ABŞ Prezidenti Cozef Baydenin İsrailə səfərdən sonra Amerika xalqına müraciət edəcəyi haqqında xəbərlər yayılar-yayılmaz bütün dünyanın diqqəti Vaşinqtona yönəldi. Prezident Cozef Baydenin gözlənilən müraciətinin ABŞ-ın 32-ci prezidenti Franklin Delano Ruzveltin Yaponiyanın Pörl Harbord bazasına hücumundan sonra 1941-ci il dekabrın 8-də Konqresin birgə iclasındakı çıxışı kimi dönüş nöqtəsi ola biləcəyi haqqında fikirlər səslənməyə başladı. Xalqa müraciətində Bayden "tarixin dönüş nöqtəsində" olduqlarını vurğulayaraq amerikalıları ABŞ-ın müttəfiqlərinə yardımını dəstəkləməyə çağırdı. Prezident bildirdi ki, cümə günü, yəni oktyabrın 20-də Ukrayna və İsrailə kömək üçün əlavə maliyyə üçün Konqresə təcili büdcə sorğusu təqdim edəcək. Bu pulların terrorun və tiraniyanın qalib gəlməsinin qarşısını almağa xidmət edəcəyini bəyan edən Cozef Bayden amerikalıları onun mövqeyini müdafiə etməyə çağırıb.
ABŞ Prezidenti HƏMAS-ın İsrailə qarşı qanlı terror hücumu ilə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi arasında paralellər aparıb.
Cozef Bayden həm Ukraynaya, həm də İsrailə dəstəyin Amerikanın milli təhlükəsizliyi üçün həyati əhəmiyyətə malik olduğunu vurğulayaraq, Vaşinqtonun cavabının ABŞ-ın düşmənləri və rəqibləri tərəfindən diqqətlə izlənildiyi barədə xəbərdarlıq edib. Dövlət başçısının sözlərinə görə, tarix bizə öyrətdi ki, terrorçular terrora, diktatorlar təcəvüzkarlıqlarına görə məsuliyyətə cəlb edilməyəndə daha da xaosa və ölümə səbəb olurlar.
Prezident Cozef Baydenin xalqa müraciətinin təhlili belə qənaət yaradır ki, Vaşinqton HƏMAS və Rusiya məsələsində bundan sonra daha sərt mövqe tutacaq. Çünki bu artıq sivilizasiyaların müharibəsi kimi dəyərləndirilir. ABŞ dövlət başçısının HƏMAS-ın və Rusiyanın qonşuluqlarındakı demokratik dövlətləri məhv etmək istəməsi haqqındakı fikiri onun bu mübarizəyə sivilizasiyaların müharibəsi kimi baxdığının göstəricisidir.
Son məlumatlara görə, bu vəzifələrin öhdəsindən gəlmək üçün Ağ ev sahibi Konqresdən 100 milyard dollarlıq büdcə ayrılmasını istəyir. Ekspertlər hesab edirlər ki, Cozef Baydenin xalqa müraciəti və 100 milyard dollarlıq büdcə tələbi tarixin dönüş nöqtəsində olan dünyanın daha təhlükəsiz gələcəyinə yol aça bilər.