525.Az

Onuncu və sonuncu... - Heydər Əliyev-100


 

YAXUD "AZƏRBAYCANDA AZƏRBAYCAN ƏDƏBİYYATI GÜNLƏRİ"

Onuncu və sonuncu... - <b style="color:red"> Heydər Əliyev-100</b>

(Əvvəli qəzetimizin 2 və 30 sentyabr tarixli saylarında)

 

Azərbaycan yazıçılarının X qurultayı 1997-ci il oktyabrın 30-da Yazıçılar Birliyinin rəhbəri Anarın sədrliyi ilə Şəhriyar adına klubda keçirildi. Həmin dövrdə YB-nin nə qədər üzvü olduğunu dəqiq deyə bilmərəm. Amma böyük salon ağzına qədər dolu idi. Qurultaya tək qələm adamları arasında deyil, bütünlükdə cəmiyyətdə böyük maraq vardı. Yazıçıların məclisinə marağı artıran amillər sırasında onun müstəqillik  dövrünün ilk qurultayı olması və Prezident Heydər Əliyevin iştirakı idi. Çünki dövlət başçısının iştirakı ilə keçirillən bütün əvvəlki qurultaylar da sadəcə bir qurumun tədbiri kimi qalmamış, böyük mədəniyyət hadisəsinə çevrilmişdi.

Qayıdaq 26 il əvvəlin sonuncudan əvvəlki oktyabr gününə.

Xalq yazıçısı Anarın qısa giriş sözü ilə açdığı qurultayda akademik Nizami Cəfərov "Azərbaycan poeziyası bu gün", Vilayət Quliyev "90-cı illər nəsri və dramaturgiyası", akademik Kamal Abdulla "Publisistika və ədəbi tənqid", Mahir Qarayev "90-cı illərdə bədii tərcümənin vəziyyəti" mövzularında məruzələr etdilər. Sonra çıxışlar başlandı. Qurultayın açılış mərasiminə qatılan Heydər Əliyev bütün bu müddət ərzində zalda oturub diqqətlə natiqlərə qulaq asırdı. Həmişəki adəti üzrə heç bir qeyd aparmırdı. Amma təbii ki, hər şeyi yaddaşına köçürürdü. Üzünün mimikasından "ədəbiyyat sexində" işlərin vəziyyəti ilə yaxından maraqlandığı və qurultayın gedişindən, müzakirələrdən razı qaldığı hiss olunurdu.

Salonda demokratik ab-hava vardı. Keçmiş sovet dövründən fərqli olaraq heç kəsə necə və nədən danışmaq barədə təlimat verilməmişdi. Yaşlarından, ad-sanlarından asılı olmayaraq bütün çıxışçılar əvvəla Prezidenti yaxşı tanıdıqlarından, digər tərəfdən də iki əvvəlki gündə baş tutan görüşlərin təsiri ilə sıxılmadan, çəkinmədən sözlərini deyir, arzu və təkliflərini bildirir, bəzi tənqidi fikirlərini dilə gətirirdilər. 

Nəhayət, çıxış üçün söz Heydər Əliyevə verildi. Əslində bu, onun yazıçıların üç gündən bəri davam edən toplantılarında sayca beşinci çıxışı idi. Toplantıların gedişi zamanı kifayət qədər geniş və əhatəli, bəzən bütöv bir çıxışa bərabər replikalarını nəzərə almasaq, həm ağsaqqallarla, həm də gənclərlə görüşlərdə giriş və yekun sözü söyləmiş, həlli vacib məsələlərlə bağlı yerindəcə operativ göstərişlər vermişdi. Qurultaydakı çıxışında da incə yumorla bu məsələyə toxunaraq demişdi: "Mən üçüncü gündür ki, ədəbiyyatla məşğulam. Bəziləri birinci gündür ki, qurultaydadırlar. Mən isə üç gündür ki, qurultaydayam. Amma bundan məmnunam. Dünən də, ondan əvvəlki gün və bu gün də sizinlə birlikdə keçirdiyim saatları, vaxtı özüm üçün çox əhəmiyyətli hesab edirəm".

Prezident tribunaya salonun yekdil və  uzun müddət susmaq bilməyən gurultulu alqışlarının müşayiəti ilə çıxdı. Tanınmış qələm adamları, YB rəhbərliyi ilə heç vaxt kəsilməyən təmasları nəzərə almasaq, Birlik üzvləri qarşısında axırıncı dəfə 16 il əvvəl, təşkilatın 1981-ci ildə keçirilən VII qurultayında çıxış etmişdi. Zaman dəyişsə də, məkan yenə eyni idi. Yalnız bir şərtlə ki, əvvəllər bura sovet çekisti "dəmir Feliksin" - Feliks Dzerjinskinin adını daşıyırdı. İndi isə müstəqilliyin yaratdığı imkan sayəsində tarixi yanlışlıq islah edilmişdi. Qurultayın keçirildiyi yer XX əsrdə o taylı-bu taylı bütöv Azərbaycan ədəbiyyatının böyük simalarından birinin - Məhəmmədhüseyn Şəhriyarın şərəfinə Şəhriyar sarayı adlandırılmışdı. 

Aradan keçən 16 il ərzində ölkəmizin həyatında, qurultay iştirakçılarının hər birinin yaradıcılıq taleyində mühüm dəyişikliklər baş vermişdi. Ən başlıcası isə Azərbaycan neçə-neçə insan nəsillərinin əlçatmaz arzusu olan milli müstəqilliyinə qovuşmuşdu. Ölkə rəhbəri çıxışında bu mühüm ictimai-siyasi məqama toxunaraq demişdi: "İndi bu qurultayımız (diqqət yetirin, qurultayınız yox, qurultayımız, yəni Heydər Əliyev özünü yazıçılardan ayırmırdı) başqa bir şəraitdə keçir. Keçmiş zamanlarda nə qədər böyük nailiyyətlər əldə etmişiksə də, mən hesab edirəm ki, bu qurultay indiyə qədər olan bütün qurultaylardan, yazıçıların toplantılarından, konfranslarından - hamısından üstündür. Çünki müstəqil Azərbaycan Respublikasının sərbəst yazıçıları müstəqil dövlətimizdə özlərinin ilk qurultayına toplanıblar".

Bu prizmadan yanaşan dövlət başçısı X qurultayı həm də milli-ideoloji baxımdan yeni dövrün başlanğıcı və mədəni-mənəvi həyatımızın son dərəcə diqqətəlayiq hadisəsi sayırdı: "Bu, müstəqilliyimizin bizə verdiyi töhfələrdir ki, biz indi artıq heç kəsdən, heç bir mərkəzdən, ideologiyadan asılı olmayaraq, özümüz sərbəst olaraq həyatımızın hər bir sahəsini araşdırırıq, o cümlədən, öz ədəbiyyatımızı, mədəniyyətimizi istədiyimiz kimi müzakirə edirik və istədiyimiz istiqamətdə aparırıq. Bu azadlıq, sərbəstlik, müstəqillik əvəzsiz bir nemətdir. Ona görə də bu qurultay başqa qurultayların davamı olmaqla yanaşı, onuncu qurultaydır və əvvəlki doqquz qurultayın hamısından üstündür".

Yazıçıların məclisinə belə böyük dəyər verməklə bir sırada dövlət başçısı onları keçmişin diqqətəlayiq ənənələrini öyrənməyə, müstəqillik dövrünün ruhuna və xarakterinə uyğun surətdə, yaradıcı şəkildə davam etdirməyə çağırırdı. Xüsusən bəxtimizə düşən müstəqilliyin heç bir halda əvvəlki dövrün ədəbi-bədii irsinə "sovet" damğası vurmaq düşüncəsini qəbul etmirdi. Onun fikrincə, Azərbaycan yazıçılarının indiki nəsli Birliyin 1934-cü ildən başlanan taixinə bütün qüsur və nailiyyətləri, uğur və çətinlikləri ilə sahib çıxmalı idilər. Heydər Əliyev xəbərdarlıq edib deyirdi ki, bugünkü müstəqillik dövrünün imkan və şəraitindən yararlanıb "sovet ədəbiyyatı və mədəniyyətinə", onun aparıcı nümayəndələrinin yaradıcılığına xor baxmaq olmaz. Keçmişi müasir dövrün meyar və ölçüləri ilə təftiş etmək olmaz. Eyni zamanda həmin dövrün ədəbi-mədəni həyatındakı siyasi-ideoloji, yaşam çətinliklərini misal gətirərək müasir yazıçı və şairləri sələflərinin dözüm və iradəsindən, vətənpərvərlik dərslərindən ibrət götürməyə   səsləyirdi. Bu da təsadüfi deyildi. Çünki müstəqillik dövrünün yazıçı və şairi (xüsusi ilə də müstəqilliyin iqtisadi çətinliklərlə müşayiət olunan ilk illərində) sovetlərin səxavətlə əta etdiyi bir sıra imtiyazlardan məhrum olmuşdu. Yazıçılar Birliyi mənzil, maşın, yardım, istirahət evlərinə göndəriş verən təşkilatdan sırf yaradıcılıq qurumuna çevrilmişdi.  Prezident "sosial yönümlülüyü" itirməsinə baxmayaraq, yaradıcı birliklərin qorunub saxlanmasını və fəaliyyətlərini davam etdirmələrini, ölkənin mədəni həyatına töhfə vermələrini haqlı olaraq xalqın zəngin mədəni ənənələri və sənətə məhəbbəti ilə izah edirdi.

Maraqlıdır ki, dövlət başçısının çıxışında Azərbaycanda yazıçılar qurultaylarının və təşkilatın fəaliyyətinin dövrləşdirilməsi də aparılmışdı. Heydər Əliyev bu istiqamətdə üç dövr fərqləndirirdi. Birinci dövr 1934-1988-ci illəri əhatə edirdi. Həmin illərdə yazıçılar təşkilatı yaranmış, mürəkkəb inkişaf yolu keçmiş, xalqımızı və mədəniyyətimizi dünya miqyasında tanıtmaq və cəmiyyətin mənəvi-ideoloji tərbiyəsi baxımından bir sıra diqqətəlayiq uğurlar qazanılmışdı. İkinci dövr daha çox keçid mərhələsi kimi xarakterizə edilirdi və 1988-1993-cü illər arasında olmuşdu. Həmin mərhələdə ölkənin ictimai-siyasi həyatında baş verən müxtəlif proseslər və bir sıra ziddiyyətli hallar yaradıcılıq təşkilatlarından da yan keçməmişdi. Natiqin fikrincə, dövrün çətinliklərinə baxmayaraq,  Azərbaycan Yazıçılar Birliyi öz simasını, sağlam mövqeyini və yaradıcı potensialını qoruyub saxlamışdı. Xalqın yanında yer almağa, onun vətəndaş mövqeyinin, istək və iradəsinin ifadəçisi kimi çıxış etməyə nail olmuşdu. Üçüncü, sonuncu dövr isə müstəqillik illərini əhatə edirdi. Tarixən çox qısa sürməsinə baxmayaraq, Heydər Əliyev çıxışında bu dövrün üzərində daha geniş dayanmışdı. Zəngin təcrübəsinə əsaslanaraq müstəqil ölkənin söz adamlarını, yaradıcı təşkilatlarını necə görmək istədiyi  məsələsinə aydınlıq gətirmişdi. Müstəqil ədəbiyyat və sənətin məqsədi, məramı, istiqaməti, ölkə həyatındakı rolu ilə bağlı düşüncələrini qurultay iştirakçılarına açıqlamışdı.

Heydər Əliyevin nəzərində yazıçıların qurultayı yalnız müasir Azərbaycan ədəbiyyatının vəziyyət və problemlərinin işıqlandırılması deyil, "respublikamızın həyatının bəzi sahələrinin müzakirə olunması baxımından ictimaiyyətimizin və bütünlükdə cəmiyyətimizin həyatında əlamətdar bir hadisə" idi. Ölkə başçısının qurultaydakı geniş, əhatəli, ən başlıcası isə zəngin mündəricəli nitqi bu "əlamətdar hadisənin" mədəni-ictimai həyatda ciddi maraq doğurmasına, müstəqil dövlətin və onun vətəndaşlarının arasında böyük rezonans yaratmasına təkan vermişdi.

Qurultaydakı çıxışında Prezident sadəcə ədəbiyyat məsələləri ilə bağlı fikir və düşüncələrini bölüşməklə kifayətlənməmişdi. Müstəqil ölkədə yaradıcı ziyalıların - mədəniyyət və incəsənət xadimlərinin qarşısında duran vəzifələr üzərində geniş dayanmışdı. Qurultay tribunasından ölkənin ictimai-siyasi və təsərrüfat-iqtisadi həyatı ilə bağlı bir sıra mühüm mesajlar verilməsi üçün də istifadə edilmişdi. Heydər Əliyev müstəqilliyin necə çətin şəraitdə qazanılması, ilk illərdə yol verilən yanlışlıqlar və onun ağır nəticələri barəsində fikirlərini yazıçı auditoriyası ilə bölüşməyi zəruri saymışdı. Həmin dövrdə xalqımızın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin yaranma səbəbləri, münaqişəni dinc yolla aradan qaldırmaq istiqamətində görülən işlər barəsində ətraflı məlumat vermişdi. Hətta əcnəbi şirkətlərlə imzalanmış neft müqavilələri, ölkə iqtisadiyyatına yatırılan xarici investisiyalar, xalq təsərrüfatının müxtəlif sahələrinfə məhsul artımı kimi spesifik məsələlərlə başlı da qurultayı məlumatlandırmışdı. Mənə elə gəlir ki, bu tipli bilgilərlə dövlət başçısı sənət adamlarına həm də gələcək əsərlərinin mövzularını və qəhrəmanlarını nişan vermək istəyirdi. Yazıçıları silahları olan söz və qələmlə ordumuzun əsgərləri ilə yan-yana müstəqilliyin keşiyində dayanmağa, işğal altındakı torpaqlarımızın azad olunmasına kömək edən, insanlarımıza ümid və inam, dözümlülük və cəsarət aşılayan əsərlər yaratmağa çağırırdı.

Heydər Əliyev qurultayın tribunasından Qarabağ münaqişəsini dinc yolla nizama salmaq üçün aparılan çətin sülh danışıqları haqqında da ətraflı məlumat verdi. Dövlət başçısı dolaşıq kələfə döndərilmiş Qarabağ məsələsinin gerçək tarixinin, meydana çıxma səbəblərinin, ölkəmizi gözləyən təhlükələrin geniş kütlələrə anladılmasında yazıçı sözünə, nüfuzlu ziyalı fikrinə böyük önəm verirdi. Təsadüfi deyil ki, 1999-cu ilin noyabrında münaqişəni aradan qaldırmaq üçün çətin, ağrılı, amma gələcək perspektiv baxımından məqbul variant ortaya çıxanda ilk növbədə Bəxtiyar Vahabzadə, Anar, Qabil, Hüseyn Abbaszadə, Fikrət Qoca kimi tanınmış sənətkarları dəvət edib onların fikirləri ilə maraqlanmış, cəmiyyəti mümkün həll variantına hazırlamağı məsləhət görmüşdü. Bu mövzu Prezidentin qurultay iştirakçıları qarşısındakı çıxışında da prioritet istiqamətlərdən birini təşkil edirdi.

Lenin vaxtı ilə yazıçının sadəcə "partiya işinin təkərciyi və vintciyi" olmasını yetərli saymışdı. Keçmiş kommunist partiyasının liderlərindən olan Heydər Əliyev isə həm Sovet Azərbaycanına rəhbərlik edəndə, həm də Moskvada sovet hökumətinin başçılarından biri kimi çalışanda yazıçıya, şairə böyük dəyər verərək ona cəmiyyətin müəllimi, yolgöstərəni, xalq həyatının tərcümanı kimi yanaşmış və bu barədə yüksək tribunalardan da açıq danışmaqdan çəkinməmişdi. Qurultaydakı çıxışında da bədii sözü, xüsusi ilə də müstəqillik dövrü söz ustalarını yeni yaradıcılıq uğurlarına ruhlandıraraq demişdi:  "Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir. Əcdadlarımızdan gəlib bizə çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyil. Çünki bizim xalqımız birincisi, öz istedadına görə şair, yazıçı, söz ustası olubdur. İkincisi, bizim xalqımız çoxəsrlik tarixində böyük şairlər, yazıçılar, mütəfəkkirlər yetişdiribdir. Xalqımızın tarixi çox zəngindir. Ancaq biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları cəmiyyətə, dünyaya daha geniş şəkildə çatdırmaq istərkən, birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərimizin yaratdığı əsərlərinə, tarixi-memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin əsərlərə istinad edirik".

Bu mənada Heydər Əliyev günümüzün sənət adamlarını da müstəqillik dövrünün salnaməçiləri kimi görmək istəyirdi. Onlara dövrlə səsləşən əsərlər yazmağı, toplumun və cəmiyyətin tərcümanı olmağı məsləhət görürdü.

Ümummilli lider yazıçıların qurultayındakı çıxışında təbiətindən irəli gələn bir nəciblik və prinsipiallıqla əgər belə demək mümkünsə "şair və hökmdar" dilemmasına də toxunmuşdu. Həm də bu ənənəvi qarşılaşdırmada müasir Azərbaycan yazıçı və şairlərinin vətəndaş mövqeyini yüksək qiymətləndirmişdi. Altı il əvvəl IX qurultayın keçirildiyi Filarmoniya ilə vəzifə və imtiyaz sahiblərinin toplandığı keçmiş Ali Soveti çox ibrətamiz şəkildə qarşı-qarşıya gətirib müqayisə etmişdi.

1991-ci ilin martında Azərbaycan yazıçıları heç bir dövlət vəzifəsi olmayan Heydər Əliyevi öz qurultaylarına dəvət etmişdilər. Böyük səmimiyyətlə qarşılamış, başına toplaşmışdılar. Təkidlə rəyasət heyətində yer tutmasını istəmişdilər. Sirr deyil ki, dəvətin təşəbbüskarı yazıçı Elmira Axundova olmuşdu. Qonaqların siyahısı hazırlanarkən o, Birliyin sədri Anara həmin günlərdə keçmiş Ali Sovetin sessiyasında iştirak etmək üçün Naxçıvandan Bakıya gələn Heydər Əliyevə də dəvətnamə göndərməyi təklif etmişdi. Sonralar Ümummilli lider haqqında çoxsaylı kitabların müəllifi və ölkəmizin Ukraynadakı səfiri kimi tanınan Elmira xanım bu məsələdə həqiqi "məkik diplomatiyasını" işə salmışdı. Yazıçılar Birliyi rəhbərliyini dəvət məktubu göndərməyə, verəcəyi qərarla bağlı hələ də tərəddüd edən Heydər Əliyevi isə mütləq qurultayda iştiraka ruhlandırmışdı.

1991-ci ilin ağır günlərində yazıçıların qədirşünaslığından mütəəssir olan Heydər Əliyev bu nəcib hərəkəti yaddan çıxarmamışdı. X qurultaydakı çıxışında yenidən   məsələnin üzərinə qayıdıb bəzi pərdəarxası məqamlara toxunmuşdu:  "Xatirinizdədir, Ali Sovetin sessiyasında o salonda oturanların 99 faizi mənimlə bir yerdə və mənim rəhbərliyim altında işləmiş adamlar idilər. Ancaq orada mənə çox hörmətsizlik etdilər, pis münasibət göstərdilər. Hətta mənim çıxışımı da kəsdilər və mənim çıxışımdan sonra cürbəcür böhtançı çıxışlar etdilər. O vaxt mənim orada müdafiəyə ehtiyacım yox idi. Ancaq o vaxt cəsarət edib çox kəskin çıxış edən Bəxtiyar Vahabzadə oldu".

Məmurların çoxu dəyişən şəraitə uyğun davranıb Heydər Əliyevin müasir Azərbaycan tarixində tutduğu yeri, gördüyü böyük işləri, nəhayət özlərinə, övladlarına etdiyi çoxsaylı yaxşılıqları unudaraq asanlıqla əks tərəfə keçmişdilər. Mənəviyyat adamı olan yazıçılar isə bu prinsipial məsələdə daha mərdanə hərəkət etmişdilər. Məmur-ziyalı antitezasında Prezidenti ən çox təsirləndirən də bu amil olmuşdu. O, yaradıcı mühitə rəğbətinin səbəblərindən biri kimi bu dəyişməzliyi, sabitqədəmliyi göstərərək demişdi: "Şübhəsiz ki, mən Bəxtiyar Vahabzadəyə bir hörmətli şair kimi həmişə hörmət etmişdim və işlədiyimiz zaman bizim işgüzar əlaqələrimiz olmuşdu. Ancaq o salonda oturanların əksəriyyəti ilə mən gecə-gündüz bir yerdə işləmişdim. Onlar böyük vəzifələr almışdılar. Bəxtiyar Vahabzadə şair idi, şair olaraq da qalıbdır. Onun şairlikdən başqa bir vəzifəsi yoxdur. Ancaq baxın: o həmin insanların münasibəti, bu da şairin münasibəti..." Prezidenti yazıçılarla, ümumiyyətlə sənət adamları və sadə insanlarla yaxınlaşdıran meyarlardan biri də onların təmizliyi, təmənnasızlığı, heç vaxt haqqı nahaqqa verməmələri idi. Bu hissləri insanlara aşılamağın ədəbiyyatın ümdə borclarından sayan Heydər Əliyev qurultayda bu barədə danışmağı zəruri saymışdı.

Etiraf edim ki, dövlət başçısının yazıçıların X qurultayındakı nitqi həm də özünəməxsus bir master-klass idi. O, min illik ədəbiyyat tariximizin elə incəliklərinə, klassik sənətkarlarımızın yaradıcılığı, şəxsi həyatları ilə bağlı elə məqamlara toxunurdu ki, adam Heydər Əliyevin  müxtəlif sahələrə dərin bələdliyi ilə  bağlı səslənən təəccüb dolu sualı bu dəfə də ədəbiyyat tarixinə, ədəbi həyata yönləndirməkdən özünü saxlaya bilmirdi: "Görəsən, Heydər Əliyev filoloji təhsil almayıb ki?" Yeni əlifba layihəsini İstanbul sarayına aparan, amma burada soyuq, laqeyd münasibətlə qarşılaşan Mirzə Fətəli Axundzadə, övladlarının yatdığı otağı qızdırmaq üçün əlyazmalarını, nadir kitablarını sobaya atıb yandıran Mirzə Cəlil, batinini kəskin satiraları ilə təmizlədiyi millətinin zahirini də bişirdiyi sabun qəlibləri ilə yuyub arıtmağa çalışan Sabir haqqında Prezidentin dilindən eşidilən faktlar onun ədəbiyyat tariximizə, görkəmli ədəbi şəxsiyyətlərimizə professional səviyyəsində bələdliyindən xəbər verirdi. Və gizli deyil ki, çörəyinin ədəbiyyatdan çıxdığını iddia edənlərin çoxu bu incəlik və dərinliklərə baş vurmaq həvəsindən, bacarığından və zəhmətindən çox-çox uzaqdırlar.

Heydər Əliyev qurultayda tək yazıçıları deyil, bütün ölkə vətəndaşlarını maraqlandıran, ciddi şəkildə narahat edən dilimizin adı, ana dilinə münasibət, əlifba islahatları, Azərbaycan dilinin istifadə arealı, müstəqillik dövrü insanının müstəqil baxış və mənəviyyatı kimi bir sıra həssas məsələlərə də toxunmuşdu. XX yüzillikdə imperiyanın siyasi məqsədlərinə, xalqı tarixindən, milli-mədəni irsindən uzaq salmaq qayəsinə xidmət edən əlifba islahatlarına kəskin tənqidi münasibətini bildirmişdi. Ərəb əlifbasından latına keçidin mütərəqqi xarakter daşıdığını vurğulamaqla bir sırada kiril əlifbasına məcburi keçidin mühafizəkar, hətta mürtəce səciyyəsini qeyd etmişdi.

Dövlət başçısının zaman-zaman yazıçıları, milli düşüncəli ziyalıları narahat edən ana dili haqqında qurultay tribunasından dedikləri də prinsipial əhəmiyyətinə və məhz məşhur "qızıl orta" meyarına əsaslandığı üçün razılıqla qarşılanmışdı. Özünün də etiraf etdiyi kimi, Azərbaycan yazıçılarının 1971-ci ildə keçirilən V qurultayında doğma ana dilində nitq söyləməsi bəzilərinin heyrətinə səbəb olmuşdu. Onun Azərbaycan dilini harada və necə belə mükəmməl öyrənməsinə təəccüb qalmışdılar. Çıxışında özünü "ədəbiyyatı çox sevən adam" (bu, həqiqətən də belə idi!) adlandıran Heydər Əliyev həyatının bütün mərhələlərində, siyasi ierarxiyanın bütün pillələrində ana dilinin  qorunması və geniş istifadəsi uğrunda mübarizə aparmışdı. Müstəqillik illərində isə bu mübarizənin vüsət və miqyası daha da genişlənmişdi. Heydər Əliyevin rəhbərliyi altında işlədiyim dörd ilə yaxın müddət ərzində onun dilimizi necə dərindən bildiyinin, sevdiyinin və qoruduğunun dəfələrlə şahidi olmuşam.

Qurultaydakı çıxışında yazıçıların milli dil uğrunda mübarizənin önündə görmək arzusunu iştirakçılarla bölüşmüşdü: "Bizim birinci nailiyyətimiz o olmalıdır ki, biz öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır, bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər... Amma birinci növbədə öz ana dilini bilməlidirlər. Bəli, Azərbaycanda indi də insanlar var ki, əsasən rus dilində danışırlar. Bizim dövlət orqanlarında da belələri var. Mən dəfələrlə xəbərdarlıq etmişəm ki, Azərbaycan dilini öyrənin".

Artıq 20 ilə yaxın müddət ərzində ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında uğurlu fəaliyyət göstərən, mədəniyyətin inkişafı və təbliği ilə bağlı çoxsaylı layihələri həyata keçirən, onlarla istedadlı gəncə yardım əli uzadan "Heydər Əliyev Fondu"nun təşəkkülü ideyasının anonsu da X qurultayda verilmişdi. Prezident çıxışında gənc, istedadlı şair və yazıçılara maddi-mənəvi dəstəkdən danışarkən yaradılacaq Fondun fəaliyyət istiqamətlərinə toxunaraq demişdi: "Burada fondun yaranması haqqında da fıkir söyləndi. Mən bunu görüşdə də dedim. Bir neçə ildir belə təkliflər alıram ki, bir fond yaransın - "Heydər Əliyev Fondu" və bu fonddan mədəniyyətin, istedadlı adamların, ədəbiyyatın inkişafına və başqa sahələrə yardım üçün istifadə olunsun. İndi artıq görürəm ki, doğrudan da belə bir fondun yaranması zəruriyyəti gəlib çatıbdır, baxmayaraq ki, bir neçə ildir bu söhbət gedir. Sizinlə görüşlərdən sonra mən yəqin ki, bu fondun yaranması haqqında də qərar qəbul edəcəyəm. Əgər bunu edə bilsəm, onda, şübhəsiz ki, bu mənbədən də sizə yardımlar, kömək etmək imkanı olacaqdır".

Nəyə görə Heydər Əliyev həm sovet Azərbaycanına, həm də müstəqil Azərbaycan respublikasına rəhbərlik etdiyi illərdə mədəniyyətin bütün sahələrinin, ilk növbədə isə milli ədəbiyyatın inkişafına bu qədər diqqət yetirirdi, imkan yaradırdı? Çünki qurultayda da dediyi kimi, "müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu" hamıdan yaxşı bilirdi. "Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual nıülkiyyətidir" - inancını  həmişə fəaliyyətinin təməl prinsiplərindən biri saymışdı.

Heydər Əliyevin çıxışının yekun hissəsi isə onun ədəbiyyat adamlarına böyük hörmət və bağlılığının ifadəsi idi. "Mən bu gün sizinlə çox açıq, səmimi söhbət aparıram. Ürəyimdə olan sözləri sizə dedim. Güman edirəm ki, dediyim sözlər bir daha onu göstərir ki, mən bir dövlət başçısı kimi ədəbiyyata, mədəniyyətə indiyə qədər olduğu kimi bundan sonra da qayğımı göstərəcəyəm və sizin hər birinizin yaradıcılığınızın uğurlu olması üçün yardımımı əsirgəməyəcəyəm".

Azərbaycanın qədim və zəngin tarixində tək rəhbərlik fəaliyyəti deyil, həm də bədii yaradıcılığı ilə tanınan dövlət başçıları az olmamışdı - Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Nəriman Nərimanov... Heydər Əliyev sırf bədii yaradıcılıqla məşğul olmasa da,  üzərinə daha böyük missiya - ədəbiyyatın həqiqi dostu, tələbkar oxucusu, çətin məqamlarda isə qoruyucusu, mühafizi olmaq vəzifəsini götürmüşdü. Və onilliklər boyu bu missiyanı şərəflə yerinə yetirmişdi...

Təəssüf ki, YB-nin onuncu qurultayı Azərbaycan yazıçılarının böyük dostu Heydər Əliyevin iştirakı ilə keçən sonuncu qurultayı olmuşdu. Ümummilli liderin bu qurultayda səsləndirdiyi müdrik fikirlər isə sadəcə vida sözləri deyildi. Həm də göstərilən yol idi. Azərbaycan ədəbiyyatı bu gün də həmin yolla irəliləməkdədir.

Sarayevo, oktyabr 2023-cü il

 





23.10.2023    çap et  çap et