525.Az

Şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub


 

Şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub<b style="color:red"></b>

Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən Qurani-Kərim ziyafəti təşkil olunub.

525.az xəbər verir ki, tədbiri Türkiyə Səfirliyinin Dini İşlər üzrə müşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Natiq Qafqaz İslam Ordusu, Qarabağ, 20 Yanvar, Xocalı və Vətən müharibəsi şəhidlərini rəhmətlə anıb və tədbirdə iştirak edən şəhid ailələrinə belə dəyərli övladlar yetişdirdikləri üçün öz təşəkkürünü bildirib. Artıq dördüncü Quran ziyafətinin keçirildiyini, bu ay içərisində şəhidlərimiz üçün xətmlər oxunduğunu və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb. O, “bütün şəhidlərimizi unutmayacağıq” deyib və qazilərimizə Allahdan acil şəfalar diləyib. Son günlər dünyada baş verən hadisələr zəminində Fələstində şəhid olan məzlum müsəlmanları anıb və onlar üçün dualar edib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə tədbirin təşkilatçılarına və Türkiyədən təşrif buyuran qonaqlara öz təşəkkürünü bildirib. Hər zaman dünyamızda arzumuzun sülh və əmin-amanlıq olması olduğunu qeyd edib. Bütün bu humanist düşüncələrimizə baxmayaraq bizə qarşı savaşanlara qarşı savaşıb şəhid olan vətən oğullarını rəhmətlə anıb.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Suraxanı rayonu üzrə səlahiyyətli nümayəndəsi, Qaraçuxur məscidinin imamı Qurban Əliyev tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və bütün qonaqlara  Bütün Qafqazın şeyxi Şeyxulislam Hacı Allahşükür Paşazadənin  salam və təşəkkürlərini çatdırıb. O, eyni zamanda şəhidliyin yüksək zirvəsindən danışıb və şəhidləri ehtiramla anıb. Natiq şəhidlərin ölmədiyini, hər zaman sağ olduğunu qeyd edib. Şəhidlərin Allahın ən xoşbəxt bəndələri olduğunu vurğulayıb. Bir insanın necə yaşayıb necə öləcəyinə diqqət çəkib. Tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Bütün bu sınaqlardan şəhidlərimiz vasitəsi ilə üzüağ çıxdığımızı qeyd edib.

Rəsmi çıxışlardan sonra  Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvləri Musa Coşkun, Salih Akyüz, Müşfiqabad məscidinin imamı Sadiq Məmmədov və ilahiyyatçı Sadiq Ramizoğlu öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə töhfələrini veriblər. Bütün qiraətlərdən sonra Şəhidlər məscidinin imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində tərcüməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda məşhur qarilər tərəfindən sala oxunub və Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Musa Coşkun tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib və xətm duası oxunub.

Tədbir iştirakçılarına şəhidlərimiz adına ehsanlar paylanıb və Qurani-Kərimin Azərbaycan dilinə məali hədiyyə edilib.

Pərvanə

 





23.10.2023    çap et  çap et