525.Az

Xatirələrimdəki Mehdixan Vəkilov - Allahverdi Eminov yazır


 

Xatirələrimdəki Mehdixan Vəkilov - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

İnsan unudulur, qismən də olsa, amma əməli, fəaliyyəti yaşayır. İllər keçir, fəqət yaddaşlarda qalır. Bu düşüncələrlə yadıma fəal ictimai xadim, tarixçi, professor Mehdixan Yusifoğlu Vəkilov düşdü. O zaman idi ki, ötən əsrin 50-ci illərin ortalarında Mehdixan müəllim Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin edilmişdi. Mən isə 1959-cu ildə İnstitutun tarix-filologiya fakültəsinə qəbul olunmuşdum. Səməd Vurğunun yeganə - böyük qardaşı kimi tanıyırdıq onu. Uzunboyu, sıx ağ saçları, səliqəli geyimi ilə kənardan seçilirdi. Asta yerişi vardı, kabineti ikinci mərtəbəyə açılırdı. Gözləmə otağının çöl qapısı daim açıq olurdu. Gələnlərin üzündə "qəbul intizarı" olmazdı. O vaxtlar əksər vəzifəli şəxslərdə süründürməçilik psixologiyası yox idi. Görünür, mühitin diktəsiymiş!

Bu günlərdə 120 illiyi tamam olan Mehdixan Vəkilov, desəm ki, unudulmuşdur, yeri var və mən buna çox təəssüflənirəm.

M.Vəkilovun ictimai fəaliyyətini xatırlayıram. Gənc ikən, 1920-30-cu illərdə mühüm vəzifələrdə çalışmışdı. 1926-31-ci illərdə xalq maarifinin inkişafı uğrunda fəal mübarizə aparmış, ictimai tərəqqinin ən mürəkkəb problemlərindən olan mədəni inqilabın qələbəsi uğrunda fəallıq göstərmişdi. Hələ 16 yaşında ikən kiçik qardaşı Səməd Qori Müəllimlər Seminariyasına daxil olmuşdu, görkəmli maarifçi F.Köçərlinin təşəbbüsü və iştirakı ilə yaradılmış Qazax Müəllimlər Seminariyasında təhsil almışdı. Az sonra qəza inqilab komitəsinin işçisi olmaqla geniş ictimai-siyasi iş aparmışdı. 1924-cü ildə seminariyanı bitirmiş, müxtəlif illərdə Gəncə qəzası məktəblərində inspektor, Quba qəzası maarif şöbəsinin müdiri, Şuşa şəhər müəllim kurslarının müdiri vəzifə-lərində işləmişdi. Sonralar (1926-1931) Pedaqoji İnstitutda təhsilini davam etdirib, pedaqoji fəaliyyətindən ayrılmayaraq Balaxanı və Suraxanı məktəblərində dərs deyib. 1934-1938-ci illərdə respublika Xalq Maarif Komissarlığında inspektor, 1938-1941-ci illərdə eyni zamanda Azərbaycan SSR XKS nəzdindəki İncəsənət işləri idarəsində, habelə Tarix İnstitutunda şöbə müdiri vəzifəsində fəaliyyətini davam etdirir. İkinci Dünya müharibəsi başlayanda Mehdixan Vəkilov Təbrizə göndərilir, 1942-ci ilin yazına qədər orada jurnalist kimi fəaliyyətdə olur. Cənubi Azərbaycanda antifaşist milli azadlıq təbliğatının genişlənməsində mühüm rol oynayır. 1942-ci ilin mayında Vətənə qayıdır və partiya - sovet işində məsul vəzifələr daşıyır. Qazax Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1942) və həmin ilin noyabrından 1945-ci ilin mayına qədər Azərbaycan KP Ağstafa Rayon Komitəsinin birinci katibi işləyir.

Mehdixan Vəkilov müharibə illərində xalqın vətənpərvərlik işinin təşkili naminə geniş ideoloji-təbliğat işi aparır. O, qələm sahibiydi, publisistik məqalələr yazır, o cümlədən, məşhur "Cavanşir" əsərini bitirir. Bununla Mehdixan müəllim xalqımızın qəhrəmanlıq ənənələrini tərənnüm edir. Əsərdə əsas motiv kimi Vətənə məhəbbət, düşmənə nifrət hissi verilmişdi. Xalqın maddi və mənəvi sərvətlərinin Vətənin müdafiəsi üçün səfərbərliyə alınması ideyası əsərdə aparıcıdır. Müharibədən sonra (1946-cı ildən) professor, Əməkdar elm xadimi Mehdixan Vəkilov həyatını gənc nəslin təhsilinə və tərbiyəsinə bağlamış, Pedaqoji İnstitutda müəllim, kafedra müdiri və direktor vəzifələrində çalışmışdı. 1956-cı ildən 1962-ci ilin sentyabrına qədər İnstituta rəhbərlik etmişdi. Bir sıra kitabların, elmi əsərlərin müəllifi M.Vəkilov 1958-1962-ci illərdə Respublika Ali Sovetinin deputatı, Ali Sovet sədrinin müavini vəzifəsinə seçilmişdi.

M.Vəkilov humanist, vətənpərvər insan və təəssübkeş ictimai xadim idi. Xatırlamağı özümə borc bilirəm, bəlkə də ictimaiyyət bundan xəbərsizdir: O, rektor olarkən (mənim tələbəlik vaxtıma təsadüf edir) - APİ-nin giriş qapısı S.Şaumyan küçəsindən idi. O zaman Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayevlə söhbətində M.Vəkilov bildirir ki APİ-yə dünyanın müxtəlif dövlətlərindən, məşhur insanlarından məktublar gəlir, ünvan isə "Stepan Şaumyan"dır: "Nə üçün buraya məktublar erməninin adına gəlməlidir? İnstitutun o biri yanındakı küçə isə Üzeyir Hacıbəyovun adını daşıyır. Sizin razılığınızla institutun girişi "Hacıbəyov"dan ola bilər. İmam Mustafayev etiraz etmir... Mən bunun şahidiyəm, sonralar instituta gəliş-gediş Üzeyir Hacıbəyov küçəsindən oldu.

Oxuduğum və Mehdixan müəllimin rektorluğu (direktorluğu) vaxtında mən qəbul imtahanı verirdim. Son imtahandan sonra elan olundu ki, tarix-filologiya fakültəsində "xarici dil" fənnini keçməyən abituriyentlər də xarici dildən imtahan verəcəklər. Bu imtahanı verməyənlər könüllü "İbtidai təhsil" fakültəsinə qəbul olunur. Mən ingilis dilini keçmişdim. Bilet çəkib oturdum, o an Mehdixan müəllim məsul katiblə içəri girib əyləşdi. Xeyli müşahidə edəndən sonra imtahan götürən müəllimlərə həlim səslə dedi ki, bunlar tarixçi-filoloq olacaqlar, xarici dil müəllimi olmayacaqlar, uşaqları dərinə salmayın. Və xüdahafizləşib otaqdan çıxdı. Bu, rektorun yüksək humanist addımı idi.

İkinci xatirəm: Bizə - birinci kurs tələbələrinə dərs başlamazdan əvvəl yataqxanada yer vermədilər. İki-üç gün gedib-gəldik. Bu xəbəri Mehdixan müəllimə çatdırırlar. O, qəti göstəriş verir ki, birinci kursa qəbul olunanlara yataqxanada yer verin, on-lar hələ Bakını tanımırlar... Beləliklə, bizi yataqxanada (A.Bakıxanovda yerləşən məşhur yataqxananı nəzərdə tuturam) yerləşdirdilər...

Professor, Əməkdar elm xadimi Mehdixan Vəkilov bax belə bir insanpərvər, istiqanlı şəxsiyyət idi. O, əlli ildən artıq pedaqoji fəaliyyət olu keçmiş, təhsilimizin tarixində layiqli yer tutmuşdur. Belə şəxsiyyətləri unutmaq, onların xatirəsinə biganə yanaşmaq olmaz.

 





19.10.2023    çap et  çap et