Azərbaycan əleyhinə olan qüvvələr dövlətimizin ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsini, onun güclənməsini həzm edə bilmirlər. Onlar müxtəlif vasitələrə əl atmaqla ölkəmizə qarşı mənfur əməllərini davam etdirirlər. Təbii ki, onlar üçün əsas vasitələrindən biri də məhz Ermənistandır. Bir neçə gün əvvəl Baş nazir Nikol Paşinyanın Avropa Parlamentinin (AP) iclasına dəvət olunması və ona xüsusi münasibətin göstərilməsi də həmin mənfur planların tərkib hissəsidir. Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Brüsseldə gözlənilən görüşü ərəfəsində AP-də Paşinyana meydan verilməsi bu təsisatın pozuculuq niyyətindən irəli gəlir. Paşinyan bu fürsətdən istifadə edərək ikibaşlı bəyanatlar səsləndirdi, növbəti dəfə Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi. Maraqlıdır ki, Avropa Parlamenti indi nəyə nail olmaq istəyir? Tərəflərin sülhə çox yaxın olduğu, sülh sazişinin imzalanması üçün heç bir maneənin qalmadığı bir vaxtda niyə pozucu yanaşmasını davam etdirir?
AP erməni şəbəkəsinin təsiri ilə illərlə Azərbaycana qarşı çıxıb, ölkəmiz əleyhinə çox sayda qətnamə qəbul edib. Ancaq bu kağız parçaları ilə heç nəyə nail ola bilməyib. Çünki Avropa Parlamentinin daxilində korrupsiyanın çiçəkləndiyi, islamofobiyanın hökm sürdüyü heç kimə sirr deyil. Belə olan halda AP niyə Azərbaycanın daxili işlərinə burnunu soxmaqla məşğuldur? Paşinyan isə həm özünü, həm də ölkəsini onların əlində marionetkaya çevirib.
Avropa Parlamentinin sədr müavini xanım Eva Kayli korrupsiya əməllərinə görə hazırda istintaq altındadır. Ötən ilin dekabrında polisin həyata keçirdiyi əməliyyat nəticəsində Eva Kayli mütəşəkkil cinayətkar dəstə yaratmaqda, rüşvət və korrupsiya ittihamı ilə həbs edilib. Belçika mətbuatının yazdığına görə, Eva Kayli bu işə yaxın qohumlarını da cəlb edib. Polisin apardığı axtarışlar zamanı onun evindən 600 min avro, iş otağından isə 20 min avroya yaxın nəğd pul tapılmışdı. Onlar bu pulların mənbəyini izah edə bilməyiblər. Amma bu da hamısı deyil, istintaqın gedişində yeni korrupsiya faktları da ortaya çıxır. İndi belə bir təşkilatın Azərbaycana qarşı qərəzli mövqeyini izah etməyə ehtiyac qalmır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva hesab edir ki, Avropa Parlamenti tərəfindən Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, 1 milyondan çox insanı hərbi təcavüz nəticəsində doğma yurdlarından didərgin salmış bir ölkənin başçısını yüksək səviyyədə qəbul edilməsi bu təşkilatın beynəlxalq hüquq normalarını və ədalət prinsiplərini heçə saymasının göstəricisidir. Təşkilatın bu münasibətindən "məmnun" görünən Ermənistanın Baş naziri Nikol Paşinyan ənənəsinə davam edərək Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Paşinyanın Avropa Parlamentindəki çıxışı bütünlüklə yalan üzərində qurulmuşdu.
Deputat bildirib ki, erməni lobbisinin, antiazərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, separatizmin kökünü kəsməsini həzm edə bilmir: "Biz görürük ki, Avropanın özündə separatizmə qarşı mübarizə aparılanda Avropa Parlamenti fərqli mövqe nümayiş etdirir. Beynəlxalq hüquq normalı bütün dövlətlər üçün bərabərdir. Bu təşkilatın məsələyə fərqli yanaşmaq cəhdləri yolverilməzdir. Qarabağda keçirilən antiterror zamanı ordumuz yalnız qanunsuz hərbi birləşmələri hədəfə alıb. Mülki əhaliyə və infrastruktura toxunulmayıb. Avropa Parlamenti kimi qərəzli qurumlar Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə çalışırlar. Amma dövlətimiz öz qanuni addımları ilə həmin iddiaları ifşa edir".
Deputat deyib ki, Paşinyan Avropa Parlamentində 44 günlük müharibə dövründə Ermənistanın Gəncə əhalisinə qarşı terror hücumunun üçüncü ildönümü günündə çıxış etdi: "Yəqin ki, bu, təsadüf deyil, Avropa Parlamenti ilə Ermənistanın düşünülmüş addımıdır. 2020-ci il oktyabrın 17-də gecə saat 01.00 radələrində erməni hərbi birləşmələri cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutmuşdu. Terror hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalmışdı. Nəticədə 15 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdi. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var idi. Bu faktlar göstərir ki, Avropa Parlamenti bu müharibə cinayətlərini törətmiş Ermənistanla həmrəydir".
S.Fətəliyeva onu da vurğulayıb ki, bu gün Avropadakı islamofobiya, dini dözümsüzluk, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir. Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar kimdənsə nəyisə tələb edə bilməz: "Müharibə cinayətləri törətmiş ölkənin başçısına yüksək "qonaqpərvərlik" göstərmək və onunla həmrəylik ifadə etmək, əslində, bu ölkənin cinayətlərinə dəstək vermək deməkdir. Bununla da, Avropa Parlamenti bir daha gerçək simasını nümayiş etdirmiş oldu".
çap et