|
|
|
|
Çin dövləti üçün strateji əhəmiyyətə malik "Bir kəmər, bir yol" layihəsi tamamilə iflasa uğramasa da, ən azından iflasın içərisindədir. Oktyabrın 17 və 18-də Pekində, məşhur Tyananmen meydanın yaxınlığındakı Böyük xalq zalında keçirilən "Bir kəmər, bir yol" Üçüncü beynəlxalq forumu bu layihənin iflas mərhələsində olduğunu təsdiqlədi. Dörd il əvvəl keçirilən İkinci forumda 40-dan artıq ölkənin dövlət və hökumət başçısı iştirak edirdisə, Üçüncü forumda cəmi 20 ölkə dövlət və hökumət başçısı ilə təmsil olunmuşdu.
Üçüncü forumda Avropa İttifaqına üzv ölkələrdən yalnız Macarıstanın Baş naziri Viktor Orban iştirak edirdi. Macarıstan Avropa İttifaqının iqtisadiyyatına görə ən kiçik ölkələrindən olduğundan Baş nazir Viktor Orbanın forumda iştirakı ciddi əhəmiyyətə malik deyil. Bir neçə il əvvəl dünyanın mənzərəsini dəyişəcək layihə kimi təqdim edilən "Bir kəmər, bir yol" təşəbbüsü indi təhlükə mənbəyi kimi qəbul olunmağa başlayıb. Rusiya Prezidenti Vladimir Putin "Bir kəmər, bir yol" təşəbbüsünün gələcəyə yönəldiyini və "daha ədalətli çoxqütblü dünya" yaratmağa xidmət etdiyini bildirsə də, dünyanın siyasi-biznes dairələri məsələyə fərqli yanaşır. Dünyanın əksər siyasi mərkəzlərində belə qənaət var ki, "Bir kəmər, bir yol" layihəsi Çinin təsir dairəsini yaymağa xidmət göstərir.
Rusiya Prezidenti Vladimir Putin "Bir kəmər, bir yol" təşəbbüsünün ticarət, sərmayə, xidmət və bir-biri ilə əlaqəli infrastruktur azadlığını təmin edən "inteqrasiya sxemi" yaratmağa imkan verdiyini bəyan edib. Eyni zamanda, Rusiya Prezidenti hesab edir ki, "Bir kəmər, bir yol" təşəbbüsü Rusiyanın irəli sürdüyü "Avrasiya tərəfdaşlığı" təşəbbüsüylə üst-üstə düşür. Prezident Putinin Üçüncü forumda iştirakı və Çinin təşəbbüsünə dəstək kimi dəyərləndirilən fikirlərinin əsasən təbliğat mahiyyəti daşıdığı aydın görünür. Kreml sahibi Pekinə səfəri ilə Rusiya cəmiyyətinə Moskvanın beynəlxalq münasibətlərdə təklənmədiyinin, Qərbə isə Çinin yanında yer ala biləcəyinin mesajını verir. Halbuki vəziyyət indiki kimi olmasaydı, Rusiya Baltik və Arktikadakı limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki limanlarla birləşdirən Şimal-Cənub dəhlizinin öndə olmasına üstünlük verərdi. Ancaq indi belə görünür ki, Rusiya özünün layihəsini Çinin təşəbbüsünün bir hissəsi kimi qəbul etməyə razıdır. Rusiya bu ilin sonuna qədər Çinlə ticarət dövriyyəsinin elan edilən 200 milyard dollarlıq səviyyəyə çatmasına çalışır. Eyni zamanda, Qərbin enerji bazarlarından kənarlaşdırılan Rusiya Çinə enerji daşıyıcılarını sata bilmək üçün yeganə böyük tərəfdaş kimi baxır. Ona görə də, Rusiya bütün diqqətini enerji resurslarının Çinə satışının artırılmasına yönəldib. Ancaq Rusiyanın bütün səylərinə baxmayaraq, Pekin Moskvanın bu istəyinin gerçəkləşməsinə isti yanaşmır.
Rusiya rəsmilərinin bütün cəhdlərinə baxmayaraq, Çin "Sibirin gücü-2" kəmərinin tikintisi və əlavə qaz alışı ilə bağlı müqaviləni imzalmaqdan yayınır. Kremlin 7 ildən artıqdır ki, təşviq etdiyi bu layihə ilə bağlı Rusiya-Çin danışıqları hələlik heç bir nəticə vermir. Putini Pekinə son səfərində Baş nazirin müavini, keçmiş energetik naziri Aleksandr Novakın, "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerin və "Rosneft"in rəhbəri İqor Seçinin də müşayiət etməsi məhz "Sibirin gücü-2" layihəsi ilə bağlı danışıqları davam etdirmək və hansısa nəticəyə nail olmağa xidmət etməli idi. Ancaq Çinin dövlət başçısı Si Çinpin bu mövzuda geniş danışıqlar aparmağa meyilli olmadıqlarını nümayiş etdirib. "Sibirin gücü-2" layihəsi ilə bağlı danışıqları nəticəsiz şəkildə uzadan Çin Türkmənistandan qaz kəməri çəkilişində daha maraqlı görünür.
Bu isə Rusiya rəhbərliyini qıcıqlandırır. Çünki Qərb bazarlarını itirdikdən sonra Rusiya SSRİ-nin son illərindən bu yana qaz ixracını minimuma endirməyə və hasilatı demək olar ki, üçdə bir qədər azaltmaq məcburiyyətində qalıb. Vəziyyətin belə hal alması Rusiyanın qaz nəhəngi "Qazprom"un 2022-ci ilin iyulundan 2023-cü ilin iyun ayının sonuna qədər olan 12 ay ərzində 1 trilyon rubldan çox xalis zərər etməsinə səbəb olub. Bu isə öz növbəsində Rusiyanın dövlət büdcəsinin gəlirlərinin azalması deməkdir. Lakin Çin Rusiyanın bu ağır günündə ona yardım etməkdən hələ ki uzaqdır. Ekspertlər hesab edirlər ki, Çin "Sibirin gücü-2" layihəsinin çəkilişinə razılaşa belə, qaz kəmərinin tikintisi və işə salınması ən azı 10 il çəkəcək. Siyasi şərhçilər isə bildirirlər ki, bu layihənin gerşəkləşməsilə Rusiyanın Çindən asılılığı daha artacaq.
Rusiya ilə Çin arasında imzalanmış taxıl müqaviləsi də Moskvanın maraqlarına cavab vermir. Çünki Çin Rusiyadan taxılı ABŞ-dan aldığından daha ucuz alacaq. Danışıqlar zamanı sabit qiymət olaraq taxılın hər tonu üçün təxminən 230 dollar müəyyən edilib. Halbuki Çin ABŞ-dan idxal etdiyi taxılın hər tonunu üçün 300 dollardan yuxarı pul ödəyir. Üstəlik, ABŞ-dan alınan taxılın yüklənmə və daşınma xərclərini də alıcı ödəyir. Rusiya ilə bağlanan müqaviləyə görə isə alıcının limanına kimi daşınma, o cümlədən, sığorta da daxil olmaqla satıcının hesabına ödəniləcək. Çünki Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dəniz vasitəsilə yük daşınmaların təhlükə yaradır. Çin də bu təhükəni satıcının, yəni Rusiyanın üzərinə qoyub. Ekspertlər hesab edirlər ki, daşınma zamanı yarana biləcək risklər nəzərə alınmadan taxılın bir tonunun daşınması üsulundan asılı olaraq təxminən 90-120 dollara başa gələcək. Həmin pul isə taxılın bir tonu üçün müəyyən olunmuş 230 dollardan çıxacaq. Beləliklə, Rusiya Çinə ixrac etməyi planlaşdırdığı 70 milyon ton taxılın satışından heç bir gəlir əldə etməyəcək. Siyasi təhlilçilər bu vəziyyəti Rusiyanın Çinin müstəmləkəsinə çevrilməsi kimi dəyərləndirirlər.
Çin və Rusiya rəsmiləri "Bir kəmər, bir yol" təşəbbüsü haqqında nə qədər yüksək fikir söyləsələr də, aydın görünür ki, bu kəmər xilas kəməri olmayacaq.