525.Az

Şəhər Günün mübarək, əziz Zəngilanım


 

Şəhər Günün mübarək, əziz Zəngilanım <b style="color:red"></b>

Üstündən üç il keçməsinə baxmayaraq, 2020-ci ilin 15-20 oktyabr aralığında Vətən müharibəsinin gedişində yaşadığım hisslər mənim üçün bu gün də eyni qədər canlı və təsirlidir. Həmin günlərdə Azərbaycan Ordusu Füzuli, Cəbrayıl rayonlarının ərazilərini işğaldan azad edə-edə Zəngilana doğru irəliləyirdi. Qanlı döyüşlərin nəticəsində şəhər və kəndlərimiz ard-arda düşməndən təmizlənir, bütün xalq səbirsizliklə növbəti yaşayış məskənlərimizin azadlığına qovuşacağı anı gözləyirdi. Qəhrəman əsgər və zabitlərimizin canı, qanı bahasına torpaqlarımızın doğma Vətənə qaytarılması xəbərlərini bütün xalqın görünməmiş coşqu ilə qarşıladığını əks etdirən videoçəkilişləri indi də emosiyasız, sakit izləmək mümkün deyil. O yurdların daimi sakinlərinin keçirdiyi hissləri, duyğuları isə sözlə ifadə etmək bəlkə də mümkünsüzdür. Qürurla elan olunan bu siyahılarda artıq Zəngilana aid kəndlərin adları çəkilməkdə idi.

İnsanlar sanki şokdaydılar. 27 ilin çəkilməz yurd həsrətinə, ağrı-acısına son qoyulduğuna inanmaq asan deyildi. Ancaq möcüzə həqiqətən baş vermişdi. Rəsmən elan edilən bir neçə dəqiqəlik xəbərlər, Müdafiə Nazirliyinin yaydığı video materiallar bunun inkarolunmaz sübutları idi.

O günlərdə doğma yurdsuz ömrünün son günlərini yaşayan anam da həmin insanların arasındaydı. Oktyabrın 15-də Cəbrayılın azad olunması xəbərinə sevincini, həyəcanını son gözyaşları ilə ifadə edib baxışlarını üzümüzə dikmişdi. Yəqin Zəngilandan, ömrünün böyük bir hissəsini yaşadığı el-obasından xəbər tutmaq istəyirdi. Ancaq nəsə deməyə heyi qalmamışdı. Onsuz da hansı xəbəri eşitmək istədiyini bilirdik. Nə vaxtdan bəri azı hər gün eşitdiklərini təkrarladıq: "Emin deyir, yaxın günlərdə Zəngilanda olacaqlar, səninlə oradan görüntülü danışacaq". Emin nəvəsi idi, bir çoxları kimi müharibəyə könüllü getmişdi. Görüntü söhbəti də təsəlli üçündü, başqa cür ovuda bilmirdik.

Görünür, onun üçün dünyanın ən şad xəbəri olan bu müjdəni eşitmək həmin tarixi günü görməyə ömrü vəfa etməyən minlərcə tanış-bilişi kimi, anamın da qisməti deyilmiş.

2020-ci ilin 20 oktyabr günü reallığa çevriləndə 4 gün idi anamı torpağa tapşırmışdıq. Zəngilanın azad edildiyi, indi Zəngilan şəhəri günü olan həmin günün sonsuz həyəcanı içərisində olduğumu sosial şəbəkə səhifəmdə necə ifadə etdiyimi xatırlayıram: "Növbə doğma Zəngilana çatdı. Azadlığın mübarək, Ata, Ana yurdum! Azərbaycana bu Qələbə sevinclərini yaşadan, başımızı uca edən şanlı ordumuza, qəhrəman əsgər və zabitlərimizə bütün ömrüboyu minnətdarlıq etsək də, azdır. Tanrı Sizləri qorusun, şanlı bayrağımızı Qubadlıda, Laçında, Şuşada, Kəlbəcərdə, Ağdamda ucaldasınız! Vətən onun bütövlüyünü qaytaranlarla qürur duyur.

Ali Baş Komandan Zəngilanın düşmən işğalından azad olunduğunu elan edəndə yadıma həmyerlim, el şairi Məhərrəm Mahinin iki misrası düşdü:

 

"Mənə öyünməyə Azərbaycanım,

Vəsf etməyə Zəngilanım bəs edər".

 

Ondan 4 gün əvvəl isə eyni səhifədə yazmışdım: "27 il Zəngilan həsrəti, ata yurduna qayıdacağı günün arzusu ilə yaşayan anam sentyabrın 27-dən sonra ordumuzun zəfər yürüşündən, torpaqlarımızın erməni işğalından azad edilməsindən yaman ümidlənmişdi. İstəkli nəvəsi Emin "nənə, tezliklə Zəngilanı alacağıq, səni o yerlərə özüm aparacam" demişdi. Ömür vəfa etmədi, dünən Tanrının rəhmətinə qovuşdu. İndi anam da doğma ruhlarla birlikdə bizim qədim yurdlara qayıdacağımız günü gözləyir. Minlərcə ata-anaların narahat ruhlarını bu üzüntüdən tezliklə qurtar, İlahi! Onlara qismət olmadı, təki övladları doğma yerlərə qayıdıb qədim ocaqlarına bir də çatsınlar!"

...Əziz Zəngilan, səninlə son görüşümüzdə şəhər kimi ömrünün 25-ci ilini yaşayan, yaşıllıqlar qoynundan boy verən gözəl bir məkan idin. Bir tərəfində göz işlədikcə uzanan, əsrarəngsizliyi ilə qonaq-qaranı heyran qoyan dağüstü parkın, mərkəzində sıx, uca ağacları olan böyük bağın, abad küçələrin, yaraşıqlı binaların, səliqəli həyət evlərin vardı. Sən yaşıllıqlar içində bərq vuran bir inci idin. Təbiətin kimi insanların da saf, xoşniyyətli, vüqarlı idi. Göz açandan uca dağları, dik qayaları, dərin dərələri görən, qartal qıyına, şahin uçuşuna, qurd baxışına şahidlik edən adamlar başqa cür ola da bilməzdilər. Köçkünlük, yurdsuzluq dərdi qədlərini əysə də, qürurlarını sındıra, bir-birinə bağlılıqlarını dəyişdirmədi. "Zəngilan şəhəri işğaldan azad edilib" nidası onları yaman kövrəltdi, çəkdikləri ağrı-acını belə az qala unutdurdu. Düşmənə qan udduran igid oğullar, şəhid dərdinə dözüb dayanan atalar belə sevinc göz yaşlarını saxlaya bilmədilər. Eyni ovqat bir də yurdun Ağalısına qayıdılan gün yaşandı. Təqribən 30 ildən sonra doğma yerlərə üz tutan maşın karvanı Ermənistanın işğalından azad olunan yurdların ilk sakinlərini öz od-ocağına qovuşdururdu. Həsrətin bitdiyi, inamın qələbə çaldığı gün qəlblər şadlığından kövrəlmiş, gözlər sevincdən dolmuşdu.

...Bu üç ildə xəyalımda min yol o yerlərə getmişəm. Dağıdılmış yurdlarımızı, viran qoyulmuş Zəngilan şəhərini, kəndlərimizi gəzmişəm, uçurulmuş, təhqir edilmiş məzarlıqlarımızı ürəkağrısı ilə dolaşmışam. İşğalın başa çatdığı ilk günlərə aid videoçəkilişlərdən birində atamın da sındırılmış başdaşını, dağıdılmış məzarını görəndən sonra günlərcə özümə gələ bilmirdim. Atamın ölümünün ikinci həftəsində yuxumda dediyi "nə canım var, nə evim" sözlərinin əsl mahiyyətini də onda anladım. Ötən üç ildə yuxuda o dağılmış məzarı neçə dəfə gördüyümü də artıq unutmuşam. Həyət-bacamızı, ən çox da atamın üstündə övladlarıtək əsdiyi ağaclarımızı gözlərim önündə canlandırmış, hündür tut ağaclarının meyvəsini uşaqlıq dostum rəhmətlik Tofiqlə birlikdə çırpdığımız günləri xatırlamışam. O torpaqların işğalı ilə bizi yurda bağlayan, doğmalaşdıran daha nələrimizi itirmişdik. Uşaqlıq və gənclik xəyallarımız, dədə-baba oylaqlarımız, suyu can dərmanı bulaqlarımız, cığırlarında dolaşıb, dumanında azdığımız dağlarımız, göz oxşayan, gül-çiçəkli yaylaqlarımız, yamyaşıl meşələrimiz, dumduru çaylarımız zorla əlimizdən alınmışdı. Qurşaqdan gül-çiçəyi olan dağlarımızdan, yaşıl çəmənlərimizdən quşların nəğməsi, çağlar bulaqlarımızın zümzüməsi əksilmişdi.

Ancaq heç vaxt azalmayan ümidimiz qalmışdı. Əzəli torpaqlarımızda yenidən var olduğumuzu təsdiqləmək üçün tək güvənc yerimiz olan ümid. O ümidlə yaşadıq və onun yurda qayıdış inamına çevriləcəyi gün naminə dözdük. Nə xoşbəxtik ki, o müqəddəs gün gəldi. Yurd yağıdan qurtarıldı. Qalib Azərbaycan əsgərinin azad etdiyi torpaqlarda bu gün həyat yenidən canlanır. Bərpa edilən, yenidən tikilən şəhərlərimizdə, kəndlərimizdə o yerlərin əsl sahiblərinin səsi eşidilir, doğma insanların isti nəfəsi dağı-dərəni qızdırır, əlləri dörd bir yanı gülüstana çevirir. Yurda dönüş karvanlarının düzəni getdikcə daha da sıxlaşır. Yəqin nə vaxtsa onlardan birində mən də xəyalımda yaşatdığım doğma yerlərə dönəcəyəm. Dönəcəyəm ki, "uçuq divarlardakı izlərimiz"ə sığal çəkim, dünənlə bu günün qovuşağında olmağın həyacanını yaşayam.

Şəhər Günün, dirçəlişin mübarək, əziz Zəngilanım.

 





20.10.2023    çap et  çap et