525.Az

“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitabı təqdimatı olundu


 

“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitabı təqdimatı olundu<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı əlamətdar tarixə həsr olunmuş yeni kitab nəşr edib. “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı monoqrafiya Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunub.

525.az xəbər verir ki, layihə rəhbəri AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev olan, “Elm” nəşriyyatında işıq üzü görən 586 səhifəlik kitab Bölmənin əməkdaşlarının birgə əməyi ilə ərsəyə gətirilib.

Gəncə şəhər İcra Hakimiyyəti və AMEA Gəncə Bölməsinin birgə təşəbbüs və təşkilatçılığı ilə “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” monoqrafiyası şəhər ictimaiyyətinə təqdim edilib. Fikrət Əmirov adına Gəncə Dölət Filarmoniyasında keçirilən təqdimetmə mərasimində şəhər rəhbəri Niyazi Bayramov və Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Rəcəb Öztop da iştirak ediblər. Toplantıya şəhər İcra hakimiyyətinin, AMEA Gəncə Bölməsinin, Gəncənin elm və təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının, dövlət və ictimai təşkilatlarının rəhbərləri və  nümayəndələri, ziyalılar və gənclər qatılıblar.

“İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitabıın nüsxələri filarmoniyanın foyesində sərgilənib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında cənab İlham Əliyevin Respublika Prezidenti seçilməsindən keçən 20 il ərzində ölkəmizin, o cümlədən, Gəncə şəhərinin sosial-iqtisadi və humanitar-mədəni həyatında baş verən yüksəlişdən danışıb. O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin strateji xəttinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi və hərbi cəhətdən qüdrətli ölkəyə, beynəlxalq arenada nüfuzlu söz sahibinə çevrilməsi üzrə apardığı siyasət nəticəsində Vətənimizin ərazi bütövlüyü tam bərpa edilib.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev təqdim olunan kitabı Gəncə alimlərinin İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20 illiyinə töhfə kimi dəyərləndirib. O qeyd edib ki, monoqrafiyada cənab İlham Əliyevin bir dəfə Baş nazir qismində, 19 dəfə isə Prezident kimi Gəncə şəhərinə etdiyi səfərlərin müfəssəl xronikası, həmin gəlişlərin işığında burada aparılan genişmiqyaslı quruculuq işləri, eləcə də ölkə başçısının ikinci şəhərimizlə bağlı imzaladığı sərəncam və digər sənədlər, etdiyi çıxışlar, verdiyi tapşırıq və tövsiyələr öz əksini tapıb və istər elmi-kütləvi, istər də tədqiqat xarakterli mötəbər mənbə sayıla bilən bu kitab eyni zamanda, Gəncənin son iyirmi ildə inkişafı üzrə bir ensiklopedik məlumat toplusu xarakteri daşıyır.

Akademik F.Əliyev həmçinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndində müqəddəs  bayrağımızı ucaltmasını bütün azərbaycanlıların həsrətlə gözlədiyi qürurlu an kimi xarakterizə edərək, bu tarixi hadisənin də məhz onun ölkəmizin rəhbəri seçilməsinin 20 illini tamam olması günündə gerçəkləşməsinin millətimiz üçün böyük məna daşıdığını vurğulayıb.

YAP Gəncə Təşkilatının sədri Bayram Aslanov öz çıxışında akademik Fuad Əliyevin rəhbərliyi ilə Gəncənin başlıca elm ocağının – AMEA Gəncə Bölməsinin əməkdaşlarının hazırladığı bu sanballı kitabın işıq üzü görməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Zakir Muradov, Gəncə

 





24.10.2023    çap et  çap et