525.Az

Tələbələr üçün Prezident təqaüdü: inkişaf üçün mühüm stimul


 

Tələbələr üçün Prezident təqaüdü: inkişaf üçün mühüm stimul<b style="color:red"></b>

Bu günlərdə Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü verilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, bu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş 102 tələbə 275 AZN məbləğində təqaüd alacaq.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, hər il qəbul imtahanlarından sonra ən layiqli tələbələr Prezident təqaüdünə layiq görülürlər: "Təhsil sahəsində yüksək nailiyyətlər əldə edən tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şəraitin yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq ənənəsi bu gün də davam etdirilir. Biz bu gənclərin uğurlu gələcəyi olacağına ümid edirik. 600 baldan yuxarı nəticə göstərən abituriyentlərə hər il imtahanlardan sonra anket paylanılaraq fikirləri öyrənilir. Bu anketlə onların gələcək planları ilə əlaqədar sosial sorğu keçiririk. Lakin ilk dəfədir ki, Prezident təqaüdü verildikdən 20 il sonra real nəticələri gördük. 20 il əvvəl Prezident bəyan edəndə ki, qara qızılı insan kapitalına çevirəcəyik, bu bir şüar kimi qəbul olunurdu. Amma indi bu, reallıqdır. 20 il əvvəl ali təhsil alan insanlar karyeralarını qura biliblər. Onların hər biri müxtəlif sosial təbəqələrdən olan insanlardır".

M.Abbaszadənin sözlərinə görə, ötən illərlə müqayisədə abituriyentlərin təhsil, bilik səviyyəsini müqayisə etsək, müsbət tendensiyalar müşahidə edilir: " Yüksək bal toplayan tələbələr, demək olar ki, ölkənin bütün şəhər və rayonlarını təmsil edirlər. Onlar arasında 52 nəfər regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 14 nəfər kənd məktəbinin məzunlarıdır. İnanıram ki, ali təhsillərinə start nöqtəsi olaraq Prezident təqaüdçüsü kimi başlamağın özü uğurlu gələcəyin xəbərçisidir və onlar öz məqsədlərinə doğru inamla addımlaya biləcəklər".

Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, ölkə üzrə Prezident təqaüdünün verilməsi mütərəqqi addımdır. Prezident tərəfindən ölkədə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır: "Elə tələbələr var ki, onlar həm Prezident təqaüdü, həm universitetin verdiyi təqaüdü, həm də müəyyən şirkətlər tərəfindən təqdim olunan təqaüdləri alırlar və bu da üst-üstə müəyyən qədər ciddi məbləğ edir. Düşünürəm ki, bu bir tələbə üçün olduqca öz gəlir-çıxarını tənzimləmək üçün yaxşı bir rəqəmdir. Bu, tələbələrə stimul verir və hər bir abituriyent fikirləşir ki, onlar yüksək bal toplayıb Prezident tərəfindən təqaüdə layiq görülsünlər. Müəyyən universitetlər Prezident təqaüdü alan tələbələrin sayını çıxarırlar, hesabatını paylaşırlar, bu da bir qədər universitetlərin də rəqabət aparmasına gətirib çıxarır ki, abituriyentlər ixtisaslaşma dövründə məhz həmin universitetlərə üstünlük verməsini istəyirlər. Prezident təqaüdünün verilməsi 2001-ci ildən Heydər Əliyev tərəfindən təyin olunub. Yəni, məhz Heydər Əliyevin Sərəncamı əsasında bu proses başlanıb və 2001-ci ildən, 20 ildən artıq bir vaxt ərzində yüzlərlə gənc bu prosesdən yararlanıb. Düşünürəm, bu da tələbəliyə, təhsilə, gəncliyə yatırılmış uğurlu bir sərmayədir. Tələbələr bu prosesdən yararlana bilirlər. Hal-hazırda ölkədə Prezident təqaüdünün məbləği 275 manat üzərindədir və düşünürəm ki, hər bir abituriyent məhz Prezident təqaüdünü almaq üçün hazırlıq dövründə ciddi hazırlaşmalıdır".

Təhsil eksperti Nadir İsrafilov da bildirib ki, ali məktəblərə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi ənənəsinin əsası Ulu öndər Heydər Əliyevin zamanında qoyulub. Heydər Əliyev hər zaman təhsilə, biliyə, elimə yüksək qiymət verib, gənclərin bilikli, savadlı olması üçün hər cür dəstək göstərib. Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam o ənənənin davamıdır: "Tələbələr sosial həssas əhali qrupuna daxildir, çünki onların gəlir əldə etmək imkanları yoxdur. Bu baxımdan, yaxşı oxuyan tələbələri motivasiya etmək, daha yaxşı oxumağa həvəsləndirmək üçün hər il Prezident tərəfindən belə mühüm sərəncam imzalanır. Düşünürəm ki, bu həm də tələbələr üçün böyük bir məsuliyyətdir. Tələbə adını qazanan, eyni zamanda yüksək nəticələr əldə edən tələblər bu məsuliyyəti dərk edirlər. Onlarda daha yaxşı nəticələr əldə etməyə böyük stimul, həvəs yaranır. Burada əsas məqsəd odur ki, bizim gənclərimiz, tələbələrimiz yaxşı oxusunlar, bilikli olsunlar, gələcəkdə dövlətə, xalqa ləyaqətlə xidmət etsinlər".

Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, Azərbaycanda yüksək nəticələr əldə etmiş tələbələrə bu təqaüdün verilməsi onların gələcək həyatında olduqca böyük rol oynayacaq və onların daha savadlı, bilikli olmaları istiqamətində yeni stimul verəcək: "Prezident təqaüdü tələbə üçün yaxşı məbləğdir. Eyni zamanda, məbləğdən əlavə, bunun bir dəyəri dəə var ki, ölkə başçısı məhz ölkəmizdə savadlı gənclərin təhsillərini stimullaşdırmaq, onlara əlavə motivasiya vermək, onların daha yaxşı oxumaq, daha bilikli olmaq uğrunda mübarizəsini şərtləndirir. Əlbəttə ki, 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi gələcəkdə də bu istiqamətdə yüksək nəticələr uğrunda bizim gənclərimizin daha da üzərlərində çox çalışmaları, bilikli olmaları istiqamətində rəqabət mövqeyi artıracaq. Çünki bugünün şagirdi gələcəyin məzunudur, daha sonra tələbədir. Əlbəttə ki, Azərbaycanda siyasi rəhbərliyin həyata keçirdiyi siyasətin kökündə o durur ki, savadlı, dünyanın əmək bazarı ilə ayaqlaşa biləcək gənclər yetişsin və onların potensialından gələcəkdə Azərbaycan dövləti, Azərbaycan dövlətinin inkişafı naminə hərtərəfli istifadə olunsun. Bu istiqamətdə dövlətin bu kimi humanist və nəcib fəaliyyətini hər zaman görmüşük. Prezidentin gənclərə qayğısını biz hər zaman görmüşük, düşünürəm ki, məhz bu sərəncam da 2023-2024-cü təhsil ilində ən yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olmuş gənclərə Prezidentin himayəsinin, qayğısının göstəricisidir".

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Orxan Dəmirli qeyd edib ki, Prezident Təqaüdçülərinin İctimai Birliyi yaradılacaq: "Bu il mayın 5-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfransda Dövlət İmtahan Mərkəzində ilk Prezident təqaüdçüləri toplandı. İyirmi ildən sonra ilk dəfə kompakt formada yığılmışdıq. Orada bir daha anladıq ki, Ulu öndər tərəfindən qarşımıza qoyulan öhdəlikləri hələ də dərk edirik, məsuliyyətin təsiri altındayıq. Hər kəs fərdi qaydada müəyyən işlər görməyə çalışır. Həmin konfransda belə bir təşəbbüs irəli sürüldü ki, Prezident təqaüdçülərinin birliyini formalaşdırıb, səylərimizi birləşdirək. Cəmiyyətin yaradılmasının məqsədi Prezidentin sərəncamları əsasında Prezident təqaüdünə layiq görülən bütün gənclərin səylərinin birləşdirilməsi, Ulu öndərin irsinin və ideyalarının cəmiyyətimizdə təbliği, ölkəmizdə, xüsusilə regionlarda yaşayan istedadlı, təhsildə fərqlənən gənclərin təlim-tədrisi və sonrakı inkişafında dövlətimiz tərəfindən görülən tədbirlərə əlavə dəstək tədbirlərinin görülməsi istiqamətində bütün səylərin birləşdirilməsidir. Ümidvaram ki, birliyimiz qeydə alınacaq. Hər birinizi üzv olmağa dəvət edirəm. Prezident təqaüdçüləri olaraq ictimai birlik adı altında bütün səylərimizi səfərbər edəcəyik".

Qeyd edək ki, Prezident təqaüdünə layiq görülənlər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) də tələbələri var. UNEC-in 10 tələbəsi (Banuçiçək Şəkizadə, Zəhra Sadıxlı, Hüseyn İsayev, Anar Hüseynov, Nəzrin Səfərova, Şövqi İsayev, Aminə Maksimova, Vaqif Rəhimli, Əli Niftəliyev, Nihad Həsənzadə) Prezident təqaüdünü qazanıb. Prezident təqaüdünü qazanan tələbələrin 9 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) maliyyə, 1 nəfər isə beynəlxalq ticarət və logistika ixtisasında təhsil alır.

Təqaüdə layiq görülən 102 nəfər arasında Bakı Dövlət Universitetinin (BDU) də tələbləri var.Belə ki, Prezident təqaüdünə layiq görülən gənclərdən 10-u bu ali təhsil müəssisəsinin tələbəsidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının da (DİA)6 tələbəsi Prezident təqaüdü alacaq.

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) 2023-2024-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə yenə ölkə birincisidir.Belə ki, müvafiq sərəncama əsasən, Prezident təqaüdünə layiq görülən102 tələbənin 29-u BANM-də təhsil alır. BANM Prezident təqaüdçülərinin sayına görə ölkə ali təhsil müəssisələri arasında bu il də liderliyini qoruyur.BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri informasiya təhlükəsizliyi, 10 nəfəri biznesin idarəedilməsi, 4 nəfəri kimya mühəndisliyi, 2 nəfəri isə kompüter mühəndisliyi ixtisasının tələbəsidir.

Sevinc QARAYEVA

 





24.10.2023    çap et  çap et