslində, biz başqa rəsmlərdə oyun gedən zaman gərginliklə rastlaşırıq, lakin Sezan əsəri özünə xas tərzdə harmonik təsvir edib. Bizi rəsmdəki fiqurlara baxmaqdan yayındıra biləcək yeganə şey stolun üstündəki tıxaclı şərab şüşəsidir.

Şəklin arxa planı olduqca qeyri-müəyyən və bulanıq görünür. Kart masasında bir qəpik də pul yoxdur. Bu da ondan xəbər verir ki, personajlar qumar oynamır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əsərdə heç bir hekayə yoxdur. Bütün seriya sadə insanlardan ibarət natürmort kimidir. Əsərdə kart oynayanlardan başqa heç kim təsvir olunmayıb. Onu da qeyd edim ki, bu tablo dünyanın ən bahalı rəsm əsərləri sırasındadır.

Aytac SAHƏD

 





18.10.2023    çap et  çap et