525.Az

Təkəbbürdən uzaq - Sevda Sultanova yazır


 

Təkəbbürdən uzaq - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Bu yaxınlarda Böyük Britaniyanın Baş naziri Rişi Sunak liberal dəyərlər adı altında onlardan fərqli düşünən fərdlərin söz azadlığını  tapdalayan Qərb cəmiyyəti üçün mühafizəkar, amma kifayət qədər cəsarətli fikir söyləyib: "İnsanların istədikləri cins ola biləcəyinə inanmamalıyıq. Bu, mümkün deyil. Kişi kişidir, qadın isə qadındır. Bu, sadəcə sağlam düşüncədir".

Qərb cəmiyyətində sənətə münasibətdə siyasi konyunktura oyunlarını, ikili standartlarla qurulan geosiyasi prosesləri izlədikcə mühafizəkar dəyərlərin və müəyyən məqamlarda senzuranın tətbiqinin labüdlüyü qənaətinə gəlirəm. Həmçinin, televiziyada, sosial mediada idarəolunmaz xaosu aradan qaldırmaq, məsuliyyətsiz davranışları, nifrət nitqinə köklənən, insan ləyaqətini alçaldan kontentləri, azad düşüncə ilə tərbiyəsizliyi qarışdıran istifadəçilərin fəaliyyətini tənzimləmək, onları, necə deyərlər, özlərinə gətirmək üçün bəzi sərt qaydaların tətbiqi qaçılmaz görünür...

Yazımın budəfəki məcrası analoji kontentlərlə bağlıdır. Daha dəqiq desəm, tənqid hədəflərim bir neçə il öncə sosial şəbəkələrdə populyarlaşan, aparıcılığı, leksikonu lağa qoyulan Qənirə Şəmmədqızına  təhqiramiz münasibət bəsləyən kəslərlə. Məsələ, əlbəttə ki, təkcə Qənirə Şəmmədqızı deyil...

İnternet kanalı AYTV1-də yayımlanan "Qızıl səslər" verilişinin aparıcısı Qənirə Şəmmədqızının fəaliyyətinin peşəkarlıq nöqteyi-nəzərdən dərin analizə ehtiyacı yoxdur. Şəmmədqızının savadı, nitqi peşəkar aparıcı meyarlarına uyğun gəlmir, o, ləhcə ilə danışır, ləhcə ilə rus kəlmələrini qarışdıraraq hibrid cümlələr düzəldir, Azərbaycan dilini yaxşı bilmir ("düşünləşirəm", "tanışlatdırıram", "tərgimə olmur"...), dəvət elədiyi qonaqların kimliyi, fəaliyyəti haqda bilgiləri dardır. Və ucdantutma mahnı oxuyan, səhnəyə çıxan hər kəsi "böyük, dahi sənətkar" adlandırır. Digər tərəfdən, başqa sual ortaya çıxır: istər ənənəvi televiziyada, istər internet resurslarında aparıcıların neçə faizi peşəkar kriteriyalara cavb verir, dilimizdə normal danışa, müzakirəyə çıxardığı mövzunu bilir? Vəziyyət acınacaqlıdır. Hərçənd, Şəmmədqızını əksər aparıcılardan fərqləndirən, mənəvi üstünlüyünü təmin eləyən keyfiyyətləri var: o, qonaqlarına münasibətdə etik normaları pozmur, özünü təkəbbürlü aparmır, şəxsi, sırtıq suallar vermir. Hətta bəzən lazımsız səmimiyyəti ilə fərqlənir. Misalçün, yutub kanalında yayımlanan "Mirinin dibçəyi" verilişində qonaq olan Şəmmədqızı çalışdığı AYTV1 kanalından maaş almaq əvəzinə, özü efirə çıxmaq üçün pul ödədiyini, ətir satıb pul qazandığını dedi. Ardınca da məşhur aparıcıları öz üslubunda tənqid elədi:

"Zaur Baxşəliyev o biri Zaura baxanda yaxşı aparıcıdır. Zaur Kamalı bəyənmirəm, yekəxanalıq edir, səy-səy suallar verir böyük sənətkarlara. Sırtıqlıq edir. Ağır olsun. Sənətkarlarla elə məzələnir ki, ayıbdır".

Bir neçə ay əvvəl "Qızıl səslər" verilişinə rep ifaçısı Paster (əsl adı Pərviz Quluzadə) və dostları dəvət olunmuşdu. Çox güman ki, verilişdə iştirak etmək elə reperlərin öz təşəbbüsü olub. İkinci dəfə qonaq olan gəncləri Şəmmədqızı təqdim edəndə tamamilə aydın idi ki, reperlər aparıcını məsxərəyə qoymağa gəliblər. Problem həm də onda idi ki, özündən müştəbeh repçilər peşəkar, ciddi şəkildə məzələnməyi də bacarmırdılar: dodaqaltı qımışmaları, gülüşlərini saxlaya bilməməsi, bir-birinə göz-qaş etməsi onların niyyətini bəyan edirdi.

Aparıcı reperləri onların öncədən yazıb hazırladığı cümlələrlə təqdim edir:

- Rokun atası, Natiq İsmayılovun dostu Fərdi Ramazan Eynşteyn.

- Milli mentalitemizə zidd kliplər çəkən, Eynşteynin hesabına qalxan Arenburq Zeytun.

- Hamının sevimlisi, gözəllər gözəli, maşını yaşıl, gözü yaşıl, özü yaşıl, azyaşlı Reçi Hiss və s.

Və aparıcı tərəfindən səslənən, əslində repçilərin özlərinin tərtib elədiyi əndirəbadi sualları qonaqlar qəsdən xaotik, əlaqəsiz fikirlərlə və küçə ritorikası ilə cavablandırırdılar. Cavablarını qəsdən bətl (rep ifaçıları arasında yarış, deyişmə və bir qayda olaraq rəqibin alçaldılması ilə müşayiət olunur)  diss (rep mətnində bir reperin digər reperə hörmətsiz ifadələr ünvanlaması), trek (repdə mahnının sinonimi), fristayl (azad üslub deməkdir, repin oxunması zamanı improzvizə), heyter (bir reperin yaradıcılığında hər şeyə, digər reperə nifrətin ifadəsi və s.) kimi rep terminləriylə zənginləşdirərək, nəinki aparıcının, ümumiyyətlə rep musiqisini dinləməyən kütlənin başa düşmədiyi leksikonla danışaraq, Azərbaycan dilini eybəcərləşdirərək Şəmmədqızını gülməli və pərt vəziyyətlərə salmağa cəhd göstərirdilər.

"Biz Niko ilə Axundov bağında görüşdük, "Böyükfırat" restoranında oturduq. Mənə dedi ki, siz nə qədər pul alacaqsızsa, Erci də  sizdən o qədər pul istəyir. Mən razılaşmadım. O, rep meydanında yoxdur. Bətl hələ baş tutmadı". 

 "Ercinin bugünə qədər bir neçə mahnısı var, onların heç biri yadda qalmayıb. Bu yaxınlarda Rüzgarla görüşdüm, Erci haqda dedi ki, Rüzgar Ercini reper saymır. Onla bətlə gəlmək istəmir. Və onun bir köpüklük sənəti olmadığını dedi. Təzədən Erci ilə görüşdüm, o dedi ki, Rüzgarı it yerinə saymıram".

"Mən Şeronda yox, Şeron məndə oxuyub. Dahi bəstəkar Sergey Kaneşnov (təbii ki, belə bəstəkar yoxdur - red.) 1918-ci ildə doğulub, həyatına keşməkeşli yollardan keçərək davam edib. O, hepatit ö xəstəliyinə tutulub. Və bu xəstəlikdən vəfat edib. Mənim istifadə etdiyim aləti o, referens edib. İndi mən ölməliydim Qənirə xanım? Biz yeni tərz roko döl janrını yaratmışıq" və s.

Daha sonra verilişin ortasında studiyaya Rio adlı gənc reper təşrif buyurur. O, ayağını ayağının üstünə aşıraraq, nümayişkaranə şəkildə saqqız çeynəyərək suallara cavab verir. Qonaqlar Şəmmədqızını daha narahat, naqolay duruma  salmaqdan ötrü studiyaya telefon zəngi təşkil edirlər. Həmin telefon zəngində guya verilişin iştirakçılarını başqa reper replə tənqid edir.

Maraqlısı odur ki, təlxəkliklə yumoru səhv salan reper qardaşlarımız cəhdlərinə rəğmən, niyyətlərinə nail ola bilmirlər. Çünki Şəmmədqızı onların şit zarafatlarına kifayət qədər adekvat davranır, fikirlərinə etinasız yanaşır.

Məsələn, aparıcı Rioya onu ikinci dəfə verilişində görməyə şad olduğunu deyəndə, o ilk dəfədir bura gəldiyini deyir. Şəmmədqızı bu zamanda dəqiq bir fikir söyləyir: "Hamınız bir birinizə oxşayırsız".

Doğrudan da milli rep ifaçılarımız əcnəbi həmkarlarının geyim tərzini, üslubunu, maneralarını təkrarlayırlar, individuallıqları yoxdur. Hətta səhnə adlarına kimi onları imitasiya edirlər. Halbuki repin yarandığı dönəmdə ifaçıların səhnə adları daha çox özünəməxsus, koloritli və maraqlıydı: Anar Nağılbaz, Hüseyn Dərya, Elşad Xose. Müqayisədə Şəmmədqızı daha özünəxasdır: maneraları,   səliqəsiz, kobud makiyajı, orta statistik sovet qadınlarına məxsus üslubda sadə, ciddi geyimi ilə.   

Yaxud, proqramda repçilər anlaşılmaz danışanda aparıcının "yaxşı, özünüz özünüzü alqışlayın" deməsində nəsə yüngül ironiya duyulur. Və ya rep terminlərini  oxumaqda çətinlik çəkəndə, qonaqların qımışmasına əhəmiyyət vermir, onları iqnor edir və daha hazırcavab görünürdü.

Məsələn, bir repçi "Qənirə xanım, nə ğayırmalıyam, öləmiləyəm" deyəndə, aparıcı özünü itirmədən onun intonasiyasında cavab verir:

- Yox, yaşamalısan, yaratmalısan. Hələ cavansan.

Özlərini ağıllı, "krutoy" göstərməyə can atan gənclər əksinə, proqramda  gülməli və zavallı görünürdülər. Üstəlik, yumor səviyyəsi aşağıdır, vəziyyəti anında dəyərləndirmək üçün çevik düşüncələri yoxdur.

Bir neçə il öncə isə yenə "Qızıl səslər" proqramında Paster və dostları ilə bərabər, gənc aktyor Həsən Ağa da iştirak edirdi. Həsən Ağa Şəmmədqızını istifadə müddət çoxdan bitmiş formada ələ salmağa çalışır: "Bütün dünya bilir ki, media dünyada masonların əlindədir. Təkcə sizin kanaldan başqa. Ona görə sizi seçdik. Səmimiyyət var. Masonların bu kanalda əli yoxdur". Və məsxərəsinin effektli alınmadığını görüb veriliş boyu mason söhbətinə qayıdır.

Azərbaycanda rep kütləvi deyil, daha çox submədəniyyət statusunda qalır. Mən özüm də rep həvəskarı deyiləm. Amma Pasterin bu il "Zəngəzur" adlı klipini vizual və məzmun baxımdan keyfiyyətli, gərəkli iş sayıram. Klipin izlənmə sayı çox olmasa da, gənclər arasında rep yayılmış musiqidir. Paster kimi istedadlı adamın öz plankasını aşağı tutmasına təəssüf edirəm. 

Qənirə Şəmmədqızını məsxərəyə qoyanlardan biri, bir yutub kanalında konsepsiyası hər şeyə lağ etməkdən ibarət olan, qaçana, uçana, sürünənə irad tutan, Azərbaycan dilində normal danışmayan, guya filmləri yumorla "analiz" edən Rəfin Cəfərovdur. O, Şəmmədqızının verilişində mövzuların kimin seçməsinin, proqrama necə hazırlaşmasının reseptini öyrənmək istəyir və onun qeyri-peşəkarlığından heyrətlənir.  Rəfin, inan, peşəkarlar da sizin bayağı zarafatlarınıza, hər şey haqda heç nə deməmək istedadınıza heyrət edir.

Şəmmədqızına təhqiramiz münasibət bildirən digər şəxs yutub kanalı olan Şəhriyar Nadirdir. O, aparıcıya düşük,  qanmaz diaqnozu qoyur və təcili psixoloji dispanserdə müalicə almağı tövsiyə edir. Yəqin ki, eyni şeyləri kimlərsə Şəhriyar Nadirin məzmunu aydın olmayan kontentlərinə baxanda da düşünür.

Yazdıqlarım internet resurslarında geniş yayılan təhqirin, hörmətsizliyin ən yüngül formasıdır. Məqaləmin əvvəlində dediyim kimi, mövcud situasiya, zərərli tendensiyalar hansısa, necəsə bir nəzarət mexanizminin vacibliyini diktə edir. Qəddar, dəyərlərin olmadığı virtual dünyanın reallığımızı üstələdiyi bir dönəmdə Markesin bu məşhur fikri aktual görünür: "Ədəbiyyat olmasaydı, dünya heç nə itirməyəcəkdi, polislər olmasaydı, dünya başqa cür olardı".

 





23.10.2023    çap et  çap et