Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəhayət, İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzaladı və sənədi ratifaksiya üçün parlamentə göndərdi. Bununla da İsveçin Şimali Atlantika Alyansına üzvlüyü yolunda sonuncu addımlardan biri də atıldı. İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün 2022-ci ilin mayında müraciət etmişdi. Finlandiya bu ilin aprelində Alyansın tam hüquqlu üzvü olsa da, İsveçin üzvlüyü Türkiyənin və Macarıstanın protokolu ratifikasiya etməmələrinə görə bu günə kimi gerçəkləşməyib.
İsveçin Alyansa nə zaman üzv ola biləcəyi ilə bağlı suala NATO-nun Vilnüs sammitində qismən cavab verildi. O zaman Alyansın rəhbərliyi İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokulu Türkiyə parlamentinin oktyabr ayının əvvəlində təsdiq edəcəyi barədə fikirlər səsləndirirdi. Lakin oktyabr ayının ilk yarısında Türkiyənin heç bir addım atmaması İsveçin NATO-ya üzvlüyünün qeyri-müəyyən müddətə qalacağı rəyini yaradırdı. Oktyabrın 21-də NATO-nun Baş katibi Yens Stoltenberqin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığının olduğu haqqında məlumat yayıldı. Məlumatda qeyd edilirdi ki, Yens Stoltenberq Türkiyə Prezidenti ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələni müzakirə ediblər. Oktyabrın 23-də isə Türkiyə prezidentinin İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu imzaladığı və ratifikasiya üçün parlamentə göndərdiyi haqqında məlumat yayıldı. Belə görünür, Türkiyənin mövqeyində dəyişikliyə Yens Stoltenberqin zəngi təsir göstərib. Türkiyənin mövqeyindəki bu dəyişiklik Macarıstanın da mövqeyinin dəyişməsi ilə nəticələnəcək. Belə görünür ki, İsveç NATO-nun noyabr sammitində Alyansın tam hüquqlu üzvü olacaq. Bununla da Baltik dənizi faktiki olaraq NATO-nun daxili su hövzəsinə çevriləcək. Doğrudur, Rusiyanın Baltik dənizində limanı və bazası mövcuddur. Ancaq proseslərin inkişafı göstərir ki, Qərb Rusiyanın Baltik dənizinə girişini qadağa etməyə, ən azı məhdudlaşdırmağa çalışır.
Finlandiya ilə Estoniya arasındakı qaz kəmərinin, İsveç ilə Estoniya arasında telekommunikasiya kabelinin zədələnməsindən sonra Rusiya donanmasının Baltik dənizinə girişinin qadağan olunması ilə bağlı fikirlər səslənməyə başlayıb. Latviya Prezidenti Edqars Rankeviçs bəyan edib ki, əgər Rusiyanın qəza ilə bağlı məsuliyyəti ortaya çıxarsa, onda Baltik dənizi Rusiya gəmilərinin üzünə bağlanacaq. Finlandiya rəsmiləri qaz kəmərinin zədələnməsinə xarici müdaxilənin səbəb ola biləcəyini bildirirdilər.
Oktyabrın 23-də İsveç Müdafiə Nazirliyi Estoniya ilə İsveç arasında Baltik dənizinin dibində yerləşən rabitə kabelinin zədələnməsində kənar qüvvələrin əli olduğunu rəsmən təsdiqlədi. Bununla bağlı İsveç Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir ki, İsveç və Estoniya arasındakı telekommunikasiya kabelinin xarici qüvvə və ya müdaxilə nəticəsində zədələndiyi təsdiqlənib. Lakin İsveçin Müdafiə Nazirliyi qəza ilə bağlı hansı ölkədən şübhələndiyinə aydınlıq gətirməyib. Bununla belə, bütün diqqətlər Rusiyaya yönəlib.
Bu qəzalardan sonra NATO Baltik dənizində patrul xidməti gücləndirmək qərarına gəlib. Bu məqsədlə dəniz patrul təyyarələrinin müşahidə və kəşfiyyat uçuşlarının həyata keçirilməsi ilə yanaşı, AWACS təyyarələrinin və dronların cəlb edilməsi də nəzərdə tutulur. Bundan başqa, NATO Baltik dənizinə dörd mina gəmisi də göndərəcək.
Bütün bunlarla bağlı açıqlma verən NATO-nun Baş katibi bildirib ki, 2022-ci ilin payızında "Şimal axını" kəmərində baş verən təxribatından sonra Alyans sualtı infrastrukturun qorunması üçün əlavə addımlar atıb. NATO-nun rəhbəri bildirib ki, bütün bunlara baxmayaraq, bu cür obyektlərin mühafizəsinə tam zəmanət vermək demək olar ki, mümkün deyil. Buna görə region ölkələri Rusiya donanmasının və gəmilərinin Baltik dənizinə girişini məhdudlaşdırmağa çalışırlar. NATO-nun "təhlükəsizlik çətiri"nin altına keçən İsveç isə ABŞ-la müdafiə sazişi bağlamağa çalışır. Bu müqavilə ABŞ hərbçilərinin uzun müddətdə İsveçdə yerləşməsinə imkan verəcək. İsveçlə yanaşı, Finlandiya və Danimarka da ABŞ-la oxşar saziş imzalamağa çalışır. Belə görünür ki, bu dövlətlər ABŞ-nın hərbi qüvvələrinin ölkələrində mövcudluğunu təhlükəsizlik üçün ən yaxşı zəmanət hesab edirlər.
Baş verən proseslərdən sonra Rusiya Baltik Donanmasının bir hissəsini Ladoqa gölünə köçürmək qərarı verib. Moskvada bunu cavab addımı hesab edirlər. Hərb tarixçisi Dmitri Boltenkov deyir ki, bu, Finlandiya və İsveçin NATO-ya daxil olmasına qarşı hərbi-texniki cavabdır. Ladoqa gölündən Finlandiya ilə sərhədə qədər məsafə 40 kilometrdir. Bununla belə, ekspertlər hesab edirlər ki, görülən tədbirlər yetərli deyil. Çünki Finlandiya və İsveçin NATO-ya qoşulması bölgədə güc balansını əhəmiyyətli dərəcədə dəyişir. Bundan sonra Rusiyanın Baltik Donanmasının sərbəst fəaliyyət göstərməsi çox çətin olacaq. Rusiya son üç yüz ildə ilk dəfə olaraq Baltik dənizində zəif tərəfə çevrilib. Rusiya hətta bir müddət Baltik dənizində daxili su hövzəsində olduğu kimi davranıb. İndi isə belə görünür ki, Baltik dənizi NATO-nun daxili su hövzəsinə çevrilmək üzrədir.