525.Az

Əyan və Bəyan şairi - Nizaməddin Şəmsizadə yazır


 

Əyan və Bəyan şairi - <b style="color:red"> Nizaməddin Şəmsizadə yazır</b>

Dostum, Xalq şairi Ramiz Rövşənə ədəbi məktub

 

Müsəlman inancına görə, Allahın 99 adı var. Əgər belədirsə, mən də birini - 100-üncünü əlavə edirəm: Allahın bir adı da Eşqdir. "Hər şey eşq üstündə durur dünyada" deyirdi dahi Nizami Gəncəvi. Hər şey eşqdən yaranır. Şeyx Nizami deyir ki, "əgər eşq olmasa, maqnit dəmiri, kəhrəba samanı çəkməzdi". Hegel yazırdı ki, "ehtiras olmadan dahiyanə heç nə yaradılmır". Eşq ehtirasın anasıdır, poeziyada ehtirasın ifadəsinə pafos deyilir.

Bütün bunlarsız isə həqiqi şeir yaradılmır. Şeir sadəcə qafiyəli söz deyil, söz ilə musiqi arasında xüsusi bir zərif növdür. Mənim müəllimim (və həmyerlim) professor Musa Adilov "Füzulinin poetikası haqqında" əsərində yazıb ki, "lirik şeirdə forma özü elə məzmundur". Tarixən bədii ədəbiyyatda məzmun və forma məsələləri ədəbiyyatşünaslıqda müstəqil problemlər kimi izah olunub. Lirik şeirdə bu, özünü doğrultmur. Lirik şeirdə məzmunun formaya münasibəti qanın damara münasibəti qədərdir. Bunları bir-birindən ayırsan, ölüm baş verər.

Əziz Ramiz müəllim!

Başını ağrıdıb bunları sənə, zəmanəmizin böyük şairinə ona görə yazıram ki, müasir dövrdə səndən başqa bunları deməyə kimsə yoxdur. Bəzi istisnalarla, demək olar ki, hamı həşərat kimi öz cılız qayğıları ilə eşələnir, xüsusilə pandemiyadan sonra adamlar ünsiyyət mədəniyyətini yadırğayıblar.

Müasir Azərbaycan yeni tarixi dövrə daxil olub: Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü il antiterror tədbirlərində türkün əbədi düşməni erməni toplumunu diz çökdürdük. Cənab Prezidentimizin, Ali Baş Komandanın şücaəti bir tarixi şəxsiyyət kimi əzəməti, böyük diplomatiyası hamımızda iftixar hissi və qürur doğurur. Prezident, ordu və xalq birliyi heç zaman bu qədər güclü olmayıb. Biz tarix içində yeni tarix yaratdıq, bəşəriyyətə yeni sürətli müharibə nümunəsi göstərdik. Sübut etdik ki, ermənilər təkcə Azərbaycanın, türk qövmünün yox, bütün bəşəriyyətin düşmənidir. Bu toplum tarixin bağrında sağalması mümkün olmayan yaradır.

Bütün bunların fonunda həqiqi poeziyamız küncə qısılıb qalıb. Əksinə, bayağı şoular, uzun və mənəviyyatımıza yaraşmayan saxta reklamlar televiziya kanallarında baş alıb gedir. Telekanallar izləyiciləri mənəvi terrora məruz qoyur, heç bir telekanalda şair sözü, alim sözü, ziyalı fikri görünmür.  Bütün bunlar vicdanlı və ləyaqətli ziyalılara iztirab verir. Belə hallar tarixdə də olub, ədəbiyyat tarixində maraqlı nümunələr də var. Dahi Şekspir "60-cı sonetdə" yazıb:

Mən ölüm istəyirəm,

Görməyə yoxdur taqət.

Dilənçilik eyləyir

Qapılarda ləyaqət.

 

Doğruluğa gülərək

Rişxənd eyləyir yalan,

Puçluq paltar geyinir

Min bəzəkdən, cəlaldan.

Bundan daha yaxşısını XVIII əsrdə gözəl şair və vəzir M.P.Vaqif "Görmədim" müxəmməsində yazıb:

Mən cahan mülkündə mütləq doğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm özgə babət görmədim,

Aşinalar ixtilatında sədaqət görmədim,

Biətü-iqrarü-imani dəyanət görmədim,

Bivəfadan lacərəm, təhsili-hacət görmədim.

Əziz dostum! Bunları xatırlatmasam, sənin intellektual şeirinin dərkini başa sala bilmərəm, müasirlik isə bunu tələb edir. Mən sənin poeziyan barədə çox yazmışam: özüm üçün və özgələr üçün. İndi də, kimsəni tapa bilmədiyimə görə bu durumda səninlə həsb-hal etməyə dəruni bir ehtiyac duydum.

Sənin şeirlərin isti ev kimidir, üşüyən cəmiyyətdən qaçıb orada qızınmaq olur. Bəzən novator şair Rayner Pilke ilə həsb-hal edirsən:

Yıxılıram, yıxılıram,

özümdən yıxılıram.

Qəlbimdəki səbirdən,

dözümdən yıxılıram.

Sığınmağa bir bucaq yox,

Yıxılmağa qucaq yox, -

yıxılıram, yıxılıram...

...Gözümdən yıxıldım, Allah,

gözüm yaşından yıxıldım.

Deyirlər, şair həmişə özünü yazır, bu sətirlərdə qabarıq görünən şair "məni"dir; özündən, səbrindən dözümdən, gözümdən, göz yaşından, sözümdən yıxılan şairin psixoloji durumu xeyli düşündürücüdür. Belə ovqat şeirləri öz səmimiyyəti ilə maraq doğurur. Mən sənin poeziyanı gəncliyimdə bir şeirinə görə sevmişəm:

Dərsəm güllərini bu gələn yazın,

Sallanıb yellənsəm budaqlarından,

Eşitsəm adımı sevən bir qızın

Hələ öpülməmiş dodaqlarından

Bu yaz gecəsində ölməyə nə var. 

Gəncliyimdə (elə indi də) bu bir misranı oxuyanda sandım ki, "sevən bir qızın, hələ öpülməmiş dodaqlarından" ilk dəfə mən öpürəm. Bu assosiativ düşüncə şeirin tükənməz enerjisindən, əbədi təsir gücündən xəbər verir. Bəzən bizi kimlərsə, hansı gözəllərsə sevir, bundan xəbərimiz olmur, onlar isə el qınağından, ləyaqətindən açıb etiraf etmirlər. Əslində, ən gözəl məhəbbət gizli Eşqdir. Gizli Eşqin həzzi də, iztirabı da dərin olur. Məncə, gizli Eşqə mübtəla olan hər bir qadının ürəyi həm də xəyallar və sevgilər qəbiristanlığıdır.

İnsanın bəzən özündən, öz içindən xəbəri olmur. İnsan hər şeynən məşğul olur, özündən başqa. Fəqət, özünü tanımaq, özünü dərk etmək xoşbəxtliyin, şəxsiyyət olmağın birinci əlamətidir. İnsan özünə ayrılıq anında, bir də qocalanda nəzər salır, özü də ötəri:

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də xoşbəxtik xəbərimiz yox.

İnsan elə mürəkkəb varlıqdır ki, hələ heç bir elm, nəzəriyyə, müasir texnologiyalar onun sirrini aça bilməyib. Rus filosofu İqnatenkanı "Səadət axtarışında" kitabında Şərq filosoflarının nəzəriyyələri əsasında İnsan mexanizminin şəkli verilib.  Lakin İnsanın həm fiziki, həm də mənəvi mahiyyətini açmaq poeziyaya - Nəsimiyə, Füzuliyə qismət oldu. Allahı insana endirib, Ənəlhəq dedi:

Səni bu hüsni-camal ilə, kamal ilə görüb,

Qorxdular həq deməyə, döndülər insan dedilər.

Mövlanə Məhəmməd Füzuli isə sufi olaraq İnsanı mənəvi təkamül və mistik yaşantı yolu ilə Allahın yanına qaldırır. O, insanı belə zikr edir:

Ey mələksima ki, səndən özgə heyrandır sana,

Həq bilir insan deməz, hər kim ki, insandır, sana.

Belə misallar bizim mənaca, zəngin, formaca zərif klassik şeirimizdə çoxdur. Sənin şeirlərin Füzuli ruhundan bu əbədi, ali enerjidən güc alır. "Şam" miniatür şeiri birbaşa "Füzulinin xatirəsinə" ithaf olunub:

Yüz illərdi bir şam yanır,

Küləklər söndürə bilmir.

Yüzlərlə əllər uzanır,

İşığını dərə bilmir.

 

...Qızındırır yazıqları,

Qorxuzur yalquzaqları,

İşıqladır uzaqları,

Öz dibini görə bilmir...

Yüzillərlə yanan, uzaqları işıqlandıran Füzulinin sənət obrazıdır. "Şam" və "Söz" miniatür şeirlərində (eləcə də bütün yaradıcılığında!) şair özündən, sözündən Füzuliyə körpü salır ki, gələcək nəsillər keçə bilsin:

Sevənlər tutdu dünyanı,

Sevdi unutdu dünyanı,

Mən də sevdim, bu dünyanın

Ən gözəl sözünü aldım.

 

...Məni də yola saldı söz,

Mən getdim sizə qaldı söz,

Yenə təptəzə qaldı söz,

Mən sözün tozunu aldım.

Bu adi və sadə, fəqət mənalı SÖZlərdə metafora, rəmz o qədər güclüdür ki, onu dərk etmək üçün SÖZ peyğəmbərlərinə üz tuturam:

Dinləgil bu sözü ki, candır söz,

Aliyü asimanməkandır söz.

 

Zahirü batin, əvvəlü axir,

Aşikaravü həm nihandır söz.

 

Kafü nundan vücuda gəldi cahan,

Əgər anlar isən, əyandır söz.

(Nəsimi) 

Füzuli isə SÖZ-ün hüsnünə və mənasına SÖZ qoşub "hər ləhcə yoxdan var olan söz"ə ehya veriləndə ölünü dirildir:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

Füzuli sözün mənşəyini də müqəddəsləşdirir:

Sözə xor baxmaq olmaz, hər bir söz

Ərşdəndir gəlib hədiyyə bizə.

Dahi şair "şeir fəziləti də bir elmdir" deyib. "Sözün tozunu sildim" - deyərək sən Nəsiminin, Füzulinin qarşısında poetik etiraf edirsən. Mən həmişə demişəm və yazmışam: Ədəbiyyatında Füzuli olan xalqın şairi olmaq çox çətindir. Əbədi gənc Müşfiq yaxşı deyib:

Şairəm söyləyir yerindən duran

İnsanın üzündə həya gərəkdir.

Şeir qoşanlar, cızmaqaraçılar, sözü urvatdan salanlar gərək Füzulidən (elə səndən də!) utansınlar.

Belə bir el deyimi var: İnsan bir udum nəfəsdir. Nəfəs kəsiləndə insan olmur. Budur insanın əzəməti?!

Əziz dostum! Sənətin, "Nəfəs"in mənə həyat verir, sən bu kitabla bütün insanlara nəfəs verirsən:

Mənim bu dünyayla bir alverim var,

aldığım-verdiyim nəfəsdi, nəfəs.

Daha özgə bazar açan deyiləm,

ölüncə bu alver mənə bəsdi, bəs.

...Üzümə çırpılan yağışa-qara,

küləklərə verdim öz nəfəsimi.

Nəfəsim toxundu gül dodaqlara,

aldı neçə-neçə qız nəfəsimi.

Əgər şeirlərini sistemli-struktural və semantik təhlil etsək görərik ki: 1. adi sözlər yox, seçmə sözlər, tutumlu və orijinal poetik sözlər işlədir. 2. Bu şeirləri arxi-tektonikasında əsas yeri, birləşdirici-əlaqələndirici amil "öpülməmiş qız dodaqları" şəklində təzahür edən Eşqdir.

Sənin məşhur "Qara paltarlı qadın" şeirin ağlamaq motivi üzərində qurulub: Ağlamaq kədər əlamətidir. Əli Kərim demişkən, sən kədərdən sevgi düzəldirsən:

Kişilər bir olmur, atam balası, -

qorxağı var, igidi var.

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq?

                         Yadmı olacaq?

Bu dünyada

bəlkə sənə ən çox ağlayan

ən çox ağlatdığın qadın olacaq.

Göz yaşları yuduqca baş daşını,

Qəbrində qurcalanıb, deyəcəksən: ilahi,

İllər boyu ağlatdığım bu qadın

Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə

nə saçını oxşamışam,

                       nə gözünü silmişəm.

Gözlərimə batır indi

                       saçlarının hər dəni,

İllər boyu bu qadına mən axı dərd vermişəm

İndi görən niyə çəkir dərdimi?!

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,

Yumruğuyla döysə-döysə yaxşıdı.

Qəbrimin üstündə ağlamaqdansa,

Məni söysə yaxşıdı.

Yeri, yeri, qara paltarlı qadın,

Kiri, kiri, qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridi.

Baş daşımı bəsdir basdın bağrına.

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama!..

Beləliklə, böyük şair ustalıqla ağlamaqdan dərin sevgi lirikası yaradır. Sən demə, onun lirik qəhrəmanı ömrü boyu ağlatdığı qara paltarlı gözəli dərin məhəb-bətlə sevirmiş...

Mən darıxanda, gücsüzləşəndə, həyatdan küsəndə dahi Füzulini, M.Ə.Sabiri, XX əsr şairləri M.Müşfiqi, Əli Kərimi bir də, bir də ki, Sənin mənə avtoqrafla bağışladığın "Nəfəs" (2006) kitabını oxuyuram, ruhum dincəlir, özümü qüdrətli, varlı hesab edirəm.

Sənin "Nəfəs"in şeirimizin nəfəsidir. Bu kitabdakı şeirlər, özün demişkən göz yaşından keçib durulur, qandan keçib hərarət alır. Bu şeirlər sənin Ay işığında gördüklərindi:

Ay işığı düşdü göydən,

canımdan-qanımdan keçdi.

Gözümün içindən keçdi,

Özümün içimdən keçdi.

keçdi, dabanımdan keçdi,

Az qaldı ki,

iki yerə bölə məni,

Başımdan göyə mıxladı,

dabanımdan yerə məni.

Ha istədim,

addım ata bilmədim...

Sənin poeziyan dünyanı nura qərq edən Ay işığı kimidir. Bu şeirlərin mətnindən çox aurası - haləsi güclüdür, ruha qida verir.

Əziz Ramiz müəllim!

Mən bilirəm ki, yaxşı şeir yazmaq üçün şeirə mübtəla olmaq lazımdır. Mən 50 ildir Səni tanıyır və izləyirəm, sən lap gəncliyindən şeirə mübtəla olmusan. Necə ki fəda olmaq sevməkdən daha böyükdür, sevmək üçün fəda olmaq lazımdır. Yoxsa belə yazmaq mümkün deyil:

Bilmirəm, hayandan tapdı ömrümü,

Bir dəli at kimi çapdı ömrümü,

Dağlara, daşlara çırpdı ömrümü,

Qədrimi bilmədi bu adam mənim, -

İlahi, al məni bunun əlindən!

Burada metafora lap güclüdür və o qüvvətli rəmz yaratmağa imkan verir. Ümumən, bu şeirdə insan əndişəsi var, insan özünü dərk etməyə çalışır, amansızcasına özünə əl atır. Bu şeirdə həm də güclü bir ehtirasdan yaranmış bədii pafos var.

Nə var Allahdan yuxarı?

Nə var qəbirdən aşağı?

Çəkdiyim ahdan yuxarı?

Bildiyim sirdən aşağı?..

 

Niyə günün gündüzündə

Quşlar azır göy üzündə?

Göz yaşları quş gözündən

Tökülür dən-dən aşağı.

 

Demə, biz ki quş deyilik,

Allaha tanış deyilik...

Ruhum, dur, yığış, gedirik,

Sən yuxarı, mən aşağı...

Bu poetik suallara mən belə cavab verərdim: həyat və həyatın sahibi İnsan var. Allah ilk insanı, Adəmi özünün oxşarı kimi yaradıb və biz insanlar da onun surətini daşıyırıq. Əlbəttə, əziz şair, Ruh yuxarı - göylərə, Allahın yanına (bəlkə də Allahdan yuxarı!) bədən isə aşağı - torpağın altına, əbədi məskənə, qəbr evinə gedir.

Qurani-Kərimin Əl Əhzab surəsində deyilir: ruh Allah əmanətidir, o əmanəti "can borcunu" qaytarmaq lazımdır.

Sənin şeirlərində kədərə bükülmüş bir işıqlı romantika mürgüləyir. Fəlsəfi-intellektual şeir təmayülünün başqanı, Xalq şairi Rəsul Rzanın və nəcib Nigar xanımın xatirəsinə yazdığın "Ağı" miniatür şeirin bu qəbildəndir:

Zalım dünya öz işində,

Gəlişində-gedişində,

Gəl ağlayaq yetmişində

Sevgilitək ölənlərə.

 

Ürəyi min cür dərd görüb,

Gözü min cür sifət görüb,

Gözəl-göyçək ömür sürüb,

Gözəl-göyçək ölənlərə.

 

Keçib kolundan-kosundan,

Tikanların arasından,

Qan sızdıqca yarasından

Əldə çiçək ölənlərə...

Yetmiş yaşında sevgili kimi ölən ömür-gün yoldaşına - iki əvəzsiz şairə, iki əvəzsiz insana səmimi bir ağıdır bu.

 

Qəbrim üstə istəmirəm

Bir dost-tanış ağlasın.

Bir az külək uğuldasın,

Bir az yağış ağlasın.

Qəbrimi bulud sulasın,

Bəlkə bitdim təzədən...

Bu nikbin, ümid dolu kədər, əslində çox gözəldir.

Əziz, dostum!

Sənin kiçik, miniatür şeirlərin bir az atalar sözlərinə, bir az tapmacalara, bir az da lirik etüdlərə bənzəyir. Fikrimin məxləqi budur ki, sənin qısa şeirlərin daha gözəl, daha poetikdir. Şair V.Bayatlıya ithaf olunmuş "Çıxır" şeiri buna misal ola bilər:

Ələ qələm alan kimi

Sətirlər qar olan kimi

Köynəyə qan çıxan kimi

Kədərim varağa çıxır.

Belə bənzətmə, metafonik deyim, bayatı tərzi çox orijinaldır. Bu metaforada diqqəti əsas cəlb edən köynəyinə qan çıxan insandır. Nitşe deyirdi ki, "qələmi qanına batır yaz, görəcəksən ki, qan sənin "Gedək biz olmayan yerə", "Bir yağışlı nəğmə", "Dünyanın sən olan yeri", "Soğan acısı", "Göy üzü daş saxlamaz", "İlan balası" bədii-fəlsəfi şeirlərin müasir poeziyamızın poetik və estetik imkanlarını genişləndirən sənət faktlarıdır.

Sən poema janrına da yenilik gətirmisən: "Qapı", "Süd dişinin ağrısı", "Canavar ovu" poemaların şeirlə nəsrin əvəzlənməsi (sintezi!) tərzində yazılıb.

Əziz dostum!

Mən indi güllü-çiçəkli bağçada gəzən aşiqə bənzəyirəm. Sənin şeir gülüstanından bir səbət bağlamışam onu zəmanəmizin böyük (və təvəzökar!) şairinə - Ramiz Rövşənə ərməğan edirəm. Sən buna layiqsən. İnsana xas bütün mənəvi keyfiyyətlərin məcmusuna ləyaqət deyilir.

Bütövlükdə sənin poeziyan sələfin İmadəddin Nəsiminin yaradıcılığı kimi Əyan və Bəyan şeirləridir. Sən poetik üsulla dövrümüzün mənəvi-əxlaqi həqiqətlərini gələcəyə ünvanlayırsan. Ona görə də sənin poeziyan gələcəkdə daha aydın dərk olunacaq. Tarixdə heç vaxt böyük şairlər, böyük alimlər öz müasirləri tərəfindən olduğu kimi dərk edilməyiblər.

Böyük mütəfəkkir M.F.Axundzadə Mirzə Melkum Xana 27 dekabr 1870-ci il tarixli məktubunda yazırdı: "Kaş anadan doğulmayaydıq... müasirlərimin vecsiz olması nəticəsində yaşamaq mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirirəm" (Əsərləri. III c. Bakı, "Elm" 1988, s.150). Elə həmin cilddə yer almış başqa bir məktubunda daha sərt və qəzəblə yazırdı: "Mənim bu məktubumun surətini bir kitabçaya köçürüb saxlayıram. Barı, qoy gələcək nəsil bilsin ki, mən və siz bu xüsusda nə qədər zəhmətlər çəkmişik, lakin səyimiz heç bir nəticə verməmişdir" (söhbət "Kəmalüddövlə məktubları"ndan gedir!).

Bu sətirlər olduqca müasir səslənir. Mən bu gün də həqiqi ziyalılara (və özümə!) münasibəti görəndə tez-tez Mirzə Fətəlinin 150 il bundan qabaq yazdığı bu sözləri xatırlayıram.

 





19.10.2023    çap et  çap et