525.Az

Könüllərə xitab edən gözəllik - Türkan Turan yazır


 

Könüllərə xitab edən gözəllik - <b style="color:red"> Türkan Turan yazır</b>

"Ölüm var, dostum, ölüm. Bu köşkün sahibi də öləcək, bu xoruz da" deyir Kazançakis "Zorba" romanında. Yalın, amma dərin məna daşıyan bu söz tarixi yerləri ziyarət edərkən daha da çox yada düşür. Fikirləşirsən ki, bu saraylarda, qəsrlərdə bir vaxtlar gör kimlər yaşayıb, kimlər gəzib-dolanıb, kimlər yazıb-yaradıb, ölüm fərmanları imzalanıb, edamlar edilib, doğumlar olub, şənliklər qurulub, imperatorlar qonaq gəlib, ən müxtəlif ilklərə və sonlara imza atılıb. Bəlkə, bu an oturub incəbelli cam bardaqda çay içdiyim bu masanın olduğu yerdə Sultan III Əhmədin oğlanları sünnət edilirdi, bəlkə də, qarğaları, qağayıları yemlədiyim yerdə Sultan Fateh Bizansa hücum planı hazırlayırdı. Bu gün onların heç biri yoxdur! Nə həmin şəxslərin və şəxsiyyətlərin dövrlərində yaşayan quşlar, çiçəklər, nə də digər canlılar var artıq. Sadəcə ağaclar yaşayır, bir də iz qoymağı bacaranların hekayələri.

Yaxşı, onda niyə dünyanı tutub gedəcəkmiş kimi davranırıq? Niyə təkəbbürümüzü, eqomuzu, kinimizi, nifrətimizi, hirsimizi yerə qoymuruq? Niyə hesab edirik ki, hər zaman indi hiss etdiyimiz və göründüyümüz kimi qalacağıq? Axı, ölüm-itim var! Zamanın sürəti var, axı! Kim dünyanı tutub gedib ki?! Doğrudur, insan ölümü düşünərək yaşaya bilməz, ancaq bəzən xatırlamaqda da fayda var. Dünyadakı pisliklərin, vəhşiliklərin, qəddarlıqların böyük əksəriyyətini törədənlər ölümsüz olduğunu düşünənlərdir. Halbuki hər kəs ölür, "bu köşkün sahibi də, bu xoruz da".

 

Qasım Paşadan Qasımpaşaya...

 

Əsrlər əvvəl Qasımpaşa İstanbulun ən lüks yerlərindən biri idi. Padşahların oylağı, imperatorların qonaqladığı, sülh sazişlərinin imzalandığı yerlərdən biri sayılırdı. Hətta Bizans dönəmində buralar Konstantinopolun göz bəbəyi idi. Hər yer yaşıllıq, gül bağçaları, bostan sahələri, meyvə bağları ilə əhatələnmişdi. İnsanlar buralara gəzinti məqsədi ilə gələrdilər. Həmin vaxtlar adı Peqai idi.

Bölgənin adı Sultan Suleyman Qanuninin dövründə dəyişdirildi. Qanuni ən səriştəli komandirlərindən olan Gözəlcə Qasım Paşanın Vyana döyüşlərində göstərdiyi şücaətindən sonra Haliçin şimal hissəsinə Qasım Paşanın adını verdi.

Təkcə Bizans üçün deyil, Qasımpaşa Osmanlı imperatorluğu üçün də əhəmiyyətli və strateji önəmi böyük olan bir yer idi. Fateh Sultan Mehmet İstanbulu fəth etmək üçün gəmiləri dənizə bu ərazidən endirmişdi. Qasımpaşada ilk tərsanə tikintisi Sultan Məhmetin göstərişi əsasında həyata keçirilmişdi. Fəthdən əvvəl italiyanların ulu babaları olan cenevizlilər buralarda yaşayırmışlar. İstanbulun qədim səmtlərindən olan Qasımpaşa o zamanlar lüks yer sayılırmış. İndi isə addım atıb çıxana qədər dizəcən palçığa batdığın yerdir. Bölgənin gözlər önündə olan və adı dilllərdə gəzən gözəlliyi padşahların da nəzərindən yayınmamışdı. O vaxtlar buralarda ucaldılan köşklər və saraylar əsl sənət əsəri imiş. Ərazidə inşa edilən abidələr hamısı birlikdə "Tərsanə sarayı" adlanırmış. Ancaq təəssüf ki, günümüzə abidələrdən sadəcə biri - Aynalıkavak qəsri gəlib çıxıb.

 

Sultanların oylağı

 

Qəsrin bu cür əsrarəngiz yerdə ucaldılmağına göstəriş verən Sultan Əhməd olub. İnşa işləri 1613-cü ildə başlayır və taxtadan bir saray ərsəyə gətirilib. Çox yaxşı oxçu olan və Hasköyün təpəsində ox meydanında bu bacarığını təkmilləşdirən Sultan, o vaxtdan sonra zamanının çoxunu burada keçirərmiş. Hətta Sultan İbrahim həmin dönəm üçün saray, indi qəsr statusu daşıyan bu memarlıq abidəsində dünyaya gəlibmiş. Sultan Əhməd zamanında saray ərazisinin dənizə baxan hissəsində bir köşk də inşa olunubmuş. Sarayın yerləşdiyi bağ ümumilikdə 150 hektarlıq ərazini əhatə edib.

 

Lalə dövrü

 

Buralar III Əhmədin dönəmində ərazisi daha da genişlədirilərək padşahların lalə festivalı keçirdikləri məşhur yerlərdən birinə çevrilmişdi. Xəttat və şair olan III Əhmədin hakimiyyəti dövründə saray təmir etdirilib və sultan ailəsi ilə buraya köçüb. əsərlərini buradakı musiqi otağında bəstələyib. adını da dəyişib Aynalıkavak qoyub. Bu adın seçilməsi isə 1718-ci ildə Pasarofça müqaviləsindən sonra Venesiyanın ona hədiyyə olaraq göndərdiyi aynaların sarayın divarlarına yerləşdirilməsinə görə idi. Haliçi hər tərəfdən seyr etmək üçün dörd tərəfi pəncərələrlə əhatə edilən bir qəsrdir bura. Hətta həmin dönəm sırf bu saraya görə Haliçdə qayıqla gəzmək qadağan edilibmiş.

Yeri gəlmişkən, baharın ilk ayları qəsrin ərazisi lalələrlə dolu olur. Payızda, yəni hazırda al-əlvan çiçəklərin, yaşıl otların, rəngli yarpaqların, yerlərə səpələnən şabalıdların, ağacdan boylanan almaların, yarpaqların arasından göz qırpan xırda armudların dönəmidir. Əsrlik ağacların, sonsuzluq qədər uzanıb getdiyini düşündüyün yaşıllığın ortasında yerləşən, hər tərəfi pəncərədən ibarət bu zərif memarlıq abidəsi Tərsanə saraylarından günümüzə gəlib çatan tək Osmanlı mirasıdır. Eyni zamanda Lalə dövrünə məxsus tavan işləmələrinin son örnəyidir. Lalə dövründə Tərsanə sarayı bütün dönəmlərin ən görkəmli və möhtəşəm günlərini yaşayıb.

 

Sultanların can sıxıntısı və tapdıqları çarələr

 

Qəsrin ən parlaq vaxtı III Səlim dönəmi olub. Hakimiyyətdə olduğu illərdə Topqapı sarayında ürəyi sıxılanda, ruhu darıxanda, dincəlmək və yaradıcılıqla məşğul olmaq istəyəndə qaçıb bura gəlirmiş. Sultan bu qəsri çox sevdiyi üçün restavrasiya etdirir. Eyni zamanda şair və bəstəkar olan padşah burada öz əsərlərindən ibarət konsertlər təşkil edir. Nəhəng bağın ərazisində sadə bir qəsr var. Bu, III Səlimin 1791-ci ildə inşa etdirdiyi Hasbağça adlı binadır. İki mərtəbədən ibarət bu qəsr dövrün memarlıq nümunələrindəki fərqliliyi ən xırda ayrıntısına qədər göz önünə sərir. Məsələn, burada naxış sənətinin müxtəlif incəliklərini görmək mümkündür. Enderun ağalarının istifadə etdiyi otaqlar, hökmdarların divanxanası və has otaqlar var. Sahilə doğru bir məscid və köşkü, böyük hovuzu və balıq evi vardı. Fəqət saray bütün dönəmlərdə elə də diqqət cəlb etməyib. Hətta bəzən tərk edilib, bəzən unudulub, bəzən də xarabaya çevrilib.

 

Tənburdan rəbaba qədər...

 

Qəsr bu gün musiqi alətləri muzeyinə də ev sahibliyi edir. İçəridə cürbəcür udlar, şeirlərdə adına çox rast gəldiyim, ancaq ilk dəfə bu qədər yaxından gördüyüm tənburlar, qanun, ney və digər nəfəs alətləri, kamança, rəbab kimi musiqi alətləri, bir küncdə isə bütün ağırlığı və gözəlliyi ilə özünə heyran edən piano sərgilənir. Bəstə otağından başqa ərz otağı, divanxana və inci işləməli mebellə döşənmiş otaqları da gəzmək mümkündür.

Osmanlının məşhur miniatür ustası Levninin "Surnamə" əsərində Sultan III Əhmədin oğullarının 1720-ci ildə təsvir edildiyi sünnət toyuna dair əsəri görmək də maraqlıdır. Miniatürdə Sultan təşkil edilən şənlikləri Aynalıkavak Qəsrindən izləyir. Ziyarətçilər qəsrin girişində bu əsərə də rast gələ bilərlər. Yeri gəlmişkən, 1784-cü ildə Rusiya və Osmanlı İmperatorluğu arasında Rusiyanın Kırımı işğalını qəbul edən "Aynalıkavak müqaviləsi" burada imzalanıb.

Qasımpaşa canavarı, yoxsa könüllərə xitab edən gözəllik?

 

Aynalıkavak qəsri qarmaqarışıq, dağınıq, uçuq-sökük, kələ-kötür yer olan Qasımpaşanın bağrında ləl-cəvahir kimi parıldayır. Qasımpaşa zamana məğlub olan, Haliçin kirlənməsi ilə birlikdə populyarlığını itirən yerlərdəndir. Ağıllarda Övliya Çələbinin bəhs etdiyi "gözlərə, könüllərə xitab edən gözəllik" kimi deyil, "kasımpaşa canavarı" və digər cinayətlərin törədildiyi, daha çox viran qalmış şəhərləri xatırladan yer olaraq qalır.

Təəssüf ki, bu qəsr bir çox insan tərəfindən bilinməyən, bilənlər tərəfindən unudulan, ətrafda yaşayanların belə çox da bələd olmadığı, tanıyanların isə hər fürsətdə özünü yetirdiyi yerdir. İçəri girən kimi qağayıların, qarğaların bir parça simit üçün qarşında qışqırdığı, yeridiyi, qaçdığı, uçduğu, gah yaxınlaşdığı, gah uzaqlaşdığı yerdir bura. Quşların cəh-cəh vurduğu, ağacların arasından göyüzünün zorla göründüyü yerdir. Həftənin beş günü fəaliyyət göstərən qəsrin nağıllar aləmini yada salan bağını, fövqəladə memarlığını görmək istəyənlər yolunu buradan salsınlar. Sanki İstanbul kimi qarmaqarışıq, səsli-küylü yerə aid deyilmiş kimi sakit, hüzurlu bu abidə sizi dayandığınız nöqtədən alıb bambaşqa diyarlara aparacaq.

 





23.10.2023    çap et  çap et