525.Az

Bütövlük günü - Misir Mərdanov yazır


 

Bütövlük günü - <b style="color:red"> Misir Mərdanov yazır</b>

2023-cü il oktyabrın 15-də xalqımızın tarixində çox mühüm hadisə baş vermişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Ağdərə və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində üçrəngli  Dövlət Bayrağımızı ucaltmışdır. Ardınca da cənab Prezident Xankəndidən Azərbaycan xalqına müraciət edərək analitik bir nitq söylədi ki,  həmin çıxış tək region ölkələrində deyil, bütün dünya mediasında geniş əks-səda doğurdu və yəqin ki, hələ uzun müddət də müzakirə mövzusu olaraq qalacaq. Bu dərin məzmunlu müraciətdə müəyyən tarixi zaman kəsimində  Cənubi Qafqazda baş verən hadisələr siyasətçi, tarixçi, diplomat, iqtisadçı, nəhayət böyük vətənpərvər bir şəxsiyyət tərəfindən hərtərəfli analiz edilir.

Mən də Vətənimizin bütövlüyünü, dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunduğunu, torpaqlarımızda erməni separatizminin birdəfəlik məhv edildiyini, azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkarların qandallanaraq Bakıya gətirilməsini və ədalətin bərpa olunmasını son 200 illik tariximizin ən mühüm hadisəsi hesab edərək tarixə kiçik bir ekskurs etmək istəyirəm. Əvvəlcədən onu qeyd edirəm ki, 2023-cü ilin oktyabrından geriyə doğru baxanda baş verən hadisələrdə məntiqi bir bağlılıq, ardıcıllıq, addım-addım məqsədə doğru gedən yolu görmək mümkündürsə də, 35 il bundan əvvəl - 1988-ci ildə erməni separatizminin baş qaldırdığı günlərdən son dövrlərə kimi heç kəs bu hadisələrin belə sonuclanacağını proqnozlaşdıra bilmirdi.

İndi bildik ki, ötən 35 il ərzində Qarabağla bağlı bir sıra illüziyalarımız ("Neft kəmərləri işə düşsə, Amerika Qarabağı ermənidən alıb bizə verəcək", "Rusiya dağılmasa, Qarabağı ala bilməyəcəyik", "Fransa nə qədər ermənilərin arxasındadır, Qərb Qarabağın Azərbaycana qaytarılmasına yol verməyəcək" və s.) boş bir xülya imiş. Dünya birliyinin bu ədalətsizliyə hələ də susduğuna lap çox əsəbiləşəndə BMT-ni, ATƏT-i söyüb ürəyimizi soyudurduq, ikili standartları səbəbkar hesab edib onu lənətləyirdik. 

42 yaşında ilk dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev özü də müsahibələrinin birində etiraf etdi ki, o, illərlə beynəlxalq hüquqa səmimiyyətlə inanır, zənn edirmiş ki, bu problem diplomatik yollarla, sülh şəraitində, ədalətlə həll olunacaq. Amma zaman göstərdi ki, beynəlxalq aləm deyilən müasir dünya ancaq gücü anlayır və güclünün yanında olur. Ona görə də İlham Əliyev ölkənin iqtisadi qüdrətinin artması, bu potensialın intellekt kapitalı ilə bərabər, həm də hərbi gücün artırılmasına yönəldərək siyasi fəaliyyətinin konturlarını müəyyənləşdirdi. Ona görə də İlham Əliyev düşmənlərin  tanıtdığı "geri qalmış müsəlman əyaləti" sindromunun əksinə, Azərbaycanı dünyaya olduğu kimi - sivil və demokratik bir ölkə şəklində tanıtmaq yolunu tutdu - Avropanın tanınmış futbol klublarından birinin yaxasına "Azərbaycan" kəlməsini həkk etdirməkdən ölkədə Avroviziya Mahnı Müsabiqəsi, müxtəlif Forumlar, Avropa Oyunları, Formula-1 yarışları, İslam Həmrəyliyi Oyunları kimi Beynəlxalq tədbirlərin keçirilməsinə nail oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu münaqişəni gələcək nəsillərə miras qoymamaq üçün xalqın gücünə arxalanaraq daxilində Qarabağ uğrunda həlledici savaşa qərar verdi.

Ona görə də 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirdiyi davranış, dünyanın müxtəlif ölkələrinin KİV-lərinə onların təxribat xarakterli suallarına da öz dillərində verdiyi cavablarda əsas mesajı belə idi: "Mən xalqın tələbi ilə müharibə qərarı vermişəm, bütün məsuliyyətimlə də qərarımın arxasındayam".

Azərbaycanın dünyada mövqeləri  gücləndi, müttəfiqlərimizin və dostlarımızın sayı artdı. Ölkəmiz BMT, Avropa Birliyi, Avropa Şurası, NATO, Türk Dövlətləri təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, İSESCO və digər  beynəlxalq qurumlarla intensiv əməkdaşlıq etməyə başladı.  Respublikamız BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 il sədrlik etdi.

Qələbəyə doğru addım-addım yollar  getdi, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artdı, ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusu müəyyənləşdi, neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz trans-Anadolu və trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələr həyata keçirildi.

Müstəqil Azərbaycan Respublikasının tarixini mərhələlərə bölməli olsaq, heç şübhəsiz, iki mühüm tarixi günü xüsusi olaraq fərqləndirmək lazımdır. Bunlardan birincisi 15 iyun 1993-cü ildir. Təqvimimizə Qurtuluş Günü kimi yazılan həmin qızıl tarix Azərbaycan dövlətinin məhv olmaqdan xilas olduğu gündür. 

İkinci ən vacib dövr isə 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı növbəti dəfə düzgün siyasi qərar qəbul edərək Ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməsi olmuşdur. Məhz həmin gün müstəqil dövlətçiliyimiz tarixində ikinci mərhələnin başlanğıcı sayılmalıdır.

Bu günlərdə sevincini yaşadığımız Böyük qələbəyə gedən yol məhz 1993-cü ilin iyun ayından başlamışdı, desəm, bunu səmimi bir həqiqət kimi qəbul edin. Həmin çətin dövrdə Azərbaycan müstəqil ölkə kimi dünya siyasi arenasına çıxarılması, siyasi burulğanlara baxmayaraq, hakimiyyətin əsas strateji kursunun qorunması şərti ilə ən müdrik varisə ötürülməsi bugünkü qələbələrin əsası oldu. 1994-cü il mayın 12-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi, sentyabrın 20-də isə Bakıda dünyanın böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanması həm də bu qələbəmizin başlanğıcı idi. 2020-ci ilin möhtəşəm qələbəsini təmin edən Şuşa fəthindən sonra Müzəffər Ali Baş Komandanın Fəxri xiyabana gedərək Ulu öndərə hesabat verməsi, "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" deməsi  fikrimizin daha bir təsdiqidir.

27 il ərzində münaqişə zonasında Azərbaycanın qələbəsi ilə bitən lokal xarakterli bir sıra hərbi əməliyyatlar keçirildi: Horadiz əməliyyatı, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri. Onlardan miqyasına və qurbanların sayına görə ən böyüyü 2016-cı ilin Aprel döyüşləri idi. Sonrakı proseslər göstərdi ki, Aprel savaşı Azərbaycan Ordusunun İkinci Qarabağ savaşı öncəsi baş məşqi imiş.

2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən və Koçaryan-Sarkisyan cütlüyünün başçılıq etdiyi Qarabağ klanını Nikol Paşinyanın rəhbərlik etdiyi "demokratik müxalifət"in devirməsindən sonra müharibənin qaçılmazlığı tam çılpaqlığı ilə ortaya çıxdı. Halbuki Qarabağ kartı üzərindən Ermənistanda hakimiyyətə gəlmiş Robert Koçaryanla Serj Sarkisyanın hakimiyyətdən gedişindən sonra onları yerli ermənilərin nümayəndəsinin əvəzləməsinin müsbət nəticələr verəcəyinə ümidlər böyük idi. Lakin Nikol Paşinyan öz addımları ilə sübut etdi ki, Ermənistan BMT qətnamələrini xoşluqla yerinə yetirmək fikrində deyil.

8 may 2019-cu ildə - Şuşanın Ermənistan tərəfindən işğalının 27-ci, özünün hakimiyyətə gəlməsinin isə 1-ci ildönümündə Şuşaya gedən Paşinyan Cıdır düzündə sərxoş halda rəqs etməsi, eləcə də oğlunu hərbi xidmət keçmək üçün Qarabağa göndərməsi ilə ilk müharibə mesajını verdi.

Üç ay keçməmiş Ermənistanın Baş nazirinin Xankəndidə səsləndirdiyi nöqtəli bəyanat isə Azərbaycana müharibədən başqa çıxış yolu qoymadı. Avqustun əvvəlində Ümumerməni Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Xankəndinə gələn Paşinyan Ermənistanın Dağlıq Qarabağa iddiasını o vaxtadək erməni rəsmilərinin dilə gətirmədiyi çılpaqlığı ilə ortaya qoydu: "Əminəm, indi sizdən çoxları soruşur ki, bəs nə üçün Artsax (Dağlıq Qarabağ - M.M.) haqqında heç deyilmir? Cavabı aydındır. Çünki Artsax Ermənistandır, nöqtə".

Bir ay sonra Ermənistanın Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında Paşinyan növbəti dəfə bu sərsəm iddiasını təkrarladı: "Əgər Azərbaycan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu iddia edirsə, bu tələbində qətidirsə, onda Ermənistan da Qarabağın Ermənistan olduğunu deməlidir və nöqtə qoymalıdır".

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyana cavabı çox gecikmədi. 2019-cu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında dövlət başçısı Ermənistan Baş nazirinin bəyanatına cavab olaraq tarixi bəyanatını səsləndirdi: "Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Prezident İlham Əliyev bununla bir daha qəti şəkildə bəyan etdi ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".

Bu tarixi çıxışdan sonra Qarabağ məsələsinin həllində yeni bir mərhələyə qədəm qoyuldu. Bu mərhələ pərdə arxasında müasir silahlarla silahlanmış ordunun müharibəyə hazırlaşmasını, beynəlxalq ictimai rəydə isə Qarabağın Azərbaycana məxsusluğunun daha ciddi faktlarla əsaslandırılmasını tələb edirdi. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, beynəlxalq simpatiya ermənilərdən yana idi. Belə bir fürsət isə özünü çox gözlətmədi.

15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutdu. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqelərini əsaslandırmağa çalışarkən İlham Əliyev Nikol Paşinyana əsl tarix dərsi keçdi. Bu zaman həm Azərbaycanın haqlı mövqeyi, həm də aydın hiss olunan intellektual üstünlük, siyasi təcrübə və mükəmməl dil bacarıqları kimi amillər Prezident İlham Əliyevin tutarlı arqumentlərlə Ermənistanın Baş nazirini pərt etməsi ilə nəticələndi.

Münhendə keçirilən müzakirələr Azərbaycan Prezidentinin həm Qarabağın, həm də Dağlıq Qarabağ münaqişəsinin tarixinə dərindən bələd olduğunu bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu, İlham Əliyevin Qarabağın gələcək taleyini necə görməsi ilə bağlı planının konturları idi.

Bundan sonra Ermənistan "Yeni ərazilər üçün yeni müharibə" doktrinasını Azərbaycanın Tovuz rayonuna hücumla həyata keçirməyə cəhd etdi. 2020-ci ilin 12-14 iyulunda baş verən və general Polad Həşimovun şəhadəti ilə yadda qalan Tovuz döyüşlərindən sonra Bakının müxtəlif istiqamətlərindən Milli Məclisin qarşısına edilən yürüş Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağının ən böyük nümayişi idi. Müstəqillik tariximizdə ilk dəfə idi ki, düşmən döyüş meydanında generalımızı şəhid etmiş, bununla da növbəti dəfə azərbaycanlıların heysiyyətinə toxunmuşdu. Aksiya iştirakçılarının "Ali Baş Komandan, silah ver bizə!" şüarı Xocalı soyqırımının və bütövlükdə Qarabağ ləkəsinin silinməsi üçün Azərbaycan xalqının hər şeyə hazır olduğunu göstərirdi.

14 iyul gecəsi xalq tərəfindən verilən mesaj ölkə rəhbərliyi tərəfindən dəyərləndirildi və sentyabrın 27-də Ali Baş Komandan orduya əks-hücum əmri verdi. Cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları döyüş yolu ilə azad olundu. Noyabrın 8-də azərbaycanlılar üçün böyük mənəvi dəyəri olan Şuşa şəhərinin çətin relyefə malik olmasına rəğmən, bıçaq və tapança ilə silahlanmış Azərbaycan hərbçiləri tərəfindən azad edilməsi düşmənin ağ bayraq qaldırmasına səbəb oldu.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanat hərbi əməliyyatlara son qoydu. Nəticədə Ermənistan başdan-ayağa minaladığı Ağdam, mürəkkəb relyef quruluşuna malik Kəlbəcər və Laçın rayonlarını bir güllə atılmadan boşaltmaq məcburiyyətində qaldı.

Lakin rəsmi İrəvanın Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, işğalçı ordusunun hissələrini Qarabağdan çıxarmaması və mina xəritələrini Bakıya təqdim etmək əvəzinə, Azərbaycan ərazilərini minalamaqda davam etməsi 2022-ci ilin 12-13 sentyabr döyüşlərini və 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatını qaçılmaz etdi. 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatından sonra başqa çıxış yolu olmadığını anlayan separatçı rejimin özünü buraxmaqdan başqa yolu qalmadı.

Oktyabrın 15-də - ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümündə İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması 35 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsinin bitməsinin rəsmi möhürü oldu. Bu hadisə həm də Azərbaycanda və bütün Qafqazda yeni tarixin başlanğıcı deməkdir. 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığının Rusiyanın təbəəliyinə keçməsi nəticəsində bura ermənilərin köçürülməsi ilə başlanan imperiya siyasəti 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti adlı bədnam qurumun yaradılmasıyla yekunlaşmışdı.

218 illik bir yaranın biryolluq tarixin zibil qabına atılmasının şahidi olmaq  xoşbəxtlikdən bizim nəsillərin bəxtinə düşmüşdür. Dünyanın bir çox yerlərində qalaraq   imperiyaçılıq siyasətinin ləkəsi kimi üfunət iyi verən Əlcəzairdə Qərbi Saxara dövləti, Moldovada Dnestryanı respublika, Gürcüstanda Şimali Osetiya, Sudanda Şimali və Cənubi Sudan və digər neçə-neçə ölkələrdən fərqli olaraq biz Azərbaycanı bütövləşdirə bildik. Bu bütövləşdirmə arxalarında dayanan böyük qüvvələrə söykənib BMT qənamələrinə, sülh çağırışlarımıza əhəmiyyət verməyən və təpədən dırnağa kimi silahlanmış, 30 il ərzində doğma torpaqlarından didərgin düşmüş Azərbaycan əhalisinin evlərini sökərək "keçilməz" istehkamlar qurmuş, torpaqlarımızın hər addımını minalamış separatçı qüvvələrə qarşı qəhrəmanlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın igid oğulları yenilməz bir orduda birləşərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qandan və candan keçərək ölkəmizin bütövlüyünü təmin etdi.

Oktyabrın 15-də Respublikamızın Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın Gerbi və  Azərbaycanın Bayrağı altında dayanaraq qürurla ölkəmizin bütövləşməsi ilə bağlı xalqa xəbər verdi: "Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Mən sadə bir Azərbaycan vətəndaşı kimi  təklif edirəm ki, bu unudulmaz günü tariximizdə əbədiləşdirək. Arzu edərdim ki, Milli Məclis 15 oktyabrı "Bütövlük günü" kimi bayram elan edilməsi  ilə bağlı müvafiq qərar qəbul etsin.

 





24.10.2023    çap et  çap et