Gürcüstan hökumətinin və parlamentdəki çoxluğun Prezident Salome Zurabişvilini istefaya göndərmək cəhdi uğursuzluğa düçar oldu. İqtidardakı "Gürcü arzusu" Partiyası Prezident Salome Zurabişvilini parlamentin qadağasına baxmayaraq, xarici ölkələrə səfər etməsinə görə istefaya göndərməyə çalışırdı. Ancaq hər kəsə məlum idi ki, bu, formal səbəbdir. Əslində isə hökumətlə Prezident arasında Gürcüstanın daxili və xarici siyasəti ilə bağlı ciddi fikir ayrılığı yaranmışdı. Lakin bu, Prezidenti istefaya göndərmək üçün hüquqi əsaslar vermirdi. Buna görə Konstitusiyanın pozulduğunu irəli sürərək dövlət başçısına qarşı impeçment qaydasını işə salmışdılar.
Qeyd edək ki, avqustun 3-də Nazirlər Kabineti Konstitusiyada ölkənin xarici siyasətini parlament tərəfindən müəyyən edən maddəyə istinad edərək, Prezidentin bütün səfərlərini ləğv etmişdi. Lakin hökumətin bu qərarına məhəl qoymayan Prezident avqustun 31-də Berlinə səfər edib, burada Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşmüşdü. Ertəsi gün isə Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişel ilə görüşdükdən sonra Parisə gedərək Fransa Prezidenti Emmanuel Makronla görüş keçirmişdi. Bütün danışıqlarda xanım Salome Zurabişvili həmsöhbətləri ilə Gürcüstanın Avropa İttifaqına və NATO-ya inteqrasiya perspektivlərini müzakirə etmişdi. Bu isə "Gürcü arzusu" Partiyasını dövlət başçısının istefasını tələb etməsinə gətirib çıxardı. Könüllü şəkildə istefaya getməkdən imtina edən Prezidentə qarşı impeçment qaydası tətbiq olunmağa başlamışdı. "Gürcü arzusu"nun 80 deputatı dövlət başçısını Konstitusiyanı kobud şəkildə pozmaqda və səlahiyyətlərindən sui-istifadədə ittiham edərək impeçment qaydasını başlatdılar. İmpiçment ərizəsi parlamentdə qeydə alındıqdan sonra prosedura uyğun olaraq Konstitusiya Məhkəməsi bu iddiaya baxdı. Konstitusiya Məhkəməsinin oktyabrın 16-da Batumidə keçirilən iclasında prezidentin hərəkətlərinin Konstitusiyaya zidd olub-olmaması məsələsini araşdırıldı. Məhkəmənin doqquz hakimdən altısı dövlət başçısının hökumətin razılığı olmadan xarici ölkələrə rəsmi səfərə getməsini Konstitusiyanın pozulması kimi qiymətləndirmişdi. Prezidentin təmsilçiləri isə Konstitusiyanın 49-cu maddəsinə və 78-ci maddəsinə istinad edərək dövlət başçısının əsas qanunu pozmadığını bildiriblər. Məhkəmənin üç hakimi də bu mövqeyi dəstəkləmişdi. Məhkəmədə çoxluğun qərarından sonra növbə parlamentə çatmışdı. Lakin oktyabrın 18-də keçirilən səsvermədə "Gürcü arzusu" Partiyası parlamentdəki həmkarlarını Prezident Salome Zurabişviliyə impiçment elan etməyə razı sala bilmədilər. İmpiçment elan etmək üçün parlamentin 150 üzvündən 100-nün buna səs verməsi lazım idi. Hökumətin təşəbbüsü isə yalnız 86 deputat tərəfindən dəstəklənib. Parlamentin bir üzvü hökumətin təşəbbüsünün əleyhinə səs verib, 53 deputat isə səsvermədə iştirak etməyib. Bunun nəticəsində hökumətin Prezidenti istefaya göndərmək təşəbbüsü iflasa uğrayıb. Bu isə heç şübhəsiz ki, hökumətin imicinə mənfi təsir edəcək. Qərb dövlətlərinin etirazlarına baxmayaraq, "Gürcü arzusu" Prezidenti istefaya göndərmək istəyirdi. Buna görə Qərb dövlətlərinin siyasi dairələri ilə münasibətlərini pisləşdirən "Gürcü arzusu" dövlət başçısını istefaya göndərə bilmədi. Prezident Salome Zurabaşvili bu prosesdən daha da güclənərək çıxdı. Bütün bu hadisələr Gürcüstanda siyasi böhranı daha dərinləşdirəcək. Çox güman ki, indi hökumət Prezidentin əks-hücumu ilə üzləşəcək.