525.Az

Elyazma.az beynəlxalq konfransda təqdim olunub


 

Elyazma.az beynəlxalq konfransda təqdim olunub<b style="color:red"></b>

Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

525.az xəbər verir ki, konfransın keçirilməsində məqsəd tarixi çox qədimlərə söykənən Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin, müştərək tariximizin, ədəbiyyatımızın əlyazma qaynaqları əsasında dəyərləndirilməsi və aktual problemlərinin müzakirəsi olub. Konfransda Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, Polşa, Qazaxıstan, Şimali Makedoniya, Gürcüstan və digər ölkələrdən 60-dan çox alim və tədqiqatçı məruzə edib.

AMEA  Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Şəhla Xəlilli "Dünya Yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili və kataloqların hazırlanması" məruzə ediblər.

Məruzəçi Şəhla Xəlilli qeyd edib ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan kənarda həm özəl kolleksiyalar, həm də dövlət müəssisələrinin fondlarında çoxlu sayda əlyazma nüsxələri saxlanılır. Bu nüsxələrin böyük bir hissəsi nəsildən-nəsilə keçib, bir hissəsi alqı-satqı predmeti olub, bir hissəsi bağışlanma yolu ilə həmin kolleksiyalara daxil olub. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi belə bir pərakəndəliyi aradan qaldırmaq üçün təşəbbüslə çıxış edib, yeni startap layihəsi ortaya qoymağa çalışıb. Bu məqsədlə "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsinə təqdim olunub və maliyyələşdirilməsi üçün seçilib. Layihənin həyata keçirilməsinə 2023-cü ilin iyul ayının 1-dən başlanıb, araşdırma qrupu 10-a qədər kolleksiya sahibləri ilə görüşüb. Virtual təqdimatı təşkil etmək üçün "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi elyazma.az domenini alıb və internet səhifənin yaradılmasını həyata keçirib. İlkin olaraq Şirvan-Şəki əlyazma kolleksiyası, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, Ruslan Məmmədovun əlyazma kolleksiyası, Əhməd Cəfərzadənin əlyazma kolleksiyası, Ağsu rayonu Külüllü kəndi Bilal əfəndi məscidi əlyazma kolleksiyası və Kürdəmir rayonu Şahsevən kəndi Ağ günbəz əlyazma kolleksiyası layihəyə cəlb edilib. Onların içərisindən əlli əlyazma seçilərək onlayn kataloq və elyazma.az internet səhifəsi üçün öyrənilib. Elyazma.az səhifəsi IMAGE MMC tərəfindən dizayn olunub və məlumat bazası üçün forma hazırlanıb. Mütəxəssislər öyrəndikləri əlyazmaları vaxtaşırı bazaya yerləşdirirlər. Əsas səhifədə qeyd olunub ki, əlyazmalardan istifadə etmək üçün əvvəlcə [email protected] məktub yazılsın və məktuba istək forması əlavə olunsun. Bu ifadədən məqsəd oxucuların, əlyazma həvəskarlarının, dövlət qurumlarının əlyazmaların pdf. variantını əldə etmək üçün əlçatanlığı təmin etməkdir.

Məruzə video formatda "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yutub kanalında yerləşdirilib.

 





25.10.2023    çap et  çap et