525.Az

"İncidim və qıraqda durdum"


 

"BU SƏNƏTDƏ BÜTÜN ARZULARININ ÜSTÜNDƏN XƏTT ÇƏKİB ÖZ FƏALİYYƏTİNİ DAVAM ETDİRƏN İNSANLAR VAR"

"İncidim və qıraqda durdum"<b style="color:red"></b>

- Gülşad xanım, aktyor olmaq üçün istedad kifayət edir, yoxsa  təhsil də şərtdir?

- Elə bir dövrdə yaşayırıq ki, ən kiçik peşə belə təhsil tələb edir. O ki qaldı bizim sənətə, əlbəttə, təhsil mütləqdir. İstedad özü özlüyündə istedad kimi qalır, lakin onun bir məktəbi olmalıdır ki, özünü inkişaf elətdirə bilsin. İstedadı olub, təhsili olmayan birinin o peşəyə yiyələnməsi uzun illər aparacaq. Pedaqoq hər bir tələbəni danışdırır, dilləyir, qulaq asır və tələbə haqqında müəyyən qənaətə gəlir. Onlar universitetdən tamaşaya qədər olan yolun nə olduğunu dərk edirlər. Düşünürəm ki, aktyor olacaq şəxs mütləq müəyyən vərdişlərə yiyələnməlidir.

- Hansısa obrazlarda özünüzdən, həyatınızdan bir parçanı oynamısınızmı?

- Teatr tamaşaları ilə filmlərdəki obrazları üst-üstə gəlsək, əllidən çox rol oyanmışam. Obrazlarda özümdən və ya həyatımdan hansısa parçanı oynamış olsaydım, bütün rollarım bir birinə bənzəyərdi. Hər bir aktyor hər hansı bir rolu oynayanda çalışmalıdır ki, obrazın məğzini insanlara çatdırsın.

Düzdür, elə rollar var ki, onların duyğuları bəzi məqamlarda hisslərimə yaxındır. Lakin bu o demək deyil ki, öz yaşantılarımı obraza gətirməliyəm. Hər bir obrazın özünəməxsus ifadəsi olmalıdır, lap xırdalıqlarına qədər desək, gülməyi, ağlamağı, yerişi, baxışı tamamilə fərqli olmalıdır.

- Gülşad xanım "Bəxt üzüyü-2" filmi çəkildi. "Bəxt üzüyü" filminin yerini verməyəcəyini hamımız bilirdik. Lakin tamaşaçılar ikinci filmini ən uğursuz film kimi qarşıladılar. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, "Bəxt üzüyü-2" filmi çəkildi. Filmdən çəkilib qurtardıqdan sonra xəbərim oldu. O filmə baxmamışam. Ona görə də uğurlu olub-olmaması barədə heç bir söz deyə bilmərəm. Tamaşaçılar daha yaxşı bilərlər.

- Bu gün Azərbaycanın kino sahəsindəki vəziyyət ürəkaçandırmı?

- Sovet dövründə çox gözəl filmlərimiz olub. Lakin bu o demək deyil ki, indi proses getmir, işlər gedir, film istehsal edənlər kifayət qədər var. İndi qısametrajlı filmlərə daha çox üstünlük verirlər. Qeyd etmək lazımdır ki, film çəkmək üçün müəyyən vəsait lazım olur. Lazımi vəsait olmayanda, film çəkməyin də mənası yoxdur. Film çəkmək üçün gərək kapitalist olasan. Etiraf edim ki, hazırda bizdə kapitalistlər yoxdur. Lakin kino sahəmiz bərbad gündə də deyil. Ulduzların işartıları görsənir. Arzu eləyək ki, bundan da yaxşı olsun, daha gözəl filmlər çəkməyə imkanlar yaransın. Mən inanıram ki, Azərbaycanda kino sahəsində vəziyyət bundan da yaxşı olacaq.

- Bu gün aktyor sayılan gənc sənətçilər haqqında nə düşünürsüz? Ən çox hansılar sizdə inam yaradır?

- İncəsənət Universitetinə yetərincə istedadlı uşaqlar gəlib və gələcək. Azərbaycan xalqı istedadlı xalqdır. Elə tələbələrim olub ki, onları qrup halında Şəkidə tamaşa oynamağa aparmışıq. Bəziləri Şəki teatrında fəaliyyətlərini davam etdirdilər. Təbii ki, özlərinin də böyük marağı var idi buna. Şərait baxımından da onlar üçün hər cür imkanlar yaradıldı. Həmin tələbələr ordakı təcrübədən mükəmməl səviyyədə öz sənətini davam etdirə biliblər. Yaşanan tək problem orada qalmağa yerlərinin olmamasıdır. İndiki dövrdə teatrdan alınan maaşla kirayə tutmaq çox çətindir. Bu baxımdan istəyən çoxdur, lakin heç kəs ora gedib işləmək istəmir. Bu problem təkcə Şəkidə yox, digər bölgələrdə də var. Ümumiyyətlə, indiki gəncliyə inamım olduqca böyükdür.

- Tələbələrinizə ilk olaraq nələri öyrədirsiniz?

- Bu sənətə gələndə ilk növbədə nizam-intizam öyrədilir. Hər bir qrupda dörd il ərzində nizam-intizam olmalıdır. Əgər universitetə ürəyi istəyəndə gəlirlərsə, burada heç bir sənətdən söhbət gedə bilməz. Sənətə aid olan bilgiləri sadədən mürəkkəbə doğru, kiçik tamaşalardan böyük tamaşalara doğru öyrətməyə başlayırıq.

- Azərbaycanda aktyor olmaq üçün nələrdən imtina etmək lazımdır?

- Azərbaycanda aktyor olmaq çox çətindir. Aktyor olmaq istəyən şəxs azad olmalıdır. Amma o azadlıq yoxdur. Sıxıntılılar çoxdur bu sahədə. Aktyor əlavə pul qazanmaq üçün başqa işlərin dalınca qaçmamalıdır. Əsl teatr aktyoru teatrda fəaliyyət göstərməlidir. Bu sahədə bütün arzuların üstündən xətt çəkib öz fəaliyyətlərini davam etdirilən insanlar var.

- Kinomuzun inkişafı üçün hansı addımlar atılmalıdır?

- Bu suala mütəxəssislər daha dolğun cavab verə bilərlər.

Əfsuslar olsun ki, bu sahədə hərc-mərclik, tərəfkeşlik hələ də hökm sürür. Bəlkə də, elə bu səbəbdən filmlərimizin inkşafı axsayır. Bu sahədə çalışan səlahiyyətli insanlar kinomuzun inkşafı barədə düşünsələr, yaxşı olar. Əfsuslar olsun ki, bu məsələ hələ də problem olaraq qalır.

- Güşad xanım, hazırda sənətdə olmaq istədiyiniz yerdəsinizmi?

- Hər bir sənətkarın sənətdə özünəməxsus yeri var. Özümü daha böyük zirvədə görmək istəyirəm, deyə bilərdim. Lakin bu mənim öz seçimim olub. Təbii ki, bu barədə danışmaq istəmirəm, amma yenə də öz yerimdəyəm. Çünki müəyyən illərdə sözümü demişəm. 1975-ci ildən 1985-ci ilə kimi aktyorluq fəaliyyətim elə yüksək pillədə olub ki, bir çox adamlar o zirvədə olmağını arzulayıblar. Ondan sonra bir neçə teatrda fəaliyyətimi davam etdirdim. Lakin orada istədiyim kimi şərait yaranmadı. Əsl yaradıcı insan həssas və inciyən olur. Mən də bir çox şeylərdən incidim və qıraqda durdum. Yenə də dəvətlər aldım, filmlərə çəkildim, hazırda da çəkilirəm və bu məni qane edir.

- Elə sənətkarlar var ki, onların sənəti layiqincə qiymətləndirilmir. Onlardan biri Elxan Qasımov idi. Sizcə, niyə ona Xalq artisti adı verilmədi?

- Düşünürəm ki, ona qarşı haqsızlıq olub. Digər ad verilmiş aktyorlarla müqayisə olunanda Elxan Qasımov da o ada layiq görülməli idi. Amma təəssüf ki, olmadı.

- Bəs sizin sənətinizə necə, layiqincə dəyər verilirmi?

- 1982-ci ildə, 32 yaşımda Ümummilli liderimiz Heydər Əliyev tərəfindən "Əməkdar artist" adına layiq görülmüşəm.

Üstündən xeyli illər keçib, mən bu məsələlərin dərinliklərinə getmirəm. Yəqin ki, layiq görmürlər, layiq görsəydilər, verərdilər.

Havar ŞƏFİYEVA

 





23.10.2023    çap et  çap et