525.Az

Sənətə və Fikrət Əmirov imzasına ehtiram nümunəsi


 

PROFESSOR ADİLƏ YUSİFOVA: "TƏHSİLDƏ DƏ, YARADICILIQDA DA QAZANILMIŞ UĞURLARLA ARXAYINLAŞMAQ OLMAZ"

Sənətə və Fikrət Əmirov imzasına ehtiram nümunəsi<b style="color:red"></b>

Böyük bəstəkarımız Fikrət Əmirovun adını daşıyan 6 nömrəli 11 illik incəsənət məktəbinin direktoru professor Adilə Yusifova ilə bu nüfuzlu təhsil ocağının keçdiyi yol, hazırkı fəaliyyəti və perspektivləri barədə söhbətləşdik. Sözügedən məktəb musiqi, rəssamlıq, xoreoqrafiya sahələrini özündə birləşdirən, şagirdlərin hərtərəfli inkişafına şərait yaradılan təhsil müəssisəsidir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim A.Yusifovanın bildirdiyinə görə, əvvəllər 18 nömrəli musiqi məktəbi kimi fəaliyyətə başlamış bu təhsil ocağının əsası 1962-ci ildə qoyulsa da, 1999-cu ildən 6 saylı İncəsənət Məktəbinə çevrilib.

- Fikrət  Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi musiqi, rəssamlıq, xoreoqrafiya sahələrini özündə birləşdirən, şagirdlərin hərtərəfli inkişafına şərait yaradan təhsil ocaqlarından biridir. Əvvəllər 18 nömrəli musiqi məktəbi kimi fəaliyyətə başlamış təhsil ocağının əsası 1962-ci ildə qoyulsa da, 1999-cu ildən 6 saylı İncəsənət Məktəbinə çevrilmişdir. 2002-ci ildən SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, dünya şöhrətli bəstəkar F.Əmirovun adı verilən bu sənət ocağı sonradan (2005) onbirillik təhsil sisteminə keçirilmişdir. Təsis olunduğu gündən burada yalnız fortepiano və violin alətləri tədris edilmiş, sonradan isə həm avropa, həm də milli musiqi alətləri ixtisasları üzrə bütün siniflər açılmışdır. Məktəbin ətrafında hərbi hissənin yerləşməsi, orada Avropa nəfəs alətləri orkestrlərinin fəaliyyət göstərməsi həmin alətlərin burada tədrisinə böyük imkan yaradırdı. Bütün bunlar o dövrün zəruri tələblərindən irəli gəlirdi və məktəbin aktiv yaradıcılıq həyatına təsir edirdi. Lakin 1990-cı illərdə baş vermiş məlum hadisələrə görə Avropa musiqi alətlərinin tədrisində də müəyən qədər geriləmə yarandı. Həmin alətlərdə ifa edən musiqiçilərin ölkəni tərk etməsinə görə kadr çatışmazlığı məsələsi önə çıxdı. Bununla da musiqi alətlərinin tədrisi sahəsində boşluqlar əmələ gəldi. Yaranan vəziyyət musiqi məktəblərində nəfəs alətlərinin tədrisinə də öz təsirini göstərdi. Həmin illərdə hərbi hissələrdə nəfəs alətləri orkestrləri dağıdıldı. Lakin sevindirici haldır ki, son on ildə bu problemin həllində irəliləyişlər baş verib. Artıq milli musiqiçi kadrlardan ibarət yeni orkestrlər təşkil olunub və hazırda musiqi tədris müəssisələrində nəfəs alətlərində də ifaya maraq yaranmağa başlayıb. Təsadüfi deyil ki, indi məktəbimizdə Avropa nəfəs alətlərindən ibarət kiçik ansambl fəaliyyət göstərir.

- Bildiyimə görə siz əvvəllər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və həmin ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən 11 illik Orta İxtisas Məktəb Studiyada pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Necə oldu ki, F.Əmirov adına 11 illik incəsənət məktəbilə yolunuz kəsişdi?

- 2016-cı ildə məktəbə direktor təyin olunmağımla həyatımda yeni bir mərhələ başlandı. İnzibati vəzifədə çalışmaq təklifini əvvəllər də dəfələrlə almışdım. Amma ailə vəziyyətimlə əlaqədar olaraq həmişə bir qədər kənarda qalmağı üstün tuturdum. Həyat yoldaşım vəzifəli şəxs kimi dolğun iş rejimi ilə çalışdığı üçün hesab edirdim ki, ailədə bir nəfər rəhbər olmalıdır. Qadın isə ailənin himayəçisi olaraq öz vəzifəsini yerinə yetirməlidir. Sonradan belə şərait yarandı ki, seçim etməli oldum və razılaşdım. Onu da deyim ki, F.Əmirovun adını daşıyan bu təhsil ocağında heç vaxt olmamışdım, bura mənim üçün naməlum məktəb idi. Pedaqoji heyəti isə ümumiyyətlə tanımırdım. İncəsənət məktəbinə gəlişimə qədər mən yaradıcı işlər ilə bağlıydım. Əsərlərim Azərbaycan Bəstəkarlar İttifaqının plenumlarında, konsertlərdə və xarici ölkələrdə səslənirdi. Eyni zamanda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında professor kimi proqramlar tərtib edirdim, kitablar, dərs vəsaitləri üzərində işləyirdim, monoqrafiyanı nəşrə hazırlayırdım. Kafedra müdirimiz professor R.Zöhrabov yaradıcı şəxslər üçün çox gözəl şərait yaradırdı. Həmçinin, o dövrdə paralel olaraq həmin ali təhsil ocağının nəzdindəki Orta İxtisas Məktəb Studiyada pedaqoq kimi çalışırdım, rejissor, xalq artisti Gülcahan xanım Güləhmədova-Martınova ilə birlikdə yaratdığımız uşaq opera teatrında tamaşaların hazırlanmasında musiqi rəhbəri və tərtibatçısı kimi yaxından iştirak edirdim. Hazırki məktəbdə isə qarşılaşdığım mənzərə və yenicə tanış olduğum kollektiv əvvəlkindən tamamilə fərqlənirdi. Bu məktəbdə  tanınmış musiqiçilər çalışmırdılar. Əlbəttə, burada çoxlu xoşagəlməz problemlər ilə də rastlaşırdım. Lakin yaranan məsələləri həll etməkdə qəti qərar vermişdim. Mübariz insan olduğum üçün mənfi halları aradan götürməyə təşəbbüs göstərirdim. Beləliklə də mən 2016-cı ildən yeni istiqamətdə fəaliyyət göstərməyə başladım. Məktəbə gələrkən anladım ki, işə tamamilə başqa cür yanaşmalıyam. Bütün səylərimi görmək istədiyim məktəbi formalaşdırmağa, müəllimlərin işinə nəzarətə və şagirdlərin inkişaf dinamikasını izləməyə yönəltdim. Deyə bilərəm ki, 7 illik zəhmətimin bəhrəsi artıq öz səmərəli nəticəsini verməyə başlayıb. Hesab edirəm ki, həmişə öz üzərində çalışan, işinə məsuliyyət və sevgi ilə yanaşan müəllimlər, yaradıcı mühiti mühafizə edən həmkarlarım təkcə məktəb kollektivinin üzvü deyillər, onlar eyni zamanda mənim dostlarımdırlar. Belə müəllimlər ilə hər vaxt yaradıcı ünsiyyətdə olmaqdan məmnunluq hissi duyuram. İstədiklərimi qismən də olsa reallaşdırmışam. Fikirləşdiyim layihələri tədricən həyata keçirirəm.

- Sizcə bugünkü təhsil sistemi gələcəyin perspektivli musiqiçilərinin yetişməsində əhəmiyyətli görünürmü?

- Bu məktəbdən, demək olar ki, minlərlə şagird məzun olub. Onların arasında incəsənət yolunu seçənlər də, həyatda başqa mövqe tutanlar da var. Bizim məqsədimiz şagirdlərə ibtidai bilikləri aşılamaq, onların yüksək estetik zövqünü formalaşdırmaqdır. Təhsil aldıqları bu incəsənət ocağı uşaqların hər birinin həyatında müəyyən mərhələdir. Məktəbin fəaliyyəti ölkəmizin gələcək sivil vətəndaşlarının inkişafı üçün maarifçiliklə məşğul olmağa yönləndirilib. Mən belə düşünürəm.

- Təhsilin inkişafı üçün hansı təkliflərin səmərə verəcəyini  hesab edirsiniz?

- Fikrimcə, məktəb rəhbərinin özü ifaçılıq, bəstəkarlıq və elmi yaradıcılıq  fəaliyyətilə, həmçinin pedaqoji ustalığı və xarici dil bilgiləri ilə müəllimlər üçün örnək şəxsiyyət olmalıdır. Məncə şagirdlərin biliyini daha obyektiv dəyərləndirmək üçün on ballıq qiymətləndirmə sisteminə keçmək lazımdır. Bunun musiqi təhsilinə tətbiqini Mədəniyyət Nazirliyində, Bakı şəhər Mədəniyyət Baş İdarəsində çıxışım zamanı dəfələrlə səsləndirmişəm. Digər təklifim isə məktəbdəki  sinif otaqlarının internet şəbəkəsinə qoşulması, tədris zamanı uşaqların müxtəlif musiqi əsərlərini dinləməsi, xoreoqrafiya şöbəsinin şagirdlərinin balet tamaşalarını seyr etməsi və müəllimləri ilə birlikdə təhlillər aparması, eləcə də kiçik fırça ustalarının rəsm qalereyalarındakı işlərə tamaşa edə bilməsi ilə bağlıdır. Məncə internetin təchizi təhsilimizin inkişafına çox müsbət təsir göstərər. Məlumdur ki, XXI əsrin tələbləri tədrisin də inkişafında yeni tədris formalarının tətbiqini tələb edir. Ümumiyyətlə informasiyanın sürətlə yayıldığı bir dövrdə mənəvi qidalandırma təlabatını ödəmək və vaxta qənaət baxımından da internetdən istifadə böyük əhəmiyyət daşıyır və təhsildəki layihələri həyata keçirməyə yeni imkanlar yaradır.

Bildiyiniz kimi, bu gün bütün dünyada təhsili inkişaf etdirmək üçün çoxlu yollar mövcuddur. Macarıstan, Pribaltika, Fransa, Yaponiya və s. kimi ölkələrin  öz tanınmış bəstəkarları və musiqişünasları var. Onlar musiqi təhsilinin inkişafı ilə bağlı yeni maraqlı üsullar və proqramlar təklif edirlər. Məsələn: Almaniyada nəfəsli musiqi alətlərinə olan maraq böyükdür. İbtidai məktəblərdə təhsil alan şagirdlərin əksəriyyəti blok fleytada ifa texnikasını mənimsəməyə maraq göstərirlər. Biz də hər məktəbdə maraqlı pilot layihələr hazırlaya bilərik. Bu da hazırki dövrün təhsil islahatlarının bir yoludur. Akademik yolu saxlamaq şərtilə milli ənənələrə əsaslanaraq məktəblərin potensialına uyğun belə bir siniflər yaratmaq və bunun, təhsilin inkişafına necə təsir göstərdiyini müşahidə etmək lazımdır.

Müşahidələrim əsasında belə nəticəyə gəlmişəm ki, teatrlarımızın, muzeylərimizin və konsert zallarımızın şəhərin mərkəzində yerləşməsi ətraf ərazilərdə yaşayan məktəblilər üçün müəyyən çətinliklər törədir. Təklif edirəm ki, insanların kütləvi şəkildə yaşadığı şəhərdən uzaq ərazilərdə yerləşən məktəblərin nəzdində foto studiyalar, səhnələr, rəsm qalereyaları və xalça kursları yaradılsın. Beləliklə də hər dəfə şəhərə getməyə zəruri ehtiyyac yaranmasın. Mən bunun da təhsilin inkişafına çox kömək edəcəyi fikrindəyəm. Yeni nəslə incəsənətin incəliklərini aşılamaq üçün bütün bunların reallaşdırılması məqsədəuyğundur. Q.Qarayevin də söylədiyi kimi “Özünü musiqidə, rəqsdə və rəsmdə ifadə etmək lazımdır”. Dahi bəstəkarın fikirlərindən təkan alaraq belə güman edirəm ki, F.Əmirovun adını daşıyan incəsənət məktəbində son illərdə  ayrı-ayrı şöbələrin birgə layihələrdə iştirakı gələcəkdə bu təhsil ocağında musiqili teatrın yaradılmasına kömək edə bilər. 

-Təcrübəli pedaqoq və yaradıcı xanım kimi Azərbaycanda musiqi təhsilinin  perspektivlərini  necə görürsünüz? 

- Mən həmişə eksperimentlər aparmağa üstünlük verirəm. Belə layihələr təhsili inkişaf etdirir. Fikrimcə, ənənələri saxlamaqla yeni yollarla irəli getmək lazımdır. Bunun üçün məktəbdə şərait olmasa da mümkün olanları həyata keçirirəm.

- Həm direktor, həm də müəllim kimi musiqi təhsilində islahatlara ehtiyac duyursunuzmu?  

- Biz vaxtı ilə klassik ənənələrə söykənən təhsil üzrə formalaşmışıq. Ancaq bugünkü təhsilimizi xalqımıza xas olan ənənələr əsasında inkişaf etdirməli və bunun Azərbaycan modelini formalaşdırmalıyıq. Fikrimcə, belə layihələri həyata keçirərkən hər məktəbin yerləşdiyi bölgəni və həmin tədris ocağının daxili şəraitini nəzərdə saxlamaq çox vacibdir. Mən həmişə məktəb direktorlarını inkişafa aparan layihələrdə birgə iştirak etməyə səsləyirəm. Artıq belə layihələrimiz baş tutub. Güman edirəm ki, gələcəkdə də keyfiyyətli və yaddaqalan tədbirlər davam olunacaqdır. Mən musiqi təhsilində əvvəlki sistemin ənənələrinə söykənməyi üstün tuturam. Əvvəlki sistemə yeniliklər gətirməklə uğur qazana bilərik. Peşəkar səviyyəli müəllimlərin aşkar edilməsi ən vacib məsələdir. İ.Qandinin sözləri ilə desəm, “gələcək bu gündən asılıdır”. Düşünürəm ki, köhnə kadrlara dəstək olaraq gənc nəslin nümayəndələrini savadlı, peşəkar və vicdanlı şəxsiyyətlər kimi inkişaf etdirmək lazımdır.

- Rəhbərlik etdiyiniz incəsənət ocağının nailiyyətlərinin fonunda nələr dayanır?

- Fikrimcə, tələb olunanları düzgün idarə etməklə yerinə yetirmək lazımdır. Direktorla bərabər müəllimlər də işgüzar olmalı və ictimai işlərdə fəallıq göstərməlidirlər. Onlar həm də zəif şagirdlərin inkişafı üçün çalışmalıdırlar. Düşünürəm ki, zəif şagirdlər də hansısa konsertlərdə çıxış edə bilərlər. Mən bu baxımdan təcrübəli müəlliməm. Uşaq opera teatrında tamaşalar hazırlayarkən əldə etdiyim təcrübə bu gün də öz bəhrəsini verməkdədir. Məsələn, məktəbdə biz ilk dəfə olaraq A.Rzayevanın “Kukla” mahnısını səhnələşdirdik. Bilirsiniz necə maraqlı oldu? Sonradan başqa personajlar - Buratino, Malvina və s. də səhnəmizdə göründü. Bəzən belə kiçik tamaşalar hazırlayırıq. Əlbəttə, bunları davam etdirəcəyik. Elə tədbirlər də vardır ki, onları məktəbin qarşısında, balkonlarda, pilləkanlarda keçiririk. Bütün bunlarla yanaşı biz Yarat Müasir İncəsənət Məkanında 2020-ci “Könüllülər ili”nə həsr olunmuş musiqi rejissoru olduğum “Nağıl dolu dünya” adlı konsert-tamaşanı da təqdim etmişik. Onun da çox uğurlu keçdiyini bildirməliyəm. Bütün bunlar şagirdlərin gələcək inkişafına müsbət təsir göstərir. Onların böyük layihələrdə - tamaşalarda, müzikıllarda uğurlu iştirakına kömək edir.

- Məktəbdə çalışan yaradıcı kollektivin fəaliyyəti barədə fikirləriniz maraqlıdır. Bu barədə nə deyə bilərsiniz?

- Mən bu fikirdəyəm ki, təhsildə də, yaradıcılqda da qazanılmış uğurlarla arxayınlaşmaq olmaz, ona görə də fəaliyyətdə davamlı nailiyyət əldə etmək üçün müəllim öz üzərində müntəzəm işləməlidir. Özüm vaxtilə Q.Qarayev, C.Hacıyev, A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, İ.Hacıbəyov,  B.Məmmədova, F.Qarayev, B.Yermolayev, R.Çyornaya, İ.Abezqauz, Q.Həbibov kimi müəllimlərdən dərs alımışam. Bu siyahını artıra da bilərəm. Onlar daim öz biliklərini təkmilləşdirən şəxslər idilər.  Müəllimlərimi həmişə özümə örnək hesab edirəm. Mən onları heç vaxt yaddan çıxara bilmərəm.

 - Məlumdur ki, təbii olaraq məktəbdən məzun olan şagirdlərin hər biri  incəsənət ixtisası üzrə ali təhsil müəssisələrinə üz tutmurlar. İstedadlı şagirdlərin bu sahəyə marağını dərinləşdirmək və inkişaf etdirmək üçün pedaqoji heyət tərəfindən hansı işlər görülür?

- Məktəbdə bir qrup güclü müəllim tərəfindən fəallıq müşahidə etmişəm. Onların rəhbərliyi altında müxtəlif ixtisaslar üzrə şagirdlər yetişdirilir. Pedaqoji heyət daim onların incəsənətə marağını artırır və uğurlu inkişafı ilə yaxından məşğul olur. Lakin şagirdlərin gələcəkdə ixtisas seçimini valideynləri müəyyən edirlər. Bizim builki məzunlarımızdan 13 nəfər ali və orta-ixtisas tədris müəssisələrinə daxil olublar. Onu da deyim ki, öz üzərində çalışan, təhsilini inkişaf etdirən müəllimlərimizin də sayı artır. Bu il onların da bir neçəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul ediliblər. Təbii ki, bütün bunlar sevindirici haldır.

- Sizcə, rəhbərlik etdiyiniz məktəbdə təhsilalanlar arasında gələcəyin parlaq musiqiçiləri yetişirmi?

A.Y.: İstedadlı şagirdlərimiz var. Lakin gələcəyin parlaq musiqiçiləri barədə proqnoz vermək sadə iş deyil. Məncə pedaqoji heyət olaraq təkcə onları axtarmaqla kifayətlənməməli, həm də şagirdlərin bu sahəyə marağını dərinləşdirməklə ciddi məşğul olmalıyıq. Məktəbdə bir sıra yeniliklər olub. Məsələn: şagirdlər digər imtahanlar ilə yanaşı kollokvium imtahanlarında da iştirak edirlər. Biz ilk dəfə olaraq kollokviumu yeni fənn kimi tədrisə daxil etmişik. Şagirdlərimizə əsərlərini ifa etdikləri bəstəkarların yaşadığı dövr, hansı cərəyana mənsubluğu, musiqi tarixində nə kimi yeniliklərlə yadda qalmaları barədə düzgün məlumat verilməlidir. Onlar səsləndirdikləri əsərlərin tonallığını, neçə hissədən ibarət olduğunu, hansı formada yazıldığını, tempini bilməlidirlər. Müəllimlərlə belə qərara gəlmişik ki, bu sualları düzgün cavablandıran şagirdlər müsbət bala layiq görüləcəklər. Buna görə də ixtisas müəllimləri ilə yanaşı konsertmeysterlər də vaxtdan səmərəli istifadə etməyi və bütün fəaliyyət yönünü uşaqların inkişafına yönəltməyi bacarmalıdırlar. Onu da deyim ki, əvvəllər burada şagirdlər üçün məşğələ otaqları yox idi. Artıq bu məsələ də öz həllini tapıb. Biz onlar üçün məşğələ sinifləri təşkil etmişik. Çünki şagirdlərin 90 faizinin mənzilində fortepiano aləti yoxdur. Məktəbdə F.Əmirovun adı ilə bağlı layihələrimiz də olub. Bəstəkarın adını daşıyan muzey guşəsini (2016) yaratmışıq. Muzeydə bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən 130 eksponat toplanmışdır. Müəllimlər bəzən dərslərini həmin muzeydə təşkil edir, şagirdlərə əyani olaraq nümayiş olunan materialları təqdim edirlər. Muzeyin yaradılmasından əvvəl apardığım sorğudan sonra belə anladım ki, uşaqların böyük əksəriyyəti heç vaxt muzeylərdə, teatrlarda olmayıblar. Fikirləşdim ki, məktəbdə nə isə etməliyəm. Beləliklə də F.Əmirova həsr edilən muzeyi yaratdıq. Burada muzeyin təşkil olunması məhz həmin zərurətdən irəli gəldi. Məlumdur ki, interaktiv muzeylərdən fərqli olaraq digərlərində eksponatlara toxunmağa icazə verilmir. Ancaq biz uşaqlara məktəbin muzey guşəsində sərgilənən eksponatlara toxunmağa məhdudiyyət qoymuruq. Onu da bildirmək istəyirəm ki, yaxın günlərdə F.Əmirovun qızı Sevil xanım məktəbimizin qonağı olmuş, təhsil müəssisəsinin  fəaliyyəti haqqında fikirlərini dilə gətirmişdir. O, hədiyyə kimi atasının “Nizami” simfoniyasından II hissənin fortepiano üçün köçürülmüş klavirini muzeyə hədiyyə etmişdir. Hazırda məktəbin fortepiano şöbəsinin müəllimləri konsertdə səsləndirmək üçün həmin əsər üzərində işləyirlər. Biz bu əsəri də muzeyin dəyərli və yeni eksponatları sırasına daxil etmişik.

Digər bir layihə isə “1 iyun Uşaqların Beynəlxalq müdafiə günü”nə həsr olunmuş “Uşaqlara məhəbbətlə” adlı tədbirlə bağlıdır. Biz həmin günü məktəbin qarşısında bayram əhvalı ilə keçirir, uşaq bayramını şagirdlərimizə ərməğan edirik. “Günəşə - zirvəyə can atırıq” adlı ilk art-obyekt layihəmiz də elə bu münasibətlə yaranıb. Bu layihə vasitəsilə məktəbdə təhsil alan bütün şagirdlərin və onların müəllimlərinin şəkillərini göstərməklə uşaqların işıqlı, xoşbəxt gələcəyini simvolizə etməyə və “biz birlikdə güclü, böyük F.Əmirov ailəsiyik” ideyasını irəli sürməyə çalışmışıq. Hesab edirəm ki, hər şagird özü bir bərəkətdir. Mən onları varlıq kimi görürəm. Həmin art-obyektdə əks olunan şagirdlər arasında əlaçılarla yanaşı zəif oxuyanların da şəkilləri var. Onların hamısı bizim gələcəyimizdir. Mən heç kimi ayırmıram.

İncəsənət müəssisəsində böyük bəstəkarın anadan olmasının 94-cü ili ilə əlaqədar olaraq “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı ilk elmi-ifaçılıq konfransını təşkil etmişik. Burada şagirdlərlə bərabər müəllimlərin də  çıxışlarını vurğulamaq istəyirəm. Bu layihə sonrakı illərdə də uğurla davam olunub. F.Əmirovun adı ilə bağlı olan yubiley festivalını da qeyd etmək lazımdır. Mənim ideya müəllifliyimlə rəssam müəllimlər ilə birlikdə üç art-obyekt hazırlamışıq ki, onlar hazırda məktəbimizin interyerini bəzəyir. “Günəş” adlı layihədən başqa biz növbəti art-obyekti - “Musiqi-multikultural kontekstdə” ideyasının ifadəsi ilə bağlı olan F.Əmirovun şərq və qərbin qovuşması adlı “Gülüstan Bayatı-Şiraz” art-obyektini nümayiş etdirmişik. Məktəbin 60 illiyinə isə digər art-obyekti ərsəyə gətirmişik. Piramida üzərində nar və onun içində yanan çırağı əks etdirməklə biz məktəbin bu günü ilə yanaşı keçmişini də göstərməyə çalışmışıq. “Piramida üzərində nar” adlandırdığmız bu art-obyektdə məktəbin keçmiş tarixini canlandıran şəkilləri, rəssamların məhz F.Əmirov ilə bağlı işlərini göstərmişik. Yeri gəlmişkən onu da deyim ki, biz ilk dəfə olaraq 2021-ci ildə satış-sərginin açılışında iştirak etmişik. Rəssam şagirdlərimizin əl işlərini satış sərgiyə çıxarmışıq, əldə edilən maddi vəsaiti isə uşaqlar və onların müəllimləri arasında bölmüşük. Bu onlar üçün mükafat kimidir. Həmçinin, uşaqların iştirakçısı olduğu tamaşaları da təqdim etdiyimizi bildirmək istəyirəm. Vurğulayım ki, məktəbimiz ötən il ilk dəfə olaraq Aprel ayının 27-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibi elan edilib. Bu məktəbin tədris və təlimində böyük əməyi olan 28 müəllim Fəxri Fərmanla tətif olunub. Onu da deməliyəm ki, şagird kollektivinə I sinifə qəbul edilən uşaqları bayram əhval-ruhiyyəsi ilə qarşılayırıq. Hədiyyə olaraq onlara skripka açarını bağışlayırıq. Uşaqlar yazılmamış səhifə kimidirlər. Şagirdlərin rəqsi, musiqini, rəsmi sevib-sevməməyi isə biz müəllimlərdən asılıdır. Müəllimlər onlar üçün sənətdə yol göstərən bələdçi kimidirlər. Bütün sadaladıqlarımdan başqa məktəbimizin xarici əlaqələrinə də toxunmaq istəyirəm. Bizim təkcə respublikamızdakı məktəblər ilə deyil, həm də Özbəkistanın, Gürcüstanın, Rusiyanın təhsil ocaqları ilə də yaradıcılıq əlaqələrimiz mövcuddur. Bir neçə dəfə müəllimlər ilə birlikdə Gürcüstanda konsertdə olmuşuq. Şagirdimiz T.Cəfərzadə (müəllim G.Zairovanın sinfinin məzunu) “Future stars – 2018” Beynəlxalq Müsabiqəsində iştirak edib. O, “Balaca virtuoz” nominasiyasının laureatı olub və “Gümüş not” mükafatına layiq görülüb. Gürcüstanda çoxlu sayda tədbirlər keçirmişik. Özbəkistanlı şagirdlər isə məktəbimizdə qonaq olublar. Rusiya məktəbləri ilə də əlaqələrimizi davam etdiririk.        

- Ötən il məktəbin fəaliyyətinə dair kitab işıq üzü görüb. Bu kitabı tərtib etmək düşüncəsinə sizi nə sövq etdi?

- Burada ilk işlərimdən biri kitab üzərində çalışmaq oldu. Kitabda məktəbin keçdiyi tarixi inkişaf yolu barədə geniş məlumat toplanmışdır. Bu kitabı F.Əmirovun 100, məktəbin isə 60 illiyinə həsr etdik. “Fikrət Əmirov adına 6 № li 11 illik incəsənət məktəbi” adlı yubiley nəşri ilk dəfə olaraq 2022-ci ildə Bakı şəhəri Mədəniyyət Baş İdarəsi tərəfindən nəfis şəkildə çap olundu. Kitabın musiqi ictimaiyyətinə təqdimi isə 18 noyabr 2022-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında keçirildi.

- F.Əmirovun anadan olmasının 100 illiyi ilə də bağlı olaraq məktəbin bir sıra tədbirləri olub. Bura hansılar daxildir?

- Bildiyiniz kimi, 15 mart 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fikrət Əmirovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu münasibətlə ötən il həm respublikamızda, həm də onun hüdudlarında kənarda tədbirlər keçirildi. Məktəbdə və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın adı ilə bağlı olan konsertlər təşkil olundu. Bakı şəhəri üzrə musiqi məktəblərinin şagirdləri F.Əmirovun yubileyi ilə əlaqədar olaraq elmi ifaçılıq-konfransında, həmçinin festivalda uğurla iştirak etdilər. Keçirilən tədbirlərin sayını artırmaq da mümkündür. Bütün bunlar barədə yubileylər münasibətilə işıq üzü görmüş haqqında bəhs etdiyim həmin kitabda geniş məlumat əldə edilə bilər.

- Bəs məktəblilərin 2023-cü ildə iştirak etdikləri hansı konsertlər və tədbirlər olub? Qarşıda həyata keçirməyi nəzərdə tutduğunuz layihələr nələrdir?

- Məlumdur ki, bu il Azərbaycan tarixində bir neçə əlamətdar hadisənin adı ilə bağlıdır. Onlardan biri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsidir. Bu münasibətilə respublikamızda və onun hüdudlarından çox-çox uzaqlarda müxtəlif tədbirlər keçirilir. Bizim şagirdlərimizin də H.Əliyevə həsr olunmuş müsabiqədə iştirakını qeyd etmək istəyirəm. Gənc pianoçu T.Cəfərzadə Ümummilli Liderin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş lV Respublika müsabiqəsində II yerin, Ə.Manaflı (zərb aləti üzrə) isə III yerin qalibi olublar. Bütün bunlar uşaqlar, onların valideynləri ilə yanaşı biz müəllimləri də çox fərəhləndirir. Məlumdur ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuşdur. Bu il həm də TÜRKSOY-un 30 illik yubileyidir. Bununla əlaqədar olaraq məktəbimizin rəssamlıq şöbəsinin müəllimləri və 9-16 yaş həddində olan şagirdləri maraqlı layihə üzərində çalışaraq həmin tarixi hadisələrə öz töhfələrini bəxş etmişlər. Balaca rəssamların işlərinin toplandığı “Şuşa türk dünyasının mədəniyyət paytaxtı” adlı rəsm albomu artıq nəfis tərtibatda nəşrə hazırlanır.

Bəllidir ki, Şuşa ikinci Qarabağ müharibəsində əldə edilən qələbənin rəmzidir. Məktəbimizdə ikinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçinin ailə üzvü təhsil alır. Burada təşkil edilən konsert tədbirlərində bizim dəvətimiz əsasında qazilərimiz iştirak edirlər. Bütün bunlar gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına böyük təsir göstərir.

Gələcək layihələrə gəlincə deməliyəm ki, maraqlı planlarımız çoxdur. Onları həyata keçirmək fikrindəyəm. Təbiətcə fəal insanam, daim yeni ideyalar axtarışındayam və bunu kollektivimizə də təklif edirəm. Mənim üçün işdə ritmi saxlamaq vacibdir. Məktəbin yaradıcılıq, tədris, təsərrüfat və s. ilə bağlı bütün işləri mənim çiyinlərimdədir. Gələcək inkişaf bu gün verilən düzgün qərardan asılıdır. Hesab edirəm ki, hər işin arxasında sevgi olmalıdır. Nailiyyət qazanmaq, kollektivi maraqlı layihələrə cəlb etmək üçün bu vacib amildir. Mən bütün oxucuları “Nəsimi küçəsi 6” ünvanında yerləşən Fikrət Əmirov adına 6 № li 11 illik incəsənət məktəbinə qonaq dəvət edirəm.

Fazilə NƏBİYEVA,
musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 





18.10.2023    çap et  çap et