525.Az

Ailə problemləri ilə bağlı psixoloqlara daha çox müraciətlər olur


 

PSİXOLOQ VÜSALƏ ƏMİRASLANOVA: "UŞAQ TƏRBİYƏ EDƏRKƏN DAHA ÇOX ONUN FƏRDİ XÜSUSİYYƏTLƏRİ NƏZƏRƏ ALINMALIDIR"

Ailə problemləri ilə bağlı psixoloqlara daha çox müraciətlər olur<b style="color:red"></b>

Ətrafında baş verən hadisələr istər-istəməz bu və ya digər şəkildə insanın psixologiyasına ciddi təsir göstərir. Təsadüfi deyil ki, son illər istər dünyada, istərsə də regionumuzda cərəyan edən qaynar proseslər psixoloqlara müraciət edənlərin sayını da xeyli artırıb. Araşdırmalar göstərir ki, müraciətlər daha çox depressiya, panik atak, yuxu və ya sinir pozğunluqları, əsəb sisteminin qeyri-normal fəaliyyəti kimi amillərlə bağlı olur. Bununla yanaşı, uşaqlarla bağlı psixoloqlara müraciət edənlərin də sayı kifayət qədər çoxdur.

Baş verəcək psixoloji pozğunluqlardan necə uzaq tutmaq mümkündür? Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin (PRİM) təsisçi və direktoru, psixoloq Vüsalə Əmiraslanova ilə söhbətimiz də elə bu mövzudadır.

 

- Vüsalə xanım, son vaxtlar psixoloq adı ilə seanslar, təlimlər keçirənlər xeyli çoxalıb. Təhsili başa vurduqdan dərhal sonra psixoloq kimi fəaliyyət göstərmək nə dərəcədə doğrudur?

- Psixologiya sahəsi son dövrlər çox məşhurlaşıb və psixoloq kimi fəaliyyət göstərmək istəyən insanların sayı günü-gündən artır. Psixologiya karantin dövründən bəri daha cəlbedici olmağa başlayıb. Səbəb isə insanların karantin zamanı psixologiyaya marağının xeyli artması ilə bağlıdır. İnsanlar psixologiya elminə yiyələndikcə bir çox elmlərin açarının məhz elə bu sahədə olduğunu anlayır. Fərdi və şəxsi inkafla bağlı təlimlər daha çox olur. Amma təhsildən əlavə, yaxşı olar ki, həm magistr təhsili olsun, həm də məqalələr yazılsın, araşdırmalar və tədqiqatlar  aparılsın. Peşəkar psixoloq kimi çalışmaq üçün ən azı 4 illik  təcrübə olmalıdır. Təcrübəsi olmayan psixoloq insan həyatı haqqında məlumatları kifayət qədər mənimsəmir, onların həyatında hansı dəyişikliklərin olduğunu dərk eləmir və sıxıntı yaşayırlar. Əgər psixoloq dövlət sahəsində çalışırsa, tez-tez sertfikasiyalardan keçir. Yox, əgər özəl yerdə fəaliyyət göstərirsə, mütəmadi təlimlərə qoşulub, sertifikatlar almalı və bundan sonra öyrəndiyini tətbiq etməyi bacarmalıdır.

- Sizcə, əsl psixoloq kimdir və necə olmalıdır?

- Əsl psixoloq ilk növbədə dinləmək mədəniyyətinə malik olmalı, insanların həyatını kəşf etməli, özünü inkişaf elətdirməyi bacarmalıdır. Bəzən psixoloq işinə maddiyyat kimi baxırlar, həm də son vaxtlar ödənişli seansları sayı çox olduğundan bu sahəyə gələnlərin sayı artır. Psixologiya əslində çox çətin sahədir. Özünü psixoloq adlandıran hər bir şəxs  insanın taleyini düzgün analiz etməyi bacarmalı, konsultasiya verməli, həm diaqnostik, həm də  terapevtik dəstək göstərməlidir. Bunlar fərqli-fərqli sahələr olduğundan əsl psixoloq bu üç sahəni mütləq şəkildə bilməlidir.

- Sizə daha çox hansı problemlərlə bağlı üz tuturlar?

- Ən çox müraciətlər ailə problemləri ilə bağlı olur. Bundan əlavə, uşaqlarla bağlı müraciət edənlərin də sayı kifayət qədərdir. Əsasən müraciətlər uşaqların dərsə adaptasiya olunmaması, dərsə getmək istəməmələri, aqressivlik, autizm sindromlu, serebral iflici və daun sindromlu uşaqlarla bağlı olur. Yeniyetməlik dövründə isə daha çox depressiya, aqressivlik, imtahan stressi, fobiyalar və s.  şikayətlərlə bağlı üz tuturlar.

- Psixoloq hansı hallarda pasiyentləri psixoterapevtə yönləndirir?

- Ümumiyyətlə, psixoloq, psixoterapevt, psixiatr hamısı insanın ruhu ilə işləyir, psixikasına birbaşa təsir göstərir. Lakin psixoloq yeganə şəxsdir ki, dərman yazmır. Psixiatr isə dərman yazmaq iqtidarına malikdir. Psixoloq görüşdüyü şəxsləri daha çox müraciət edən şəxs kimi təqdim edir, yəni xəstə kimi baxmır. Əgər psixoloq ciddi pozğunluqlar, affektiv hallar aşkar edərsə, bu zaman pasiyenti psixiatra yönləndirir.

- Terapiyada ən çətin məqam hansılardır?

- Psixoterapiyada ən çətin məsələ ailənin uşağa dəstək olmamasıdır. Böyüklərdən söhbət gedirsə, dərmanların qəbulu ilə razılaşmayanlar çox olur. Öncəki 2-3 seans müsbət nəticə göstərdiyi üçün, müalicəni sona kimi davam etmək istəmirlər. Yəni ciddi terapiya sona qədər aparılmır və bu da yarımçıq müalicə kimi gedir. İradəsizlik, ertələmə problemi, məsuliyyətsizlik kimi məqamlar da terapiyada ən çətin məsələlərdəndir. 

- Son zamanlar ölkədə intiharların sayı artıb. Burada psixoloji problemlərin rolu nə qədərdir?

- Son zamanlar intiharların sayının artma səbəbi, məncə, sosial şəbəkələr, həmçinin yeniyetmələr arasında yayılan oyunlardır. Bunlardan əlavə, biri intihar edirsə, digəri də ona baxıb buna cəhd etməyə çalışır, "Bu addımı atsam, bütün problemlərdən canımı qurtararam" kimi düşüncədə olurlar. Bəzən oxuduqları kitablar,  görüşdükləri, ətrafındakı insanlar da buna səbəb olur. Amma son dövr araşdırmalardan belə nəticəyə gəlirəm ki, uşaqlar sırf yaddaşlarda qalmaq və diqqət cəlb etmək üçün də bu üsuldan istifadə edirlər.

- Valideynlər övladlarını müstəqil həyata necə hazırlamalıdırlar? Bu vəziyyət Azərbaycan ailəsində necədir?

- Uşağı kiçik yaşlardan buna alışdırmaq lazımdır. Tərbiyə üsullarında uşağı danlamamaq, müqayisə etməmək, bacardığınız qədər ona məsuliyyət yükləmək əsasdır. Bunlar hamısı uşaqlarda məsuliyyət hissini artırır və müstəqil həyata addım atmağa yardım edir. Azərbaycan ailələrində bəzən uğaqları "bu cür olmalısan, bu cür hərəkət etməlisən" kimi metodlarla tərbiyəyə edirlər. Halbuki bu zaman uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq çox vacibdir.

- Vüsalə xanım, cinsi azlıqları psixiatrik xəstə adlandırmaq olarmı? Çünki son zamanlar eyni cinslərlə münasibət quranların sayı artır, cəmiyyətimiz isə buna qarşıdır. O insanlara məsləhətiniz nə olardı? Onlar necə davranmalıdırlar ki, psixoloji basqılara üzləşməsinlər.

- Cinsi azlıqlarla bağlı hərtərəfli müşahidələr aparılmalıdır. Buraya hormonların müalicəsi, psixoterapevtik görüş və psixoloji dəstək kimi məsələlər daxildir. Cinsi azlıqlar məsələsində sosial şəbəkələrin də rolu var. Müşahidələrdən anlamaq olur ki, bəzin hallarda uşaqlar bir-birinə təsir göstərirlər, diqqət mərkəzində olmaq üçün bundan istifadə edirlər. Bəzən də uşaqlıqda aldığı travmalar onlarda belə dəyişikliklərə səbəb olur. Bununla bağlı Azərbaycan ailəsində şiddətə daha çox məruz qoyurlar uşağı. Halbuki kiçik yaşlardan müdaxilə olarsa, daha müsbət nəticə əldə etmək olur. Yaş artdıqca belə məsələləri həll etmək xoşagəlməz hadisələrə gətirib çıxardır.

- Kitab oxumaq, mütaliə insan psixologiyasına necə təsir edir?

- Kitab oxumaq, mütaliə etmək insan psixologiyasına müsbət təsir göstərir. Kitab oxumaq insanın dünyagörüşünü artırır, nitq qabiliyyətini inkişaf etdirir, özgüvən prosesini sürətləndirir. Əgər insanın özünə güvəni çoxdursa, onun cəmiyyətdəki rolu da müsbətdir və duyğularını daha rahat şəkildə ifadə edə bilir.

Havar ŞƏFİYEVA 

 





24.10.2023    çap et  çap et